Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Məqalələr » “İntellekt Araşdırmalar Mərkəzi” İctimai Birliyi. Araşdırma qrupu. 2 (7)
11.06.12 19:04

Bələdiyyələrin səlahiyyət problemi

Bələdiyyələrin səlahiyyətlərinin artırılması məsələsi yenə gündəliyə gəlib. Şübhəsiz, Milli Məclisdə “Bələdiyyələrə əlavə səlahiyyətlərin verilməsi” haqqında qanun layihəsi qəbul olunmayınca  belə olacaq. Amma qanunun qəbul olunması hələ problemi həll etmək demək deyil. Məsələnin əsas tərəfi budur ki, bunun üçün hazırda hansısa ictimai zəmin varmı? Çünki normalda onlar heç öz səlahiyyətlərinin öhdəsindən tam gələ bilmirlər. Əlavə səlahiyyətlər verib onları yükləməyə nə ehtiyac var?  Digər tərəfdən, hələ də bələdiyyələrlə digər strukturlar arasında səlahiyyət bölgüsündə boşluqlar qalır. Buna görə də, iş prosesində bir çox hallarda bələdiyyələrlə digər qurumlar arasında toqquşmalara rast gəlinir. Elə həmsöhbət olduğumuz ekspertlər də bələdiyyələrin səlahiyyətlərindən danışarkən bu məsələni xüsusi vurğuladılar.



Bələdiyyələr səlahiyyətlərinin artırılmasına hazırdırlarmı?

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına  Yardım Assosiasiyasının eksperti Vüqar Tofiqlinin fikrincə, bələdiyyələrimizin 12 illik fəaliyyəti, ilk baxışda bu müddət az görünsə də, müstəqilliyinin 20-ci ilini qeyd edən ölkəmiz üçün böyük rəqəm hesab edilə bilər: “Ötən dövrə qısa bir nəzər salsaq görərik ki, bələdiyyə qanunvericiliyinə aid olan qanunlar Milli Məclis  tərəfindən təsdiq edilmiş, bələdiyyələrin qarşılaşdığı problemlərin həlli istiqamətində həm yerli orqanlar, həm icra strukturları, həm də vətəndaş cəmiyyətinin təmsilçiləri  tərəfindən bir sıra addımlar atılıb. Lakin institut yaradılsa da, onun fəaliyyəti üçün məlum rıçaqlar verilməmiş qaldı. Bir tərəfdən  maliyyə istiqamətləri verildi, digər tərəfdən onun icrası müvafiq icra strukturları tərəfindən məhdudlaşdırıldı. Qanunlar qəbul edilsə də, boşluqlar aradan qaldırılmadı. Torpaqlar cizgilərlə də olsa verildi, lakin onun sərəncam vermək hüququ başqa istiqamətə dəyişdirildi. Hərrac komissiyası yaradıldı, ancaq onun təmsilçiliyindəki balans pozuldu. Qanunlar qəbul edildi, onun icra mexanizmləri ləng hazırlandı”.
V.Tofiqli bələdiyyə sisteminin inkişafı ilə bağlı son üç ildə  dövlət və qanunverici orqanlar tərəfindən atılan addımları müsbət dəyərləndirir: “İstənilən halda atılan addımlar bu sistemin inkişafına yönələn addımlardır”.
