Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Məqalələr » Düzgün qərar qəbul etmənin əsası
02.02.10 15:24

Əvvəlcə onu qeyd edək  ki, bu gün yaşadığımız əsrin, sənayeləşmə əsri adlanan  keçən əsrdən əsas fərqi, onun elmə - biliyə əsaslanan əsr olmasıdır. Bu o deməkdir ki, hər bir qəbul olunan qərarın arxasında elmi əsas durmalıdır. Hər bir insan gündə onlarla hadisənin, prosesin içərisindən keçdiyi üçün çoxsaylı qərarlar  qəbul etməli olur. Belə qərarların sayı bir ildə orta hesabla  5 min, on ildə isə  50 min tərtibindədir. Ömür boyu qəbul olunan qərarların sayı yüz minlərlə, bəlkə də milyona yaxındır. Çox nadir tarixi şəxslərə nəsib olar ki, onun  ömrü, demək olar ki, xətasız qərarlardan keçir. Belə tarixi şəxslərə misal ulu öndər Heydər Əliyevi də göstərmək olar. Böyük Hind mütəfəkkiri Oşoya görə ”Şərqdə insan ömrünün zirvə nöqtəsinin uşaqlıqda və ya gənclikdə olduğu qəti şəkildə rədd olunur, çünki zirvə - ömür yolunun digər ucunda olmalıdır”. Heydər Əlirzaoğlunun ömür yolu zirvəyə çatdı və tamamlandı. İstər Sovet Azərbaycanının, istər SSRİ-nin, istərsə də müstəqil Azərbaycanın rəhbərliyinə (zirvəyə) gedən yolu xətasız qərarlardan keçərək daim yüksələn xətt boyunca irəliləmişdir.
Hər kəs çalışmalıdır ki, onun qəbul edəcəyi qərarların xətası az olsun. Çünki, inkişafa aparan yol xətasız qərarlardan keçir. Adətən işi, bilənə ona görə  tapşırırlar ki, iş bilənlərin qəbul etdikləri qərarlar daha xətasız olurlar. Bu həyatı vacib məsələni incələmək çox aktualdır. Bu problemlə dərindən maraqlananların  Matias Helmkenin bestseller olan: “Qərar qəbul etməni öyrənirik. Tez, dəqiq, düzgün” kitabi ilə tanış olması məsləhətdir.
Həm  dövlət, həm də fərd və toplum üçün düzgün qərar qəbul etmək fundamental əhəmiyyət kəsb edir. Çünki, silsilə düzgün qərar qəbul etməklə dövlət güclü dövlətə, fərd isə güclü şəxsiyyətə çevrilir. Ancaq bu sadə və bəşəri dəyəri işlək hala gətirmək çox da  asan iş deyildir.  
Son yüz ildə dünyanın arzu olunmayan istiqamətdə inkişaf etməsindən çox  danışılır.  İki dünya müharibəsi, qlobal istiləşmə və şimal buzlaqlıqların əriməsi, ekoloji problemlərin yaranması, iqtisadi inkişaf ilə mənəvi inkişafın arasında  harmoniyanın pozulması (və nəticədə mənəvi səviyyənin ilbəil aşağı düşməsi), insanı baxımdan nisbətən ədalətli quruluşlarının dağılması, ikili standartlar və sairələr bəşəriyyətin inkişafında qüsur və xətalar olduğunu göstərir.
