Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Hacı Niyaz Niftiyev » Dünyanın tükənmiş ədaləti
29.01.10 16:53

Xocalı soyqırımı-erməni vəhşiliyi

Bu gün Ermənistan istisna olmaqla dünyada monoetnik dövlət tapmaq çətindir.  Xüsusən də müasir dövürdə belə bir anormal hadisəyə çox az-az dövlətlərdə rast gəlmək mümkündür. Çünki yaşadığımız dünyanın beynəlxalq münasibətlər sistemində  daha çox diqqət mərkəzində olan azsaylı xalqlar problemi ilə bağlı müxtəlif qurumlar və təşkilatlar tərəfindən Çərçivə Konvensiyaları və Sazişlər qəbul edilib. Bu sırada Avropa Şurası, BMT, ATƏT və digərlərini misal göstərə bilərik. BMT-nin İnsan Hüquqları üzrə Komissiyası milli, etnik, dini və dili azlıqlara mənsub şəxslərin hüquqları ilə bağlı Qətnamə, Avropa Şurası 1995-ci il fevralın 1-də "Milli azlıqların hüquqlarının qorunması haqqında" Çərçivə Konvensiyasını qəbul edib. Keçmişdə Sovet İttifaqı, bu gün isə Rusiyanın koloniyası olan Ermənistanda xalqların, xüsusən də azərbaycanlıların tarixi torpaqlarından sıxışdırılması siyasəti zaman-zaman dövlət səviyyəsində dəstəkləndiyindən, bu anormal düşüncə tərzi ölkənin bütün leqal və qeyri-leqal strukturlarına sirayət olunub. “Böyük Ermənistan” ideyası bu utopist milləti qorxunc fəlakət və cinayətlərə sürükləyib. Nəticədə Azərbaycan və bu torpağı özünə Vətən bilən digər millətlərin nümayəndələrinə qarşı terror, soyqırım aktı həyata keçirilib.
Ermənilərin Qara dənizdən başlanan “Böyük Ermənistan” xülyası Xəzər dənizinədək uzanır. Bu torpaqların gerçək sahibləri olan Türkləri isə ermənilər özlərinin əbədi və əzəli düşmənləri kimi qəbul edirlər. Erməni yazçısı Silva Kaputikyan “İlk dəfə…” adlı kitabında millətinin bədxah niyyətini cəmiyyətə belə təqdim edir: “Ey Aram, sənin düşmənin Türkdür. Vətən Allahdan irəlidir. Kilsə Vətəndən irəlidir. Böyük Tiqran kilsədən irəlidir. “Böyük Ermənistan” böyük Tiqrandan irəlidir.”
Təkcə ötən XX əsrin müxtəlif illərində Azərbaycan və azərbaycanlılar ermənilər tərəfindən tarixdə görünməmiş soyqırımlara məruz qalıblar. Bu vəhşiliklər ən yaxşı halda soydaşlarımızın öz tarixi torpaqlarından deportasiyası ilə nəticələnib. Bu zaman Cənubi Qafqazda, o cümlədən Qarabağda 200 min erməni yerləşdirilib. Türkiyə və İran sərhədlərinə yaxın torpaqlarda xristian xalqlarının xüsusi çəkisini artırmağa çalışan Çar hökuməti, daha sonra Sovet imperiyası ermənilərin köçməsini sonralar da dəstəkləyiblər.
Əslində SSRİ-nin dağılması ilə keçmiş Sovet məkanında yeni geosiyasi şərait yarandı. Ermənistan, faktiki olaraq, Azərbaycana qarşı açıq və ədalətsiz müharibəyə başladı. Ermənistanın hərbi birləşmələri Azərbaycanın sərhədlərini pozaraq Qarabağa daxil oldular və Dağlıq Qarabağın erməni separatçı-terrorçuları ilə birləşərək Azərbaycan torpaqlarının işğalına başladılar. Dağlıq Qarabağ işğılanın tərkib hissəsi olan Xocalı faciəsi ermənilərin azərbaycanlıların başına gətirilmiş qanlı hadisələrin müasir nümunəsidir.
