Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Məqalələr » Türk–müsəlman soyqırımları: Azərbaycanda 1918-1920-ci illər
19.10.09 14:58

Azərbaycan Xalq Cümhuriyyətinin 23 aylıq fəaliyyəti dövründə həyata keçirdiyi mühüm tədbirlərdən biri də 1918-ci ildə ermənilərin Azərbaycanda türk-müsəlman əhalisinə qarşı törətdikləri soyqırımı təhqiq etmək oldu. Belə ki, hüquqşünas Ələkbərbəy Xasməmmədovun sədrliyi ilə 1918-ci ilə iyulun 15-də yaradılmış Fövqəladə Təhqiqat Komissiyası çox qısa bir zamanda ermənilərin törətdikləri cinayətləri tam üzə çıxartdı. Lakin Cümhuriyyətin devrilməsi ermənilərin cəzalandırılmasına imkan vermədi. Uzun müddət bu cinayətlər xalqımızdan gizlədilsə də, müstəqillik əldə edildikdən sonra bütün bu hadisələr yenidən obyektiv öyrənilmiş və tariximizin faciəli səhifəsi kimi yaddaşlara daxil olmuşdur. Faciənin baş verməsi və nəticələri ilə bağlı bəzi məqamlara diqqət yetirək.
Məlumdur ki, 1917-ci ilin oktyabrında Lenin başda olmaqla hakimiyyəti zorla ələ keçirən bolşeviklər fəhlə-kəndli hökuməti qurmaq adı altında əvvəlki imperiyanı bərpa etməyə başladılar.
1917-ci ilin sonu-1918-ci ilin əvvəllərində Bakıda daşnak-bolşevik birləşmələrinin milli qüvvələrə qarşı açıq mübarizəsi başladı. 1917-ci ilin dekabrında Rusiya Xalq Komissarları Sovetinin sədri V.İ.Lenin tərəfindən Qafqazın Fövqəladə Komissarı təyin olunmuş S.Şaumyanın Korqanovun başçılıq etdiyi Hərbi İnqilab Komitəsi ilə birlikdə Tiflisdən Bakıya gəlişi buradakı siyasi vəziyyəti daha da gərginləşdirdi. Qafqaz cəbhəsindən geri qayıdan rus əsgərləri vətənlərinə qayıtmaq əvəzinə Bakıda saxlanıldı. Bu əsgərlərin Bakıda saxlanmasında Şaumyan xüsusi fəallıq göstərirdi. Bolşevik-daşnak qüvvələrinin birləşdiyi Bakı Sovetinin ixtiyarında Qırmızı ordu adı altında əksəriyyəti ermənilərdən ibarət olan 20 minlik silahlı qüvvə cəmləndi.
1918-ci ilin martında Bakıda siyasi vəziyyət son dərəcə gərgin idi. Bakı Sovetinə keçirilən seçkilərdə "Müsavat"ın böyük səs çoxluğu ilə qələbə qazanması bolşevikləri və daşnakları ciddi narahat edirdi. Şaumyan başda olmaqla bolşevik qüvvələri, Erməni Milli Şurası və "Daşnaksütyun" rəhbərləri Azərbaycanın milli-demokratik qüvvələrinə qarşı əsl müharibəyə başladılar. Bakıda Azərbaycan milli qüvvələrinin sayca az  və zəif silahlanmış olduğunu yaxşı bilən Şaumyan müsəlmanlara "dərs vermək" üçün milli qırğına hazırlaşırdı.
