Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Bütün Qafqazın Şeyxi: Bu gün Azərbaycan Qafqazın işıq saçan mayakıdır
20.12.12 17:54

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumunun birgə təşkilatçılığı ilə “Dövlət və din: dəyişən dünyada tolerantlığın gücləndirilməsi” mövzusunda birinci Beynəlxalq Bakı Forumunda Bütün Qafqazın Şeyxi Hacı Allaşükür Paşazadənin çıxış edib. Çıxışı bütövlükdə təqdim edirik: 
Sizləri Azərbaycanda salamlayır, O Bir Olan Yaradanımızdan hər birinizə xeyir-dualar diləyirəm.
Şükürlər olsun ki, Uca Allah Vətənimiz Azərbaycanda dini-mənəvi irsimizə münasibəti, tolerantlıq ənənələrini dəyərləndirmək imkanını bizlərə bəxş etmişdir.
Bu gün Azərbaycan Qafqazın işıq saçan mayakıdır və onun nuru dünyanın hər bir tərəfinə yayılır. Azərbaycan iri sənaye müəssisələrinin işə düşdüyü, dünya üçün önəm kəsb edən layihələrin həyata keçirildiyi məkan olmaqla yanaşı, həm də əzəmətli məscidlərin, məbəd və ziyarətgahların inşa və bərpa olunduğu ölkədir. Sovetlər dönəmində Azərbaycanda cəmi 18 məscid var idisə, müstəqillik dövründə onların sayı 2000-ə yaxınlaşıb, yeni kilsə və sinaqoqlar Azərbaycan dindarlarının ixtiyarına verilib. Ümumiyyətlə, Azərbaycan dini abidələrə dövlət səviyyəsində diqqət və qayğı göstərən nümunəvi ölkədir.
Artıq Bakı mədəniyyətlərarası, dinlərarası dialoqa dair mötəbər beynəlxalq tədbirlərin bir-birinin ardınca keçirildiyi məkana çevrilmişdir. 2010-cu ildə biz Azərbaycanda Dini liderlərin Ümumdünya Sammitini keçirdik. Dünyanın bütün ənənəvi dini mərkəzlərini təmsil edən böyük şəxsiyyətlər - Patriarxlar, yüksək dini məqam sahibləri bu Sammitdə iştirak etdilər. Biz həmin tədbiri həmsədri olduğum MDB Dinlərarası Şurasının təşəbbüsü və dövlətimizin dəstəyi sayəsində Bakıda keçirdik.
Əlbəttə, Azərbaycanın bu sahədə ugurlarını şərtləndirən məqamlar vardır - xalqımızın milli özəlliyi, zaman-zaman bütün səmavi dinlərin məmləkətimizdə bərqərar olması, VII əsrdən bu torpaqlarda yayılmış İslam dininin təlqin etdiyi ideallar. O ideallar ki, sovet dönəmində, ateizmin tüğyan etdiyi onilliklər ərzində belə cəmiyyətimiz onlardan üz döndərmədi. Lakin mühüm olan odur ki, müstəqillik dövründə Azərbaycanda din-dövlət münasibətləri düzgün qurulmuşdur. Tolerantlığın dövlət səviyyəsində dəstəklənməsinin bünövrəsi Heydər Əliyev tərəfindən qoyulmuşdur. Heç bir din və məzhəb ayrıseçkiliyinə yol verilmədən bütün dini icmalar dövlətin maddi və mənəvi yardımından yararlanaraq, öz fəaliyyətini həyata keçirir. Azərbaycanda əsasını Heydər Əliyevin qoyduğu bir ənənə də mövcuddur - hər il Ramazanın İftar mərasimində Azərbaycanda mövcud ənənəvi dini icmalar bir araya gəlir və Prezident həzrətləri də bizlərlə bir süfrə ətrafında olur.
