Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Müsahibələr » “Təhsil kreditləri ilə bağlı qanunun qəbulu problemdən ən yaxşı çıxış yoludur”
31.08.12 15:48

Əli Məsimli: “Dövlət sektorunda ali təhsil alanlar içərisində pulla oxuyanların xüsusi çəkisi artıq 60 faizə çatıb”

Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü, İqtisadi və Sosial İnnovasiyalar İnstitutunun rəhbəri Əli Məsimli təhsil haqları və təhsil kreditləri ilə bağlı suallarımızı cavablandırıb.

- Azərbaycanda təhsil haqlarının yüksək olması son zamanlar ciddi narazılıqlara səbəb olur. Üstəlik, yüksək təhsil haqlarına adekvat təhsilin verilməməsi də narazılıq yaradan amillərdəndir. Bu istiqamətdə artım ildən-ilə özünü göstərir, amma tədrisin keyfiyyətində ciddi dəyişikliklə yoxdur. Sizcə buna səbəb nədir?

- Azərbaycan təhsil sistemində 1994-cü ildən tətbiq olunmağa başlayan təhsilin ödənişli formasının payı son illər sürətlə artmaqdadır. Dövlət sektorunda ali təhsil alanlar içərisində pulla oxuyanların xüsusi çəkisi artıq 60 faizə, özəl sektor da nəzərə alınmaqla, ödənişli təhsil alanların payı 66 faizə çatıb. Deməli, ölkədə ali təhsil alan hər üç nəfərdən ikisi öz vəsaiti hesabına oxumalıdır.

Eyni zamanda təhsil haqları da sürətlə artmaqdadır. Azərbaycanın ali məktəblərində ödəniş haqlarının xidmətə və tədrisin keyfiyyətinə uyğun olmaması, əhalinin gəlirləri ilə müqayisədə çox yüksək olması ciddi problemlər yaradır. Son dəfə təhsil haqlarında fakültələrdən asılı olmaqla 300 manatdan 1500 manata qədər artım baş verib. Təhsil haqlarının bir sıra fakultələr üzrə 2-2.5 dəfə artımı gənclərin bir hissəsi üçün ali təhsili mümkünsüz edir. Rəsmi statistik məlumatlara görə, Azərbaycan əhalisinin 900 min nəfərdən və ya 10 faizdən çoxunun orta aylıq gəliri 100 manat ərafındadır. Ölkədə orta aylıq əmək haqqı 400 manat ətrafında, büdcə təşkilatlarında çalışanların xeyli hissəsinin orta maaşları isə 200 manatdan da aşağıdır. Belə bir şəraitdə təhsil haqları 900-4500 manat ətrafında, onun xeyli hissəsi isə 2000-2500 manatdır. Birinci ixtisas qrupu üzrə ödəniş tarifləri 1000-4000 manat, II ixtisas qrupu üzrə1000-4000 manat, III və IV ixtisas qrupları üzrə 1000-2500 manatdır. Bundan əlavə, təhsil alan şəxsin yaşaması, qidalanması, nəqliyyat və s. cari xərcləri kifayət qədər əlavə vəsait tələb edir.
Ona görə də aztəminatlı ailələrdən çıxan gənclər ödənişli qaydada təhsil aldıqda ciddi problemlərlə qarşılaşır, bəzən də maliyyə imkansızlığı üzündən daxil olduqları məktəbi tərk etməli olurlar.


- Bu vəziyyət hansı fəsadlara səbəb ola bilər?


- Vəziyyətin bu cür davam etməsi aztəminatlı ailələrdən çıxan xeyli sayda istedadlı gəncin ali təhsildən kənarda qalması deməkdir. Bu isə həm faktiki olaraq vətəndaşların bir hissəsini Konstitusiya ilə müəyyən olunmuş təhsil almaq hüququndan məhrum edir, həm də Azərbaycanın intellektual potensialı, insan kapitalının inkişafı və gələcəyi üçün ciddi təhlükə yaradır. Ona görə də getdikcə kəskinləşməkdə olan həmin problemi yumşaltmaqdan ötrü, inkişaf etmiş ölkələrdə olduğu və eləcə də postsovet məkanına aid ölkələrin əksəriyyətində başlanıldığı kimi, Azərbaycanda da təhsil kreditlərinin əlverişli variantlarından istifadə edilməklə, ali təhsili əhalinin aztəminatlı ailələrindən çıxan gənclər üçün əlçatan edilməsi mühüm əhəmiyyət kəsb edir.


- Təhsil kreditləri demişkən, bu istiqamətdə bir vaxtlar canlanma müşahidə olundu, müvafiq qanun qəbul olunmasa da, banklar təhsil kreditləri verməyə başladılar, amma deyəsən, o qədər də özünü doğrultmadı...