1918-ci il martın 29-da şəxsi heyəti müsəlmanlardan ibarət olan "Evelina" gəmisinin Bakıda bolşevik qüvvələri tərəfindən tərksilah edilməsi milli qırğına başlamaq üçün bəhanə oldu. Belə ki, 1918-ci il martın 17-də silahla ehtiyatsız davranışdan həlak olmuş H.Z.Tağıyevin oğlu Məhəmməd Tağıyevin cənazəsini Lənkərandan Bakıya gətirən müsəlman diviziyasının 48 nəfərdən ibarət kiçik bir dəstəsi bolşevikləri təşvişə saldı. Mərhumu dəfn edən müsəlman dəstəsi "Evelina" gəmisi ilə Lənkərana geri  qayıtmalı idi. Gəminin körpüdən aralanmasına az qalmış silahlı bolşeviklər müsəlman dəstəsinin tərksilah olunmasını tələb etdi. Müsəlman dəstəsinin rədd cavabına tüfənglərdən və pulemyotlardan atılan atəşlə cavab verildi. Gəmidəki silahlar bolşeviklər tərəfindən müsadirə olundu. Martın 31-də səhər tezdən şəhərin müsəlmanlar yaşayan hissəsinə hücumlar başladı. Azğınlaşmış və vəhşiləşmiş erməni quldur dəstələri dinc azərbaycanlı əhaliyə qarşı ən amansız üsullara əl atırdılar. Fövqəladə Təhqiqat Komissiyasının üzvü A.Y.Kluge bu komissiyanın sədrinə yazırdı: "Yaxşı silahlanmış və təlim keçmiş erməni əsgərləri çoxlu miqdarda pulemyotların müşayiəti ilə hücum edirdilər… Ermənilər müsəlmanların evlərinə soxulur, evlərin sakinlərini qırır, onları qılınc və xəncərlərlə doğram-doğram və süngülərlə deşik-deşik edir, uşaqları yanan evin alovları içərisinə atır, üç-dörd günlük çağaları süngünün ucunda oynadır, öldürülən valideynlərin südəmər körpələrinə rəhm etmir, hamısını qırırdılar". (ARDSPİHA, f.277, siy.2, iş 16, vər.20)
Təhqiqat Komissiyasının sənədlərinə əsasən məlum olur ki, 1918-ci ilin mart soyqırımı zamanı Bakı şəhərində 11 min nəfərədək türk-müsəlman öldürülmüşdür. Onların çoxunun meyitləri tapılmamışdır. Çünki şahidlərin dediklərinə görə, ermənilər meyitləri od-alova bürünmüş evlərə, dənizə və quyulara atırdılar ki, cinayətin izini itirsinlər. (ARDSPİHA, f.277, siy.2, iş 16, vər.18)
Müsəlmanları öldürməklə yanaşı, ermənilər onların əmlaklarını da məhv edir, az-çox qiymətli olan şeylərini isə özləri ilə aparırdılar. Daşnak-bolşevik birləşmələri Bakının şəhər camaatından 400 milyon manatlıq daş-qaş və əmlak müsadirə etmiş və xalqın bir çox  ziyarətgahları və tarixi abidələrini dağıdaraq yerlə-yeksan etmişdilər. Uzaqvuran toplarla Təzəpir məscidi zədələmiş daşnaklar Bakıda dünya memarlığının incilərindən sayılan "İsmailiyyə" binasına od vurub yandırmışdılar. (ARDSPİHA, f.277, siy.2, iş 13-16, vər.25-26)
Talançılar İsmailiyyə binası ilə yanaşı, "Kaspi" qəzeti redaksiyasını, "Dağıstan" və "İsgəndəriyyə" mehmanxanalarını da yandırmışdılar. "Kaspi" qəzeti redaksiyasında Azərbaycan dilində kitablar nəşr edilirdi. Bina yandırılan vaxt burada Quranın yenicə çap edilmiş 5 min nüsxəsi saxlanılırdı. Onların hamısı yanıb külə dönmüşdü. (ARDSPİHA, f.277, siy.2, iş 16, vər.18)
Mart qırğınında yaxşı təşkil olunmuş hərbi hissələrlə yanaşı erməni ziyalıları və gəncləri də iştirak edirdilər. Təhqiqat Komissiyasının materiallarında göstərilir ki, "erməni əhalisinin bütün siniflərini təmsil edən nümayəndələr bu "müharibə"də iştirak etməyi özlərinə borc bilirdilər. Burada neftxudalar, mühəndislər, həkimlər, müəllimlər var idi, bir sözlə, erməni əhalisinin bütün təbəqələri öz "vətəndaşlıq borcu"nu yerinə yetirirdi". (ARDA, f.100, siy.2, iş 791, vər.791)                      
1918-ci ilin mart günlərində Azərbaycanın qədim şəhəri Şamaxı dəhşətli talan və vəhşiliklərə məruz qalmışdır. Şamaxı şəhəri və Şamaxı qəzası üzrə ermənilərin törətdikləri vəhşiliklər haqqında 7 cild, 925 vərəqdən ibarət təhqiqat materialları toplanmışdı. S.Lalayan və T.Əmiryanın azğınlaşmış dəstələri müsəlmanları soyub-talayır və qırırdılar. Şamaxının müsəlmanlar yaşayan hissəsinin hamısına od vurulmuş, 13 məhəllə məscidi və məşhur müqəddəs ocaq – Cümə məscidi yandırılmışdı. Bu məscid müsəlmanlara həm bir qibləgah,  həm də qədim abidə kimi əziz idi. (ARDA, f.1061, siy.1, iş 108, vər.8-10) Şamaxı qəzasının müsəlmanlar yaşayan təxminən 80 kəndin taleyi də bu cür olmuşdur. Daşnakların törətdiyi vəhşiliklərin həddi-hüdudu yox idi.
