Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Məqalələr » “Kaspi Geosiyasi Araşdırmalar Mərkəzi” İctimai Birliyi. Araşdırma – 3 (7)
19.06.12 19:39

İnklüziv təhsil: görülmüş işlər, qarşıda duran vəzifələr

Son illər dünyanın inkişaf etmiş və inkişaf etməkdə olan dövlətlərini düşündürən məsələlərdən biri də sağlamlıq imkanları məhdud şəxslərin təhsilidir. Cəmiyyətin hər bir üzvünün bərabərhüquqlu şəxsiyyət kimi formalaşması, əqli, fiziki imkanlarının məhdudluğundan asılı olmayaraq, hər bir şəxsin təhsil almaq hüququna malik olması ön plana çəkilən məsələlərdəndir.

2004-cü ilin iyununda Norveç Krallığında, 2007-ci ilin fevralında Xorvatiyada, Litvada, 2008-ci ilin fevralında Latviyada Azərbaycanın iştirakçısı olduğu beynəlxalq konfranslarda sağlamlıq imkanları məhdud şəxslərin adi ümumtəhsil məktəblərində təhsilə cəlb olunmaları (inklüziv təhsil) ilə bağlı görülmüş işlər, rast gəlinən problem və çətinliklər, onların həlli yolları müzakirə predmetinə çevrilmişdir.


Nə qədər uşaq inklüziv təhsilə cəlb olunub?


Respublikamızda beynəlxalq təcrübəyə istinadən inklüziv təhsilin pilot layihələri həyata keçirilir. 2007/2008-ci dərs ilində "Dünyaya baxış", "Beynəlxalq Tibb Korpusu", "Müasir Təhsil və Tədrisə Yardım Mərkəzi", "Təhsildə İslahatlara Yardım Mərkəzi", "Azərbaycana Birgə Yardım" qeyri-hökumət təşkilatlarının və YUNESKO-nun maliyyə dəstəyi ilə Bakı, Sumqayıt, Mingəçevir şəhərlərində və Yevlax rayonunda 182 nəfər uşaq (78 nəfəri uşaq bağçalarında, 104 nəfəri məktəblərdə) inklüziv təhsilə cəlb olunmuşdur. Layihələr çərçivəsində inklüziv təhsilə cəlb olunan sağlamlıq imkanları məhdud uşaqlara müvafiq avadanlıqlar, prosesə qoşulan hər bir təhsil müəssisəsinə didaktik materiallar, texniki avadanlıqlar verilmiş, tərbiyəçilər, müəllim (tərbiyəçi) köməkçiləri üçün treninqlər keçirilmiş, ictimaiyyətin maarifləndirilməsi məqsədilə mətbuat konfransları, "dəyirmi masa"lar təşkil edilmişdir. Layihələr çərçivəsində inklüziv təhsillə bağlı videoçəkilişlər aparılmış, Azərbaycan Dövlət Televiziyasında və İctimai Televiziyada nümayiş olunmuşdur. 2006-cı ilin 12-13 iyununda Bakı şəhərində inklüziv təhsilə həsr olunmuş beynəlxalq konfrans keçirilmişdir.


İnklüziv təhsilin konsepsiyası... 


