Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Müsahibələr » Uşaqların yol qəza hadisələrində həyat və sağlamlığını qorumaq vacib şərtlərdən biridir
24.07.12 20:00

Dövlət Yol Polisi İdarəsinin Yol hərəkətinin təhlükəsizliyinin təbliği və ictimaiyyətlə əlaqə şöbəsinin rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov: “Hər bir yol hərəkəti iştirakçısı məsuliyyət hiss edib, dərk etməli və bu istiqamətdə qanunvericilikdə nəzərdə tutulmuş qaydalara riayət etməlidir ki, özünün və başqalarının təhlükəsizliyi təmin olunsun”

- Vaqif müəllim, son 6 ay ərzində neçə yol qəza hadisəsi baş vermişdir?

-  Bakı şəhəri Baş Dövlət Yol Polisi İdarəsi, əmr və göstərişlərinin tələblərini rəhbər tutaraq, 2012-ci ilin əvvəlindən Bakı şəhərində yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi, ictimai asayişin qorunması və xidməti intizamın möhkəmləndirilməsinə yönəldilmiş bir sıra tədbirlər həyata keçirmişdir. Yanvar ayının 1-dən iyun ayının 16-na qədər 534 Bakı şəhər üzrə yol nəqliyyat hadisəsi qeydə alınıb, nəticədə 104 nəfər həlak olub, 709 nəfər isə müxtəlif dərəcədə bədən xəsarəti alıb, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə bütün göstəricilərinə görə hadisələr ölənlər və xəsarətlər aşağı düşüb.Bundan başqa, yanvar ayının 1-dən iyun ayının 16-na qədər Bakı şəhəri üzrə yol hərəkətində təhlükəsizliyin təmin edilməsi məqsədilə keçirilən tədbirlər zamanı 145.308 sürücü saxlanılaraq, inzibati məsuliyyətə cəlb edilib, sükan arxasında, əlində mobil telefon saxlamaqla, ondan istifadə edənlər 320 nəfər, sərxoş 2086, avtoxuliqan 191, ötmə manevri yolayrıcıların keçmə qaydalarının pozulması 14.912, sfetoforun qırmızı işiğında keçən 4643, qəza şəraiti yaradan 743, sürət həddini aşan 1275, sərnişin daşıma qaydalarını pozan 1064, dövlət nömrə nişanı olmadan avtomobilin idarə edilməsi 289, sürücülük vəsiqəsi olmadan avtomobilin idarə edilməsi 2532, pərdəli,plonkalı avtomobilin idarə edilməsi 3010 nəfər qeydə alınmışdır. Bundan başqa, yolu nəzərdə tutulmamış yerdə keçən 5365 piyada saxlanılıb və cərimə edilmişdir.


- Qəza baş verdikdə protokol harada və necə tərtib olunmalıdır?


- Bütövlükdə yol hərəkəti haqqında qanunun tələbinə əsasən, qol nəqliyyat hadisəsi baş veribsə, dərhal hadisə yerində olan müfəttiş hadisə sxemini çəkir, vətəndaşlardan hadisənin baş verməsi ilə bağlı izahatlar alır və protokol tərtib edir. Hadisənin dərəcəsindən asılı olaraq tərtib edilən sənədlər məhkəmələrə göndərilir. Yol qəza hadisəsi ilə bağlı xəsarət varsa, xəsarətin dərəcəsindən asılı olaraq, adiyatı üzrə polis idarələrində araşdırma aparılır. Yol qəza hadisəsi ilə bağlı maddi zərər ortaya çıxarsa, bu, dövlət yol polisi əməkdəşının səlahiyyətinə aiddir. Tərəflər arasında şikayətin olub-olmasından və dəymiş maddi zərərin məbləğindən asılı olmayaraq, yol nəqliyyat hadisəsi-inzibati xətalar məcəlləsinin 155-ci maddəsinin tələbinə uyğun sənədləşdirilir, hadisənin baş verdiyi ərazi üzrə tədbir görülməsi üçün məhkəmələrə göndərilir ki, hakimlər tərəfindən yol qəza hadisəsi ilə bağlı tərtib edilmiş avtomobil sürücüsünə tədbir görülməsi üçün 200 AzN cərimə tətbiq edə bilir, və ya 1 ilə qədər sürücü ondan məhrum edilir. Bir faktı da qeyd edim ki, yol qəza hadisəsi faktı ilə bağlı ağırlaşdırıcı və yüngülləşdirici hallar da nəzərə alınır, tərəflər arasında şikayət olmadıqda yüngülləşdirici hal, şikayət varsa ağırlaşdırıcı hal kimi baxılır.


- Yol qəza hadisəsi zamanı sürücü nə etməlidir?