Bütün bu xətalar qlobal və lokal səviyyədə səhv qərarların qəbul olmasının nəticəsindən törəyir. Haqq nahaqa qalib gələ bilmir. Dünya sanki gücdən düşüb, onun ədalət potensialı tükənməkdədir. (Qarabağ problemi buna misaldır. 15 ildən çoxdur ki, BMT-nin 4 qətnaməsi yerinə yetirilmir). Freedom House adlı beynəlxalq  təşkilatın 2009 -cu il hesabatında qeyd  olunur ki, dünyada qlobal azadlıqların vəziyyəti pisləşib və son 40 illik tarixində ən uzun tənəzzül periodu  qeydə alınmışdı. Dünyanın dərdi, dərmanından çoxdur. SSRİ-nin xarici siyasət konsepsiyasında buraxılan səhv qərarları da misal göstərmək olar. Belə ki, bu nəhəng dövlət yarım əsr müddətində  iqtisadi varının çox hissəsini xərcləyərək, Afrikada və digər qitələrdə özünə bənzər dövlətlər qurmağa cəhd edirdi və nəticədə özü dağıldı. Tәәssüf doğuran odur ki, bəşəriyyət cinayət tərkibli səhv qərarların qəbuluna laqeydidir. Tarixi səhv qərarlar araşdırılmır, onların səbəbkarları ictimai qınağa tutulmur.  Məlumdur ki, Qarabağ problemi 20 il öncə nə Bakıda, nə də Yerevanda yarandı. Bu problemin ideya müəllifi və yaranma yeri məlumdur. Qarabağ problemin müəllifi M.Qorboçov dünyanı gəzərək kef edir, cənubi Qafqaz əhalisi isə barıt çәllәyi üzərində, zillət içərisində yaşayır. “Tarix insanlardan daha kinlidir” ifadəsi də gücdən düşüb.  Onun kini-zadı qalmayıb, qalsaydı M.Qorboçov üçün bir bəşəri məhkəmə qurardı.
Bu qorxusuzluq mühiti növbəti tarixi səhvlərin təkrarlanmasına şərait yaradır. Tarixin təkəri düz istiqamətdə fırlanmır. Bu səbəbdən də dünyanın sonunun yaxınlaşdığını güman edənlər də az deyildir. İslam dünyasında da İmam Mehdi Sahibi Zamanın tezliklə zühur edəcəyinə və yerdə nizam-intizam yaradacağına inananlar var.
Bir Qərb mütəfəkkiri son yüz ilin inkişafını belə səciyyələndirmişdi:  Axırıncı ağac kəsiləndə, axırıncı balıq tutulanda, axırıncı çay zəhərlənəndə insanlar başa düşəcəklər ki, pulu yemək olmur.

Qərarın düzlüyünə zamanın təsiri

Sofokl: “Tez qəbul olunmuş qərarlar səhvdir”
Tez-tez “ən böyük hakim zamandır” ifadəsini eşidirik. Çünki, o hər bir hadisəni aşılayaraq, onun daxili quruluşunu, real üzünü üzə çıxarır.  Zamanın qərarın düzgünlüyünə təsir edən başlıca faktor olduğu şübhə doğurmadığından  ona daha diqqətlə nəzər salaq.                              
Tәbiәtşunaslıqda böyük əhəmiyyət kəsb edən, Heyzenberq tərəfindən kəşf edilən və Nobel mükafatına layiq görülən “qeyri- müəyyənlik prinsipi”-nin məğzi bundan ibarətdir ki, elementar zərrəciklərin impulsu nə qədər dəqiq (xətasız) ölçülərsə, onun fəzada yeri bir o qədər qeyri- dəqiqdir. Və ya tərsinə, hissəciyin yeri fəzada nə qədər dəqiq təyin edilərsə, onun impulsunun qiyməti bir o qədər qeyri-müəyyəndir.
Təbiət hadisələri üçün doğru olan bu prinsipə analoji qanunauyğunluq cəmiyyət hadisələri üçün də formalaşdırmaq mümkündür.
Məlumdur ki, hər bir problemin düz və səhv həlləri mövcuddur. Jan Jak Russoya görə, “düzlüyə gedən yol bir, səhvə gedən yol mindir”. 
Misal üçün fərz edək ki, bir çay üzərindən körpü tikmәk lazımdır. Şübhə yoxdur ki, körpünü çay üzərində yüz yerdə tikmək olar. Körpünün eni, uzunluğu, hündürlüyü ilə bağlı çoxsaylı variantlar da təklif etmək olar. Aydındır ki, bu variantların biri düz, bir qismən düz, bir hissəsi səhv, qalanları isə çox səhvdir. Ən düz variantı tapmaq mümkün olsa, onda qəbul edilən qərarın xətası sıfıra bərabər olar. Yəni qəbul edilmiş cari qərar, mütləq düz qərara bərabər olar. Ən səhv variant seçiləndə (misal üçün bir lətifədə deyilən kimi, körpünü çay üzərində yox, çay boyunca tikmək), onda qərarın xətası maksimum olar. Deməli, düz qərarı tapmaq üçün çox ölçüb-biçmək, araşdırma aparmaq lazımdır. Başqa sözlə desək, düşünmə zamanını geniş götürmək lazımdır.