İklüziv təhsil istər inkişaf etmiş, istərsə də inkişaf etməkdə olan ölkələr və regionlarda həyata keçirilən təhsil islahatlarındakı proseslərin ayrılmaz hissəsinə çevrilən, daim inkişafda olan bir konsepsiyadır. Ənənəvi olaraq inklüziv təhsilin konsepsiyası əsasən fiziki, yaxud ruhi nöqsanları olan şagirdlərin xüsusi tələbli məktəblərə tədricən inteqrasiyası prosesi ilə kifayətlənilmişdir. İlkin olaraq hərtərəfli təhsil və tədris planlarının zəruriliyinə dair yanaşmalar və adekvat tədbirlər əslində ümumi xarakter daşımış, əsasən fərqli struktur və xüsusi məktəblərin mövcudluğuna, seqreqasiya (ayırma) və izolyasiyaya gətirib çıxarmışdır.
XX əsrin 90-cı illərindən etibarən inklüziv təhsilin məqsəd və mahiyyəti əhəmiyyətli şəkildə dəyişdi, ilk növbədə isə, xüsusi tələbləri nəzərə alan inteqrasion modellərin çoxsaylı müxtəlif proqnozlara, tələblərə, şagirdlərin tədris üsulu və kontekstinə toxunan inklüziv strategiyalarla təkmilləşdirilmə zəruriliyi meydana çıxdı. Təhsildə və tədris planlarında diversifikasiya və diferensiasiyanın müasir təhsilin ədatən vacib prinsipləri kimi qəbul edilməsinə baxmayaraq, milli təhsil sistemləri qarşısında mürəkkəb, müəyyən yaş dövründə olan bütün şagirdlər üçün nəzərdə tutulmuş ümumi tədris planları, tələbləri və yanaşmalarını təbliğ edən məsələlər qoyuldu. Əgər inklüziv təhsil birbaşa və dolayısilə şagirdlərin xüsusi tələblərindən və tədrisin kontekstindən asılı olmayaraq, müəyyən edilmiş normalara və pedaqoji təcrübəyə uyğunluğunu nəzərdə tutursa, bu halda inklüziv təhsil şagirdin sistemə yox, sistemin şagirdə uyğunlaşmasını güman edir. İnklüziv təhsil şagirdlərin həyatının zəruri tələblərinə və maraqlarına dəqiq uyğunlaşma məqsədi ilə müxtəlif strategiyaların geniş diapazonda istifadəsini nəzərdə tutur. Yəqin ki, müxtəlif təhsil və sosial uzaqlaşma formaları, təhsil sistemlərinin, ilk növbədə, yalnız əsas tələblərə toxunan məhdud konsepsiya əsasında effektiv tədrisi təmin etmək imkanlarını çətinləşdirir. 2004-cü ildə Norveç Krallığının Stavanger şəhərində keçirilmiş inklüziv təhsil üzrə beynəlxalq konfransda qeyd edilmişdir ki,  sosial uzaqlaşma ictimai və peşəkar təcrübənin əldə edilməsinə, həmçinin sərbəst və məsul vətəndaş olmaq üçün zəruri hesab olunan əsas bilik və bacarıqlara yiyələnməyə mane olur.


Hər kəs üçün təhsil...


Bütün şagirdlərin keyfiyyətli tədrisə yiyələnməsi üçün imkan və şəraitin yaradılması inklüziv təhsilin keyfiyyətinin demokratik və humanitar yanaşma konsepsiyasının əsasını təşkil edir. "Hər kəs üçün təhsil" yalnız yiyələnməni güman etmir, o, daha çox əlverişlilik və keyfiyyəti nəzərdə tutur, bu öz əksini YUNESKO-nun "Hər kəs üçün təhsil"ə keyfiyyətin yüksəldilməsini həyata keçirmədən nail olmaq mümkün deyil" bəyanatında tapıb. İnklüziv təhsil "Hər kəs üçün təhsil"in məqsədlərinə nail olunma məsələlərinin həllində əsas prinsip və strategiyalardan biri hesab olunur. Bunun üçün aşağıdakı fəaliyyətlərin zəruriliyi ön plana çəkilir:
- Qaydalara riayət etmək və bütün şagirdlərin tədrisin yüksək pillələrinədək keyfiyyətli təhsil almaq hüququna malik olması;

- Dövlətin əvəzolunmaz missiyası və məsuliyyəti, həmçinin onun lazımi maliyyələşdirmə, şərait və imkanları təmin etmə vəzifəsi əsasında təhsilin bir ictimai rifah kimi təbliğ edilməsi;

- Keyfiyyətli təhsilə yiyələnmək hüququnun təmin edilməsi. Bunun üçün stimullaşdırıcı tədbirlərin həyata keçirilməsi;

- Şagirdlərin və onların təhsil almasında maraqlı olanların qanuni tələblərinin həyata keçirilməsi.
İnklüziv təhsilin əsasını sabit və harmonik ictimai inkişafın prinsiplərini müəyyən edən ictimai fikir təşkil edir:
- Əlil olan, yaxud təlim zamanı müəyyən problemlərlə üzləşən şagirdlər üçün nəzərdə tutulmuş təhsil;

- Yoxsulluqla mübarizə, cəmiyyətdən təcridolunma, cinsi seqreqasiya və  QİçS nəticəsində uzaqlaşdırılma;

- Azlıqlar, miqrantlar və yerli əhalinin hüququnun qorunması;

- Təbii fəlakətlərin və konfliktlərin əhaliyə təsiri;

- Elektron texnologiyalarına yiyələnmə üzrə əhalinin müxtəlif təbəqələri arasında olan fərqin aradan qaldırılması.
Pedaqoji nöqteyi-nəzərdən inklüziv strategiya uşaqların fasiləsiz təhsil almaları üçün real imkanlar yaratmaq şərtilə onların hər birinin fərdi xüsusiyyətləri nəzərə alınmaqla təhsillə əhatə olunmasını zəruri hesab edir. İnklüziv strategiya müəllimlər və şagirdlər arasında olan qarşılıqlı əlaqələrə, şəfqətə və yaxınlığa istinadən cəmiyyətdə hər bir şəxsin bərabərhüquqlu təhsil alma imkanlarını təmin edir. İnklüziv təhsil kollektiv düşünmə, hər bir şagirdin təhsil potensialının hesaba alınmasını nəzərdə tutan sosial ədalətli fəaliyyəti, özündə prosesləri, nəticələri və fərqləndirilmiş aspektləri birləşdirən, tövsiyə olunmuş təlim normalarının və tədris planının ümumi konsepsiyasının nəzəri əsaslarını cəmləşdirməklə həyata keçirilə bilər.