- İlk növbədə hadisənin ağırlıq dərəcəsindən asılı olaraq hərəkət etməlidir, yəni, hadisədə xəsarət varsa, dərhal ilkin tibbi yardın göstərilməlidir, xəsarət yoxdursa, dəymiş maddi zərərdən söhbət gedirsə, tərəflər arasında qarşılıqlı razılaşma varsa, avtomobil dərhal yolun hərəkət hissəsindən kənarlaşdırılmalıdır ki, həmin yolda tıxac, sıxlıq və ya digər xoşa gəlməz hadisə baş verməsin. Hadisədən sonrakı avtomobilin vəziyyəti, yəni hadisə yeri xüsusi nişanlanır, ondan sonra avtomobillər kənarlaşdırılır. Daha sonra dövlət yol polisi əməkdaşının köməyilə hadisə sənədləşdirilir.


- Vaqif müəllim, yol qəza hadisələrinin azaldılması üçün hansı tədbirlər görülür? Dövlət yol polisi əməkdaşlarının bu yönümdə rolundan danışardınız.


- Bildiyiniz kimi, ölkə polisi insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət, qanunçuluq, humanistlik və təkbaşçılıq prinsipləri əsasında ilk növbədə ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin, o cümlədən yol hərəkəti təhlükəsizliyinin təmin edilməsinə çalışır.  İctimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi sahəsində polis əməkdaşının əsas vəzifələrindən biri də hər bir şəxsin təhlükəsizliyini təmin etməkdir. Polis öz vəzifələrini yerinə yetirərkən irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, bütün şəxslərin Azərbaycan Respublikasının Konstitusiyasında və tərəfdar çıxdığı dövlətlərarası müqavilələrdə nəzərdə tutulmuş hüquqlarını və qanuni mənafelərini hüquqa zidd əməllərdən qorumağa çalışır. Bu zaman polisin insanın ləyaqətini alçaldan şəkildə rəftar etməsi yolverilməzdir. Biz də öz fəaliyyətimizdə qanunla nəzərdə tutulan bütün bu qaydaları rəhbər tutaraq, insan və vətəndaşların hüquq və azadlıqlarına xələl gətirmədən öz başlıca vəzifəmizi – ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin edilməsinə yönələn səylərimizi davam etdiririk. Son illər hüquq-mühafizə orqanlarında müasir dövrün tələblərinə uyğun islahatlar aparılmaqla yanaşı, insan və vətəndaş hüquq və azadlıqlarının təmin edilməsi sahəsində fəaliyyətin təkmilləşdirilməsi istiqamətində də müəyyən işlər görülür. Hesab edirəm ki, bütün bunlar bu sahədə qarşılaşdığımız müəyyən çətinliklərin tədricən aradan qaldırılmasında yardımçı olacaqdır.
Qeyd edim ki, respublikada yol hərəkətinin təhlükəsizliyinin təmini sahəsində aparılmış profilaktik tədbirlər qəzalılığın vəziyyətinə də öz təsirini göstərmişdir. Hadisələrin təhlilinə nəzər saldıqda, sürət həddinin aşınması, təyin olunmayan yerlərdən keçən piyadalıların vurulması, ötmə manevri və qoşa xəttin kəsərək əks istiqamətli yol zolağına çıxmasından irəli gəlir və bu istiqamətdə də tərəfimizdən az öncə sadaladığımız tədbirər görülür, sürət həddinin aşınmasına qarşı protokollar tərtib edilir, ötmə manevrli yolayrıcıların keçmə qaydalarını bayaq qeyd etdik.


- Bu yaxınlarda yol hərəkəti qaydalarının pozulması ilə əlaqədar cərimələr artırılmışdır. Siz necə hesab edirsiz, bu, sürücülərin məsuliyyətini artıracaqmı? Bu günə kimi bu, müsbət nəticələr veribmi?


- Gəlin son nəticələrə nəzər salaq. Ilk növbədə təhlükəsizlik kəmərindən istifadə etməmək üçün ötən günlər ərzində 20 AzN nəzərdə tutulmuşdursa, hal-hazırda yol hərəkəti haqqında qanuna və inzibati xətalar məcəlləsinə edilən  əlavə və dəyişiklikdən sonra cərimə konkret 40 AzN-ə qədər yüksəlib. Deməli, cərimənin yüksəldilməsindən bu günə qədər tərtib edilmiş inzibati protokolları araşdırarkən, həqiqətən də azalma müşahidə edilir. Görünür, artıq, tətbiq edilən cərimə məbləğinin yüksəldilməsi sürücülər arasında nizam-intizamın yüksəldilməsinə səbəb olub, bu da son nəticədə yol hərəkəti təhküləsizliyi ilə bağlı nizam-intizam olduqda yol qəza hadisələrin sayının aşağı düşməsinə müsbət təsir göstərir. Təcrübə göstərir ki, bəzən ən ağır yol qəzasının arxasında məhz elə təhlükəsizlik kəmərindən istifadə etməmək kimi qayda pozuntusu durur. Burada, təkcə təhlükəsizlik kəmərindən söhbət getmir, bütövlükdə son zamanlar qanuna edilən əlavə və dəyişiklikdən sonra bir sıra tətbiq edilən cərimə məbləği yüksəlib, sürət həddinin aşınmasına görə ötən günlər ərzində deyək ki, çox cüzi cərimə sanksiyası tətbiq edilirdisə, indi 30 km-dən 60 km intervalında sürət həddinin aşınmasına görə 2 ball 100 AzN, 60 km-dən daha yuxarı km/saat sürət həddini aşdığına görə 3 ball 150 AzN cərimə tətbiq edilir. Bu da, o deməkdir ki, istər-istəməz sürət həddinin aşınmasına meyilli olan sürücülərin yol hərəkət qayda pozmasının qarşısını alacaqdır. Əlbəttdə ki, müsbət təsir göstərir. Piyadaların da artıq yol hərəkət qaydalarının pozulmasına görə ödədikləri cərimə məbləğinin də 20 AzN-ə qədər qalxması piyadalıları nizam-intizama dəvət edəcək. Söz yox ki, tətbiq edilən cərimə məbləğinin yüksəldilməsi, mən hesab edirəm ki, hər bir hərəkət icraçısının aylıq büdcəsinə qənaət etməsinə şərait yaradacaq.