1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri SSRİ dövründə Xankəndi şəhərində yerləşən, komanda və şəxsi heyətinin xeyli hissəsi ermənilərdən ibarət olan 366-cı motoatıcı alayının zirehli texnikası və hərbçilərinin köməyi ilə Xocalı şəhərini yerlə-yeksan etdilər. Azərbaycan xalqına qarşı törədilən bu növbəti kütləvi qırğın 613 nəfərin, o cümlədən 106 qadının, 83 uşağın, 70 qocanın həyatına son qoydu. 1275 dinc sakin əsir götürüldü, 150 nəfərin taleyi isə hələ də məlum deyil. 1000-dən artıq dinc sakin müxtəlif dərəcəli güllə yarası alaraq şikəst oldu. Onların 76 nəfəri yetkinlik yaşına çatmamış uşaqlar idi. Xocalı qırğını zamanı 6 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirdi. Dörd gün ərzində Ağdama Xocalıda qətlə yetirilmiş 200 azərbaycanlının meyiti gətirilmiş, onlarca meyitin təhqirə məruz qalması faktı aşkar edilmişdir. Ağdamda 181 meyit (130 kişi və 51 qadın, o cümlədən 13 uşaq) məhkəmə-tibbi ekspertizasından keçirilmişdir. Ekspertiza zamanı müəyyən edilmişdir ki, 151 nəfərin ölümünə güllə yaraları, 20 nəfərin ölümünə qəlpə yaraları səbəb olmuş, 10 nəfər küt alətlə vurularaq öldürülmüşdür. Bütün bunları Rusiyanın “Memorial” Hüquq-Müdafiə Mərkəzi də təsdiq etmişdir. Mərkəz diri adamın baş dərisinin soyulması faktını da qeydə almışdır. 56 nəfər xüsusi qəddarlıqla öldürülmüş - diri-diri yandırılmış, başlarının dərisi soyulmuş, bədən əzaları və başları kəsilmiş, gözləri çıxarılmış, hamilə qadınların qarnı süngü ilə deşik-deşik edilmişdi. Bu əməllərin qabaqcadan düşünülmüş qaydada, milli əlamətinə görə insanların tamamilə və ya qismən məhv edilməsi niyyəti ilə törədilməsi beynəlxalq hüquqa və dövlətdaxili hüquqa əsasən məhz soyqırımı olduğunu sübut edir.
Yüz minlərlə insanın taleyinin şikəst olması ilə nəticələnmiş ağılsızlıqların ilhamçısı və təşkilatçısı Zori Balayan 1996-cı ildə çap etdirdiyi “Ruhumuzun canlanması” kitabında Xocalıda azərbaycanlılara qarşı törədilmiş soyqırımını şövqlə təsvir edərək yazır: “Hər bir erməni bu aksiyaya görə fəxr etməlidir.”
Əlbəttə, bu sözləri oxuyanda dəhşətə gəlməmək mümkün deyil. Lakin həmin kitabın vicdan və insanlıq kimi hisslərdən uzaq olan müəllifinin açıqlamaları ilə tanış olanda bu dəhşət hissi daha da güclənir. Rusiyada yaşayan soydaşımız Cəfər Sadiq özünün “İddia müddəti sonsuzdur” adlı kitabında Z.Balayandan sitat gətirir: “Xaçaturla mən ələ keçirilmiş evlərin birinə daxil olanda orada bizim əsgərlər 13 yaşlı türkü (yəni azərbaycanlını – red.) pəncərənin çərçivəsinə mıxlamışdılar. Sonra Xaçatur bu öldürülmüş uşağın cəsədini parçalayıb itlərə atdı. Axşam biz daha üç uşağın başına eyni oyunu gətirdik. Erməniləri sevən bir insan kimi mən öz borcumu yerinə yetirdim...”
