Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Qazi Hacı Mirəziz Seyidzadə » Heydər Əliyev və dini tolerantliq
19.10.09 14:58

Heydər Əliyev: “Quranı-Kərimin bütün kəlamları bu gün Azərbaycanda Allahın yolu ilə getməyimiz üçün məşəldir.” 
Azərbaycan bir çox millətlərin və dini konfessiyaların dinc yanaşı yaşamasının unikal nümunəsidir, desək səhv etmərik. Heç şübhəsiz bu ənənənin kökləri tarixin dərinliklərinə gedib çıxır. Hələ eramızın birinci yüzilliyinin ortalarında xristianlığın ilk ardıcılları Azərbaycana pənah gətirmiş və sonradan burada yaranan Alban kilsəsinin əsasını qoymuşlar. İslamın Azərbaycana gəlişi ilə dini dözümlülük ənənələri daha da möhkəmlənmiş və müsəlman tolerantlığının əsasını Qurani-Kərimin surə və ayələri təşkil etmişdir. Ayəyi-şərifədə buyurulur: "Ey insanlar! Biz sizi bir kişi və bir qadından (Adəm və Həvvadan) yaratdıq. Sonra bir-birinizlə tanış olasınız (kimliyinizi biləsiniz) deyə, sizi (ayrı-ayrı) xalqlar və qəbilələr etdik. Allah yanında ən hörmətli olanınız, Allahdan ən çox qorxanınızdır. (Pis əməllərdən ən çox çəkinənizdir) Həqiqətən Allah (hər şeyi) biləndir. (hər şeydən) xəbərdardır." (Əl-Hücurat, ayə 13).
“Qurani-Şərifin bizə verdiyi tövsiyələr, dərs, göstərdiyi yollar paklığa, düzlüyə, doğruluğa, sədaqətə, qəhrəmanlığa, cəsarətə, cəsurluğa dəvət edən tələblərdir, tövsiyələrdir”.
Yuxarda qeyd olunan aforizm xalqımızın ümummilli lideri Heydər Əliyevə məxsusdur. Heydər Əliyev dinin, xüsusən də İslamın inkişafına çalışan şəxsiyyət idi. Ümummilli lider Heydər Əliyevin dini-mənəvi dəyərlərə qayğısı bu gün də – yəni onun yoxluğunda da hiss olunmaqdadır.
Azərbaycan ərazisində yaşayan çoxsaylı etnik və dini qruplar arasında möhkəm əlaqələrin formalaşmasında onların tale ümumiliyi amili də böyük rol oynamışdır. Tarix boyu Azərbaycanda yaşayan xalqlar dəfələrlə qüdrətli dövlətlərdən asılı vəziyyətə düşmüş və yaranmış şərait onları, dünya görüşlərindəki fərqlərə baxmayaraq, biri-digərinə yaxınlaşmağa vadar etmiş, bir-biri ilə yaxın ünsiyyətdə olmuşlar. VII-VIII əsrlərdə müsəlmanlar yəhudilik, xristianlıq və zərdüştiliyin tərəfdarlarına qarşı həmişə ehtiram və dözümlülük göstərmişlər.