- Vaqif müəllim, Siz, həmişə qeyd edirsiniz ki, sürücülərimizin yol mədəniyyəti çox aşağı səviyyədədir. Sizcə, keçirilən maarifləndirici tədbirlər sürücülərimizə təsir edirmi?


- Doğrusu, ötən illərlə müqayisə etdikdə xeyli dəyişiklik var. Əlbətdə ki, təbliğat işlərinin aparılmasını məqsədəuyğun hesab edirəm. Təkcə Dövlət yol polisi tərəfindən deyil eləcə də kütləvi informasiya vasitələrinin nümayəndələrinin də bu istiqamətdə apardıqları təbliğat müsbət nəticə verə bilər. Yol hərəkətində mədəniyyətin yüksəldilməsi bu gün, ən başlıca şərtdir və yol hərəkətinin təhlükəsizliyi deməkdir. Ilk növbədə yol hərəkəti haqqında qanunun tələblərinin düzgün yerinə yetirilməsi, yol mədəniyyəti, yol hərəkəti haqqında qanuna hörmət əlaməti, özünün və başqalarının təhlükəsizliyi deməkdir.


- Sürücülərin üzərində böyük məsuliyyət olduğunu nəzərə alaraq onlara nə məsləhət görərdiniz?


- Kimliyindən asılı olmayaraq, yol hərəkətində iştirak edən hər bir hərəkət iştirakçısı ya sürücü ya piyada ya da sərnişin qismində olur. Deməli, hər kəs məsuliyyətini artılmalı, özünün və başqalarının təhlükəsizliyini təmin etməyi bacarmalıdır. Təkcə Bakı şəhəri üzrə deyil, ümumiyyətlə ölkə üzrə baş vermiş yol qəza hadisələrinin təhlilinə nəzər saldıqda həlak olanlar və xəsarət dərəcələrindən asılı olmayaraq, görürük ki, hadisələrdə ölənlərin sayı Qarabağ problemi ilə əlqədar həlak olanların sayından daha çoxdur. Azərbaycan ictimaiyyəti, Azərbaycan xalqı, Azərbaycanda olan hərəkət iştirakçıları düşünməlidir ki, yol qəza hadisəsi ilə bağlı həlak olanlar elə bizlərdən biridir, bu cəmiyyətin üzvüdür, bu ölkənin vətəndaşıdır. Deməli, düşünmək lazımdır, mən hələ yol qəza hadisəsi zamanı həlak olan azyaşlı uşaqları nəzərə almıram. Əslində uşaqların da yol qəza hadisələrində həyat və sağlamlığını qorumaq vacib şərtlərdən biridir. Deməli azyaşlıların yol qəza hadisəsi ilə bağlı həyat və sağlamlığının qorunmasında cəmiyyətimizin heç bir üzvü kənarda qalmamalıdır. Evlərdə valideynlər, məktəbdə müəllimlər, küçə və yollarda, işdə, biz - böyüklərin üzərinə çox böyük məsuliyyətlər düşür. Bütövlükdə isə hərəkət iştirakçısının yol qəza hadisələrində həyat və sağlamlığı qorunsa da hər bir vətəndaşımız məsuliyyət hiss edib, dərk etməli və bu istiqamətdə qanunvericilikdə nəzərdə tutulmuş qaydalara riayət etməlidir ki, özünün və başqalarının təhlükəsizliyi təmin olunsun.


- Vaqif müəllim, suallarımızı cavablandırmaqdan ötrü, bizə dəyərli vaxtınızı ayırdığınız üçün, dərin minnətdarlığımızı bildiririk.


Müsahibəni apardı
İskəndər Quliyev
URL / WWW
http://kelam.az/article/a-6777.html