Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyindən verilən məlumata görə, A. Mehdiyev 2004-cü ildə GUAM-ın BMT-də müşahidəçi status əldə etməsindən sonra təşkilatla BMT katibliyi arasında əməkdaşlığın inkişaf etdiyini, qətnamə layihəsinin qəbul edilməsinin bu əməkdaşlığı daha da gücləndirəcəyini və region ölkələrində sülh, sabitlik və inkişafa töhfə verəcəyini qeyd edib.
Daha sonra qətnamə layihəsi yekdilliklə BA-da qəbul edilib. Bundan sonra çıxış edən Ermənistanın BMT yanında daimi nümayəndəsi qətnamə layihəsi ilə bağlı danışıqların guya şəffaf surətdə keçirilmədiyini bildirib. O, eyni zamanda mövzuya heç bir aidiyyəti olmadan Azərbaycanın Ermənistana qarşı iqtisadi təcrid siyasəti apardığını qeyd edib. Ermənistan tərəfinin məsələni lüzumsuz yerə siyasiləşdirməsindən sonra cavab hüququ ilə çıxış etməyə məcbur olan A. Mehdiyev layihə ilə danışıqların əksinə şəffaf şəkildə aparıldığını, Ermənistan diplomatlarının da orada iştirak etdiyini, lakin heç bir qeyd və təkliflə çıxış etmədiklərini vurğulayıb, Ermənistanın Azərbaycanla bağlı səsləndirdiyi fikirlərin yalan və iftira olduğunu, onun Azərbaycan ərazilərini işğal etdiyini, həmin ərazilərdə etnik təmizləmə siyasəti apardığını qeyd edib.
Qeyd edək ki, qətnamə GUAM-ın ticarət, enerji, iqtisadi inkişaf, nəqliyyat, elm, təhsil, mədəniyyət, idman, gənclər, səhiyyə, eləcə də terrorçuluğa, insan alverinə, qanunsuz miqrasiyaya, narkotiklərə, mütəşəkkil cinayətkarlığa qarşı mübarizə kimi sahələrdə regional əməkdaşlığın təşviq olunması istiqamətində həyata keçirdiyi fəaliyyəti qeyd edir, BMT sistemi ilə GUAM arasında əməkdaşlıq və dialoqun gücləndirilməsinin vacibliyini vurğulayır və BMT-nin ixtisaslaşmış təşkilatlarını, proqram və fondlarını birgə layihələr həyata keçirmək məqsədilə GUAM-la əməkdaşlığa dəvət edir.
Qətnamədə eyni zamanda onun müddəalarının həyata keçirilməsi ilə bağlı BMT Baş katibindən BA-nın 69-cı sessiyasına müvafiq hesabat təqdim edilməsi xahiş olunur.