"İslam sivilizasiyası Qafqazda" mövzusunda Beynəlxalq simpoziumda Ulu Öndərimiz Heydər Əliyev cənabları demişdir: "Dünyada bir çox böyük dinlər mövcuddur. Hər dinin özünəməxsus yeri var. Biz azərbaycanlılar İslam dini ilə fəxr edərək, eyni zamanda heç vaxt başqa dinlərə qarşı mənfi münasibət göstərməmişik, düşmənçilik etməmişik, ədavət aparmamışıq və heç bir başqa xalqı da öz dinimizə itaət etməyə məcbur etməmişik. Ümumiyyətlə, başqa dinlərə dözümlülük, başqa dinlərlə yanaşı və qarşılıqlı anlaşma şəraitində yaşamaq İslam dəyərlərinin xüsusiyyətidir. Bu, tarix boyu Azərbaycanda da, Qafqazda da öz əksini tapmışdır. Azərbaycanda islam dini ilə yanaşı xristian dini də, yəhudi dini də əsrlər boyu yaşayıb və indi də yaşayır. Qafqazda da bu mənzərə var. Hesab edirik ki, insanlar hansı dinə, hansı mədəniyyətə mənsubluğundan asılı olmayaraq, bütün başqa mədəniyyətlərə, dinlərə, mənəvi dəyərlərə də hörmət etməli, o dinlərin bəzən kiməsə xoş gəlməyən adət-ənənələrinə dözümlü olmalıdırlar". Umummilli liderin fikirlərindən aydın olurdu ki, heç vaxt inamımızdan, dinimizdən uzaqlaşmayacağıq və bu mənəvi mənbələrimizdən istifadə edərək gələcəyimizi quracağıq! 
Sovet rejiminin dağılması regionda dini dözümlülük ənənələri üçün əsl sınağa çevrildi. Bu proseslərin nəticəsində keçmiş müttəfiq respublikaların xalqları müstəqilliklə yanaşı, əsl dini etiqad azadlığı da əldə etdilər. Azərbaycandakı mövcud tolerantlığın əsasları üçün ən böyük təhlükəni erməni təcavüzü yaradırdı. Onların bu işi minlərlə dinc sakinin ölümünə və bir milyondan çox soydaşımızın doğma yurdlarından didərgin düşməsinə səbəb oldu. Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ münaqişəsi dini zəmində baş verməsə də, ermənilərin dini lideri I Vazgen praktiki olaraq separatçı hərəkatı qızışdıran şəxslərdən biri olmuşdur.
Barışmaz erməni separatizminin ideoloqları hər imkandan istifadə edərək, Qərbə və Rusiyaya belə bir mif təlqin etməyə çalışırdılar ki, güya Azərbaycandan "İslam təhlükəsi" gözlənilir. Digər tərəfdən, Azərbaycanda anti-müharibə və hətta ermənipərəst meyllərin yayılması üçün bəzi qüvvələr respublikanın müsəlman əhalisinin xristianlaşdırılmasından istifadə edirdilər. Şübhəsiz ki, belə hərəkətlər dinlərarası dialoqun möhkəmlənməsinə xidmət etmirdi. Lakin bu hadisələr respublikadakı dini konfessiyalar arasında olan münasibətlərə həlledici mənfi təsir göstərə bilmədi.
Ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra bu münasibətlər daha da yaxşılaşmağa başladı. Belə ki, dözümlülük ruhunun qorunub saxlanılmasında müsəlman ruhanilərinin də danılmaz xidmətləri oldu. Müasir Azərbaycan dövlət-din münasibətləri modeli çərçivəsində bütün dini konfessiyalar qanun qarşısında bərabərdir və eyni statusa malikdir prinsipi xalqlar arasında səmimiyyət yaratmağa səbəb oldu. Ölkə vətəndaşlarının əksəriyyətini təşkil edən müsəlmanların hüquqlarının təmin olunması ilə yanaşı, dövlət respublikada mövcud olan digər dinlərə də qayğı göstərdi.
Bəzi separatçı qruplaşmalar bir çox hallarda öz fəaliyyətlərinə bəraət qazandırmaq məqsədilə dini amildən istifadə edirlər. Belə ki, dünya dinləri arasında mövcud fərqlərə əsaslanan "sivilizasiyaların toqquşması" nəzəriyyəsi meydana çıxmış və öz tərəfdarlarını tapmışdır. Belə bir şəraitdə bəşər sivilizasiyanın müxtəlif mədəniyyətlərinin qorunması üçün dinlər və mədəniyyətlər arasında dialoqun yaranması böyük əhəmiyyət kəsb edir. Bu baxımdan tolerantlıq və dözümlülük ənənələri zəngin olan ölkə və regionların təcrübəsi nümunə ola bilər.
