Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Məqalələr » Güc və qüdrətin nümayişi
19.10.09 14:58

Azərbaycan Silahlı Qüvvələrinin yaradılması müstəqil Azərbaycanın dövlət quruculuğunun mühüm nailiyyətlərindən biridir. Ordumuzun yaradılması prosesi əslində ölkəmizin müstəqilliyinin tarixi sayıla bilər. Ümummilli lider Heydər Əliyevin 22 may 1998-ci il tarixli qərarına əsasən Əlahiddə Azərbaycan Korpusunun yarandığı gün - 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü elan edilib. Respublikada bu gün hər il rəsmi dövlət bayramı kimi qeyd edilir.Milli Ordumuzun yaradılması hələ Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyəti dövrünə təsadüf edir. O vaxtlar Rusiya imperiyasının müsəlman xalqlarına həqarətli münasibəti, onların orduda xidmətdən “azad” edilməsi bu xalqların hərbi işləri yadırğamasına gətirib çıxarmışdı. Elə, 1917-1918-ci illərdə erməni təcavüzünün güclənməsi Azərbaycan türklərini fiziki cəhətdən məhv olmaq təhlükəsi ilə üz-üzə qoymuşdu. Yaranmış vəziyyət təcili olaraq ordu quruculuğuna başlamağı tələb edirdi.
1918-ci il 26 iyun tarixli fərmanla Azərbaycan Milli Ordusunun yaradılmasına başlanıldı. Avqustun 1-də isə AXC-nin Hərbi Nazirliyi təsis edildi. İstedadlı general Səməd bəy Mehmandarov dekabrın 25-də hərbi nazir, general-leytenant Əlağa Şıxlinski nazir müavini, general Süleymanbəy Sulkeviç isə baş qərargah rəisi təyin edildilər.
İyulun 11-də hökumətin fərmanı ilə hərbi səfərbərlik elan edildi. Hərbi kadrlar hazırlamaq məqsədilə Gəncədə hərbi məktəb təşkil edildi. O, sonradan Bakıya köçürüldü. Hökumət 25 min nəfərlik ordu yaratmaq vəzifəsini irəli sürdü. Dövlət büdcəsinin 24%-i bu məqsəd üçün sərf edildi. Azərbaycan dəniz sərhədlərinin qorunması üçün Hərbi Donanmanın yaradılması da vacib idi. Bu məqsədlə 1919-cu ilin yayında Azərbaycan Xəzər Donanması yaradıldı.
Qısa müddət ərzində Milli Ordu Osmanlı dövlətinin Qafqaz İslam Ordusu ilə birlikdə Bakını və ətraf qəzaları erməni-bolşevik işğalından xilas etdi. Bu hərbi birləşmələr Muğanda və Əsgəranda Milli hökumətə qarşı baş vermiş qiyamları yatırmaqda yüksək səriştəlilik göstərdi, Qazaxda Azərbaycan sərhəddini pozmuş erməni nizami ordu hissələrini darmadağın etdi. O zaman Azərbaycan ordusunun Hüseynxan Naxçıvanski, İbrahim ağa Usubov, Həmid Qaytabaşı, Kazım Qacar, Cavad bəy Şıxlinski, Həbibbəy Səlimov kimi istedadlı generalları var idi. AXC süqut etdikdən sonra bolşevik hökuməti Milli Ordunu ləğv etdi və onun rəhbərlərinin əksəriyyəti Nargin adasına aparılıb güllələndi. Sovet Azərbaycanı ordusu… Sovet hakimiyyəti dövründə Rusiya imperiyasının azərbaycanlılara qarşı hərbi siyasəti dəyişmədi. Sovet dövründə azərbaycanlı gənclər hərbi xidmətə çağrılırdılar. Lakin onlar döyüş üçün nəzərdə tutulmuş hərbi