Tolerantlıq, qarşılıqlı ehtiram bizim gündəlik həyat tərzimizdir. Bəli, tolerantlıq mədəniyyətdir. Ulu Öndər müstəqil Azərbaycanın dövlət rəhbəri olaraq Təzəpir məscidində 1993-cü ildə Həzrəti Peyğəmbər salavatullahın mövludu günündə çıxışında bəyan etmişdi:
«Müsəlmanlarla yanaşı, başqa dinlərə mənsub olan vətəndaşların da yaşadığı çoxmillətli Azərbaycan Respublikası müstəqil, demokratiya prinsiplərinə mənsub olan bir dövlət kimi bütün millətlərə dinindən, dilindən, irqindən, siyasi mənsubiyyətindən asılı olmayaraq azadlıq, hürriyyət imkanları verir».
Bütün sonrakı addımlar bu sözlərin təsdiqi oldu. Müstəqllik dönəmində müsəlman məscid və ziyarətgahları ilə yanaşı, Rus Pravoslav Kilsəsinin Bakı yeparxiyası, Jen-Mironosits kilsəsi yenidən bərpa olundu, katolik icması üçün kilsə inşa edildi, yeni yəhudi sinaqoqu tikildi.
Azərbaycan hər zaman müsəlman dövlətləri ilə dini-mənəvi əlaqələrin inkişaf etdirilməsinə, dünyanın müsəlman dini liderlərinin ölkəmizə səfərlərinə, beynəlxalq tədbirlərdə iştirakına xüsusi önəm verir. Eyni zamanda, bu illər ərzində dünyanın nüfuzlu din xadimlərindən olan Moskva və bütün Rusiya Patriarxı II Aleksi, Ümumgürcüstan Patriarxı II İliya Azərbaycana təşrif buyurdu. 2001-ci ildə Ulu Öndər Heydər Əliyevin dəvəti ilə Roma Katolik kilsəsinin başçısı Papa II İohan Pavel Azərbaycanı ziyarət etdi. Sonrakı illərdə Rusiya Patriarxı Kiril Azərbaycanı 2 dəfə ziyarət etdi. Bakı Sammiti çərçivəsində hətta erməni Katolikosu da ölkəmizə səfər etdi. Dünyadakı yəhudi icma rəhbərləri ilə də qarşılıqlı münasibətlərimiz mövcuddur.
Azərbaycanda din-dövlət münasibətlərinin tənzimlənməsi məramı ilə 2001-ci ildə Dini qurumlarla iş üzrə Dövlət Komitəsi yaradıldı. Şadam ki, bugünku tədbirimizin də təşkilatçısı olan Dövlət Komitəsi, sədr Elşad İsgəndərov başda olmaqla həmin missiyanı uğurla davam etdirir.
Azərbaycanda istər daxili həyatımızda, istərsə də beynəlxalq aləmdə ugurlarımızı təmin edən məhz Ulu Öndərin təməlini qoyduğu müdrik siyasəti Prezidentimiz İlham Əliyev cənabları yüksək səviyyədə davam və inkişaf etdirir. Dövlət başçımızın bu fikirləri xüsusi diqqətə layiqdir: 
"Azərbaycanda bütün xalqlar, bütün dinlərin nümayəndələri bir ailə kimi rahat yaşayırlar. Bütün dinlərin nümayəndələri bizim dəyərli vətəndaşlarımızdır. Bu sahədə Azərbaycan öz təcrübəsini bölüşməyə hazırdır. Hesab edirəm ki, buna böyük ehtiyac vardır. Çünki heç də hər yerdə vəziyyət bizdəki kimi deyildir". (Prezident İ. Əliyevin İftar mərasimindəki çıxışından - 15. 08.2012)
Tolerantlıq ənənələrinin təbliğində, irsimizin tanıdılmasında, həmçinin dünyanın müxtəlif guşələrində əyani şəkildə nümayişində Heydər Əliyev Fondunun məxsusi xidmətləri vardır. Fondun Prezidenti Mehriban xanım Əliyeva Azərbaycanın bütün dünyada tolerantlıq ünvanı kimi tanıdılmasında müstəsna xidmətlər göstərir.
