Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Prezident İlham Əliyev: Azərbaycan ilə bu münaqişə və bu rəqabət Ermənistana heç də yaxşı nəticələr vəd etmir
17.01.13 02:04

"Keçən il beynəlxalq təşkilatlar tərəfindən Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində çox vacib qərarlar qəbul edilmişdir. Onların arasında Qoşulmama Hərəkatının zirvə görüşündəki yekun bəyannaməni mən xüsusilə qeyd etmək istəyirəm. Qoşulmama Hərəkatında dünyanın əksər ölkələri toplaşmışdır və Azərbaycan bu təşkilata bu yaxınlarda üzv olmuşdur. Buna baxmayaraq, iştirak etdiyimiz birinci zirvə toplantısında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ədalətə, beynəlxalq hüquq normalarına söykənən çox ciddi qətnamə qəbul edilmişdir. 
Orada da göstərilir ki, bu münaqişə yalnız ölkələrin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. Bu, hesab edirəm ki, bizim böyük siyasi və diplomatik uğurumuzdur. Bu, artıq başqa beynəlxalq təşkilatların bundan əvvəlki dövrdə qəbul edilmiş qətnamələrini daha da gücləndirir". Bu fikirləri Prezident İlham Əliyev Nazirlər Kabinetinin bu gün keçirilən iclasında bəyan edib. 
Prezident bildirib ki, keçən il NATO-nun zirvə görüşündə də buna oxşar qətnamə qəbul edilmişdir: "Orada da göstərilir ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ölkələrin ərazi bütövlüyü əsasında öz həllini tapmalıdır. Qoşulmama Hərəkatı və NATO dünyanın əksər ölkələrini birləşdirir və beləliklə, dünya birliyinin mövqeyi birmənalıdır. Bu mövqe ədalətli və beynəlxalq hüquq normalarına əsaslanan mövqedir. Biz bu mövqedən bir addım geri çəkilməyəcəyik. Dağlıq Qarabağla bağlı gedən danışıqlar Ermənistanın qeyri-konstruktiv yanaşması səbəbindən indi dondurulmuş vəziyyətdədir. Ancaq prinsiplər var ki, biz bu prinsiplərdən bir addım geri çəkilməyəcəyik. Bu məsələ ancaq Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. İşğal edilmiş bütün torpaqlardan işğalçı qüvvələr çıxarılmalıdır. Diplomatik və siyasi əsaslar əlbəttə ki, bizim mövqeyimizi gücləndirir. Bizim mövqeyimiz həm hüquqi, həm siyasi cəhətdən sarsılmazdır".
Dövlət başçısı iqtisadi və hərbi gücümüzün də yerində olduğunu bildirib: "Biz bu gücü artırırıq. Əminəm ki, Ermənistanda məsələyə real prizmadan yanaşan qüvvələr açıq-aydın dərk edirlər ki, Azərbaycan ilə bu münaqişə və bu rəqabət onlara heç də yaxşı nəticələr vəd etmir, əksinə onlar getdikcə bu mübarizədə uduzurlar. Həm beynəlxalq müstəvidə, həm beynəlxalq təşkilatlar çərçivəsində, eyni zamanda, bölgədə gedən proseslər mövqeyimizi gücləndirir". 
URL / WWW
http://kelam.az/article/a-7717.html