Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Qazi Hacı Mirəziz Seyidzadə » QOŞMALAR
27.07.12 17:26

Onda ki, başıma vurdu məhəbbət,

Arxanca dolandım, baş, ayaq oldu.


Onda ki, yar olub vəslinə yetdim,

Rəqiblər həsəddən başayaq oldu.


Dedim bülbülümə gəz budaq-budaq,

Sevincə baş vurub, dərdi unudaq,

Mənə dağ çəkənə özüm çəkdim dağ,

Mən başı dağ, rəqib qəlbi dağ oldu.


Eşqidən qəlbimdə yandı od-ocaq,

Vüsal atəşində eşq qucaq-qucaq,

Sevincə əyildi qəmli olan çağ,

Qüssəli ürəyin keyfi çağ oldu.


Yanımdan çəkildi utanaraq qəm,

Həsrətin başına dar oldu aləm,

Sevginin bağları bağlandı möhkəm,

Səhra hisslərimiz bağça, bağ oldu.


Əziz Pünhan kimi düşdüm dillərə,

Aşiqlər adımı çəkdi əzbərə,

Sədam yayılmışdı mənim hər yerə,

Bu qoşmam üstəlik, səs-soraq oldu.



  * * *


Dünyada ey özün ruhani sayan,

Ey möllası Əli, kitabı Quran,

Əyri əməllərdən əl çəkib utan,

İslamın izzətin, itirmək olmaz.


Haqq işin uğrunda gəl olma tənbəl,

Doğru ol, xalqınla tutub əlbəəl,

Quranı nəfsinə tabe etmə gəl,

Şeytanı dostluğa götürmək olmaz.


Fərqi yox cavansan, olsan nə yaşda,

Xalq səni hörmətlə oturdur başda,

Haqqı de, gözlərin qalmasın aşda,

Qanqalla çəmənzar bitirmək olmaz.


Bildiyin işlərin qulpundan yapış,

Şəriət qanundur deyildir yarış,

Mənası həqiqət, ədalət, barış,

Bunları bazara gətirmək olmaz.


Qazı tək məclisdə hökm verirsən,

Xalq yox, sən özünə ağa deyirsən,

Xümsu, beytülmalı rahat yeyirsən,

Qarına atəşi ötürmək olmaz.


Şəriət əmridir insana nikah,

Paklığı nikahda qoymuşdur Allah,

Naşısan oxuma, eyləmə günah,

Pak nəslin ömrünü bitirmək olmaz.


Əziz Pünhan kimi çalış ömür sür,

Qoy Allah istəyən olsun bu ömür,

Həqiqət acıdır, amma başqa cür,

Haqqı insanlara yetirmək olmaz.



  * * *


Sənin gözlərinin heyranıyam mən,

Üzün təzə açmış gülə bənzəyir.

Zamanı, məkanı itirmişəm mən,

Həsrətində günüm ilə bənzəyir.


Gözərimə bax ki, gözlər barışsın,

Sevda atəşləri yansın alışsın,

Bu sevən ürəyim necə danışsın,

Kökündən kəsilən dilə bənzəyir.


Gecələr göz vurur bədirlənən ay,

Sənsiz qəmxanədir bu geniş saray,

İçimdə çəksəmdə nə qədər haray,

Bu yorğun bəm səsim zilə bənzəyir.


Heç zaman qəm ilə olmadı aram,

Hər zaman şadlıqla, sevinclə varam,

Sevincdən ağlaram, qəmdən ağlaram,

Səninlə göz yaşım selə bənzəyir.


Məni aşiq etdi bu gözəl həyat,

Vüsal teşnəsiyəm olmadım rahat,

Aşiqlər gözümdə tapdılar nicat,

Göz yaşım çağlayan Nilə bənzəyir.


Əziz Pünhan sənsiz yaşamaz bir dəm,

Sən varsan nə fərqi dağılsın aləm,

Bağrımın başına elə qonub qəm,

Sinən üstə düşən telə bənzəyir.


Əziz PÜNHAN
URL / WWW
http://kelam.az/article/a-6809.html