Azərbaycanda səfərdə olan Moskvanın və Bütün Rusiyanın Patriarxı II Aleksiy 27 may 2001-ci il tarixdə ölkəmizdəki Rus Provoslav kilsəini müqəddəs elan etmiş və ona baş kafedral kilsə statusu vermişdir. Açılış mərasimində ulu öndərimiz Heydər Əliyev, hökumət üzvləri, səfirliklərin nümayəndələri və dini icmaların başçıları iştirak etdilər. Bunu da qeyd etmək yerinə düşər ki, bu məbədin bərpasını Moskvada yaşayan azərbaycanlı iş adamı, dini mənsubiyyətinə görə müsəlman olan Aydın Qurbanov öz üzərinə götürmüşdü.
1999-2001-ci illərdə paytaxtda digər pravoslav məbədi – Müqəddəs Məryamın Miladı Baş Kilsəsi bərpa olundu.
Bu gün katolik icmasında Vatikanın təyin etdiyi iki keşiş xidmət göstərir, ibadətlər bazar və dini bayram günləri yerinə yetirilir. Respublikanın paytaxdında layihəsi Vatikan ilə razılaşdırılan katolik kilsə inşa olundu.
Respublikada qədim ənənələrə malik olan yəhudi icmasının mədəni irsi də Azərbaycan hökumətinin qayğısı ilə əhatə olunur. 2000-ci ilin sonunda isə dağ yəhudiləri dini icmasının sədri Semyon İxiilov "Şöhrət" ordeni ilə təltif olundu.
Azərbaycanda sovet hakimiyyətinin qurulmasına qədər Quba rayonunun "Krasnaya sloboda" qəsəbəsində 11 sinaqoq var idi. Sovet dövründə onlardan yalnız biri fəaliyyət göstərirdi. 1996-cı ildən sonra dövlət tərəfindən daha iki sinaqoq qaytarıldı. 2001-ci ilin oktyabr ayında Azərbaycanın hökümət nümayəndələri və dünyanın bir çox ölkələrindən gələn qonaqların iştirakı ilə ikimərtəbəli, altıgümbəzli sinaqoqun bərpasına həsr olunmuş təntənəli mərasim keçirildi.
Ulu öndərimiz Heydər Əliyev 15 noyabr 1998-ci il tarixdə yəhudi icmaların rəhbərləri ilə keçirilən görüşdə demişdir: "Respublikada yəhudilərlə bağlı xoşagəlməz hadisələr baş vermir və biz onların yaranmasına heç vaxt imkan verməyəcəyik".
Azərbaycanın dinlərarası dialoq və əməkdaşlıq sahəsində nadir təcrübəsi xarici dövlətlərdə həmişə yüksək qiymətləndirilib. Bunun bariz nümunəsi – Roma Katolik Kilsəsinin sabiq başçısı II İoann Pavelin 22-24 may 2002-ci il tarixdə respublikaya etdiyi tarixi səfərini göstərmək olar. Bakıda olarkən pontifik Azərbaycandakı tarixi dözümlülük ənənələrini xüsusi qeyd etmişdir. Tarixi faktdır ki, Roma hakimiyyəti tərəfindən vaxtilə təqib olunan xristianlar da məhz burada sığınacaq tapmışdılar.
Rum patriarxı I Varfolomey 2003-cü il aprelin 16-dan 18-dək Azərbaycanda rəsmi səfərdə oldu. Şərqi Roma pravoslav kilsəsi başçısının səfərinin əsas məqsədi müxtəlif dinlərə etiqad edən insanların narahatçılığına səbəb olan bir çox mürəkkəb məsələlərdə qarşılıqlı anlaşma və razılığa nail olmaq, sıx münasibətlər yaratmaq, habelə dinlərarası dialoqu daha irəli aparmaqdan ibarət oldu. Azərbaycana gəlişindən əvvəl patriarx üç müsəlman ölkəsinə səfər etmişdir. Onun etirafına görə, respublikamızdakı dövlət-dini konfessiyalar münasibətləri, habelə ənənəvi və qeyri-ənənəvi dini konfessiyalar arasındakı mövcud münasibətlər nümunəvidir. O demişdir: "Mən buradakı tolerantlığın səviyyəsindən məmnunam. Azərbaycanda hər kəs istədiyi dinə etiqad edir, istədiyi kimi ibadət edə bilir".
