Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Müsahibələr » "Seçkilərə təkbaşına qatılacağıq"
28.01.10 01:38

Fazil Mustafa: "Bloklarda fəaliyyət göstərmək potensialımızı məhdudlaşdırır"

Məlum olduğu kimi, qarşıdan növbəti parlament seçkiləri gəlir. Bu baxımdan 2010-cu il ölkədə fəaliyyət göstərən siyasi partiyalar üçün mühüm illərdən biri hesab olunur. Artıq bir sıra siyasi partiyalar seçkilərdə hansı formada iştirak edəcəklərini dəqiqləşdirməyə başlayıblar. Böyük Quruluş Partiyasının (BQP) sədri, millət vəkili Fazil Mustafa isə hesab edir ki, seçkilərdə hansı formada iştirak əslində taktiki məsələdir.

- Fazil müəllim, bilmək istərdik ki, partiyanız seçkilərə hazırlığa qeyri-rəsmi olsa da, start veribmi? Eyni zamanda, BQP bu seçkilərə təkbaşına, yoxsa blok şəklində gedəcək?

- Əvvəla, seçkilərə hansı formada qatılmaq sırf taktiki məsələdir. İndidən seçkilərə bloklarla qatılmaq və yaxud ayrı formada iştirak məsələsi gündəmimizdə durmur. Bu, sadəcə, proseslərin gedişatında bəlli olacaq ki, partiyanın namizədlər potensialı, arsenalı nədən ibarətdir. Biz hər halda seçkilərdə təkbaşına iştirak etməyə daha çox meyilliyik və buna hazırlaşırıq...

- Seçkilərə təkbaşına getməyə bəs nə üçün bu qədər meyillisiniz?

- Seçkilərə təkbaşına qatılmağın üstünlüyü odur ki, biri var bloku tanıdasan, bir də var öz partiyanı tanıdasan. Ona görə partiyanın tanıtımı baxımından seçki prosesinə təkbaşına qatılmasını vacib sayırıq. Qeyd edim ki, istər sonuncu prezident seçkiləri, istərsə də bələdiyyə seçkiləri olsun, biz hər ikisinə təkbaşına qatıldıq və bu seçkilərdə partiyamızın təbliğatını xeyli qura bildik, bunun nəticəsində səs potensialımızı artırmağa nail olduq. İndi növbəti parlament seçkilərində də bu məqsədə nail olmağı əsas götürürük. Bu baxımdan çox güman ki, seçkilərə təkbaşına qatılacağıq.

- Siz indiyə qədərki təcrübədən çıxış edərək bloklaşmaya müsbət yanaşmırsınız, yoxsa...

- Əlbəttə, indiyə qədərki təcrübədən çıxış edərək bloklaşmaya müsbət yanaşmırıq. Azərbaycanda, ümumiyyətlə, bloklaşma o zaman müsbət qarşılanır ki, cəmiyyətdə bir təbəqələşmə siyasətin prinsipləri üzərində yayğın olsun. Amma Azərbaycanda bu yoxdur. Azərbaycanda hamı ümumi ixtisas sahibidir, cəmiyyətdə hər kəs özünün peşəsinə görə ayrılmayıb, yaxud da sərt ayrılıqlar yoxdur. Belə bir vəziyyətdə siyasətçidən və partiyalardan umulan da ümumi tələblərdir, ümumi tərəflərdir. Hər partiya ümumi maraqların ifadəçisi kimi çıxış edir, halbuki başqa ölkələrdə partiyaların spesifik dünyagörüşü təmsil etməsi ənənəsi daha üstündür. Məsələn, orada solçu dünyagörüşünü, yaxud sağ mərkəzçi mövqeyi və ya iri buryuaziyanı, aqrar sektoru təmsil edən partiyalar mövcuddur. Bizdə isə belə bir ənənə yoxdur, ona görə də hesab edirəm ki, partiyanın bütövlükdə təkbaşına mövqe ortaya qoyması daha rahat olur. Partiyalar bu yolla özlərini cəmiyyətə daha çox təlqin edə bilirlər. Bu baxımdan da bizim bütövlükdə prosesə yanaşmamız belədir ki, daha çox tərəfdar - özü də fikircə bizə yaxın olan tərəfdarlar - toplaya bilək.

- Ümumilikdə partiyanıza son dövrlər ərzində əməkdaşlıqla, birləşmə ilə bağlı təkliflər olubmu?

- Bizə bu yöndə əməkdaşlıq, birləşmə təklifləri olub. Məsələn, Milli Etimad Partiyasının üzvləri bizim partiyanın sıralarına daxil olublar və hazırda BQP-də fəaliyyət - özü də uğurlu fəaliyyət göstərirlər. Digər partiyalardan da əməkdaşlıq təklifləri gəlib. Amma bloklarda fəaliyyət göstərmək bizim partiya kimi potensialımızı məhdudlaşdırır. Daha çox öz adımızla Azərbaycan cəmiyyətinə təqdimat, mesay verməyimiz maraqlarımıza uyğundur.

- Yeri gəlmişkən, indiki mövcud seçkiqabağı durumda siyasi partiyaların vəziyyətini necə qiymətləndirirsiniz?

- Hər halda Azərbaycanda siyasi partiya institutunun xeyli zəiflədiyi qənaətindəyəm.

- Partiyaları bu durumdan çıxarmaq üçün ilkin olaraq hansı addımlar atılmalıdır? "Siyasi partiyalar haqqında" qanun dəyişdirilməlidir, yoxsa başqa addımlar atmaq lazımdır?

- Birincisi, "Siyasi partiyalar haqqında" qanunda ciddi dəyişikliklər etmək lazımdır. Bu qanunla bağlı verdiyimiz təkliflər müzakirəyə çıxarılsa, hesab edirəm ki, həm partiyaların güclənməsi, həm maliyyələşməsi, həm də onların bir institut kimi hüquqi tanıtımı cəmiyyətdə daha irəli gedə bilər. Bu olsa, müsbət nəticə də olacaq. İkinci tərəfdən, müəyyən partiyaların daha yeni anlayışlarla, yeni şüarlarla, cəmiyyəti özünə tərəf çəkə biləcək müəyyən addımlarla çıxış etməsi olduqca vacibdir. Bu olsa, məncə, xeyli dəyişiklik ola bilər.

- Onu da qeyd edək ki, qarşıdan parlamentin növbəti yaz sessiyası gəlir. Bir partiya və millət vəkili olaraq, bu sessiyaya konkret təklifləriniz varmı?

- Partiyamızın parlamentin yaz sessiyasının qanunvericilik işləri planına təklifləri var. Bu təkliflərdə hansı qanunların operativ qəbul olunması və hansı məsələlərin sessiyanın gündəliyinə çıxarılması nəzərdə tutulur. Qeyd edim ki, bu təkliflərdə də "Siyasi partiyalar haqqında" qanunun dəyişdirilməsi, əvvəllər prezident seçilmiş şəxslərin hüquqları ilə bağlı Konstitusiya qanunu layihəsinin qəbulu, Rəqabət Məcəlləsinin və digər bir sıra qanunların qəbulu məsələsi öz əksini tapıb. Onları da sessiya zamanı dilə gətirəcəyik.
URL / WWW
http://kelam.az/article/a-663.html