Fövqəladə Təhqiqat Komissiyasının Şamaxı qəzasının ayrı-ayrı kəndləri üzrə apardığı təhqiqatlarının–şahid ifadələri, zərərçəkənlərin dindirmə protokolları, rəsmi idarələrin əhalinin sayı və əmlaklarının dəyəri haqqında məlumatları, ölən və yaralananların siyahısı əsasında 53 kənd üzrə tərtib olunmuş yekun aktlarında ayrı-ayrı kəndlər üzrə öldürülənlərin sayı və hər bir kəndə dəymiş ümumi zərərin miqdarı göstərilmişdir. Bu aktlarda olan rəqəmlərə əsasən Şamaxı qəzasının 53 kəndində ermənilər 8027 azərbaycanlını qətlə yetirmişlər. Onlardan 4190 nəfəri kişi, 2560 nəfəri qadın və 1277 nəfəri uşaqlar olmuşdur. Bu kəndlərə dəyən ümumi maddi zərər o dövrün qiymətləri ilə 339.5 milyon manat olmuşdur. (ARDA, f.1061, siy.2, iş 85, 87, 100)
"Çağırış" bu sözlərlə qurtarır: "Şamaxı qəzasının zərər çəkmiş əhalisinə yardım göstərmək hər bir vətəndaşın, xüsusən müsəlmanın vətəndaş vəzifəsi və mənəvi borcudur. Vətəndaş müsəlmanlar, Şirvanı xilas edin!" Təhqiqat Komissiyasının sənədlərindən aydın olur ki, təkcə Şamaxı şəhərinin azərbaycanlı əhalisinə vurulmuş ziyan orta hesabla bir milyard manatdan çox olmuşdur.
Əvvəlcədən qurulmuş plana görə daşnak-bolşevik qoşunu Şamaxını işğal etdikdən sonra Quba qəzasına daxil olmalı idi. Xaçmazda yaşayan ermənilər bu barədə xəbərdar edilmiş, onlara xeyli əlavə silah və sursat göndərilmişdi. Sovet reciminə rəhbərlik edən Şaumyan Cənubi Qafqazda böyük Ermənistan dövləti yaratmaq üçün bütün imkanlardan istifadə edirdi. Təki Azərbaycan deyilən dövlət qurumu yaranmasın. Quba qəzasında qırğınlar əvvəlcədən düşünülmüş və buna geniş hazırlıq işləri görülmüşdü. Qırğına başlamaq üçün bəhanə milli münaqişə ola bilərdi. Erməni daşnak qüvvələri dünyanın hər yerinə ermənilərin guya müsəlmanlar tərəfindən sıxışdırıldığı barədə teleqramlar göndərirdilər. Qubada yaşayan M.Kasparov, H.Hayrapetov, A.Mukanyans və A.Boqdanov tərəfindən  göndərilmiş teleqramda iddia olunurdu ki, guya Qubada müsəlmanlar milli ədavət, milli qırğın törədir, erməni və rus kəndlərini dağıdır, kilsələrə od vurub yandırırlar.
1918-ci il martın əvvəllərində əmlaklarını sataraq Qubadan tələsik çıxıb gedən varlı ermənilərdən bunun səbəbini soruşduqda demişdilər ki, "Sizinlə bizim aramızda nə isə gözlənilir, ona görə də komitə bizi geri çağırır".