Azərbaycanda tolerantlığın formalaşmasında dini liderlərin konstruktiv mövqeyi də böyük rol oynayır. Bu baxımdan 26 noyabr 2003-cü il tarixdə Moskva şəhərində keçirilən cənubi Qafqaz ölkələri və Rusiyanın dini liderlərinin görüşünü müsbət qiymətləndirmək olar. Adı çəkilən tarixi görüş müvafiq sənədin qəbulu ilə yekunlaşmışdır. Bu sənəddə qeyd edilmişdir ki, Qafqaz xalqları arasında inamın bərpa olunması üçün "milli azlıqları ictimai həyatın bütün sahələrinə inteqrasiya etmək, onların dini əqidə azadlığını təmin etmək, öz mədəniyyət və dillərinin inkişaf etməsinə imkan vermək lazımdır".
Azərbaycanda dinlərarası dialoqun inkişafı sahəsində sabiq Roma Papası II İoann Pavelin respublikamızın dini xadimlərindən ibarət nümayəndə heyəti ilə keçirdiyi görüş əlamətdar hadisə olmuşdur. Tərkibə Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə, Bakı və Xəzəryanı Rus pravoslav kilsəsinin yepiskopu Aleksandr, habelə dağ yəhudiləri dini icmasının sədri Semyon İxiilov daxil edilmişdi. 18 noyabr 2004-cü il tarixdə Vatikanda keçirilən görüşdə pontifik Azərbaycandakı dini konfessiyalar arasında mövcud olan münasibətləri yüksək qiymətləndirmiş və Qafqazda davam edən qanlı münaqişələrlə əlaqədər öz təəssüfünü bildirmişdi. O bəyan etmişdi: "Heç kimə ixtiyar verilməyib ki, dinləri dözümsüzlük aləti, təcavüz, zorakarlıq və qətllər üçün vasitə kimi təqdim etsin və ya onlardan öz mənafeyi üçün istifadə etsin. Əksinə, dinlərin dostluğu və qarşılıqlı ehtiramı əsl tərəqqi və sülhün zəngin mənbəyini təşkil edir…"
Dözümlülük ənənələrinin qorunub saxlanılmasına Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi öz böyük töhfəsini verir. Dini icmaların başçıları arasında tam anlaşma və daha sıx əlaqələrin yaranması məqsədilə adı çəkilən idarənin rəhbərliyi mütəmadi olaraq onların iştirakı ilə görüş və seminarlar keçirir.
Müxtəlif dini konfessiya nümayəndələri arasında əməkdaşlığın genişlənməsində qeyri-hökümət təşkilatları, habelə beynəlxalq qurumlar da müəyyən rol oynayır.
Ümummilli lider Heydər Əliyevin dövründə olduğu kimi bu gün – prezident İlham Əliyev mütəmadi olaraq dini icmaların liderləri ilə görüşür, onların ehtiyac və problemləri ilə maraqlanır. Prezident İlham Əliyev müsəlmanlarla yanaşı, müntəzəm olaraq ölkənin xristian və yəhudi icmalarını da əsas dini bayramları münasibətilə təbrik edir.
Prezident İlham Əliyev bütün sahələrdə xalqın ümummilli liderinin siyasətini davam etdirdiyi kimi, dinlə bağlı problemlərin də həllinə bilavasitə yardımçı olur. Hakimiyyətə gəldikdən sonra ölkə ərazisində mövcud olan dini ocaqlarn, pirlərin, ziyarətgahlarn əsaslı təmiri ilə bağlı göstərişləri, maddi-mənəvi yardımlar prezident İlham Əliyevin dini-mənəvi dəyərlərimizə göstərdiyi qayğının təzahürüdür.
