Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » Təhsil Nazirliyi ilə Koreya Xarici İşlər və Ticarət Nazirliyi arasında Qrant Sazişi imzalandı
29.01.13 21:42

Bu gün Təhsil Nazirliyi ilə Koreya Respublikasının Xarici İşlər və Ticarət Nazirliyi arasında Naxçıvan Dövlət Universiteti üçün Elektron Təhsil Şəbəkəsi və Rəqəmsal Multimedia İnfrastrukturunun yaradılmasına dair Qrant Sazişinin imzalanması mərasimi keçirilib. Təhsil naziri M.Mərdanov son illər Azərbaycanla Koreya arasında təhsil sahəsində əlaqələrin daha da inkişaf etdiyini diqqətə çatdırıb.
Nazir Koreyanın ölkəmizdə təhsillə bağlı çoxsaylı layihələr həyata keçirildiyini qeyd edərək bu sahədə görülən işlərdən söz açıb.
M.Mərdanov Naxçıvan Dövlət Universiteti üçün Elektron Təhsil Şəbəkəsi və Rəqəmsal Multimedia İnfrastrukturunun yaradılmasına dair Qrant Sazişinin mühüm əhəmiyyətindən danışıb. Qeyd olunan sazişin ölkəmizin bu günü ilə səsləşdiyini vurğulayan təhsil naziri qonaqların diqqətinə çatdırıb ki, 2013-cü il Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamına əsasən “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan olunub. 
Nazir son illər informasiya-kommunikasiya texnologiyalarının təhsil sahəsində tətbiqi üzrə əldə olunmuş nailiyyətlər barədə də məlumat verib. Daha sonra təhsil naziri imzalanacaq sazişin iki ölkə arasında təhsil sahəsindəki əməkdaşlığa töhfə verəcəyinə inamını ifadə edib.
Misir Mərdanov, həmçinin Koreya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Çoi Suk-İnə  gələcək fəaliyyətində uğurlar arzulayıb, iki ölkənin təhsil sahəsindəki əlaqələrinin bundan sonra da genişlənəcəyinə ümidvar olduğunu bildirib.
Koreya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Çoi Suk-İn ölkələrimiz arasında müxtəlif sahələrdə əlaqələrin inkişafından, təhsil sahəsi üzrə qarşılıqlı əməkdaşlığın mühüm əhəmiyyətindən söhbət açıb. Səfir 2013-cü ilin ölkəmizdə “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan olunmasını yüksək dəyərləndirib. Naxçıvan Dövlət Universiteti üçün Elektron Təhsil Şəbəkəsi və Rəqəmsal Multimedia İnfrastrukturunun yaradılmasına dair Qrant Sazişinin imzalanmasının əhəmiyyətini qeyd edən səfir Azərbaycanla Koreya arasında təhsil sahəsində əməkdaşlığın daha da inkişaf edəcəyinə əmin olduğunu bildirib.
Naxçıvan Dövlət Universitetinin rektoru İsa Həbibbəyli rəhbəri olduğu təhsil müəssisəsinin dünyanın 80-dən çox universiteti ilə əməkdaşlıq müqaviləsi imzaladığını nəzərə çatdırıb. Mövcud əməkdaşlıqda Koreya ilə əlaqələrin xüsusi yer tutduğunu  vurğulayan rektor onu da əlavə edib ki, hazırda universitetdə dünyanın 10 ölkəsindən 324 tələbə təhsil alır. Rektor Naxçıvan Dövlət Universitetində təhsilin hər üç səviyyəsi üzrə 7 koreyalı tələbənin oxuduğunu söyləyib. Ali məktəbin rektoru Naxçıvan Dövlət Universitetində fəaliyyət göstərən Cənubi Koreya Dil Tədrisi Mərkəzində  dili ən yaxşı öyrənən tələbənin Koreyaya Yay Məktəbinə göndərilməsinin nəzərdə tutulması, Koreya ilə tələbə mübadiləsi çərçivəsində görülən işlər, Qrant Sazişi çərçivəsində həyata keçiriləcək tədbirlər haqqında məlumat verib və digər bu kimi məsələlərdən söz açıb.
Sonra Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə Koreya Respublikasının Xarici İşlər və Ticarət Nazirliyi arasında Naxçıvan Dövlət Universiteti üçün Elektron Təhsil Şəbəkəsi və Rəqəmsal Multimedia İnfrastrukturunun yaradılmasına dair Qrant Sazişi imzalanıb. Sazişi Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanov və Koreya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Çoi Suk-İn imzalayıb. Qeyd olunub ki, sazişin əsas məqsədi tələbələrə onlayn təhsil xidmətinin göstərilməsi üçün portal, distant təhsil, elektron kitabxana və rəqəmsal multimedia infrastrukturlu elektron təhsil şəbəkəsinin yaradılmasıdır.
Mərasimdə Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOİCA) Azərbaycan ofisinin rezident nümayəndəsi Kim Eun Suk da iştirak edib.
URL / WWW
http://kelam.az/article/a-7760.html