Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Mədəniyyət » Nəzakət Teymurova: “Üzdəki qırış da bir gözəllikdir”
04.07.12 19:37

Bu gün Xalq artisti, prezident təqaüdçüsü Opera və Balet Teatrının solisti Nəzakət Teymurovanın ad günüdür.

Yubileyini evdə yaxın ətrafları ilə qeyd etdiyini deyən muğam ifaçısı “KƏLAMİNFO”ya açıqlamasında ilk təbriki kimdən aldığını da bildirdi: “Məni ilk təbrik edən yaxın rəfiqəm və qızım Nigar oldu. Hələ də təbriklər davam edir. Hazırda ailəmlə bağdayam. Tələbələrim, yaxın dostlarım və ailəmlə bərabər ad günümü burada qeyd edəcəyik”. Yaşını gizlətməyən Xalq artisti 40 illik yubileyini qeyd etdiyini etiraf etdi. Yaşı ilə fəxr edən xanəndə özünü yaşından daha dolğun hiss etdiyini də bildirdi. Nümunəvi xanəndə, pedaqoq olduğu kimi ana və ailə başçısı vəzifəsini də yerinə yetirən Nəzakət Teymurova ailədə təlim-tərbiyəyə, öyüd-nəsihətə böyük önəm verdiyini deyir: “Özümü daxilən yaşımdan daha yaşlı hiss edirəm. Bu da xarakterimdən irəli gəlir. Ona görə də indiki cavanları başa düşmürəm: çox sərbəst və azaddırlar, hərəkət, davranışlarına fikir vermirlər, milli dəyərlərə qiymət vermirlər. Öz qızım da başda olmaqla bütün gənclərə milli kökünə başlanmağı məsləhət görürəm”. Muğam ifaçısı yaşından daha cavan görünmək istəyənlər haqqında da fikrini bildirdi. Xanəndə bəzi insanların, xüsusən də qadınların yaşını gizlətməyinə normal baxmır. Xalq artisti hər kəsə yaşına uyğun hərəkət etməyi məsləhət görür: “Elə yaşlı qadınlar var ki, özlərini cavan kimi aparırlar, geyim və davranışlarında gənc qız kimi görünməyə çalışırlar. Onları başa düşmürəm və belə şeyləri sevmirəm. Çünki hər yaşın öz gözəlliyi, təravəti, öz geyimi, davranış və xüsusiyyətləri var. Elə insanlar var ki, neçə yaşı olmasını soruşanda əsəbiləşir. Amma insan zəhmətlə yaşa dolur. Üzdəki qırış da bir gözəllikdir”.  Nəzakət Teymurova ən böyük arzusunu da dilə gətirdi: “Özümə, ailəmə - qızım, həyat yoldaşım, anam, bacı-qardaşım, bütün yaxınlarım, dost-tanışlarıma cansağlığı arzu edirəm. Ən böyük arzumsa Qarabağ torpaqlarına getməkdir. Çünki Ağdamda qalan evimiz üçün burnumun ucu göynəyir. Dünyanın ən gözəl məkanında ən yaxşı şəraitdə yaşamaq da Vətənin yerini vermir. Bəzən səhralıqda doğulan insan oranın həsrətin çəkir. Gözəlliyin içində səhra arzulayan insanı Vətən məhəbbəti ora çəkir”. Xalq artisti Nəzakət Teymurova iyulun 25-dən 30-dək İngiltərədə keçiriləcək nüfuzlu Beynəlxalq Festivala dəvət aldığını da əlavə etdi.
Xatırladaq ki, Ağdam rayonunda anadan olan Nəzakət Teymurova Asəf Zeynallı adına musiqi texnikumu və Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında Xalq artisti, professor Arif Babayevin sinfində muğamın sirlərini öyrənib. 17 ildir Opera və Balet teatrının aparıcı solisti olan xanəndə «Leyli və Məcnun» operasında Leyli, «Aşıq Qərib»də Şahsənəm, «Gəlin Qayası», «Koroğlu», «Natəvan»da Xanəndə qız kimi tamaşalarda əsas rolları ifa edib. Xalq artistinin Azərbaycan muğamları, xalq mahnıları və təsniflərdən ibarət konsertləri Azərbaycan daxil olmaqla ABŞ-da, Almaniyada, Fransada, Cənubi Koreyada, Yaponiyada, Macarıstanda, İsveçrədə, Misirdə, Belarusda, Gürcüstan kimi dünyanın bir çox ölkəsində böyük rəğbətlə qarşılanıb. O, keçən ilin sentyabr ayında YUNESKO-nun himayəsi altında keçirilən “Şərq təranələri” 8-ci Beynəlxalq Musiqi Festivalında YUNESKO-nun “Ən gözəl səs” xüsusi mükafatına layiq görülüb. Hazırda Azərbaycan Milli Konservatoriyası və Asəf Zeynallı adına Musiqi Kollecində pedaqoji fəaliyyətlə məşğuldur. Solisti olduğu «Xarı bülbül» muğam qrupu ilə birgə muğam dəsgahları, xalq və bəstəkar mahnılarından ibarət 7 albomunu muğamsevərlərə təqdim edib.
URL / WWW
http://kelam.az/article/a-6676.html