Mütləq düzgün qərar ilə cari qərarın arasındakı fərqi “qərarın xətası” adlandırmaq olar. Aydındır ki, qərarın xətası azaldıqca mütləq düzgün qərara yaxınlaşırıq. Əksinə, xəta çoxaldıqca  düzgün qərardan uzaqlaşırıq. Qərarın düz və səhv olması düşünmə zamanından asılıdır. Düşünmə müddəti çox olarsa, qərarın xətası azalar. Deməli, qəbul ediləcək qərarın xətasız və ya az xətalı olması üçün, hadisə geniş və müəyyən bir zaman intervalında araşdırılmalıdır. Deyilənlərə əsaslanaraq, Heyzenberqin qeyri-müəyyənlik prinsipinə uyğun olaraq belə bir qanunauyğunluq  formalaşdırmaq olar:
Cəmiyyətdə baş verən hadisələr nə qədər geniş zaman intervalında öyrənilərsə, onda hadisə ilə bağlı qəbul edilən qərarın xətası da bir o qədər az olar. Başqa sözlə, qərarın  xətasının araşdırma müddətinə hasili sabit kəmiyyətdir.
Bu düstur həm Sofoklun min illər öncə söylədiyi fikri, həm də Russonun kəlamının riyazi formasıdır. Göründüyü kimi  araşdırma zamanı anlarla ölçülərsə, (yəni qərar tez qəbul olunarsa)  qərarın xətası çox böyük olar. Müxtəlif zaman intervalında müxtəlif insanlar tərəfindən qəbul olunmuş qərarların xətası müxtəlif olacaq. Bunların içərisindən təkcə bir qərar düz olacaqdır. O da araşdırma müddətinin qiyməti zəruri zamana bərabər və ondan çox olanda baş verir.
Qərarın düzlüyünə biliyin təsiri

Müşahidə zamanı çox olduqca, hadisə ilə bağlı toplanılan bilik (informasiya) çoxaldığından qərarın xətası azalır. Başqa sözlə, bilik və dünya görüş artdıqca, səhv qərarların qəbul olunmasının ehtimalı azalır. İş bilənin, iş bilməyəndən əsas fərqi, birincinin daha üstün biliyə malik olmasındadır. Müqəddəs kitabımızda da göstərilib: “Heç bilənlə bilməz bir olarmı?”
Son tədqiqatlar göstərir ki, qərarın xətası ilə, zəruri informasiya arasında münasibət mövcuddur. İnformasiya, bilik artdıqca, xəta azalır və tərsinə bilik azaldıqca xəta çoxalır. Bu münasibətə elmi bir biçim vermək üçün “bilik  qıtlığı” anlayışı qəbul edək. “Bilik qıtlığı” dedikdə mütləq düzgün qərarın qəbulu üçün lazım olan zəruri bilik ilə cari bilik arasında fərq başa düşülür. Bu anlayışların köməkliyi ilə belə bir qanunauyğunluq formalaşdırmaq mümkündür:
İstənilən sosial hadisə ilə bağlı qəbul edilən qərarın xətası, bilik (informasiya)  qıtlığı ilə mütənasibdir.
Deməli, bilik qıtlığı çox olanda, qərarın xətası da çox olur.
Fərz edək ki, iki təhsil alandan biri 100 sualdan 98-ni, digəri isə 90-nını bilir. Onda uyğun olaraq birinci təhsil alanın bilik qıtlığı faizlərlə 2, ikincininki isə 10-dur.  Bu səbəbdən də ikincinin gələcəkdə qəbul edəcəyi qərarların xətası daha böyük olacaq. Başqa sözlə, böyük bilik qıtlığı şəraitində qəbul olunan qərarın xətası böyük olar. 
Keyfiyyətli təhsil uğrunda dünya mücadiləsinin məğzi burada gizlənir. Bu sәbәbdәn də Qərbdə təhsilə “xəzinəsi özündә” olan varlıq kimi baxılır. Təbii, iqtisadi və siyasi  göstəriciləri eyni olan iki dövlətdən, təhsil sistemi qüvvətli olan dövlət daha qüdrətlidir. Amerika prezidentlərindən biri bu vəziyyəti belə ifadə etmişdir: “Amerika universitetləri qüdrətlidir, ona görə yox ki, Amerika varlıdır. Amerika varlıdır ona görə ki, onun Universitetləri qüvvətlidir”.