Ekspert bələdiyyə sisteminin bu baxımdan qarşılaşdığı problemləri aradan qaldırmaq üçün öz təkliflərini də verdi: “Bələdiyyələrin cəmiyyətdə nüfuzunu artırmaq üçün bu qurumların səlahiyyətləri konkretləşdirilməlidir. Bu gün prosesləri tənzimləmək üçün ilk növbədə icra strukturları və bələdiyyələrin səlahiyyət bölgüsünü özündə ehtiva edən qanunun qəbuluna ehtiyac vardır. Belə ki, 12 illik fəaliyyəti ərzində icra strukturları tərəfindən bələdiyyələrin fəaliyyətinə ciddi maneələr olub. Həm bir sıra  icra hakimiyyətinin başçıları  tərəfindən bələdiyyələrin səlahiyyətlərini məhdudlaşdıran sərəncamların imzalanması,  həm də bələdiyyələrdə qanunsuz yoxlamaların təşkili yuxarıda deyilən fikri bir daha təsdiq edir”.
Onun sözlərinə görə, bələdiyyələrin fəaliyyətini tənzimləyən qanunların təkmilləşdirilməsi də mühüm addımlardan sayılmalıdır. Bələdiyyələrin fəaliyyətinə müxtəlif müdaxilələrin aradan qaldırılması, bu orqanların səmərəli iş əmsalını artırmaq məqsədilə Ədliyyə Nazirliyinin Bələdiyyələr İş Mərkəzinin statusunun artırılmasına ehtiyac var. Bu orqan vasitəsilə daha geniş şəkildə yerli orqanlara  metodoloji və hüquqi  yardımın göstərilməsini həyata keçirmək olar. 
Hazırda bələdiyyənin əsas maliyyə istiqaməti fiziki şəxslərdən torpaq və əmlak vergisidir. Bu gün hər bir bələdiyyənin orta aylıq büdcə gəliri 1406 manata bərabərdir. Baxmayaraq ki, bu rəqəm əvvəlki illərlə müqayisədə 40%-dək artıb, hər halda bələdiyyə bu vəsaiti iki-üç dəfə artırmış olsa belə, hər hansı bir işi ərazisində görmək iqtidarında deyil. Məhz elə bu səbəbdəndir ki, bələdiyyə, üzərinə düşən vəzifəsinin icrasını həyata keçirə bilmir”.
V.Tofiqli bildirdi ki, bələdiyyələrə  əlavə səlahiyyət və maliyyə istiqamətləri ayırmaqla, habelə bu orqanların qarşılaşdığı problemləri həll etməklə onun nüfuzunun artırılmasına təkan verilər: “Həmçinin ölkəmizdə yerli özünüidarəetmənin inkişafına, həm də əksmərkəzləməyə doğru addım atmış olarıq. Nəticədə, həm seçici, həm demokratik cəmiyyətin bütün iştirakçıları qazanar. Bələdiyyələrin inkişafı ölkədə həyata keçirilən demokratik proseslərin daha da  sürətlə aparılmasına təkan verdiyindən, ölkəmizin ictimai-siyasi həyatında mühüm hadisələrdən olan yerli orqanların fəaliyyəti üçün mühüm addımların atılmasının vaxtı çatmışdır. Ümid etmək olar ki, hökumətin və Milli Məclisin yeni tərkibi yerli orqanların fəaliyyətini daim diqqət mərkəzində saxlayacaq və bu orqanların problemlərinin həllinə yardımçı olacaqlar”.      
 



