Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dünyada » İranın əhalisi 75 milyondan artıqdır
28.07.12 03:31

İranın Statistika Mərkəzinin rəisi Adil Azər ölkə əhalisinin sayının 75 milyon 149 min 669 nəfər olduğunu elan edib. “KƏLAMİNFO” “Qolos Amerika”ya istinadən xəbər verir ki, İranda əhalinin siyahıya alınması hər 10 ildən bir aparılır.

Lakin  keçən il qəbul edilmiş yeni qanuna əsasən, istisna olaraq ölkədə keçən il əhalinin siyahıya alınması keçirilib. Bu qanunla növbəti siyahıyaalma beş il sonra yenidən keçiriləcək. İran əhalisinin 2006-cı ildə sayı 70 milyon 495 min 782 nəfər kimi göstərilmişdi. Hazırkı statistikaya əsasən, son beş il ərzində ölkə əhalisinin sayı 5 milyon 253 min 887 nəfər, ya da hər il təxminən  1 milyon 50 min 777 nəfər artıb. İran əhalisinin 50.5 faizini kişilər və 49.6 faizini isə qadınlar təşkil edir. Əhalinin 28.5 faizinin kəndlərdə və 71.5 faizinin isə şəhərlərdə yaşadığı qeyd edilir. Əhali sayının artmasına baxmayaraq, ailələr kiçilib. İranın statistik rəqəmlərinə əsasən, əhalinin sayının ən çox artdığı yerlər Buşehr və Əlborz əyalətləridir. Əhalinin ən az sürətlə artdığı əyalət olaraq isə Ərdəbil göstərilir. Burada əhalinin sayının yalnız 0,33 faiz artdığı bildirilir. İranın əhalisinin sayı 1 milyonu ötən səkkiz şəhəri var. Bunlar Tehran, Məşhəd, Kərəc, İsfahan, Təbriz, Şiraz və Qum şəhərləridir. Bunlar arasında Azərbaycan şəhərlərindən təkcə Təbrizin adı var. Statistika Mərkəzinin rəisi Adil Azər iranlıların 93.2 faizinin ibtidai təhsili, 5 milyon 400 min nəfərin isə ali və dini təhsili olduğunu bildirib.
Qadınlar arasında təhsil səviyyəli kişilərdən daha artıqdır. Kişilərin 18.2 faizi, qadınların isə 18.4 faizi universitetlərdə təhsil alır, ya da ali təhsili bitirib. İranın 75 milyon 149 min 669 nəfər əhalisi arasında 11 milyon 221 min nəfər internetdən istifadə edir. İranın açıqladığı məlumatda ölkədə yaşayan müxtəlif etnik qruplar, o cümlədən azərbaycanlıların sayı ilə bağlı statistik məlumatlar açıqlanmayıb. İranda yaşayan azərbaycanlıların dəqiq sayı bildirilməsə də, Mərkəzi Kəşfiyyat agentliyinin 2008-ci ildə açıqladığı statistik rəqəmlərə əsasən, ölkə əhalisinin təxminən 20 faizi Azərbaycan-Türk dillərində danışır.
URL / WWW
http://kelam.az/article/a-6833.html