Fövqəladə Təhqiqat Komissiyasının sənədlərindən məlum olur ki, top və pulemyotlarla silahlanmış Amazaspın quldur dəstəsi aprelin ortalarında Quba şəhərinə daxil oldu. Amazaspın dəstəsi Qubanın girəcəyindən tutmuş yuxarı hissəsinədək şəhəri odlamağa başladı. Daşnaklar küçədə qarşılarına çıxan bütün adamları ucdantutma gülləyə tutur, yerə yıxılmış yaralıların bədənlərini tüfənglərin süngüləri ilə deşik-deşik edir, gözlərini ovurdular. Yaxınlıqdakı meşəyə qaça bilməyənlər evlərinə girib qapıları bağlayırdılar. Onları evlərindən zorla çıxarır, yerindəcə güllələyir və yaxud qabaqlarına qatıb meydana aparırdılar. Bir neçə saatın ərzində yüzlərlə insan qətlə yetirildi.
Şahidlərin biri yazır: "Daşnakların son dərəcə azğınlaşdığını görəndə onlarla qeyri-bərabər döyüşə girməli olduq. Bir gün davam edən atışmada 200-dən çox döyüşçünü itirib, 40 nəfərlə Digah kəndinə tərəf geri çəkildik. Amazasp bundan həm hirsləndi, həm də bir qədər ehtiyat etdi. Quba camaatını meydana yığıb bildirdi ki, mən minlərlə türkün başını kəsən Ərzurum ermənisiyəm. 200-dən çox türk kəndini yandırıb xaraba qoymuşam. Uzun müddət türklərlə vuruşmuşam, erməni xalqının mənafeyini müdafiə etmişəm. Buraya da ona görə gəlmişəm. Əgər müqavimət göstərsəniz, hamınızı bir nəfər kimi qıracağam". Şahidlərdən biri yazır: "Amazasp daşnak dəstəsinə bələdçilik edən qubalı erməni Harun Hayrapetovu yanına çağırdı və ona nəsə dedi. Harun cibindən bir siyahı çıxarıb oxumağa başladı. Həmin siyahıda Qubanın varlılarından 26 nəfərin adı var idi. Amazasp həmin adamların dalınca silahlı əsgərlərindən bir neçə nəfərini göndərdi. Silahlı əsgərlər həmin ailələrdən altı nəfərlə geri qayıdanda daşnak komandiri daha da qızışdı. Gətirilənlərin 4-ü qadın, 2-si yeniyetmə idi. Amazaspın tapşırığı ilə yeniyetmələrin başlarını kəsdilər. Qadınları uşaqlarının qanını içməyə məcbur etdilər. Onlar şivən qoparıb daşnakların üstünə atılanda qarınlarını süngülərlə deşdilər. Sonra qılıncla bədənlərini tən ortadan ikiyə böldülər. Meydanda ah-nalə yüksələndə Amazasp əsgərləri cərgə ilə düzdürüb əliyalın, günahsız əhaliyə atəş açmağı əmr etdi. Yüzlərlə adam qırıldı. İnanmaq olmurdu ki, insan insana qarşı bu qədər vəhşilik törətsin". "Mən sizin qanınızı içəcəyəm" - deyən Amazasp siyahıda adları çəkilən adamların mülklərini odlayıb külə döndərmək üçün əmr verdi. Bütün bu hərəkətləri ilə o, son dərəcə qəddar və qaniçən olduğunu sübuta yetirirdi.
Amazasp Bakıdan mənfur Şaumyan recimindən belə bir tapşırıq almışdı: Quba qəzasında bütün müsəlmanları qırıb məhv etmək, onların yaşayış məntəqələrini dağıtmaq. Sonra isə bu qırğını sünni və şiə məzhəbləri arasında toqquşma kimi qələmə vermək.
Təhqiqat materiallarından məlum olur ki, 1918-ci il mayın 1-də Qubaya girən   daşnak-bolşevik birləşmələrinin sayı 5 mindən artıq olmuşdur. Ona görə də onlar silahsız dinc əhaliyə azğınlıqla divan tuta bilmiş, iki gün ərzində yalnız Quba şəhərində 4 minədək insanı məhv etmişdilər. Bu say Quba şəhər əhalisinin beşdə biri demək idi.