Bələdiyyələrin səlahiyyətləri hansı qurumlarla  toqquşur?


Mülki Cəmiyyətə Doğru Mərkəzin sədri Abil Bayramov da bizimlə söhbətində yerli idarəetmədə paralelliyin mövcud olduğunu dedi: “Yerli idarəetmə həm yerli icra hakimiyyətləri, həm də bələdiyyələr tərəfindən həyata keçirilir. Bu qurumlar arasında səlahiyyətlərin dəqiq bölgüsü aparılmayıb. Bu isə səlahiyyətlərin toqquşmasına və yerli icra hakimiyyətləri tərəfindən bələdiyyələrin fəaliyyətinə əsassız müdaxilələrə səbəb olur”.
Birlik sədri hesab edir ki, qanunvericilikdə bələdiyyələrin yerli hakimiyyət orqanı statusunu təsbit edən normalar öz əksini tapmalıdır: “Yerli Özünüidarəetmə Haqqında Avropa Xartiyasının tələblərinə uyğun olaraq, bələdiyyələrə tam və müstəsna səlahiyyətlər verilməlidir. Bələdiyyələrlə yerli dövlət hakimiyyəti orqanları arasında dəqiq səlahiyyət bölgüsü aparılmalıdır. Bundan başqa, bələdiyyə orqanlarının səlahiyyət və öhdəliklərinin konkret dairəsi müəyyənləşdirilməli və qanunvericilikdə təsbit edilməlidir”.
Həmsöhbətimzin fikrincə, “Bələdiyyələrə əlavə səlahiyyətlərin verilməsi haqqında” qanun sanki daşa dirənib: “I oxunuşdan keçən layihənin mahiyyəti ondan ibarət idi ki, heç də bütün bələdiyyələrə hansısa səlahiyyətlərin verilməsindən söhbət gedə bilməz. Sənəddə əlavə səlahiyyətlərin verilməsinin sadəcə olaraq, qayda və prosedurları göstərilir. Bu təkliflərin qəbul olunması bələdiyyə institutunun inkişafına müəyyən təkan verəcək”.
O, bələdiyyələrin əlavə səlahiyyətlərin öhdəsindən gələ bilib-bilməməsinə də toxunaraq, bunun üçün yerli özünüidarə orqanlarının öhdəliklərini yerinə yetirmək üçün zəruri resurslarının olmasının vacibliyini vurğuladı: “Əlavə problemlərin çıxmaması üçün veriləcək səlahiyyətlərin şərtləri və meyarları da işlənib hazırlanmalıdır.  Avropa Xartiyasının tələblərinə görə, səlahiyyətlər verilərkən bunun müqabilində onlar zəruri resurslarla təmin edilməlidir. Əks təqdirdə, maddi-texniki bazası zəif olan bələdiyyə üçün bu, normal ola bilməz. Ən azı maliyyə mənbələri ilə təmin edilməlidir. Lakin infrastruktur layihələri ilə bağlı müəyyən səlahiyyətlərin verilməsi ilə bağlı hissədə heç də iri layihələrin bələdiyyələrə verilməsindən söhbət getmir. Ola bilsin ki, infrastruktur sahədə məişət tullantılarının daşınması, kanalizasiya, su təsərrüfatının idarəçiliyi onların öhdəliyinə təqdim edilsin”.
Bəs, bələdiyyələrin hansı sahədə səlahiyyətləri artırılsa daha effektli olar? Yəni, hansı sahədə bələdiyyələrin potensialından istifadə etmək mümkündür, amma bizdə buna diqqət edilmir? Bununla bağlı fikirlərini bizimlə bölüşən Demokratiyanı Öyrənmə İctimai Birliyinin sədri Mirəli Hüseynovun fikrincə, ümumiyyətlə, yerli əhəmiyyətli bütün məsələlər bələdiyyələrin məsuliyyətinə verilməlidir: “Bura su, yol, kanalizasiya, səhiyyə, məktəblər, qəbirstanlıqların saxlanması və s. daxildir. Bununla bərabər, hazırda əsas vəzifəsi yerli əhaliyə müxtəlif təyinatlı arayışların verilməsi, VVAQ xidməti kimi məsələlərdən ibarət olan yerli icra nümayəndələrinin səlahiyyətləri də bələdiyyələrə verilməlidir. Yəni, bələdiyyələr aşağı inzibati vahidliyində əsas və yeganə idarəetmə orqanı olmalıdır. Əlbəttə ki, sadalanan bütün səlahiyyətləri eyni vaxtda bütün bələdiyyələrə həvalə etmək olmaz. Hesab edirəm ki, bu məsələdə biz Çexiya təcrübəsindən faydalana bilərik. Yəni, səlahiyyətlər bələdiyyələrə mərhələ-mərhələ verilir və səlahiyyətlərin dairəsi isə bələdiyyənin əhəmiyyətinə (ərazi və əhalisi, şəhər və kənd və s.)görə müəyyənləşdirilir. Bu, sınaqdan çıxmış bir variantdır və Azərbaycanın mövcud vəziyyətinə çox uyğundur. Bu modelin tətbiqində də elə bir çətinlik yoxdur. Həqiqi siyasi iradənin olması yetər ki, Şərqi Avropa ölkələri kimi bir onilliyə keçidi başa çatdıra bilək”.
 



“Bələdiyyələrin səlahiyyətlərini həyata keçirmək üçün yetərli maliyyə resursları yoxdur”