Xocalı faciəsi iki yüz ilə yaxın bir müddət ərzində erməni millətçilərinin və onların havadarlarının Azərbaycan xalqına qarşı apardığı etnik təmizləmə və soyqırımı siyasətinin davamı və qanlı səhifəsi idi. Bu mənfur siyasət xalqımıza saysız-hesabsız müsibətlər və əzab-əziyyətlər gətirmişdir. Xocalı soyqırımını törətməklə erməni millətçiləri məkrli məqsədlər güdürdü: xalqımızı qorxutmaq, vahimə yaratmaq, onun mübarizə əzmini qırmaq, torpaqların işğalı faktı ilə barışmağa məcbur etmək. Lakin hiyləgər və amansız düşmən məqsədinə çata bilmədi. Xocalı müdafiəçiləri qəddar düşmənlə mübarizədə əyilmədilər, qəhrəmanlıqla vuruşaraq Vətənə sədaqət nümunəsi göstərdilər.
1992-ci il fevralın 25-dən 26-na keçən gecə Azərbaycan xalqının tarixinə qara hərflərlə yazılmış bu hadisəni işıqlandıran xarici mətbuat Xocalıda baş verən hadisələri kifayət qədər çılpaqlığı ilə yaymağa çalışdı. Bunların arasında Vaşinqton Post, (28 fevral, 2, 6 mart 1992), İndependent (12, 29 fevral 1992), Sandey Tayms (1, 8 mart 1992),  Tayms (2, 3 mart 1992), Nyu-York Tayms (3, 6 mart 1992), BBS1 Morninq Nyus (3 mart 1992), Vaşinqton Tayms (3 mart 1992), Röyters, (Ağdam, Azərbaycan, 2 mart), Boston Qlob (3 mart 1992), Mond (14 mart 1992), Nyusuik (16 mart 1992), İndependent (12 iyun 1992), “İzvestiya” qəzetləri, İngiltərə teleşirkətlərindən birinin hadisə yerində olmuş jurnalisti R.Patrik və başqaları yazırdılar ki, Xocalıda törədilmiş mənfur əməllərə dünya ictimaiyyətinin nəzərində heç nə ilə haqq qazandırmaq olmaz. Nə yazıq ki, dünyanın ədaləti bütün bu olanlara göz yumur…
1994-cü ildən ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan hökuməti və parlamenti erməni millətçilərinin azərbaycanlılara qarşı törətdikləri cinayətlər, o cümlədən Xocalı soyqırımı haqqında həqiqətləri bütün miqyası və dəhşətləri ilə dünya dövlətlərinə və beynəlxalq ictimaiyyətə çatdırmaq, bunların soyqırımı siyasəti kimi tanınmasına nail olmaq üçün ardıcıl tədbirlər görmüşdür. Məqsəd Xocalı faciəsinə beynəlxalq hüquqi-siyasi qiymət verilməsinə, onun təşkilatçılarının, ideoloqlarının və icraçılarının dünya ictimaiyyətinin gözündə ifşasına və cəzalandırılmasına nail olmaqdır. Bu, bir tərəfdən Xocalı müdafiəçilərinin və şəhidlərinin ruhu qarşısında bizim insanlıq və vətəndaşlıq borcumuzdur. Digər tərəfdən isə, insanlığa qarşı yönəlmiş bu cür qəddar cinayətlərin gələcəkdə təkrar olunmaması üçün mühüm şərtdir.
