Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Prezident uşaq bağçaları ilə bağlı xüsusi tapşırıqlar verib
22.06.12 05:29

Uşaq bağçaları ilə bağlı görüləsi işlər hələ çoxdur. “KƏLAMİNFO”nun məlumatına görə, bu barədə prezident İlham Əliyev “2011-2013-cü illərdə Bakı şəhəri və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunmuş konfransdakı çıxışı zamanı bildirib. Ölkə başçısı qeyd edib ki, uşaq bağçalarının, burada olan uşaqların sayı qaneedici deyil: “Məndə olan məlumata görə bu, Bakı şəhərinin tələbatının təqribən 20 faizini təşkil edir. Yəni, əgər biz indi bərbad vəziyyətdə olan mövcud uşaq bağçalarını bərpa etsək belə, yenə də bu, problemin həlli deyil. Problemin həlli ondadır ki, yeni uşaq bağçaları tikilsin. Yaxşı ki, vaxtilə tikilmiş uşaq bağçaları böyük ərazini əhatə edir. İndi həmin ərazidə yeni korpuslar tikilə bilər. Bu da bir yoldur. Digər yol ondan ibarətdir ki, - bu da bizim digər proqramlarımızla uzlaşır, - “Qaçqınların və məcburi köçkünlərin yaşayış səviyyəsinin yaxşılaşdırılması və məşğulluğun artırılması üzrə Dövlət Proqramı”nda erməni işğalından əziyyət çəkmiş soydaşlarımızın köçürülməsi məsələləri dayanıb. Bu proqram da icra edilir. Bildiyiniz kimi, çadır şəhərcikləri artıq beş ildir ki, ləğv edilib. İndi yataqxanalarda məskunlaşmış soydaşlarımızın evlərə köçürülməsi prosesi gedir. Fin evlərində, o cümlədən uşaq bağçalarında yaşayan köçkünləri də biz normal şəraitlə təmin etməliyik. Bu vəzifə də qarşıya qoyulub və hesab edirəm ki, bu konfransdan sonra bu məsələyə daha da ciddi diqqət göstərilməlidir. Həm Qaçqınkom, həm Bakı Şəhər İcra Hakimiyyəti birgə baxsınlar, bir cədvəl tutsunlar ki, biz soydaşlarımızı o uşaq bağçalarından yeni evlərə köçürək, bu bağçaları isə uşaqların sərəncamına verək. Elə hallar var ki, bağçanın bir hissəsində uşaqlar qalır, bir hissəsində isə qaçqın ailələri. Buna artıq dözmək olmaz. Amma yenə də deyirəm, biz köçkünləri ancaq o vaxt köçürə bilərik ki, onlar üçün lazımi şərait yaradılsın”. İ.Əliyevin sözlərinə görə, uşaq bağçalarının problemlərinin həlli üçün əlavə tədbirlərin görülməsinə ehtiyac var. Burada həm bağçaların vəziyyəti, təmiri, eyni zamanda, yemək məsələləri nəzərdə tutulmalıdır: “Çünki məktəbdən fərqli olaraq, uşaq bağçalarında körpələr hələ öz hüquqlarını müdafiə edə bilmirlər. Onlara verilən yeməyi yeyir, verilən suyu içirlər. Ona görə, burada bu işlərə rəhbərlik edənlərdən çox şey asılıdır. Mən çox narahatam və narahat idim ki, gələn siqnallar da onu göstərir, hətta uşaqlara heç o aşağı səviyyəli normativlər də verilmir. Uşaqlar ya ac qalır, ya da ki, evlərindən özü ilə yemək gətirirlər. Bu, dözülməz haldır. Mən son müddət ərzində dəfələrlə uşaq bağçalarında vəziyyətlə tanış olmuşam və eyni zamanda, bu yemək məsələləri ilə də maraqlanmışam. İndi bu məsələlər paytaxtda Bakı Şəhər İcra Hakimiyyətinə həvalə edilib və çox ciddi göstərişlər verilib ki, yemək məsələləri birinci planda olmalıdır. Hacıbala Abutalıbovun mənə verdiyi məlumata görə, bu sahədə dönüş yaranıb. Əlbəttə ki, bu məlumat inandırıcıdır. Ancaq mən valideynlərdən xahiş edirəm, əgər hər hansı bir bağçada yeməklə problem varsa, ya verilmir, ya keyfiyyətsiz verilir, Prezident Administrasiyasına və Bakı Şəhər İcra Hakimiyyətinə, İqtisadi İnkişaf Nazirliyinə məlumat versinlər ki, biz bu məsələləri də həll edək. Uşaq bağçalarının hamısı təmirli olmalıdır. Hamısında da keyfiyyətli yemək verilməlidir ki, uşaqlarımız sağlam böyüsünlər”.
URL / WWW
http://kelam.az/article/a-6609.html