M.Hüseynovun fikrincə, əslində Azərbaycanda bələdiyyə institutunun inkişaf etməməsinin əsas səbəblərindən biri bələdiyyələrin səlahiyyətləri və bu səlahiyyətlərin həyata keçirilməsi imkanları ilə bağlıdır: “Bələdiyyələrin səlahiyyətləri ümumi şəkildə “Bələdiyyələrin statusu haqqında” qanunda nəzərdə tutulub. Qanunla, bələdiyyələr yerli əhəmiyyətli sosial, iqtisadi və ekoloji proqramlar həyata keçirə bilərlər. Lakin bələdiyyələr bu səlahiyyətləri tam şəkildə deyil, o halda icra edirlər ki, bu məsələlər dövlət proqramında nəzərdə tutulmamış olsun. Yəni, qeyd edilən məsələlər birmənalı olaraq bələdiyyələrə həvalə edilməyib. Bu isə praktikada bir tərəfdən bələdiyyələrlə yerli icra hakimiyyətləri arasında səlahiyyətlər bölgüsü, digər tərəfdən isə qeyd edilən səlahiyyətlərin həyata keçirilməsi üçün maliyyə problemləri yaradır. Belə ki, yerli problemlərin həlli üçün maliyyə bələdiyyələrə deyil, yerli icra hakimiyyətlərinə ayrılır. Bələdiyyələrin isə həmin səlahiyyətləri həyata keçirmək üçün yetərli maliyyə resursları yox səviyyəsindədir. Belə olan halda, hansı səlahiyyətlərdən və onun həyata keçirilməsindən söhbət gedə bilər? Səlahiyyətlərin icrası üçün ona adekvat maliyyə də olmalıdır”.
“Problemi kosmetik islahatlarla həll etmək mümkün deyil” deyən təşkilat rəhbəri  bunun həlli üçün bələdiyyələrin səlahiyyəti və məsuliyyəti dəqiq müəyyən olunmalı və ona adekvat maliyyə mənbələri ilə təmin edilməlidir: “Paralel idarəçilik şəraitində yerli özünüidarə qurumlarının müstəqilliyindən və güclü bələdiyyələrdən söhbət gedə bilməz. Bunun üçün də yerli icra hakimiyyətinin səlahiyyətinə aid edilmiş yerli əhəmiyyətli bütün məsələlər bələdiyyələrə verilməlidir və bu səlahiyyətlərin təmin edilməsi üçün də maliyyə bələdiyyələrə ayrılmalıdır. Yalnız bu halda bələdiyyələr inkişaf edə və yerli problemləri həll edən real quruma çevrilə bilərlər. Məsələyə geniş konteksdə yanaşsaq, ölkədə yerli idarəetmədə islahatlar aparılmalıdır. Bütün demokratik dünyada olduğu kimi, regional idarəetməyə keçilməli və yalnız yerli xalqın iradəsi ilə formalaşan seçkili orqanlar-bələdiyyələr fəaliyyət göstərməlidirlər. Bu gün xüsusilə kənd, qəsəbə səviyyəsində yerli icra hakimiyyətlərinə heç bir ehtiyac yoxdur. Bu qurumlar ləğv edilməli və onların səlahiyyətləri də bələdiyyələrə verilməlidir”.
Bələdiyyələrin bu səlahiyyətləri qəbul etmək və həyata keçirmək bacarıqlarına gəldikdə isə, M.Hüseynova görə, bundan narahat olmağa dəyməz: “İlkin dövrlərdə müəyyən çətinliklərin olması qaçılmaz olacaqdır. Ancaq, çətinlikdən, səhvlərdən qorxmaq lazım deyil. Səhvlərimizdən öyrənərək, problemlər müəyyən vaxtdan sonra öz həllini tapacaq. Qədim çin məsəlində deyildiyi kimi, üzməyi öyrənmək üçün suya girmək lazımdır. Onu da deyim ki, bu çətinlik, bu addım 20 ildən sonra atılanda da olacaqdır. Ona görə də, səlahiyyətləri qəbul etməyə hazır deyillər arqumenti ilə bələdiyyələrə səlahiyyət verməmək, sadəcə vaxt itirməkdən və inkişafdan qalmaqdan başqa bir şey deyil”.
Biz bu yazıda ekspertlərlə fikirlərimizi paylaşdıq. Amma maraqlıdır ki, bələdiyyələr özləri səlahiyyətlərinin necə və hansı sahədə artırılmasını istəyirlər. Ümumiyyətlə, onlar öz səlahiyyətlərinin artırılmasında maraqlıdırlarmı və bununla bütün problemləri həll olunacaqmı? Hər halda, düşünməyə dəyər və yəqin ki, növbəti araşdırmalarımızı bu istiqamətdə aparacağıq.


Qeyd edək ki, bu araşdırma Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının layihəsi əsasında hazırlanıb.
URL / WWW
http://kelam.az/article/a-6861.html