Doğrudan da, 2009 cu ilin sonunda aparılan sorğulara görə, dünyanın 50 qabaqcıl universitetləri arasında birinci 30-35 yerləri ABŞ və Böyük Britaniya universitetləri tuturlar və bu yerləri heç kimlərlə bölüşmək belə istəmirlər. Çünki onlar baş düşürlər ki, üniversitetlərin verdiyi bugünkü təhsil, sabah dövlət və cəmiyyət üçün zəruri və düzgün qərarların qəbuluna sərf olunacaq. Əgər təhsil alan bir fəndən 5 yox, 4 və ya 3 qiymət alıbsa, deməli, onun artıq 20 və ya 40 % bilik qıtlığı var. Bu bilik qıtlığı gələcəkdə dövlət və ya cәmiyyәt işində keyfiyyətsiz qərarlar şəklində üzə çıxacaqdır.
Buradan çıxaracağımız fəlsəfi nəticə bundan ibarətdir ki, gәnclәrimizә elə təhsil vermәliyik ki, onlar gələcəkdə içərisindən keçdiyi bütün proseslərin obyekti yox, subyekti olsunlar. Məmur kürsüsünü kişi, qadın və gənc olmasından asılı olmayaraq o kəslərə etibar etmək lazımdır ki, onlar içərisindən keçdiyi proseslərin obyekti yox, subyekti olsunlar. Buna isə keyfiyyətli təhsillə nail olmaq olar. Vəzifə, xalqın məmura etibar etdiyi əmanətidir. Bu əmanəti qorumaq milli mənsubiyyətdən yox, keyfiyyətli  təhsildən asılıdır. Qlobal taledə bəşəri təhsilin, milli taledə milli təhsilin rolu axıradək dəyərincə dərk etmək lazımdır. Sözdə çoxları təhsilin vacibliyindən danışsalar da, işdə millətin, planetin gələcəyini, korporativ maraqlara qurban verirlər.  
Yeni şkala, yeni kriteriya

Yuxarıda sayılan bütün kataklizmaların yaranmasının digər bir səbəbi köhnə ölçülərin, meyarların, qiymətləndirmə sistemlərinin gücdən düşdüyünü və yeni dəyərləndirmə sistemlərinə ehtiyac olduğunu göstərir. Bir qədim misalda deyilir ki, ölçüdən böyük səadət yoxdur, ölçü harmoniyanın əsasıdır. Əgər bəşəriyyətin harmoniyası pozulubsa deməli, yeni ölçü, yeni meyara ehtiyac var. 
Deməli, bəşəri inkişafın mərkəzində, başqa sözlə düzgün qərar qəbul etmənin əsasında bilənlə bilməyənin bir-birindən ayırmaq və işi iş bilənə tapşırmaq durur. Biləni bilmәzdәn ayırmaq üçün min illərdir ki, bəşəriyyət kriteriya, meyar axtarışı ilə yol gedir.
Yeni kriteriya olaraq  mənimsənilməsi zəruri olan biliyin, mәnimsәnilәn hissəsinin  mәnimsәnilmәyәn hissəsinə olan nisbətini götürmək olar. Bu kriteriya bilənin biməzdən ayrılmasına geniş imkan yaradır. Misal üçün 100 sualdan 98-ni bilən üçün bu kriteriya 49 (98:2), 100 sualdan 90-nı bilən üçün isə 9 (90:10) olar. Bu son kriterilər (49 ilə 9) arasında fərq, 98 ilə 90 arasında fərqdən çox dəfə böyükdür. Bu səbəbdən də bu kriteriya vasitəsi ilə kadr seçimində subyektiv manelәri aradan götürmək mümkündür.
Bir ingilis misalı ilə yazıya son vermək istəyirəm: Bir işi görmək lazımdırsa, onu keyfiyyətlə görmək lazımdır.  Keyfiyyətsiz təhsillə, keyfiyyətli iş görmək mümkündürmü? Keyfiyyətli təhsil almadan xətasız qərar qәbul etmək olarmı?
Cavab birqiymətlidir:  Әlbәt ki, yox.


Şahlar Əsgərov
professor
URL / WWW
http://kelam.az/article/a-706.html