Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Həzrəti Mühəmməd (s) Mövludu QMİ-də qeyd olundu
28.01.13 04:19

Qafqaz Müsəlmanları İdarəsinin konfrans zalında Hz. Muhəmməd peyğəmbərin (s) mövludu münasibəti ilə tədbir keçirildi. Qafqaz Müsəlmanları İdarəsi Elmi-Dini Şurası üzvlərinin, Bakı İslam Universitetinin müəllim və tələbələrinin, tanınmış din xadimlərinin iştirak etdiyi mərasim Qurani-Kərimin tilavəti ilə başladı. İslam dininin qüdrətlənməsi yolunda, ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban verən şəhidlər ehtiramla yad edildi. Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə tədbirdə çıxış etdi. 
Şeyxülislam həzrətləri sonuncu Peyğəmbərinin (s) mübarək mövludu münasibəti ilə Azərbaycan xalqına təbriklərini çatdırdı: "Muhəmməd peyğəmbərin (s) mövludu və bununla əlaqədar Vəhdət həftəsinin keçirildiyi bu günlər çox şərəfli günlərdir. Qurani-Kərimdə buyurulduğu kimi təkcə müsəlmanlara deyil, bütün aləmlərə göndərilən bir peyğəmbərin mövludunu qeyd edirik. Bütün dünyada yaşayan peyğəmbərsevərlərin sevincinə şərik olmaq üçün toplaşmışıq.

Rəhmətlik İmam Xomeyni mövlud günlərinin Vəhdət həftəsi elan etməklə müsəlman aləmi üçün çox mühüm bir addım atdı. Həmin addımın müsbət nəticələrini bu gün də görməkdəyik". Allahşükür Paşazadə son illər ölkədə dindarlara yaradılan şəraiti yüksək qiymətləndirdi, milli-mənəvi dəyərlərimizə dövlət qayğısından danışdı: "Bugünkü tədbirdə görkəmli din xadimləri, nüfuzlu elm adamları ilə yanaşı gənclərimiz, tələbələr də iştirak edir. Peyğəmbərimizin (s) mövludu ilə bağlı belə gözəl şəraitdə bir yerə toplaşmağımız böyük xoşbəxtlikdir. Sovet ideologiyasının hakim olduğu illərdə belə mərasimlərin keçirilməsi mümkün deyildi. Kommunist rejimi bizi Qurani-Kərimdən uzaq saxlamağa çalışırdı. Qurani-Kərimi yox, Marksın, Leninin kitablarını oxumağa məcbur etmək istəyirdi. Həmd olsun Allaha ki, dinsiz bir rejim dağıldı və biz öz müstəqilliyimizə qovuşduq. Gənclərimiz müstəqilliyimizin qədrini bilməlidirlər. Siz dərk etməlisiniz ki, Azərbaycan bu xoş günlərə çatmaq üçün çox böyük əziyyətlərdən, məhrumiyyətlərdən keçib. Dövlətimiz ildən-ilə daha da qüdrətlənir. Bu inkişafın də əsası Heydər Əliyev tərəfindən qoyulub. Ümummilli lider müstəqil Azərbaycanın prezidenti seçildikdən sonra ilk gördüyü işlərdən biri də Təzəpir məscidinə gəlməsi, Məbəs gününü dindarlarımızla birgə qeyd etməsi oldu. Həmin gün bu görkəmli dövlət xadimi dindarlar qarşısında çıxış etdi, bütün xalqımızı Allahın yolunda birliyə çağırdı.

Bu gün həmin birlik təmin olunmaqdadır. Çünki Azərbaycan Prezidenti İlham Əliyev cənabları xalqın birliyi və rifahı üçün qətiyyətli addımlar atır. Milli-mənəvi dəyərlərimizə dövlətin qayğısı göz qabağındadır. Tikilən, yenidən bərpa olunan məscidlər, məbədlər, ibadətgahlar müstəqil dövlətimizin biz dindarlara hədiyyəsidir. Azərbaycan inkişaf etdikcə, burada yaşayan insanlar dinə, milli-mənəvi dəyərlərə daha sıx bağlandıqca gözü götürməyən bəzi qüvvələr narahat olur. Təsadüfi deyil ki, aramızdakı bu vəhdətə mane olmaq istəyənlər var. Belə qüvvələr dini öz çirkin siyasətlərinə alət etməyə çalışırlar. Dindarlar Azərbaycanın vətəndaşı kimi öz müstəqil dövlətlərinin mövqeyini müdafiə etməyi bacarmalı, belə qüvvələrin əlində alət olmamalıdırlar. Hər bir vətəndaş Azərbaycanın dövlət bayrağının daha yüksəklərə ucalması üçün çalışmalıdır".