Digər tərəfdən İlham Əliyev prezident kimi həm İran, həm də Səudiyyə Ərəbistanına səfərləri çərçivəsində müqəddəs yerləri səmimi qəlbdən, daxili duyğuların əhatəsində ziyarət edən çox nadir dövlət başçılarndandır. 
Orucluq zamanı Bütün Qafqazın Şeyxinin iqamətgahında düzənlənən tədbirlərdə iştirakı, Qurban bayramında xalqı təbrik etməsi və s. müxtəlif vaxtlarda məscidlərə gəlməsi ölkə ictimaiyyəti tərəfindən dərin hörmət və ehtiramla qarşılanır. Əlbəttə, bu onun dövlət başçısı kimi yüksək əxlaqi tərbiyəyə malik olmasından xəbər verir. Təsadüfi deyil ki, Həzrət Peyğəmbərimiz (s) buyurmuşdur: “Mən peyğəmbərliyə məbus oldum ki, əxlaqı insanlar üçün tamamlayam». O, həzrət digər bir hədisdə isə buyurur: “Sizin içərinizdə ən yaxşı mömin və kamil şəxs odur ki, gözəl əxlaqa malik olmaqla yanaşı, ailəsinə ãàðøû äà çox mehriban və səmimi olsun”.
Təzəpir məscdi və onun həyətində QMİ-yə aid tikilən digər inzibati binalar gözəlliyi ilə ətrafı özünə cəlb edir. Prezident İlham Əliyevin hər dəfə Təzəpir məscidinə gəlişi möminlərin sevincinə səbəb olur. Dövlət başçısı məscidə gəlib onun ərazisində aparılan təmir-tikinti işləri ilə tanış olması, əlavə tövsiyyələr verməsi ruhanilərlə yanaşı, bütün imanlı insanların sevincinə səbəb olur. 
Təmir-tikinti işlərinə bu il iyunun 10-dan prezident İlham Əliyevin tapşırığı ilə başlanılıb. Burada Qafqaz Müsəlmanlar İdarəsinin və İslam Universiteti üçün inzibati binalar, qonaq evi yerləşəcək. Üç korpusdan ibarət olan yeni kompleksin mərkəzində 900 kvadratmetrlik konfrans salonu tikilib. Qurbangah, namazgah və yardımçı otaqlar var. Dördmərtəbəli kompleksin ümumi sahəsi 40 min kvadratmetrdir.
Tavan və divar suvaqlar ilkin memarlıq nümunələri saxlanılmaqla, yeni texnologiyalar əsasında müasirləşdirilib, Qurani-Kərimin ayələrindən yazı-naxışlar, xüsusi dini emblemlər və rəmzlərlə bəzədilib. Çox şükürlər olsun ki, bu gün artıq məscid və inzibati bina hazır vəziyyətdədir.
Ümummilli lider Heydər Əliyev ənənələrini ləyaqətlə davam etdirən prezident İlham Əliyev milli-mənəvi dəyərlərin inkişafı və qorunub saxlanılmasında göstərdiyi fədakarlıqları bu gün də davam etdirir. Onlardan biri də iyulun 12-də əsaslı yenidənqurma və tikinti işlərindən sonra insanların istifadəsinə verilən Bibiheybət Ziyarətgah Kompleksi oldu. İslami dəyərlərə böyük hörmət bəsləyən prezident İlham Əliyev mərasimdə iştirak etdi. Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Həzrət Hökümənin və İmamın nəvələrinin məzarlarını ziyarət etdilər. Onların ruhuna dualar oxundu. Prezident İlham Əliyev əqidə və inamını nümayiş etdirərək nəzir verdi.