Qırğının canlı şahidlərindən olan Şahbalı oğlu xatırlayır: "Ermənilər o qədər adam qırmışdılar ki, Qubanın küçələri al-qana boyanmışdı. Əllərinə keçən 2 mindən çox adamı meydana yığıb ucdantutma güllələmək istəyəndə bir nəfər onların başçısına yaxınlaşdı. Deyilənə görə komissar idi. Bir qədər söhbət etdikdən sonra əsgərlərə təzədən əmr verildi ki, silahları aşağı salsınlar. Qadınlar və uşaqlar ağlayırdılar. Yekəpər bir erməni beş nəfərlə camaata yaxınlaşıb, cavan, gözəgəlimli qadınları seçməyə başladı. Əllidən çox qadını hara isə apardılar. Onlardan birinin qardaşı etirazını bildirəndə yerindəcə güllələdilər. Onun meyidini yerə sərib bıçaqla gözlərini çıxardılar. Əli qana batmış erməni ovcunda tutduğu gözləri camaatın üstünə tulladı. Kütlədən uğultu qopdu. Daşnaklar ermənicə söyə-söyə qabaqdakıları qundaqla döyməyə başladılar. Sonra irəli çıxmış bir yaşlı kişinin qarnını süngü ilə deşdilər. Bu, göz ilə baxılası müsibət deyildi".
Başqa bir şahid yazır: Ermənilər dindarları Qubanın mərkəzinə gətirdilər. Bu, döyülən insanlar qəzanın ən hörmətli ağsaqqalları sayılırdılar. Amazasp hamının tanıdığı Quba ermənisi Harunu çağırdı. Harun azərbaycanca dedi ki, sünnilər və şiələr hərəsi bir tərəfə çəkilib üz-üzə dursunlar. Elə o cür də durdular. Aralarında 20-30 metr olardı. Sonra iki tüfəng gətirib dedilər ki, onsuz da sizin hamınızı qıracağıq. Kim sağ qalmaq istəyirsə, dediyimizə əməl etsin. Sünnilər və şiələr növbə ilə bir-birilərinə güllə atsın. Sağ qalanlarla işimiz olmayacaq. Birinci iki nəfəri irəli çıxarıb tüfəngləri onlara verdilər. Biri ləzgi Məhəmməd, o birisi isə şiələrin ağsaqqalı Məşədi Mirsadıq idi. Onların heç biri erməni silahını əlinə almaq istəmirdi. Qundaqla başlarını yarıb onları tüfəngləri götürməyə məcbur etdilər. İkisi də tüfənglərini qaldırıb bir-birlərini nişan aldı. Hamı məəttəl qalmışdı. Nisbətən cavan olan Məhəmməd heç kimin gözləmədiyi halda geri döndü və bir daşnakı yerə sərdi. Qarışıqlıqdan istifadə edən Məşədi Mirsadıq da bir ermənini öldürdü. Qaçmaq istəyən yüzlərlə adamı pulemyotlarla qırdılar. Ölənlərin çoxu qadınlar və uşaqlar idi. Əvvəlcə Məhəmmədin qollarını kəsdilər, sonra ayaqlarını. Başını kəsib süngüyə keçirdilər və hamı görsün deyə yuxarı qaldırdılar. Məşədi Mirsadığın gözlərini çıxarıb, qollarını sındırdılar və boynunu qırdılar. Həmin gün daşnaklar məscidi dağıdıb, həm sünnilərdən, həm də şiələrdən 20-dən çox din xadimini qətlə yetirdilər". A.Novatski məsələni dəqiqləşdirmək üçün qeyd edir ki, müsəlmanların dini heysiyyətınə toxunaraq, məscidlərə od vurub yandıran daşnaklar təkcə Quba, Qusar və Xaçmaz ərazisində 26 məscidi yandırmışdılar.
Amazaspın vəhşilikləri nəticəsində 1918-ci ilin ilk beş ayı ərzində Quba qəzasında üst-üstə 16 mindən çox insan məhv edilmişdir. Ayrı-ayrı mənbələrə və şahidlərin dediklərinə əsasən, qırğın zamanı 12 minədək ləzgi, 4 mindən çox azəri türkü və tat əhalisi öldürülmüşdü. 1918-ci ilin qırğınları zamanı daşnak-bolşevik birləşmələri Quba qəzasında 162 kəndi dağıtmışdılar ki, bunlardan 35-i hazırda mövcud deyildir.