hissələrdə yox, əsasən tikinti batalyonlarında xidmət edirdilər. Azərbaycan SSRİ tərkibində olduğu illərdə milli zabit korpusunun formalaşmasına, azərbaycanlıların yüksək hərbi vəzifələrə irəli çəkilməsinə müxtəlif süni maneələr yaradılıb. Məqsəd isə aydın idi. Azərbaycanlılar arasında hərb elminə dərindən yiyələnən, müasir silahlarla rəftar etməyi bacaran hərbçilərin yetişdirilməsinə imkan verməmək onlar üçün əsas tapşırığa çevirilmişdi. Bu siyasətin mahiyyətini dərk edən ulu öndər Heydər Əliyev 1971-ci il iyunun 20-də Cəmşid Naxçıvanski adına ixtisaslaşdırılmış hərbi məktəbi təşkil etdi. Ümummilli lider Heydər Əliyev azərbaycanlı gənclərin Bakı Ali Birləşmiş Komandanlıq və Bakı Ali Hərbi Dənizçilik məktəblərinə, eləcə də SSRİ-nin digər hərbi məktəblərinə güzəştli şərtlərlə qəbul olunmasına nail oldu. Təsadüfi deyil ki, bu gün də C.Naxçıvanski adına Hərbi Liseyin milli zabit kadrlarının yetişdirilməsində müstəsna rolu var. Bu məktəblərdə yetişən Azərbaycan hərbçiləri Birinci Qarabağ müharibəsində misilsiz igidliklər göstərmişlər. Lakin bu nailiyyətlər asanlıqla əldə edilməmiş, çox mürəkkəb və çətin tarixi inkişaf yolu keçmişdir. Müstəqillik… Əsası AXC dövründə qoyulan Azərbaycan ordusunun ənənələri müasir dövrdə də qorunub saxlanılır və inkişaf etdirilir. Bu isə ümummilli lider Heydər Əliyevin ciddi səyləri nəticəsində mümkün oldu. Lakin Heydər Əliyevə qədər qısa müddət ərzində Azərbaycan Ordusunda heç də xoşagələn hadisələr baş vermədi. Azərbaycan 1991-ci ildə növbəti dəfə müstəqillik əldə etdikdən sonra dövlətin qarşısında duran həlli vacib məsələlərdən biri də ordu quruculuğu ilə bağlı idi. 1991-ci ilin sentyabrın 5-də Müdafiə Nazirliyinin yaradılması baradə qərar, 1991-ci il oktyabrın 9-da isə Milli Ordunun yaradılması haqqında Azərbaycan Respublikası Ali Soveti Qanun qəbul etdi. Ordu quruculuğunda düzgün siyasətin yeridilməməsi nəticəsində xalqın orduya etdiyi yardımlara, ayrı-ayrı döyüşlərdə xalqımızın vətənpərvər və igid oğullarının düşmənə layiqli müqavimət göstərmələrinə baxmayaraq, Silahlı Qüvvələr bütövlükdə uğursuzluğa düçar oldu. Bütün bunların nəticəsində ermənilər Azərbaycan torpaqlarının 20 faizini zəbt etdi, 1 milyondan artıq vətəndaşımızı öz yurdlarından didərgin saldı, on minlərlə insanı məhv etdilər.
SSRİ-nin tərkibində qalmağa, ittifaq orqanlarının himayəsi altında yaşamağa və onun vahid ordusunun saxlanmasına meyli olan Ayaz Mütəllibov Azərbaycanın müstəqil ordusunun formalaşmasında heç də maraqlı deyildi. Ona görə də orduya dövlət səviyyəsində lazımi diqqət yetirilmir, onun təşkilatlanması üçün zəruri tədbirlər görülmürdü. Nisbətən qısa dövrdə dörd müdafiə nazirinin dəyişdirilməsi ordu quruculuğuna mənfi təsir göstərməklə yanaşı, ona olan münasibəti də  təzahür etdirirdi.