- Son illər Azərbaycanda ayrı-ayrı banklar təhsil kreditləri təklif etməyə başlayıb. Bəzi bankların təklif etdiyi təhsil kreditlərinin müddəti çox qısa, cəmi 1 il, faiz dərəcəsi isə çox yüksək-26% təşkil edir. Həmin krediti almaqdan ötrü ödənişqabiliyyətli fiziki şəxsin zaminliyi tələb olunur. Bu cür kreditlərin şərtləri çox ağır olduğundan, aztəminatlı təbəqələr üçün əlçatan deyil və bir sıra hallarda isə belə yüksək faizlə kredit alanlar onu ödəyə bilmirlər. Ona görə də Azərbaycanın real vəziyyətinə uyğun surətdə beynəlxalq praktikadan yararlanmaqla, real ehtiyacı olan gəncləri əlverişli kreditlərlə təmin etməkdən ötrü təhsil kreditləri haqqında müvafiq qanunun qəbul edilməsi və işlək mexanizm formalaşdırmaqla onun sistemli şəkildə həyata keçirilməsi obyektiv zərurətə çevrilib.
Bütün bunları nəzərə alaraq, bizim tərəfimizdən “Təhsil kreditləri haqqında Azərbaycan Respublikası Qanunu”nun layıhəsi hazırlanıb Milli Məclisə təqdim edilib. Layıhə İqtisadi siyasət komitəsində aidiyyəti qurumların nümayəndələrinin iştirakı ilə müzakirə olunub. “Təhsil kreditləri haqqında Azərbaycan Respublikası Qanunu”nun məqsədi keyfiyyətli təhsilin əhalinin aztəminatlı təbəqəsi üçün əlçatanlığının təmin edilməsinin səmərəli mexanizminin yaradılması, bank sisteminin təhsilin həmin probleminin həllinə cəlb edilməsi və bu əsasda təhsilə dövlət dəstəyinin gücləndirilməsidir.


- Hazırladığınız layihədə hansı şərtlər nəzərdə tutulur?


- Bir sıra ölkələrdə banklar təhsil haqqını tam, digərləri isə qismən ödəyir. Bu qanun layihəsində göstərilir ki, təhsil kreditlərinin məbləği borcalanın birbaşa təhsil haqqının və təhsillə bağlı digər xərclərinin tam ödənilməsi üçün yetərli olmalıdır. Təhsil kreditlərinin birbaşa təhsillə bağlı hissəsinin illik məbləği borcalanın əsas təhsil xərcləri məbləğindən, əlaqədar təhsil xərclərinin məbləği isə orta aylıq kirayə xərcləri və hər il Milli Məclis tərəfindən təsdiq olunan yaşayış minimumunun 2 misli, yəni 2012-ci ildə qüvvədə olan 108 manatın 2 misli kimi 216 manat səviyyəsində ola bilər.
Qanun layihəsinin tələblərinə görə, kommersiya xarakterli təhsil kreditləri maksimum 5 faiz dərəcəsi ilə verilməlidir. Bu faiz gərəcəsi həm postsovet məkanına aid ölkələrin daha çox tətbiq etdiyi dərəcədən xeyli aşağı, həm inkişaf etmiş ölkələrin (ABŞ-da 4-8%, Böyük Britanıya və İsveçdə - inflyasiyaya uyğun səviyyədə) tətbiq etdiyi orta statistik göstəriciyə yaxın, həm də MDB məkanında, məsələn,  Rusiyanın Əmanət Bankı tərəfindən güzəştlə verilən təhsil kreditləri faizi (5,06%) dərəcəsinə, xüsusən də Azərbaycanda sahibkarlara verilən güzəştli kreditlərin faiz dərəcəsinə (6%) uyğundur. Sosial xarakterli təhsil kreditlərinə görə isə faiz tutulmaması təklif olunur. Bu prinsip Almaniya və bir sıra digər ölkələrdə də tətbiq olunur. Müzakirələrdən sonra faiz məsələsində optimal variant tapılması istiqamətində təkliflər üzərində iş aparırıq.
Layihədə təhsil kreditlərinin iki variantda – Təhsil Kreditləri Fondu və müvəkkil banklar vasitəsilə verilməsi nəzərdə tutulur. Hər iki variantda kreditin verilmə və qaytarılma mexanizmi eynidir.
Təhsil kreditlərinin qaytarılması müddəti hər bir ölkənin spesifikliyindən və digər şərtlərdən asılı olaraq müxtəlifdir. Praktikada 7 ildən (Moldova) 10 ilə qədər (Almaniya, Latviya) müddət daha çox tətbiq olunur. Krediti 15 ilə (Qazaxıstan) və 10-30 ilə (ABŞ) qədər müddətə verən ölkələr də var. Azərbaycanda orta əmək haqqı ilə təhsil haqqı arasında böyük fərqin hələ xeyli müddət qalacağını, Azərbaycan gənclərinin xeyli hissəsinin mənzil probleminin olduğunu və sair bu kimi amilləri nəzərə alaraq, layihədə təhsil kreditlərini qaytarmağın onsuz da kifayət qədər problemləri olan Azərbaycan gənci, gənc ailələr üçün əlavə ağır yükə çevrilməməsi variantına üstünlük verilib. Həm kommersiya, həm də sosial xarakterli təhsil kreditlərinin 20 ildən çox olmayan müddətdə qaytarılması nəzərdə tutulur. Beynəlxalq praktikadan məlumdur ki, təhsil kreditlərinin faizi yüksək və müddəti dar olduqda bu sahədəki problemli kreditlərin də payı artır və bəzən ifrat səviyyəyə çatır. Ona gorə də qanun layihəsində borcalanın aldığı kommersiya və sosial xarakterli təhsil kreditlərinin 20 il müddətində qaytarılması variantı Azərbaycan reallığına daha uyğun işlək mexanızmin tərkib hissəsi hesab edilir.


