Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Ədəbiyyat » Əziz Pünhan
02.02.10 15:44

QƏSİDƏ Etmə ey dil eşq dərdindən şikayət, səbr elə,

Görsənir vəsl aləmindən bir əlamət, səbr elə.

Səbrsiz olmaq zəiflikdir buna diqqət yetir,

Qoy yığılsın bir yerə səndə cəsarət, səbr elə.

Can, nəfəs, güc, hər nə var yardan əmanətdir sənə,

Saxla göz üstündə qalsın buə manət, səbr elə.

Sidqidəndir hacr yarə şövq ilə gərmək sinə,

Hər bəlavu cövru dəf etsin sədaqət, səbr elə.

Zülmətində rahat əyləş ayrılıq dünyasının,

Şəmi-vəsli yandırar bir gün o afət, səbr elə.

Kim bizə mane olursa aqibət peşman olar,

Zalıma qalib gələr haqqu ədalət, səbr elə.

Eşqdə birlikdi məqsəd, çün yazıb qanuni-eşq,

Eylədik biz də bu qanuna riayət, səbr elə.

Sən Züleyxayi-zamansan bu Əziz Pünhan üçün,

Birləşib bəxş eylərik Misrə bəşarət, səbr elə.
**

Qorxuram həsrətə gücüm çatmasın,

Bir yerə qədərdir insanın gücü,

Yolumdan sapdırmaz məni heç zaman,

Səninlə bağlanan peymanın gücü.

Mən qəmdən güclüyəm, qəm mənə batmaz,

Kor fələk vüsalın ömrün uzatmaz.

Bu cavan ruhumun gücünə çatmaz,

Yığılsa bir yerə zamanın gücü.

Heçnə unutdurmaz eşqin həvəsin,

Ürək pıçıldayar həyat nəğməsin,

Nə vaxt dərəcəyəm vüsal meyvəsin,

Ümid yetişdirir gümanın gücü.

Bir dəfə qovuşub ayrıldı ürək,

Bu qədər arxayın olmazdım gərək,

Bir də ayrılmarıq qovuşa bilsək,

Qurtara-qurtardı hicranın gücü.

Bir arxa su gəlsə yenə də gələr,

Çünki bir günümüz olmayıb hədər,

Mənim sevgilimsən məhşərə qədər,

Buna tab gətirməz dünyanın gücü.

Yenə görüşərik günlərin biri,

Mənim ürəyimdi bu ümid yeri,

Taleyin özünü çevirər geri,

Az deyil bu Əziz Pünhanın gücü.

QƏSİDƏ
Qüdsiyyəti bil, əvvəli Sübhandı müqəddəs,

Hər aləm üçün Xaliqi-Yəzdandı müqəddəs.

Quranda salam istədi peyğəmbərə Allah,

Əmr eylədi dünyaya bu insandı müqəddəs.

Ən pak Məhəmməddi onun ruhudu Zəhra,

Xeyrənnisa bətnində gəzən candı müqəddəs.

Hər insana qardaş demədi həzrət Əhməd,

Bu rütbəyə layiq Şəhi-Mərdandı müqəddəs.

Nur nura qovuşdu Əli Zəhra nigahında,

Cismində Hüseynü Həsənün qandı müqəddəs.

İsbat elədi paklığını ayeyi-təthir,

İnkar eləməz kimdə ki, vicdandı müqəddəs.

Minada kəsib qurbanı, ye bayram edən kəs,

Allaha fəda Şahi-Şəhtidandı müqəddəs.

Bir nöqtədə dünyanı sığışdırdı Mühəmməd,

Allahın ona verdiyi Qurandı müqəddəs.

Allah tanımız kim ki, bəsirət gözü yoxdur,

Onlarçün elə daşdı, ya heyvandı müqəddəs.

İsa ulağından qalan iz səcdəgah olmuş,

Söz adiləşib gör nəyə şayandı müqəddəs.

Küfrün özü də indi müsəlman donu geymiş,

Cahillər əlində yenə talandı müqəddəs.

Təfsir eləyir Quranı Quranı dananlar,

Təfsir eləyib sonra özün sandı müqəddəs.

Ey cümlə müqəddəsləri inkar eləyən kəs,

Bax Qurana gör bir kimə ünvandı müqəddəs.



Dünyada müqəddəsliyə xor baxma, unutma,

Dövrün İmamı vardısa dövrandı müqəddəs.

Nitqində Xuda zikri olan hər bir adamçun,

Dünya boyu ömr etdiyi hər andı müqəddəs.

Yaxşı ilə yaman fərqin Əziz Pünhan özün seç,

İnsanda onu fərq edən imandı müqəddəs.
URL / WWW
http://kelam.az/article/a-717.html