Lənkəranda olan "Dikaya diviziya"nı tərksilah etmək üçün bura dəniz vasitəsilə bolşevik dəstələri göndərilmişdi. Bunların hamısı Erməni Milli Şurasının göstərişi ilə edilirdi. Bolşevik əsgərləri yolda qabaqlarına çıxan müsəlman kəndlərini dağıdıb talayırdılar. Astara bolşevik əsgərləri tərəfindən topa tutularaq darmadağın edildi, əhalinin əksəriyyəti yaşayış yerlərini tərk etməyə məcbur oldu. Xəzər dənizi sahilində Qızılağac ilə Lənkəran arasındakı müsəlman kəndləri "Aleksandr Candar" paroxodu tərəfindən top atəşinə tutuldu. Yanvarda başlanan bu qırğınlar martda daha da şiddət etdi.
Osmanlı qoşunlarının Bakını azad etməsindən bir az əvvəl Lənkərana iki min nəfərlik erməni dəstəsi gələrək yerli əhaliyə divan tutmağa başladı. Onlar  müsəlman yeməkxanalarına girib oradakıları təhqir edir, pul verməkdən imtina edir, onları Osmanlı türklərindən qorumaq üçün səngər qazmağa məcbur edirdilər. İş o yerə çatmışdı ki, erməni əsgərləri məhərrəmlik mərasimi verilən məscidlərə girib müsəlmanlara öz təziyələrini keçirtməyə mane olurdular. Müsəlman əhalisi dini ayinlərini icra etmək üçün məscidlərə yığışdıqları zaman ermənilər ora soxularaq müsəlmanları qarət edir, məscidi isə yandırmaq istəyirdilər. Ermənilər bu bölgədə yüzlərlə ev dağıtdılar və minlərlə günahsız insanın həyatına son qoydular. 1919-cu ilin avqustunda "Molokan qiyamı" yatırılana qədər bu bölgədə erməni və rus birləşmələri tərəfindən 2 min insanın həyatına son qoyulmuşdu.
Göyçay qəzasının Kürdəmir kəndində daşnaklar 56 ev və dükanı, 127 malikanəni, iki məscidi yandırmış, yerli imamın mənzilini talan etmişlər. Mənzildəki Quranın təfsirinə dair zəngin kitabxanadan tonqal düzəldilmiş, Quranın özü isə təhqir olunmuşdur.
1918-1920-ci illərdə erməni vəhşiliklərindən ən çox ziyan çəkən Azərbaycan bölgələrindən biri də Zəngəzur qəzası olmuşdur. Daşnak qüvvələrinin təcavüzü nəticəsində bu qəzanın Şuşa ilə əlaqələri tamamilə, Cəbrayıl qəzası ilə qismən kəsilmişdi. Qəzanın müsəlman əhalisinin vəziyyəti bir də ona görə ağırlaşmışdı ki, erməni kəndlərindəki silahlı quldur dəstələri ilə yanaşı bu qəzada general Andranikin erməni əsgərlərindən ibarət yaxşı təşkil olunmuş nizami qoşunları da var idi. Andranik Erməni hökumətinin tapşırığı ilə Azərbaycan ərazisinə soxularaq müsəlman əhalisindən tələb edirdi ki, ya Ermənistan hökumətinə tabe olmalı, ya da qəzanın ərazisini tərk etməlidirlər. Guya bu ərazi Ermənistan Respublikasına daxildir. Qəzanın çox zəif silahlanmış müsəlman  əhalisi Andranikin bu tələblərini rədd etdiyinə görə ermənilər həmin əhaliyə qarşı görünməmiş vəhşiliklər törətdilər.
Fövqəladə Təhqiqat  Komissiyasının məruzəsində Zəngəzur qəzasında 115 müsəlman kəndinin ermənilər tərəfindən dağıdılaraq yer üzərindən silindiyi qeyd olunur. Dağıdılmış bütün kəndlərin adları bu sənədlərdə sadalanır.
Zəngəzur qəzasında 115 kənd üzrə 3257 kişi, 2276 qadın və 2196 uşaq öldürülmüş, 1060 kişi, 794 qadın və 485 uşaq yaralanmışdır. Nəticədə təkcə Zəngəzur qəzasında komissiyanın məruzəsi hazırlanana qədər 10068 nəfər azərbaycanlı öldürülüb və ya şikəsi edilmişdi. Məruzədə deyilirdi ki, bu dəhşətli rəqəmlər hələ erməni vəhşiliklər haqqında tam məlumat vermir. Belə ki, daha çox müsəlman erməni vəhşiliklərini qurbanı olmuşdur. Ancaq o zamankı dəhşətli qarışıqlıq şəraitində onları tam şəkildə müəyyənləşdirmək mümkün olmamışdır.