- Bəs təhsil kreditlərinin qaytarılmağa başlanması nə vaxtdan nəzərdə tutulur, təhsil müddətində, yoxsa təhsil bitdikdən sonra?


- Layihədə bir sıra güzəştli məqamlar da nəzərdə tutulub. Belə ki, təhsil krediti alan şəxs müvəkkil bankdan aldığı krediti və ona hesablanmış faizi təhsil müddəti bitdikdən sonra 2 il möhlət verilməklə, təhsil kreditləri müqaviləsində nəzərdə tutulmuş qaydada qaytarır. Kreditin qaytarılmağa başlanıldığı birinci il ərzində onun aylıq məbləği borc alanın məcmu aylıq gəlirinin 20 faizindən çox ola bilməz. Borcalan şəxs hərbi xidmətdə olduğu müddətdə aldığı krediti və ona hesablanmış faizi ödəməkdən azad edilir. Bundan ötrü borcalan hərbi xidmətdə olması faktını təsdiq edən sənədi müvəkkil banka təqdim etməlidir. Borcalan analıq məzuniyyətində, akademik məzuniyyətdə olduğu və ağır xəstə olduğu təsdiq edildiyi müddətdə ona kredit ödənilməsində əlavə möhlət verilir. Bütün bunlarla yanaşı, layihədə təklif olunur ki, təhsil kreditlərini borcalanın əvəzinə, mülkiyyət formasından asılı olmayaraq, onun işlədiyi müəssisə və təşkilat da qaytara bilər.


- Layihədə təhsil kreditlərinə dövlət dəstəyi nəzərdə tutulurmu?


- Bəli. Layihədə təhsil kreditləri alana hazırda bir sıra ölkələrdə, o cümlədən Azərbaycanda tətbiq edildiyi kimi, üçüncü şəxsin zəmanəti nəzərdə tutulmur. Əsas zəmanət borcalanın təhsili başa vurduqdan sonra işə başlayarkən alacağı gələcək əmək haqqı və təbii ki, təhsildə əla nəticələrdir ki, bu zaman dövlətin tətbiq etdiyi güzəştlər işə düşür. Ona görə də layihədə təhsil kreditlərinə dövlət dəstəyi məsələlərinə də geniş yer verilib. Təhsil kreditlərinə dövlət dəstəyinin bu məqsədlə büdcədə nəzərdə tutulan pul vəsaiti hesabına müvəkkil banka kredit resurslarının verilməsi və bu qanunun tələblərinə müvafıq surətdə sosial kredit üzrə borcun silinməsi, eləcə də kommersiya xarakterli kreditlər üzrə faiz ödənişlərinin həyata keçirilməsi yolu ilə reallaşdırılması nəzərdə tutulub.
Dövlət təhsil kreditlərinə öz dəstəyini həyata keçirməkdən ötrü hər il dövlət büdcəsindən vəsait ayırmalı, eləcə də ayrılan kreditlərin risklərini və faizlərinin bir hissəsinin ödənilməsini öz üzərinə götürməlidir.
Dövlət bank sisteminin təhsil kreditləri verməsinə marağını artırmaq məqsədilə təhsil müəssisəsində əla qiymətlərlə oxuyanların kreditlərə görə faiz ödənişlərini təhsil kreditləri müqaviləsi bağlanan vaxtdan etibarən həyata keçirir. Dövlət aztəminatlı ailələrdən çıxan gənclərin keyfıyyətli təhsil almaq imkanlarını genişləndirmək məqsədilə həmin kateqoriyaya aid gənclərin təhsil müəssisəsini əla qiymətlərlə qurtaranlarının təhsil xərclərini öz üzərinə götürür. Digər kateqoriyaya aid olanlar isə aldığı krediti özləri ödəyir. Kommersiya xarakterli kredit alanlara münasibətdə isə dövlət təhsil müəssisəsini əla qiymətlərlə bitirənlərin ödəyəcəyi faizlərin ödənilməsini öz üzərinə götürür. Digər kateqoriyaya aid olanlar aldığı kredit üzrə əsas borcu və ona hesablanmış faizləri özləri ödəyir. Bütün bunlar və layihədə nəzərdə tutulmuş başqa şərtlər Azərbaycanda maddi vəziyyətin ağırlığı ucbatından təhsildən kənarda qalan bütün gənclərimiz üçün ali təhsili əlçatan edir.
URL / WWW
http://kelam.az/article/a-7004.html