Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Məqalələr » Şərəf bəxş edən əmanətlər...
27.07.12 17:26

İyulun 11-i yerli vaxtla saat 19:00-da Birləşmiş Ərəb Əmirliklərindən xüsusi reyslə gələn təyyarə “Qroznı” hava limanında yerə endi. Təyyarənin göyərtəsində Həzrət Muhəmmədə (s), onun pak ailəsinə (ə) və səhabələrinə aid olan 16 müqəddəs əmanət vardı. Hər bir müsəlmana əziz olan bu dəyərli əmanətləri Qafqaza Həzrət Muhəmmədin (s) şəxsən əbədi mühafizə üçün əcdadlarına verdiyi şeyx Əhməd bin Muhəmməd əl-Həzrəti və onun ailə üzvləri gətirdilər.

Təyyarənin pilləkənləri önündə hafizlər məktəbinin şagirdləri əllərində Qurani-Kərimi tutaraq canlı dəhliz yaratmış, hava limanı qarşısında minlərlə insan Uca Allaha təsbih və təqdis deyərək zikrlər söyləyirdilər.


İslam müqəddəsatını Çeçenistan Respublikasının başçısı Ramzan Kadırov, Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə, Çeçenistan Alimlər Şurasının sədri Xoc-Əhməd Kadırov, Rusiya və Azərbaycan parlamentlərinin deputatları, ruhanilər, respublikanın sakinləri və qonaqları qarşıladılar.


1400 ildən artıq yaşı olan müqəddəs əmanətləri öz gözlərilə görməyin bəxş etdiyi sevinc göz yaşları insanların çöhrələrində aydın görünürdü. Respublikanın ən hörmətli sakinləri – müxtəlif icmaların üzvləri imkan yaranmış bu şərəfli vəzifəni yerinə yetirməyə – müqəddəsatları təyyarədən çıxarmaq üçün göyərtəyə qalxdılar. Hər dəfə müqəddəs əşyaların saxlandığı konteynerlər pilləkənlərin qarşısında göründükcə ətrafı “Allahu Əkbər” sədaları bürüyürdü. Müqəddəs əmanətlər avtomobillərə yükləndikdən sonra Əhməd-Hacı Kadırov adına Mərkəzi məscidə tərəf istiqamət aldı.


Müsəlman müqəddəsatının Qroznıya gətirilməsiilə əlaqədar şəhərin küçələri yaşıl rəngli bayraqlarla, Qurandan ayələrlə və çoxsaylı plakatlarla bəzədilmişdi. Çeçenistan başçısı Ramzan Kadırovun sözlərinə görə hər bir möminin arzuladığı bu böyük hadisə Rusiyada və Qafqaz müsəlmanlarının vəhdətinə, İslamın güclənməsinə və qəlblərdə imanın möhkəmlənməsinə xidmət edəcək.


Allahın rəhmət nişanəsi olan yağışın yağmasına rəğmən minlərlə dindar yol kənarlarında kilometrlərlə uzanan canlı dəhliz yaratmışdılar. Həzrət Peyğəmbərin (s) saçının və saqqalının tükləri, paltarının bir hissəsi, ləpirinin izi, Rəsulullahın (s) silahdaşlarının əmanətləri, İmam Əlinin (ə) baş örtüyü, Peyğəmbərin (s) qızı Xanım Fatimənin (ə) gündəlik məişət əşyaları, İmam Hüseynin (ə) saçının tükü və s. müqəddəs əmanətlər Qroznının Mərkəzi məscidinə gətirildi. Dörd gün boyunca davam edəcək sərgi ilə ictimaiyyətin ziyarətinə təqdim edildi.


Qeyd edək ki, şeyx Əhmədin əcdadlarına şəxsən Həzrət Peyğəmbər (s) tərəfindən əmanət verilmiş müqəddəs əşyalar bu vaxtadək onların evlərindən kənara çıxarılmayıb. Müqəddəs əşyalarla tanışlıqdan sonra camaat namazı qılındı. Daha sonra qonaqlar Çeçenistan Respublikasının başçısı Ramzan Kadırovun iqamətgahına yollandılar. Burada Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə ilə Ramzan Kadırov arasında görüş keçirildi. Mühüm hadisə münasibətilə Ramzan Kadırovu təbrik edən Şeyxülislam həzrətləri bildirdi ki, bu əlamətdar hadisə təkcə Rusiya müsəlmanları üçün deyil, bütün Qafqaz regionu üçün böyük əhəmiyyət daşıyır. Şeyxülislam həzrətləri hər səfərində Qroznının daha da inkişaf etdiyini dilə gətirdi: “Yadımdadır, bir vaxtlar Qroznıda anaların, yaxınlarını itirmiş insanların göz yaşları, dağıdılmış məhəllələr, insanların baxışlarında ümidsizlik və illərlə davam edən qanlı savaşın acıları vardı. Bu gün də onların gözlərində yaşlar var. Lakin bunlar sevincdən doğan göz yaşlarıdır. Bu sevinci Azərbaycan və bütün Qafqaz müsəlmanları da sizinlə paylaşır».


Çeçenistan Respublikasının başçısı Ramzan Kadırov bu əlamətdar mərasimdə şəxsən iştirak etdiyinə görə Şeyxülislam həzrətlərinə minnətdarlığını bildirdi.


Şeyxülislam Allahşükür Paşazadə həmçinin Çeçenistan Ruhani İdarəsinin sədri müfti Sultan Mirzayevlə, respublikanın din xadimlərilə, şeyx Əhməd bin Muhəmməd əl-Həzrətilə görüşlər keçirdi və bir sıra telekanallara müsahibə verdi.


Şeyxülislam Allahşükür Paşazadənin başçılıq etdiyi Qafqaz Müsəlmanları İdarəsinin nümayəndə heyəti həmin gün Bakıya qayıtdı.
URL / WWW
http://kelam.az/article/a-6805.html