İnklüziv təhsil 4 əsas xüsusiyyəti əhatə edir:
- Əqli və fiziki imkanları əhatə edən müxtəlif tələblərin təmin edilməsi və müxtəlifliklərin hesaba alınma imkanlarının optimal üsullarının axtarışı;

- Şagirdin yaradıcı potensialının və məsələləri həll etmə bacarığının müxtəlif yollarla stimullaşdırılması;

- Uşaqların məktəbə getmək, öz fikrini ifadə etmək, keyfiyyətli tədris prosesində iştirak edərək şəxsi, sosial və etnik xüsusiyyətlərindən asılı olmayaraq, müəyyən nəticələr əldə etmək hüquqlarının təmin edilməsi;

- Sosial uzaqlaşdırılmaya məruz qala bilən, həmçinin davamiyyəti pis olan şagirdlərə mənəvi dəstəyin göstərilməsi.
Riqa şəhərində 37 ölkəni təmsil edən 185 nəfər nümayəndənin iştirak etdiyi beynəlxalq konfransda "İnklüziv təhsil, siyasi dialoqdan əməkdaşlığa doğru" mövzusunda aparılmış müzakirələrdə 2008-ci ilin noyabrında Cenevrədə keçiriləcək 48-ci beynəlxalq konfransda aşağıdakı məsələlərin daha ətraflı müzakirəsinə ehtiyac olduğu barədə bəyannamə qəbul edilmişdir.
-İnklüziv təhsilin qorunub saxlanması, inkişaf etdirilməsi, siyasi və praktiki tədqiqatların davam etdirilməsi.

-İnklüziv təhsildə innovasiyaların tətbiqində maneələrin aradan qaldırılması yolları.

-Yerli şərait nəzərə alınmaqla inklüziv təhsilin həyata keçirilməsi yolları.

-İnklüziv təhsili orta təhsil pilləsində necə həyata keçirmək olar?

-Bərabərhüquqlu təhsil almağa necə nail olunmalı?

-İntellektual, əxlaqi, sosial və emosional inkişafın inklüziv təhsilə cəlb olunmaqla balanslaşdırılması?

-İnklüziv təhsil üzrə nəzəri və praktik bilikləri müəllimlərə necə öyrətməli?

-İnklüziv təhsilin inkişaf etdirilməsi üçün İKT-dən necə istifadə etməli.

-İnklüziv təhsil üzrə prioritetlərin müəyyənləşdirilməsi.

-Beynəlxalq platformalar, şəbəkə, təcrübə mübadiləsi, strateji əməkdaşlıq yolları ilə inklüziv təhsildə qiymətləndirmənin daha effektiv aparılması.

-Bütün ölkələrin inklüziv təhsilin tətbiqində işitrakı, bununla bağlı qərar və yanaşmaların təqdim edilməsi.