Şeyxülislam həzrətləri bildirdi ki, son illər qonşu və qardaş ölkələrlə münasibətlərimiz inkişaf etməkdədir: "Bu münasibətlərə mane olmaq istəyən bəzi qüvvələr də yaxşı bilirlər ki, aramızdakı dostluq və qardaşlığı heç bir vəchlə pozmaq mümkün deyil. İnşallah münasibətlərimiz bundan sonra da inkişaf edəcək". Sonra söz Qafqaz Müsəlmanları İdarəsi sədrinin birinci müavini müfti hacı Salman Musayevə verildi. O, öz çıxışında Muhəmməd peyğəmbərin (s) dünya tarixindəki rolundan danışdı: "Mövlud və Vəhdət həftəsinin nuru hər iki məzhəbin nümayəndələrini öz ətrafına toplayıb. Muhəmməd peyğəmbər (s) təkcə insanlar üçün deyil, aləmlər üçün bir rəhmət olaraq göndərilib. Peyğəmbərimizin (s) həyatı, əxlaqı hamımıza bir nümunə olmalıdır. Məzhəbindən asılı olmayaraq hamı bu gün ibadətində Rəsulullahı və onun Əhli-Beytini ehtiramla yad edir. Çünki Peyğəmbər və onun Əhli-Beyti məzhəbindən asıl olmayaraq bütün müsəlmanlarındır. Amma məzhəblər arasında qarşıdurma yaratmaq istəyənlər də var. Lakin belə qüvvələr heç vaxt planlarını həyata keçirə bilməyəcəklər. Azərbaycanda bu gün dinlər, məzhəblər arasında elə bir birlik yaranıb ki, inşallah onu heç kim poza bilməz. Belə bir vəhdətin yaranmasında Şeyxülislam həzrətlərinin danılmaz xidmətləri var. Bu gün yetişən gənclərimiz də inşallah, illərdən bəri keçilən yolu uğurla davam etdirəcəklər".

Sonra "Əhli-Beyt məddahları" qrupunun üzvləri mərasim iştirakçıları qarşısında surudlar ifa etdilər. Tanınmış alim, İslam dininin müxtəlif məsələlərinə həsr olunan 100-dən çox kitabın müəllifi Ayətullah Hüseyn Ənsarian tədbirə gələnləri mübarək mövlud münasibəti ilə təbrik etdi: "Hər bir kəs özündə kamil insandan nümunə götürmək ehtiyacı hiss edir. Allah-Təala gözəl Peyğəmbərimizi (s) Qurani-Kərimdə bütün bəşəriyyətə bir kamil nümunə kimi göstərib. İnsanlar qadir Allahın göstərdiyi nümunədən tam örnək götürməyi bacarsaydılar dünyada həll olunmamış problem qalmazdı. Bütün elmlərdən hali olan, "Nəhcül-bəlağə" kimi bir şah əsərdə dürr kəlamları toplanmış Həzrəti Əli (ə) də buyurur ki, Rəsuli-Əkrəm insanlar üçün kifayət olan bir örnəkdir. Həqiqətən də əgər kimsə Peyğəmbərdən (s) yox, tamam başqa birisindən örnək götürərsə o, cəmiyyətdəki böyük fəlakətlərə vəsilə olar. Allahın ən sevimli bəndələri Peyğəmbəri özlərinə nümunə götürənlər, onun yolu ilə gedənlərdir. Hədislərdən birində göstərildiyi kimi, Peyğəmbər (s) buyurur ki, "Mən Qiyamət günündə insanlardan "Mənin məktəbimin davamçıları ilə, Əhli-Beytimlə necə davrandınız?" -deyə soruşacağam. Ona görə də biz insanlar öz hərəkətlərimizdə məsuliyyəti olmalıyıq.

Bu günlər bütün müsəlmanlar üçün vəhdət günləridir. Qurani-Kərim də müsəlmanları vəhdətə dəvət edir. Bu çağırışa əməl etməmək isə ixtilaf və rəzalətə rəvac verməkdir. Düşmən qüvvələr aramızda vəhdətin yaranmaması üçün çox səy göstərir. Quran-Kərimin buyurduqlarına əməl etmək, Peyğəmbərimizin (s) əxlaqından və onun Əhli-Beytinin (ə) məktəbindən nümunə götürmək düşmənlərimizə ən tutarlı cavabımız ola bilər". Ayətullah Hüseyn Ənsarian İslamın inkişafındakı xidmətlərinə görə Şeyxülislam Allahşükür Paşazadəyə minnətdarlığını bildirdi. İran İslam Respublikasının Ali Dini Rəhbərinin nümayəndəsi Höccətul-İslam vəl-müslimin Seyid Əli Əkbər Ocaq Nejad öz fikirlərini bölüşdü. Natiq öz çıxışında Azərbaycandakı məzhəblərarası vəhdəti yüksək dəyərləndirdi: "Allah-Təala insanları hidayət etmək üçün Qədir gecəsində Qurani-Kərimi nazil etdi. Lakin Quranı tək yox, Peyğəmbərlə (s) göndərdi. O Peyğəmbər ki, İlahi vəhyi həm sözdə insanlara izah etdi, həm də əməlində göstərdi. Həzrəti Ayişədən soruşdular ki, Peyğəmbərin barəsində nə deyə bilərsiniz? Ayişə xanım buyurdu ki, "Peyğəmbər (s) Qurani-Kərimin dirisidir".

Peyğəmbər (s) onu görməyib iman gətirən və min illər bundan sonra da iman gətirəcək insanları özünə qardaş hesab edir. Məndən öncə çıxış edənlər Vəhdət günləri barədə danışdılar. Rəhmətlik İmam Xomeyni buyururdu ki, əgər bütün peyğəmbərlər eyni dövrdə yaşasaydılar onların arasında heç bir ixtilaf olmazdı. Uzun illərdir ki, Azərbaycandayam. Bura da məzhəblər arasında heç vaxt hansısa bir problem olmayıb. Bəzi xarici təşkilatlar çalışırlar ki, bu birliyi, vəhdəti pozsunlar. Amma buna nail ola bilmirlər. Allahın köməyi ilə heç nail də ola bilməyəcəklər. Çünki Qafqaz Müsəlmanları İdarəsinə Şeyxülislam Allahşükür Paşazadə kimi bir dini lider rəhbərlik edir". Mərasimdə İran İslam Respublikasının Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri Möhsün Pak Ayin də iştirak etdi. Sonda ehsan verildi, dualar oxundu.
URL / WWW
http://kelam.az/article/a-7749.html