Qəzanın Vaqudu kəndində 400-dən yuxarı azərbaycanlı əhali məsciddə sığınacaq taparaq güman edirlər ki, ermənilər müqəddəs yer sayılan məscidə basqın etməyəcəklər. Ancaq məscidi mühasirə edən erməni vandalları əvvəlcə  bura əl bombaları atır, sonra isə ona od vuraraq adamlarla birlikdə yandırırlar. Şəki kəndinin küçələrində  iki yerə şaqqalanmış uşaq meyitləri atılıb qalmışdı. İrmişli kəndini talan edərkən ermənilər südəmər uşaqları süngülərə taxaraq göyə qaldırır, öldürülən meyitləri tikə-tikə doğrayırdılar. Aqudi kəndində ermənilər müsəlmanlardan xristianlığı qəbul etməyi tələb edir, bundan imtina edən qadınlara qarşı ən amansız cəza tədbirlərini həyata keçirirdilər. Ermənilər Çullu kəndində yorğan – döşəkdə xəstə yatan 9 nəfər müsəlmanı qılıncla doğramışlar. Bağıbəyli kəndində 7 nəfər azərbaycanlını bir evə yığıb evlə birlikdə diri-diri yandırmışlar. Müsəlman meyitlərin əli, ayağı, başı kəsilmiş və o qədər eybəcər hala salınmışdılar ki, həmin əzaların hansı meyitə məxsus olduğunu bilmək olmurdu. Zəngəzur qəzasında 1918-ci il yayın axırları və payızında baş verən bu hadisələr bilavasitə cəllad Andranikin rəhbərliyi altında həyata keçirilmişdi.
Zəngəzur qəzasının 100-dən çox müsəlman kəndi dağıdılmış, əhalisinə isə 1 milyard manata yaxın maddi ziyan vurulmuşdu. Erməni millətçilərinin azərbaycanlılara qarşı Zəngəzurdakı vəhşiliklləri 1920-ci ilin əvvələrində daha amansız bir şəkil aldı. 1920-ci ilin yanvarından Zəngəzurda baş verən bütün hadisələrin biləvasitə təşkilatçısı məhz Ararat Respublikasının özü idi. Burada da əsas məqsəd Zəngəzur qəzasını tamamilə müsəlmanlardan təmizələyərək Paris sülh konfransı dövlətlərinin əli ilə buranı Ermənistanın tərkibinə daxil etmək idi. Bu təmizləmə əməliyyatlarında erməni quldur dəstələri ilə yanaşı Ararat Respublikasının on mindən yuxarı nizami qoşun dəstələri iştirak edirdi. Ermənilərin irimiqyaslı hücumları ilə əlaqədar 1920-ci il yanvarından Azərbaycan Respublikasının Parlamentinə, hökumətinə müxtəlif partiya fraksiyalarının rəhbərlərinə Zəngəzurdan çoxlu həyəcanlı xəbərlər daxil olurdu.
1920-ci il yanvarın 21-də Azərbaycan Respublikasının parlamentinin üzvü Cəlil Sultanov tərəfindən Azərbaycan parlamentinə göndərilimiş teleqramda deyilirdi: "Dörd gündür ki, erməni quldur dəstələri nizami ordu ilə birlikdə top və pulemyotların atəşi  altında Zəngəzura hücumları davam edir… İtkilər olduqca çoxdur. Əhali vahimə içərisində qaçır və kömək umur… Qəzanın bədbəxt əhalisi adından yalvarıram, kağız üzərindəki etirazlardan fəal hərəkətə keçin. Azərbaycanın ən gözəl guşələrindən birini tamamilə məhv olmaqdan xilas edin. Zəngəzurun ardınca növbə Qarabağındır. Bütün bunların itirilməsi üçün siz Azərbaycan  xalqı və Azərbaycan qarşısında cavab verəcəksiniz". (ARDA: f.895, siy. 1, iş 299, vər.20).