Məktəblərdə xüsusi xidmətlərin göstərilməsində çətinliklər var


Araşdırmalar göstərir ki, əlilliyi olan uşaqları təhsilə cəlb etmiş məktəblərdə xüsusi xidmətlərin göstərilməsi ilə də çətinliklər var. Belə ki, keçmişdə əlilliyi olan uşaqların tipik uşaqlarla birgə təhsil almadığından ümumtəhsil məktəblərində xüsusi pedaqoqlar, nitq terapevtləri (loqopedlər), psixoloqlar və inkişaf terapevtləri yox idi. Bundan əlavə, ali təhsil müəssisələrində bu çatışmazlığı aradan qaldıra biləcək kadrlar yetişdirmək üçün lazım olan proqramların sayı kifayət qədər deyil. Həmçinin əlilliyi olan uşaqların məktəb binalarına daxil olmaları və yerləşmələrində də  çətinliklərin olduğu məlum olub. Məktəb binaları əlilliyi olan uşaqların ehtiyaclarına cavab vermir. Bu problem Təhsil Nazirliyi tərəfindən də təsdiq edilib və qeyd edilib ki, məktəb binalarının xeyli hissəsi əlilliyi olan uşaqların ehtiyaclarını ödəyə bilmir. Bütün bunlar inklüziv təhsilin inkişafına ciddi maneələr yaratmaqdadır və onların aradan qaldırılması üçün ciddi tədbirlər görülməlidir.
Araşdırma zamanı məlum olub ki, inklüziv təhsilin inkişafı ilə bağlı kadr təminatına da diqqət yetitilir. Belə ki, müəssilərdə çalışan işçi heyəti Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunda “Sosial iş” ixtisası üzrə kursa cəlb edilir. 2011-2012-ci tədris ilində də 16 nəfər kursa qəbul olunub.
Həmçinin Təhsil Nazirliyinin təşəbbusu ilə Bakı Dovlət Universitetində “Sosial iş” ixtisası uzrə bakalavr səviyyəsində mutəxəssis hazırlığına başlanılıb.
Əlilliyi olan uşaqların təxminən 11%-i xüsusi və internat məktəblərində təhsil alır. Təhsil Nazirliyinin verdiyi məlumata görə, təxminən 16 internat məktəb və 7 xüsusi məktəb onun tabeliyindədir. Hazırda həmin məktəblər əlilliyi olan uşaqlara əsas bilik və bacarıqların öyrədilməsi sahəsində əsas rol oynayır. Xüsusi məktəb və internatlarda təhsilin keyfiyyətinə gəldikdə, müşahidələr ondan xəbər verir ki, bu məktəblər xüsusi təhsil tələbatına malik uşaqların ehtiyaclarını ödəmək üçün lazımi imkanlara malik deyil.
Təhsil Nazirliyinin məlumatına görə, inklüziv təhsilin inkişafına dair Dövlət Proqramı başlandıqdan sonra 182 əlilliyi olan uşaq inklüziv təhsil proqramlarına (78 əlilliyi olan uşağı məktəbəqədər təhsil müəssisələrinə, 104 nəfər isə ibtidai məktəblərə) cəlb edilib.


“Empatiya” sənədli filminin təqdimatı olub


 “De-institusionalizasiya və nativ Qayğı” Dövlət Proqramının icrasına və eləcə də ölkəmizdə uşaq müdafiəsi sahəsində həyata keçirilən tədbirlərə dəstək məqsədilə “İRƏLİ” İctimai Birliyi “Dünyaya Baxış” Beynəlxalq Humanitar Təşkilatının Azərbaycandakı nümayəndəliyinin maliyyə dəstəyi ilə “Sosial İşçilər: Uşaq Müdafiəsi Sistemi İslahatına yeni baxış” adlı layihəni uğurla başa vuraraq, bu layihə çərçivəsində yeni sənədli filmin çəkilişini yekunlaşdırıb. Azərbaycanda sosial işçilər üçün artan ehtiyaclara hökumət və qeyri-hökumət təşkilatlarının diqqətinin cəlb edilməsi, uşaq müəssisələrindən bioloji ailələrinə qaytarılan uşaqların hazırkı vəziyyəti barəsində məlumatlılığın artırılması məqsədilə “İRƏLİ” Prodakşın tərəfindən çəkilən “Empatiya” sənədli filminin təqdimatı olub. Təqdimatda səslənib ki, ailə himayəsindən mərhum olan uşaqların ailələrə verilməsi haqqında çox danışılsa da bu işə vətəndaşlar tərəfindən maraq o qədər yüksək deyil.
Millət vəkili Ceyhun Osmanlı “cəmiyyətimizdə olan heç bir problemə biganə qalmamalıyıq” fikrini səsləndirərək, bu problemlərdən ən böyüklərindən birinin də məhz kimsəsiz uşaqlara olan münasibətlərin dəyişdirilməsinin vacibliyini vurğulayıb.
Təhsil Nazirliyinin əməkdaşı, uşaq psixoloqu Şərafət Şirinli isə filmdən danışarkən, ümidlə bildirib ki, bu film öz təsirini göstərəcək: “Mən inanıram ki, bu filmin telekanallarda nümayişindən sonra vətəndaşlar arasında bu problemlərə olan münasibətlər dəyişəcək. Filimdə də fakt olaraq göstərilir ki, bu sahədə dövlət səviyyəsində də bir sıra işlər görülməkdədir”.
Qeyd edək ki, sənədlər və faktlarla ərsəyə gətirilməsi planlaşdırılan filmə bədii çalarlar da əlavə olunub. “Biz düşünürdük ki, bu sənədli film olacaq. Amma sonra qərara aldıq ki, bədiilik və kreativlik də qatılsın ki, sadə vətəndaşlar da bu filmin mahiyyətini başa düşüb lazım olan köməkliyi əllərindən əsirgəməsinlər” - deyə filmin direktoru Elvin Abdullayev bildirib.
Xatırladaq ki, “İrəli” Prodakşın tərəfindən istehsal olunan bu filmi yerli telekanallar yayımlamağa razılıq verib və sabahdan etibarən “Empatiya” sənədli filmi efirdə olacaq.


Qeyd edək ki, bu araşdırma Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının layihəsi əsasında hazırlanıb.
URL / WWW
http://kelam.az/article/a-6865.html