AXCP-Müsavat hakimiyyəti dövründə də ölkəmizin ərazi bütövlüyünün qorunması üçün lazımi tədbirlər həyata keçirilmirdi. O vaxtkı iqtidar səriştəsizliyi üzündən düşünülmüş hərbi siyasət yeritmək qabiliyyətində olmadığına görə ölkəni və əhalini hər cür silah və hərbi texnika ilə təchiz edilmiş düşmənin ordusundan qoruya bilmir, onun qarşısında aciz qalırdı. Belə vəziyyətin yaranmasında günahkar olan o zamankı dövlət rəhbərləri sonralar bu halı etiraf etmək məcburiyyətində qaldılar.
Xarici xüsusi xidmət orqanlarının qarşısı alınmayan kəşfiyyat-təxribat fəaliyyətinin ordu quruculuğu prosesinə göstərdiyi dağıdıcı təsiri 1993-cü ilin ortalarında artıq ordunu məhv olmaq təhlükəsi qarşısında qoydu.
Bu sahədə həlledici dönüş isə yalnız 1993-cü ildən sonraya təsadüf edir. 1993-cü ildə Azərbaycanda hakimiyyətə qayıdan Heydər Əliyevin səyi nəticəsində respublikada intizamlı Milli ordu formalaşdırıldı.
Ali Baş Komandan Heydər Əliyevin rəhbərliyi altında Silahlı Qüvvələr quruculuğu sahəsində aparılan işlər ölkəmizdə mütəşəkkil, qüdrətli ordu yaratmağa imkan verdi, onun gələcəkdə daha da möhkəmlənməsi üçün əsaslı zəmin yaratdı. Azərbaycan ordusunun yaradılmasına başlanıldığı vaxtdan müxtəlif təzyiqlərə məruz qaldı. Həm xaricdən, həm də daxildən göstərilən təzyiqlərin əsas məqsədi ordu quruculuğunun qarşısını almaqla Azərbaycanın müstəqil bir dövlət kimi mövcudluğuna son qoymaq idi.
Heydər Əliyevin 1993-cü ildə xalqın tələbi ilə hakimiyyətə gəlişi və prezident seçilməsi respublikamızda ordu quruculuğu sahəsində mühüm tədbirlərin həyata keçirilməsinə güclü təkan verildi, cəbhədə vəziyyətin müsbət istiqamətdə inkişafına şərait yaradıldı.
Heydər Əliyevin hakimiyyətə qayıtması və cəbhədə atəşkəsə nail olması dövlət quruculuğunun bütün sahələrində olduğu kimi Silahlı Qüvvələrdə də əsaslı islahatların aparılmasına imkan yaratdı. Silahlı Qüvvələrdə həyata keçirilən quruculuq işləri, struktur dəyişiklikləri döyüş əməliyyatlarının vahid rəhbərlik altında planlaşdırılması, hissələrin hərb elminin tələblərinə uyğun idarə edilməsi, kadrların saflaşdırılması, qoşun hissələrinin təxribatçı və siyasi ünsürlərdən təmizlənməsi Azərbaycan Ordusunu keyfiyyətcə yeniləşdirdi.
Prezident Heydər Əliyevin Silahlı Qüvvələrə göstərdiyi diqqət və qayğının nəticəsində ordunun mərkəzləşdirilmiş maddi-texniki təminatı əvvəlki illərdən fərqli olaraq əhəmiyyətli dərəcədə yaxşılaşdırıldı. Silahlı Qüvvələrə tələb olunan silah, hərbi texnika, döyüş sursatı, arxa xidmət əmlakı və digər maddi vasitələrin istehsal olunması üçün sifarişlərin Azərbaycanın sənaye müəssisələrində yerləşdirilməsi ölkə iqtisadiyyatının inkişafına da təkan verdi. Orduda şəxsi heyətin mənəvi-psixoloci hazırlığına, döyüş ruhunun yüksəldilməsinə diqqət artırıldı, hərbi vətənpərvərlik işi gücləndirildi.
