Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Elman Nəsirov: “Suriya ermənilərinin işğal altında olan ərazilərdə yaşamaları uzunmüddətli ola bilməz”
10.08.12 19:27

“Suriyadakı ermənilərin Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ və ətraf rayonlara köçürülməsinin heç bir perspektivi yoxdur”. Bu barədə açıqlamanı “KƏLAMİNFO”ya politoloq Elman Nəsirov deyib. O hesab edir ki, ermənilərin Dağlıq Qarabağda məskunlaşdırılmaları qısamüddətli ola bilər: “Onlar daimi bura gələ bilməzlər. Ona görə ki, ermənilər üçün heç bir infrastruktur, sabahkı günə inam yoxdur”. E.Nəsirov qeyd edib ki, yalnız az bir qrup erməni işğal altında olan ərazilərə gətirilə bilər, ancaq onlar həmin yerlərdə uzunmüddətli qala bilməzlər. Onun sözlərinə görə, Suriyada vəziyyət normallaşan kimi ermənilərin geri qayıtmaları ehtimalı kifayət qədər böyükdür. E.Nəsirov həmçinin bildirib ki, ermənilərin Suriyadan çıxarılması özlərinin yeritdiyi siyasət ucundan baş verib. Keçən ilin mart ayından - Suriyada baş verən hadisələrdən bəri 19 mindən artıq dinc insanın öldüyünün qeydə alındığını diqqətə çatdıran E.Nəsirov əlavə edib ki, ermənilər bu qətliamlarda Bəşər Əsəd rejimini müdafiə edir. Onun sözlərinə görə, Suriya və ərəb cəmiyyətində ermənilərlə Bəşər Əsəd eyni tərəf kimi qəbul olunurlar. Suriyada yaşamağın qeyri-mümkün təsiri bağışladığını vurğulayan E.Nəsirov bildirib ki, ermənilərin Avropa, xüsusilə Livana və digər ölkələrə axını proqnozlaşdırılandır və bəzi məlumatlara görə, 3 mindən artıq suriyalı erməni Ermənistana gəlib: “Ermənistan hökuməti bununla bağlı qapalı toplantı keçirib. Onların suriyalı ermənilərin işğal altında olan Dağlıq Qarabağ və ətraf Kəlbəcər, Qubadlı və Zəngilanda yerləşdirılməsilə bağlı planları var” deyən politoloq həmçinin onu da əlavə edib ki, ermənilərin Ermənistanı tərk etdiyi bir vaxtda onların bu ölkəyə və işğal altında olan ərazilərə köçürülməsi paradoksal vəziyyət yaradır: “Ölkənin əhalisi dövləti tərk edir. Bu ilin yarısında Ermənistanı 80 mindən artıq əhali tərk edib. Erməni mətbuatının yazdığına görə, bu ilin sonuna kimi ölkəni 200 minə qədər insanın tərk edəcəyi gözlənilir. Belə olan təqdirdə Suriyadakı ermənilərin Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ ərazisinə köçürülməsi nə dərəcədə perspektivlidir? Əgər perspektiv vardısa, ermənilər niyə ölkəsini tərk edirlər?” E.Nəsirov deyib ki, Suriyadan gələn ermənilər bank işi, ticarətlə məşğul olan, yəni praqmatik məsələlərə qiymət verməyi bacaran insanlardır. Ona görə də ermənilərin Ermənistan və işğal altında olan ərazilərə gəlmələri və orada yaşamalarının perspektivsizliyi onlar üçün bəllidir: “Onu da qeyd edim ki, rəsmi Yerevan insanların ölkəni tərk etməsindən məmnundur. Çünki insanlar ölkəni tərk etdikcə onların yükü də azalır. Çox paradoksal vəziyyətdir ki, hakimiyyət xalqın ölkəni tərk etməsindən məmnun görünür. İqtisadi, maliyyə və sosial durumu böhran vəziyyətində olan belə rejim üçün miqrasiyalar müsbət hal kimi dəyərləndirilir. Halbuki, normal ölkələrdə bunun əksidir, yəni onlar dövlətin güclənməsinin mühüm elementini əhalinin artmasında görür”.
URL / WWW
http://kelam.az/article/a-6931.html