Yanvarın  22-də isə Cəbrayıl məktəbinin müəllimi H.Axundzadə Azərbaycan parlamentinə göndərdiyi teleqramda yazırdı: "Yanvarın 19-da səhərdən erməni silahlı qüvvələri Zəngəzurda Xocahandan  Qaladərəsinə kimi ərazidə bütün cəbhə boyu toplardan və pulemyotlardan müsəlman kəndlərini atəşə tuturlar. Altı kənd tamam dağılmış, doqquz kənd isə od içərisində yanır. Ermənilər qadınlara və uşaqlara belə rəhm etmədən qəddarlıqla müsəlmanları qırır, kəndləri dağıdırlar. Müqavimət göstərməyə heç bir qüvvələri olmayan müsəlmanlar bütün əmlaklarını ermənilərə qoyaraq yalnız qaçmaqla canlarını ;miədzin qəzasına məxsus  62 azərbaycanlı kəndi bütünlüklə yerlə–yeksan edilmişdir. 1919-cu ilin axırında isə Zəngibasarın biri neçə kəndi istisna olunmaqla, İrəvan qəzasının, o cümlədən Vedibasarın bütün kəndləri məhv edilmiş, əhalisi vəhşicəsinə öldürülmüş, sağ qalanlar canlarını xilas edərək başqa yerlərə qaçmışlar. Əhali İran, Osmanlı və Azərbaycana pənah gətirmişlər.
1918-ci ildə İrəvan quberniyasında 211, Qars vilayətində 92 Azərbaycan kəndi dağıdılmış, yandırılmış və talan edilmişdi. İrəvan azərbaycanlılarının çoxsaylı müraciətlərindən birində göstərilir ki, qısa müddət ərzində bu tarixi Azərbaycan şəhərində (İrəvan) və onun çevrəsində 88 kənd dağılmış, 1920 ev yandırılmış, 132 min azərbyacanlı məhv edilmişdir. Erməni cəza dəstəlrinin törətdikləri vəhşiliklər, daşnak hakimiyyəti dövründə yürüdülən "türksüz Ermənistan" siyasəti nəticəsində İrəvan quberniyasının azərbaycanlı əhalisinin sayı 1916-cı ildə 375 min nəfərdən 1922-ci ildə 70 min nəfərə enmişdir.
Andranikin quldur qoşununun və daşnakların 1918-1920-ci illərdə azərbaycanlılara qarşı apardıqları soyqırımı nəticəsində indiki Ermənistan ərazisində, yəni Qərbi Azərbaycan torpaqlarında yaşayan əhalinin çox böyük hissəsi, təxminən 565 min nəfəri vəhşicəsinə qırılmış, yaxud öz dədə–baba torpaqlarından qovulmuş, didərgin salınmışdır.
1920-ci ilin aprelində "Azərbaycan" qəzeti yazırdı: "Artıq Göyçə mahalında müsəlman qalmayıb. Hazırda Yeni Bəyazid qəzasında 84 müsəlman kəndi dağıdılmışdır, onlardan 22 kənd apreldə dağıdılmışdır. Otuz kəndin 15 mindən artıq evi olan əhalisi bütün malı, dövləti başlı – başına buraxıb qaçmışdır. Bütün bu var-dövlət hazırda ermənilərə qalıb, qarət edilmiş əmlak bir neçə milyon və hətta milyardlar qədərdir".
1920-ci il aprelin 27-də rus Ordusu tərəfindən Azərbaycanın işğal edilməsi Azərbaycanın ərazi bütövlüyünü təmin etmək üçün Azərbaycan Xalq Cümhuriyyətinin gördüyü tədbirləri başa çatdırmağa imkan vermədi, sovetləşən Zəngəzur qəzası Sovet Ermənistanına bağışlandı.
Beləliklə, 1918-1920-ci illərdə türk-müsəlman əhalisinə qarşı həyata keçirilən qətllər və kütləvi insan qırğını təsadüfi hadisə deyil, "Daşnaksütyun" partiyasının "Böyük Ermənistan" yaratmaq planını reallaşdırmaq yolunda atılan addım və soyqırımı siyasəti olmuşdur.

Anar İSGƏNDƏROV tarix elmləri doktoru
URL / WWW
http://kelam.az/article/a-68.html