1994-cü ilin oktyabr və 1995-ci ilin mart hadisələri zamanı zabit və əsgərlərin Vətən qarşısında öz borclarını şərəflə yerinə yetirməsi bir daha sübut etdi ki, şəxsi heyət arasında müstəqillik amalı və hərbi anda sədaqət hissi yeni mənəvi-psixoloci iqlim formalaşmış, ordu hissələri artıq müxtəlif siyasi və cinayətkar mafioz dəstələrə xidmət edən təxribatçılardan, cəsuslardan təmizlənmişdir.
Prezident Heydər Əliyev hərbi təhsil sisteminin daha da inkişaf etdirilməsi məqsədilə 1999-cu il fevralın 20-də Hərbi Akademiyanın yaradılması haqqında Fərman imzaladı.
Eyni zamanda Azərbaycan Silahlı Qüvvələrinin zabitləri təhsil almaq üçün Türkiyə, Ukrayna, Rusiya, Pakistan, Çin, Almaniya, Böyük Britaniya, İtaliya, Rumıniya, Macarıstanın hərbi akademiyalarına göndərildi.
Ümummilli lider Heydər Əliyev hərbi təhsil sisteminin daha da inkişaf etdirilməsi məqsədilə 1999-cu il yanvarın 20-də Hərbi Akademiyanın yaradılması haqqında fərman imzaladı. Prezidentin 20 avqust 2001-ci il tarixli fərmanı ilə Silahlı Qüvvələr üçün kadr hazırlığının təkmilləşdirilməsi məqsədilə Müdafiə Nazirliyi sistemində fəaliyyət göstərən məktəblər Azərbaycan Hərbi Dənizçilik Məktəbi və Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbi adlandırıldı. Sülh naminə… Azərbaycan Silahlı Qüvvələrinin inkişaf səviyyəsini şərtləndirən bir sıra faktorlar mövcuddur. Onlardan biri - Sülhməramlı Qüvvələrimizin yaradılmasıdır. Hazırda Azərbaycan Milli Ordusunun əsgər və zabitləri NATO-nun Sülh Naminə Tərəfdaşlıq Proqramı çərçivəsində keçirilən tədbirlərdə, inkişaf etmiş xarici ölkələrin ordusu ilə birlikdə beynəlxalq antiterror əməliyyatlarında iştirak edirlər. Milli ordunun hissələrinin göndərildiyi bölgələrdən Əfqanıstanı və İraqı göstərmək olar.
1997-ci ildən etibarən Azərbaycan NATO-nun Planlaşdırma və Analiz Prosesində iştirak edir. Burada əsas məqsəd NATO qüvvələri ilə hərbi uyarlığa nail olmaqdan və çoxmillətli tədris, təlim və sülhməramlı əməliyyatlar üçün hazırlıqlı qüvvələrin müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir.
İlk dəfə olaraq 1997-ci ildə Silahlı Qüvvələrimizin tərkibində sülhməramlı bölük, sonra isə sülhməramlı tabur yaradılmışdır. Tabur Bakıdakı “N” saylı hərbi hissənin tərkibində fəaliyyət göstərir. Onun şəxsi heyətinin seçilməsinə xüsusi diqqət yetirilir. Əsasən hündürboylu, sağlam, fiziki cəhətdən hazırlıqlı, təhsilli, yüksək intellektual səviyyəsi olan, xarici dil bilən əsgər və zabitlər bu taburda xidmət edirlər.
Tabur hərbi hissənin təlim-tədris bazasında taktiki və atəş hazırlığı, idman, xarici dil, yerli əhali ilə ünsiyyət qaydaları, digər mövzular üzrə intensiv hazırlıq keçir. Bundan əlavə, sülhməramlı missiyanın həyata keçirildiyi ərazilərdə mülki-hərbi əməkdaşlıq və humanitar yardım üzrə fəaliyyətlərin icrası, yerli əhalinin adət-ənənələri, tarixi ilə yaxından tanış olma, həmçinin Azərbaycanla həmin ərazilər arasında bağlantıların öyrənilməsinə də xüsusi diqqət göstərilir. Yerli əhali tərəfindən sülhməramlılarımıza qarşı münasibətin xoş olmasında, rəğbət və etibarın qazanılmasında bu amillər olduqca vacibdir. Göründüyü kimi, burada təkcə hərbi bilik və peşəkarlıq kifayət etmir. Əsgərlər ən azı 6 ay hazırlıq keçdikdən sonra sülhməramlı missiyalara göndərilir və zəruri ləvazimatlarla təmin edilirlər. Bura çanta, səyyar yataq dəsti, tibb ləvazimatları, idman paltarı, təmizlik, hamam dəstləri və s. daxildir.
