Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » II İlya “Şeyxülislam” ordeni ilə təltif edildi
05.01.13 02:23

Ümumgürcüstan Katolikos-Patriarxı II İlyanın 80 və ali dini vəzifəyə seçilməsinin 35 illik yubileyləri mərasimində iştirak etmək üçün Gürcüstana gəlmiş Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadənin rəhbərlik etdiyi nümayəndə heyətinin üzvləri ümummilli lider Heydər Əliyevin Tbilisidəki büstünü ziyarət etmiş, önünə əklil qoymuşlar. Sonra QMİ-nin sədri Mirzə Fətəli Axundzadənin Tbilisidəki ev-muzeyinə baş çəkmiş, Azərbaycan Respublikasının Gürcüstandakı səfirliyinin paytaxtda inşa olunan binasında aparılan işlərlə tanış olmuşdur. Allahşükür Paşazadə Qafqaz Müsəlmanları İdarəsinin Gürcüstan nümayəndəliyinin Tbilisidəki ofisində azərbaycanlı icmasının nümayəndələri ilə görüşmüşdür. Şeyxülislam Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin xaricdə yaşayan soydaşlara, o cümlədən Gürcüstan azərbaycanlılarına daim qayğı və diqqətini vurğulamış, ulu öndər Heydər Əliyevin siyasi kursunun varisliyə sədaqət ruhunda uğurla davam etdirildiyini bildirmişdir.
QMİ sədri demişdir ki, Azərbaycan-Gürcüstan münasibətlərinin yaxşılaşdırılması dost ölkədə yaşayan soydaşlarımızın durumuna müsbət təsir göstərəcəkdir.
Marneuli rayonundakı Daştəpə kəndindən Seyid Eldəniz, rayonun Sadaxlı-Xuldərə kəndlərinin imamı Etibar Eminov və başqaları azərbaycanlıların Gürcüstanda durumunun müxtəlif məqamlarından söhbət açmış, qayğı və diqqətə görə Azərbaycan rəhbərliyinə minnətdarlıqlarını bildirmişlər. 
Sonra Kaxeti bölgəsinin Saqareco rayonunda azərbaycanlılar yaşayan Qaraçöp mahalında toxunmuş namaz xalçası QMİ sədrinin birinci müavini hacı Salman Musayevə hədiyyə edilmişdir.
Şeyxülislam Allahşükür Paşazadə Gürcüstandakı dini konfessiyaların nümayəndələri ilə görüşmüşdür.
Allahşükür Paşazadə söhbət zamanı demişdir ki, Qafqazın ağsaqqalı, dostum, qardaşım, Ümumgürcüstan Katolikos-Patriarxı II İlyanın 80 və ali dini vəzifəyə seçilməsinin 35 illik yubileyləri mərasiminə dəvət olunmuşuq. Qeyd edim ki, bu illər ərzində münasibətlərimiz daha da dərinləşmiş, biz biri-birimizə qardaş, dost, arxa olmuşuq, Qafqazda baş verən hadisələrə öz təsirimizi göstərməyə çalışmışıq. QMİ sədri qeyd etmişdir ki, mən II İlyanın Azərbaycan xalqına, ulu öndər Heydər Əliyevə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə xoş münasibət bəslədiyini bilirəm. O, ulu öndər Heydər Əliyev və Prezident İlham Əliyev ilə görüşlərinin böyük təəssüratları barədə dəfələrlə danışmışdır.
QMİ sədri demişdir ki, II İlyanın Qarabağ münaqişəsi ilə bağlı həmişə Azərbaycanın haqq işini dəstəklədiyinin, konfranslarda, müxtəlif tədbirlərdə onun daim bizim mövqeyimizə tərəfdar olduğunun şahidi olmuşam. Gürcüstanın Baş naziri və parlamentinin sədri ilə görüşlərdə də II İlya diqqəti Cənubi Qafqazdakı münaqişələrə cəlb etmiş, Azərbaycanda və Gürcüstanda mövcud münaqişələrin hər iki ölkənin ərazi bütövlüyü çərçivəsində həllinə tərəfdar olduğunu bir daha nəzərə çatdırmışdır.
Şeyxülislam Gürcüstanda çoxsaylı azərbaycanlılar yaşadığını, ölkələrimiz arasında iqtisadi, siyasi münasibətlərin yaxşı inkişaf etdiyini bildirmiş, mənəvi münasibətlərin də yeni səviyyəyə qaldırılmasını arzulamışdır. O, demişdir ki, əlbəttə, narahatlıq doğuran məsələlər vardır, aramıza nifaq salmağa cəhd edən qüvvələr də mövcuddur. Səfər çərçivəsində keçirdiyimiz görüşlərdə səsləndirilmiş fikirlər soydaşlarımızın belə qüvvələrin təxribatlarına uymayacaqlarına inamı artırmışdır. Mən şahidi oldum ki, hər iki tərəf münasibətlərin bütün sahələrdə, o cümlədən mənəvi sahədə yaxşılaşdırılmasında maraqlıdır.
QMİ sədri bu günlərdə Gürcüstanın Baş nazirinin Bakıya səfərinin, onun Azərbaycan Respublikasının Prezidenti ilə görüşünün nəticəsi olaraq münasibətlərimizin yüksək səviyyəyə qaldırılacağına əmin olduğunu demiş, görüşdə Gürcüstan parlamenti sədrinin də Azərbaycan ilə münasibətlərin daha yüksək səviyyədə qurulmasına tərəfdar olduğunu qeyd etmişdir. Bütün bunlar dost ölkələrimizin əlaqələrinin gücləndirilməsinə müsbət təsir göstərəcək və bu işdə bizə mane olmağa çalışan bəzi qüvvələrin niyyətlərinə çatmalarına imkan verilməyəcəkdir.
Şeyxülislam Allahşükür Paşazadə Gürcüstan azərbaycanlılarının bu ölkənin vətəndaşı kimi tam hüquqa malik olmalarını, öz dövlətlərinin qanunlarına riayət etmələrini, bununla yanaşı, azərbaycanlı olduqlarını da unutmamalarını arzulamışdır. 
Qafqaz Müsəlmanları İdarəsinin sədri hacı Allahşükür Paşazadə Qafqaz regionunda, MDB məkanında və dünya miqyasında mədəni əlaqələrin, dinlərin və millətlərarası dialoqun inkişaf etdirilməsində böyük şəxsi töhfəsinə, Gürcüstan Pravoslav kilsəsi və Qafqaz Müsəlmanları İdarəsi, gürcü və Azərbaycan xalqları arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi sahəsindəki görkəmli xidmətlərinə görə II İlyanı “Şeyxülislam” ordeni ilə təltif etmişdir.
URL / WWW
http://kelam.az/article/a-7672.html