Soyqırımı sülh və bəşəriyyət əleyhinə yönələn əməldir və ən ağır beynəlxalq cinayət sayılır. BMT Baş Məclisinin 9 dekabr 1948-ci il tarixli 260 (III) saylı qətnaməsi ilə qəbul edilmiş və 1961-ci ildə qüvvəyə minən Soyqırımı cinayətinin qarşısının alınması və təqsirkarların cəzalandırılması haqqında Konvensiyada soyqırımı cinayətinin hüquqi əsası təsbit olunmuşdur. Ermənistanın Azərbaycana qarşı təcavüzü zamanı həmin Konvensiyada təsbit edilmiş soyqırımı cinayətini təşkil edən bütün əməllər tətbiq olunmuşdur. Bu işğalçı ölkənin yürütdüyü terrorçuluq siyasəti uzun illərdir dünya ictimaiyyətinin gözü qarşısında baş verir. Halbuki, beynəlxalq hüquq normalarına, BMT-nin və ATƏT-in prinsiplərinə görə, dövlətlərin sərhədlərinin toxunulmazlığına hörmət edilməlidir, ərazi bütövlüyünün və suverenliyin pozulması yolverilməzdir. 

İtirilən torpaqlar və milyardlıq maddi fəsad…

Erməni və Sovet hərbi birləşmələri Xocalıdan (26.02.1992) sonra Şuşa (09.05.1992) şəhərini ələ keçirdilər. Bununla da faktiki olaraq, ermənilər bütün Dağlıq Qarabağın ərazisini işğal etmiş oldular. Növbəti addım Laçın rayonunun (17.05.1992) işğalı oldu. Ermənilər hərbi əməliyyatları dayandırmadılar. Belə ki, Kəlbəcər (06.04.1993), Ağdərə (17.06.1993), Ağdam (23.07.1993), Cəbrayıl (18.08.1993), Füzuli (23.08.1993), Qubadlı (31.08.1993) və Zəngilan (25.10.1993) rayonlarını da işğal etdilər. Müharibədə 20 min azərbaycanlı şəhid oldu, 100 min nəfər yaralandı, 50 min nəfər əlil oldu. Qaçqın və köçkünlərin sayı milyonu keçmişdi. Rəsmi məlumata görə, erməni işğalçıları tərəfindən 4.861 nəfər azərbaycanlı, o cümlədən, 314 qadın, 58 uşaq və 255 qoca əsir və girov götürülmüşdü. Erməni faşistləri əsir və girovların həqiqi sayını beynəlxalq humanitar təşkilatlardan gizlədir, onlarla qeyri-insani, amansız rəftar edir, qul kimi işlədir, təhqir edir, alçaldırdılar. Nə qədər çətin olsa da etiraf etməliyik ki, biz bu savaşda təkcə torpaq deyil, bir çox mənəvi dəyərlərimizi də itirmişik. Erməni əsirliyində neçə-neçə qız-gəlinlərimiz, ana və bacılarımız olmazın işgəncələrə məruz qalırlar…
Azərbaycana qarşı apardığı işğalçılıq müharibəsi dövründə Ermənistan Azərbaycan sərhədlərinin 360 km-lik sahəsində irəli soxularaq 20%-dək (17 min kv.km) Azərbaycan torpaqlarını işğal etdi. Füzuli rayonundakı Horadiz qəsəbəsindən Zəngilanadək 198 km-lik Azərbaycan-İran sərhədlərini nəzarət altına aldı. İşğal nəticəsində Dağlıq Qarabağ ərazisində 50 minədək azərbaycanlının yaşadığı 2 şəhər, 1 qəsəbə, 53 kənd tutuldu. Dağlıq Qarabağdan kənarda aparılan işğallarla birlikdə 890 şəhər, kənd və qəsəbə ermənilərin əlinə keçdi. Dağıdılmış obyektlər, zəbt olunmuş əkin və meşə sahələri dəyəri milyradlarla ölçülür. Bu işğal nəticəsində Azərbaycana 60 mlrd. ABŞ dolları həcmində zərər dəydi. Belə ki, 102000 yaşayış evi, 7000 ictimai bina, 693 ümumtəhsil məktəbləri, 695 səhiyyə obyektləri, 800 km avtomobil yolları, 160-dan çox körpü, 2300 km su kəməri, 15000 km elektrik xətti, 250000 ha meşə sahəsi, 200000 ha əkin sahəsi, 464 tarixi abidə və muzeylər dağıdılaraq yerlə yeksan edilib. Bundan başqa, Azərbaycanın civə, obsidian və perlit ehtiyatlarının hamısı, tikinti və üzlük materiallarının - 35-60 faizi, meşə fondunun 23,8 faizi, su ehtiyatlarının 7,8 faizi və s. işğal olunmuş torpaqların payına düşür. Burada 2 qoruq və 3 yasaqlıq, 3 iri su anbarı da yerləşir.