Yaradıldığı gündən sülhməramlı bölmələrimiz bir sıra beynəlxalq tədbirlərdə iştirak etmiş və yüksək peşəkarlıq nümayiş etdirmişlər. Bunlara nümunə kimi Norveç Krallığında "Kooperativ Banners", Makedonyada "Kooperativ Best Effort", Özbəkistanda "Sentrazbat-98", Türkiyədə "Kooperativ Barış körpüsü", "Gürcüstanda "GUAM-98", Kanadada "Kooperativ- Best Effort-99" və Qazaxıstanda "Sentrazbat-2000" təlimlərini misal çəkmək olar. 
1999-cu il sentyabrın 1-də Azərbaycan Silahlı Qüvvələri  sülhməramlı  taburunun bir taqımı Yuqoslaviyanın Kosovo vilayətinə göndərilmişdir. Hazırda sülhməramlılarımız Kosovoda xidmət keçmirlər.
Sülhməramlılarımızın ikinci missiyası Əfqanıstanla bağlıdır. 2002-ci il noyabrın 18-də Əfqanıstanın Kabil şəhərinə yola düşən taqım Türkiyə Respublikası Silahlı Qüvvələri  taburunun tərkibində, Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələrinin (ISAF) strukturunda fəaliyyət göstərir. Hazırda 1 zabit, 1 gizir, 20 çavuş və əsgərdən ibarət bu taqım Əfqanıstanın paytaxtı Kabil şəhərində xidmət apararaq, sülhün və əmin-amanlığın bərpa olunması məqsədilə nəzarət-buraxılış məntəqələrinin yaradılması, patrul xidmətinin yerinə yetirilməsi, ixtişaş törətmək məqsədi güdən kütləvi aksiyaların qarşısının alınması, eləcə də mühüm obyektlərin mühafizəsində iştirak edirlər.
2003-cü ilin mayında ulu öndər Heydər Əliyev Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin 16-cı bəndinə uyğun olaraq Azərbaycan Respublikası Silahlı Qüvvələri kontingentinin beynəlxalq koalisiya qüvvələri tərkibində İraqda keçirilən sülhməramlı əməliyyatlarda iştirak etməsi üçün  Milli Məclisə təklif göndərmiş, parlament isə 7 may 2003-ci il tarixli iclasında “Azərbaycan Respublikası Silahlı Qüvvələri bölüyünün beynəlxalq koalisiya qüvvələri tərkibində İraqda keçirilən sülhməramlı əməliyyatlarda iştirak etməsi haqqında” qərar qəbul etmişdir.
Kontingent İraqa 2003-cü il avqust ayının 15-də göndərilmişdir. Azərbaycan sülhməramlı bölüyü Çoxmillətli Qüvvələrin Qərbi İraq Qrupunda  (Multinational Forces West İraq), konkret olaraq ABŞ Dəniz Piyadaları taburunun tərkibində fəaliyyət göstərən bölük indiyədək nəzarət etdikləri ərazidə əsayişin qorunması, humanitar yüklərin müşayiət edilməsi, həmçinin hərbi və inzibati obyektlərin mühafizəsinin təşkilini həyata keçirmişdir. Bölüyün bütün təminatı ABŞ tərəfindən, şəxsi heyətin pul təminatı isə Azərbaycan tərəfindən ödənilir. Hər 6 aydan bir İraqdakı Azərbaycan sülhməramlı bölüyünün təximinən 50% şəxsi heyəti rotasiya qaydasına uyğun olaraq dəyişdirilir. Hazırda isə bölük Əl-Anbar vilayətinin Əl-Hədithə şəhəri yaxınlığında xidmət edir. Burada su anbarını və İraqın 30 faizini elektrik enercisi ilə təmin edən su elektrik stansiyasını mühafizə edir, 450 mülki iraqlının işlədiyi stansiyanın nəzarət-buraxılış məntəqələrində post-patrul xidmətini aparır.