Mərasimdən yadigar olaraq xatirə şəkli çəkdirildi. Prezident İlham Əliyev buradan ətrafı seyr etdi, görülən işlərdən razılığını bildirdi. Prezident qeyd etdi ki, Azərbaycanda bütün millətlər, bütün dinlərin nümayəndələri bir ailə kimi yaşayırlar, öz doğma vətəninin inkişafına töhfələrini verirlər. “Bu, bizim böyük üstünlüyümüzdür, böyük sərvətimizdir. Azərbaycan çoxmillətli ölkədir, çoxkonfessiyalı ölkədir. Bizim təcrübəmiz, mən bunu tam qətiyyətlə deyirəm, bizim təcrübəmiz artıq başqa ölkələrdə öyrənilir, beynəlxalq təşkilatlarda diskussiyalar mövzusuna çevrilir və gələcəkdə əlbəttə ki, Azərbaycanın tolerantlıq məkanı kimi rolu dünya işlərində, dünyada gedən proseslərdə artacaqdır. Biz öz milli köklərimizə, dini köklərimizə qayıtmışıq. Azərbaycan xalqını, azərbaycanlıları bütün dövrlərdə, müstəqil olmadığımız dövrlərdə bir millət kimi qoruyub saxlayan bizim ənənələrimiz olubdur, milli mənəvi dəyərlərimiz olubdur, ana dilimiz olubdur, bizim dinimiz olubdur. Biz bütün başqa dinlərə hörmətlə yanaşırıq və hesab edirik ki, dünyada bütün dinlərə hörmətlə yanaşılmalıdır”,-deyən prezident İlham Əliyev İslam dininin Azərbaycan xalqının formalaşmasında çox mühüm rol oynadığını və bu gün bizim dini abidələrimizin bərpa olunduğunu söylədi. Dövlət başçısı əlavə etdi ki, Bibiheybət məscidinin ərazisi xeyli genişləndirilib: “Mən qeyd etdim ki, 1998-ci ilin iyulun 12-də məscidin əsas hissəsi istismara verilib. Düz 10 il sonra 2008-ci ilin iyulun 12-də biz Bibiheybət məscid-ziyarətgahına yeni həyat veririk və bu gözəl salon yenidən tikilmişdir. Məscidin yuxarı hissəsində təmir-bərpa işləri aparılmışdır - əminəm ki, buraya toplaşan dostlarımız imkan tapıb vəziyyətlə tanış olacaqlar - ən yüksək səviyyədə təmir-bərpa işləri aparılmışdır. Mən dəfələrlə müxtəlif müsəlman ölkələrində olmuşam. Orada olarkən məscidləri ziyarət etmişəm. Deyə bilərəm ki, biz Bibiheybət məscidində mövcud olan vəziyyətlə fəxr edə bilərik. Burada ən keyfiyyətli materiallardan istifadə olunub, ən gözəl ustalar burada fədakarcasına işləyiblər. Bu məscidin tikintisində və tikintinin başa çatmasında iştirak etmiş bütün insanlara mən öz minnətdarlığımı bildirmək istəyirəm. Mən çox şadam ki, bu gözəl, müqəddəs yerdə əzəmətli məscid tikilib…”
Prezident vurğuladı ki, bütövlükdə Azərbaycanda dini abidələrə, onların qorunmasına, onların bərpasına çox böyük diqqət göstərilir. Təzəpir məscidində də sürətlə tikinti işlərinin getdiyini nəzərə çatdıran prezident İlham Əliyev yaxın zamanlarda orada da açılışa toplaşacaqlarını söylədi. Dövlət başçısı həmçinin Əcdərbəy məscidində də təmir-bərpa işlərinin aparıldığını vurğuladı.
Bu gün dindarlar prezident İlham Əliyevin milli, mənəvi və İslami dəyərlərin qorunub saxlanılmasına, ölkəmizdə dini ocaqlara diqqət və qayğısını hər zaman yüksək qiymətləndirir.

Qazi Hacı Mirəziz Seyidzadə
URL / WWW
http://kelam.az/article/a-77.html