Müharibə şəraitində sülhə doğru…

Ermənistan işğalçılarına qarşı mübarizədə Azərbaycanın hərbi-iqtisadi və insan qüvvələrinin səfərbər edilməsinə böyük ehtiyac var idi. 1993-cü ilin iyunun 15-də ümummilli lider Heydər Əliyev siyasi hakimiyyətə qayıdışı bu problemi həll etdi. Heydər Əliyev noyabrın 2-də televiziya və radio ilə xalqa müraciət etdi, ciddi hərbi-təşkilati tədbirlər həyata keçirildi. Bunun nəticəsində Azərbaycan xalqının işğalçılara qarşı ədalətli mübarizəsində dönüş yaratmaq mümkün oldu. Noyabrın ortalarında Ermənistanın Beyləqan istiqamətində hücumu dayandırıldı. Azərbaycan ordusunun müvəffəqiyyətli əməliyyatları nəticəsində 1994-cü il yanvarın 5-də Füzuli rayonunda strateji əhəmiyyətli Horadiz qəsəbəsi və 22 kənd düşməndən təmizləndi. Azərbaycanın müharibədə dönüş yaratmaq, işğal olunmuş torpaqları azad etmək sahəsində əldə etdiyi uğurlar, nəinki Ermənistanı, həmçinin onu müdafiə edən qüvvələri də təşvişə saldı. Ermənistanın himayəçilərinin, onun hərbi cəhətdən daha da möhkəmləndirilməsi, müasir silahlarla təmin olunması, bölgədə irticaçı qüvvəyə çevrilməsi siyasəti daha da gücləndirildi. Azərbaycan belə bir şəraitdə 1994-cü il mayın 8-də Bişkek protokolunu imzaladı. Azərbaycanın düşmən üzərində hərbi uğurları sayəsində mayın 12-də cəbhədə atəşkəsə nail olundu.
Azərbaycana qarşı ədalətsiz müharibə aparıldığını, onun ərazi bütövlüyünün pozulduğunu və torpaqlarının ermənilər tərəfindən işğal olunduğunu Birləşmiş Millətlər Təşkilatıda  (BMT) təsdiq etdi. BMT Təhlükəsizlik Şurası erməni silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərini tərk etməsi haqqında 4 qətnamə (822, 853, 874, 884 saylı) qəbul etdi. Lakin erməni işğalçıları bu qətnamələri yerinə yetirmədilər.
Artıq SSRİ-nin dağılması ilə dünya siyasətində yeni geosiyasi durum meydana gəlmişdi. Azərbaycan və Ermənistanın nüfuzlu beynəlxalq təşkilatlara üzv qəbul edilməsinə başlanmışdı. Hər iki respublika 1992-ci il yanvarın 30-31-də Avropa Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsinə (ATƏM - 1995-ci ilin yanvarından Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı - ATƏT), martın 2-də isə BMT-yə qəbul olundu. Belə bir şəraitdə vaxtilə Sovet dövlətinin inhisarında olan Dağlıq Qarabağ probleminin həlli beynəlmiləl xarakter almağa başladı. 1992-ci ilin martın 24-də ATƏM-in Nazirlər Şurasının fövqəladə iclasında (Helsinki) münaqişənin tənzimlənməsi üçün Minsk Qrupu yaradıldı.