Azərbaycan sülhməramlı bölüyünün strukturu 5 taqımdan, şəxsi heyəti  isə 14 zabit, 16 gizir, 120 çavuş və əsgər olmaqla cəmi 150 hərbi qulluqçudan ibarətdir. Ayrıca tibb məntəqəsi də təşkil olunub. Bu bölük Azərbaycan Silahlı Qüvvələrinin sülhməramlı əməliyyatlarda iştirak edən ən böyük bölməsi hesab olunur.
Ümumiyyətlə isə sülhməramlı əməliyyatlarda Azərbaycan Silahlı Qüvvələrinin 206 hərbi qulluqçusu iştirak edir.
Hazırda İraqda Çoxmillətli Qüvvələrin tərkibində 150, Kosovoda 34, Əfqanıstanda Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələrinin strukturunda isə 22 sülhməramlımız xidmət edir. Yaxın zamanlarda Əfqanıstandakı kontingentin sayının 2 dəfə artırılması nəzərdə tutulur.
 
Bu günün ordusu… Bu gün Azərbaycan Silahlı Qüvvələrinin quruculuğu prosesi prezident İlham Əliyev tərəfindən çox uğurla davam etdirilir. Ordumuz inkişaf, təkmilləşmə dövrünü yaşayır. Güclü ordumuz işğal olunmuş ərazilərimizi düşməndən azad etmək üçün hazırlaşır, ölkəmizin ərazi bütövlüyünü qorumağa qadir olduğunu sübut etməyə çalışır.
Silahlı Qüvvələrin yaradılmasının 90-cı ildönümü münasibətilə iyunun 26-da Bakının Azadlıq meydanında hərbi parad keçirildi. Hərbi paradda Silahlı Qüvvələrin bütün qoşun növləri, hərbi birlik və birləşmələri, hərbi tədris müəssisələri, həmçinin qanunvericilikdə nəzərdə tutulan başqa silahlı birləşmələrin 4510 nəfərlik şəxsi heyəti, 210 modernləşdirilmiş hərbi texnika, döyüş vertolyotları, təyyarələri, gəmiləri və qayıqlar iştirak edirdi.
Bu möhtəşəm tədbir Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev ideyalarına sədaqət və ehtiramının təntənəsi olmaqla yanaşı, Silahlı Qüvvələrimizin güc və qüdrətinin nümayişidir. On ildir ki, 26 iyun müstəqil Azərbaycanda ümumxalq bayramı kimi qeyd edilir. Bu günün tarixləşməsi də ümummilli liderimizin adı ilə bağlıdır. Prezident Heydər Əliyev 1998-ci il mayın 22-də imzaladığı Fərmanla tarixi həqiqətin və Milli Ordu quruculuğunda varislik ənənələrinin bərpası ilə bağlı çox böyük əhəmiyyətə malik bir addım atmışdır.
Parada tamaşa etmək üçün meydana toplaşanlar prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevi sürəkli alqışlarla qarşıladılar.
Müdafiə naziri, general-polkovnik Səfər Əbiyev Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə raport verdi.
Dövlətimizin başçısı, Ali Baş Komandan İlham Əliyev əsgərləri salamladı.
Müdafiə Nazirliyinin əlahiddə nümunəvi orkestri Azərbaycanın Dövlət himnini ifa etdi.