Əlbəttə, həyat daima dəyişir. Bu, həyatın qanunu, Uca Yaradanımızın istəyidir. Lakin nə qədər dəyişikliklər baş versə də, dünyamızı məhvərindən çıxmaga qoymayan əbədi dəyərlər mövcuddur. İndi dünyada çoxmədəniyyətlilik - multikulturalizm ətrafında geniş fikir mübadiləsi gedir. Bəziləri bunu öz mədəniyyətləri üçün təhlükə hesab edir, bəziləri etinasız yanaşır. Lakin müxtəlif mədəniyyətlərin bir arada olmasını O Bir Olan Yaradanımız Özü istəmişdir. Bu, təqdiri-İlahidir və biz, din xadimləri bu həqiqəti sizlərə çatdırmaga məsuluq. Allah-Təala müqəddəs Kitabımız Qurani-Kərimdə buyurur:
 
يَا أَيُّهَا النَّاسُ إِنَّا خَلَقْنَاكُم مِّن ذَكَرٍ وَأُنثَى وَجَعَلْنَاكُمْ شُعُوباً وَقَبَائِلَ لِتَعَارَفُوا ... (الحجرات - 13)
"Ey insanlar! Biz sizi bir kişi və bir qadından yaratdıq. Sonra bir-birinizi tanıyasınız deyə, sizi xalqlara və qəbilələrə ayırdıq...! " 
(əl-Hucurat, 13).
Bu bir danılmaz həqiqətdir ki, dünyamızın üzləşdiyi problemlərin - fərqi yoxdur - siyasi, iqtisadi, sosial, mədəni problemlərin kökündə mənəvi dəyərlərin böhranı durur. Unutmaq olmaz ki, Allahın yaratdığı ən böyük dəyər insan həyatıdırsa, onun xilası tolerantlıqdan - müxtəlif millət və dinlərə mənsub insanların qarşılıqlı anlaşma və ehtiramından keçir. Biz bu məqamı xalqımızın ən ağır problemi olan - ərazimizin 20 faizinin işğal edilməsi, 1 milyon soydaşımızın doğma yurdlarından didərgin salınması ilə nəticələnmiş Qarabağ probleminin həlli ilə bağlı məsələdə də unutmuruq. Bununla belə, bu münaqişənin beynəlxalq hüquq normaları çərçivəsində sülh yolu ilə həllinə ümid bəsləyirik. Lakin XX əsrin ən dəhşətli faciələrindən olan Xocalı genosidini törətmiş bir ölkəni beynəlxalq hüquq müstəvisində məsuliyyətə cəlb etmək yönündə heç bir səy göstərməyən Fridom Haus və bu qəbildən olan Avropa təsisatlarının qərəzli mövqeyi açıq-aydın görünür. Avropa ölkələrində insan haqları sahəsində kifayət qədər pozuntu mövcud olduğu, terror və ekstremizm halları tügyan etdiyi halda bəzi Avropa təsisatlarının ölkəmiz haqqında qeyri-obyektiv ictimai rəy formalaşdırmaq istəyi heç bir məntiqə sığmır.
Hörmətli konfrans iştirakçıları! Çoxmədəniyyətlilik - Azərbaycan xalqına və dövlətinə xas bir cəhətdir. Biz dini sahədə də, mədəniyyətdə də, ictimai inkişafda da nümunəvi öndərliyə sahibik. Bütün bunlar bizim bugünkü və gələcək nailiyyətlərimizi şərtləndirir.
Dini lider olaraq, mən bugünkü nüfuzlu beynəlxalq tədbirə öz xeyir-dualarımı yetirir, konfransın işinə uğurlar diləyirəm. Hamınıza "Xoş gəlmisiniz" deyirəm.
URL / WWW
http://kelam.az/article/a-7624.html