1996-cı ilin dekabrında keçirilən Lissabon sammitində ümummilli lider Heydər Əliyevin diplomatik qətiyyəti sayəsində mühüm irəliləyiş əldə olundu. Lissabon zirvə görüşü zamanı Azərbaycanın mövqeyi, Ermənistan istisna olmaqla, dünyanın 53 dövləti tərəfindən tanındı və müdafiə olundu. Lissabon sammitindən sonra ATƏT-in Minsk Qrupunun yeni formatda yaradılması müvəqqəti də olsa, onun fəaliyyətinə bir canlanma gətirdi.
Artıq o gündən bu günədək ATƏT-in Minsk Qrupu həmsədrləri (ABŞ, Rusiya, Frasna) bir neçə dəfə dəyişsə də, nə yazıq ki, problemin həllində müsbət heç nə dəyişməyib. Bir sözlə, ATƏT-in bu günədək Qarabağ probleminin həllində heç bir pozitiv iş görməyib. Bu gün artıq ATƏT-in Minsq Qrupu adlı siyasi institut özünün başlıca funkusiyasını - vasitəçilik missiyasını itirmək üzrədir. Bunu ATƏT nümayəndələrinin “tərəflər öz aralarında razılığa gələməsələr, münaqişənin həlli prosesi uzanacaqdır” demələri bir daha təsdiqləyir. Halbuki Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində ATƏT-in önləyici diplomatiya rolu indi xüsusi əhəmiyyət kəsb edir.
2003-cü il oktyabrın 15-də keçirilən prezident seçkisi zamanı yeni dövlət başçısı seçilmiş İlham Əliyev Dağlıq Qarabağ probleminin həllində Heydər Əliyev siyasətini davam etdirəcəyini vurğuladı. İlham Əliyev prezidentlik fəaliyyətinə başladıqdan sonra Dağlıq Qarabağ probleminin həllini ardıcıl şəkildə həyata keçirir. Ermənistanla danışıqların davam etdirilməsi ilə yanaşı, beynəlxalq təşkilatlarla iş və ikitərəfli əlaqələr sahəsində fəaliyyət daha da genişləndirildi. Dağlıq Qarabağ məsələsi BMT Baş Assambleyasına çıxarıldı. İlham Əliyevin Avropa Şurasında Azərbaycan parlamenti nümayəndə heyətinin rəhbəri kimi başladığı səmərəli fəaliyyət, onun prezidentliyi dövründə də uğurla davam etdirilir. Prezident İlham Əliyevin gərgin fəaliyyətinin nəticəsi olan bu və ya digər təkzibedilməz faktlar, əldə olunan uğurlar Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin həllində ciddi dönüş yarandığını, Azərbaycanın ədalətli mövqeyinin beynəlxalq aləmdə getdikcə daha artıq müdafiə olunduğunu, işğal olunmuş Azərbaycan torpaqlarının geri alınacağı günün getdikcə yaxınlaşdığını sübut edir.

Yazıya son əvəzi…

Son iki yüz ildə Azərbaycan zaman-zaman öz torpaqlarını itirməkdədir. 1813-cü ilə qədər (Gülüstan sülh müqaviləsi) Azərbaycanın ərazisi 420 min kv.km olmuşdur. 1828-ci il fevralın 10-da bağlanmış Türkmənçay sülh müqaviləsi təkcə Azərbaycanı iki yerə parçalamadı, həm də ondan sonrakı dövrlərdə torpaqlarımızın itirilməsində baza rolunu oynadı. Azərbaycan iki hissəyə bölündükdən sonra Çar Rusiyasına birləşdirilən Şimali Azərbaycanın ərazisi 130 min kv.km, 1918-ci ildə müstəqilliyini elan edən Azərbaycan Demokratik Respublikasının ərazisi 116 min kv.km, 1920-1991-ci illərdə Azərbaycan SSR-nin ərazisi 86,6 min kv.km qədər azalmışdır ki, onun da 20 faizi hələ də işğal altındadır. Hazırda tarixi Azərbaycan ərazilərində yaşayan əhalinin ümumi sayı isə 35-40 milyon nəfər təşkil edir.


Niyaz NİFTİYEV
URL / WWW
http://kelam.az/article/a-682.html