Prezident İlham Əliyev çıxışında xalqımızı Azərbaycan Ordusunun 90 illik yubileyi münasibətilə ürəkdən təbrik etdi. Dövlət başçısı Azərbaycan Milli Ordusunun yaranmasını tariximizdə çox əlamətdar bir hadisə adlandırdı. “1991-ci ildə Sovet İttifaqının dağılması nəticəsində Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdikdən sonra əlbəttə ki, Milli Ordunun yaranması çox vacib məsələ idi. Əfsuslar olsun ki, müstəqilliyimizin ilk illərində Azərbaycanda nizami ordu yarana bilmədi. Azərbaycanda ordu quruculuğu lazımi səviyyədə aparılmırdı. Yalnız Azərbaycan xalqının tələbi ilə ümummilli lider, ulu öndər Heydər Əliyev 1993-cü ildə Azərbaycan rəhbərliyinə qayıtdıqdan sonra ölkədə ordu quruculuğu prosesi başlandı”,-deyən prezident İlham Əliyev qısa müddət ərzində nizami ordunun yaranmasının mümkün olduğunu, bu gün ordunun güclənməsi üçün bütün lazımi tədbirlərin görüldüyünü, peşəkarlığın artdığını söylədi.
Azərbaycan Ordusunun ən yüksək standartlara cavab verdiyini diqqətə çatdıran dövlət başçısı hərbi hissələrdə tez-tez olduğunu, cəbhə bölgələrində, düşmənlə təmas xəttində dayanan əsgərlərlə səngərlərdə görüşdüyünü xüsusi qeyd etdi. “Tərtər, Ağdam, Füzuli rayonlarının ərazisində, cəbhə bölgələrində, digər bölgələrdə, Naxçıvanda və digər sərhəd bölgələrində zabitlərlə, əsgərlərlə görüşərkən bir daha görürəm ki, Azərbaycan Ordusunun səviyyəsi çox yüksəkdir. Ruh yüksəkliyinin artırılması, peşəkarlıq, müasir standartlara uyğunlaşma prosesi çox sürətlə gedir. Əlbəttə ki, biz bunu böyük qürur hissi ilə qeyd edirik”,-deyə prezident əlavə etdi.
Peşəkarlıqla yanaşı, ordunun maddi-texniki bazasının da möhkəmləndiyini nəzərə çatdıran Ali Baş Kamandan bu istiqamətdə son illər ərzində böyük işlər görüldüyünü vurğuladı. Azərbaycanın ümumi hərbi xərclərinin son beş il ərzində 10 dəfədən çox artdığını qeyd edən prezident İlham Əliyev bu gün həmin xərclərin 2 milyard dollardan da çox olduğunu söylədi. “Biz bu məbləği gələn illərdə artıracağıq.
Bəzi hallarda beynəlxalq aləmdə bizim siyasətimiz narahatlıq doğurur. Amma deyə bilərəm ki, bizim təkcə hərbi xərclərimiz artmır. Bütün başqa sahələrə qoyulan xərclər böyük dərəcədə artmışdır. Təkcə onu demək kifayətdir ki, son beş il ərzində Azərbaycanın dövlət büdcəsi 10 dəfədən çox artmışdır, 2003-cü ildə 1,3 milyard dollar idisə, 2008-ci ilin ümumi icmal büdcəsi 16 milyard dollara yaxındır. Yəni Azərbaycanın artan iqtisadi imkanları, bizim güclü iqtisadi potensialımızın yaradılması Azərbaycanın bütün sahələrdəki təşəbbüslərinə böyük dəstəkdir. Hərbi, səhiyyə, təhsil xərcləri artır, infrastruktur layihələri uğurla icra edilir”,-deyən dövlət başçısı Azərbaycanda çox müasir infrastrukturun yaradıldığını vurğuladı.
Azərbaycanın müharibə şəraitində yaşadığını, müharibənin isə hələ bitmədiyini önə çəkən dövlət başçısı əlavə etdi ki, hər an öz doğma torpaqlarımızı azad etməyə hazır olmalıyıq və məhz bu məqsədlə biz güclü ordu yaradırıq. O ölkələrdə, hansı ki, onların torpaqları işğal olunmayıb, bəlkə də ordu quruculuğuna o qədər də diqqət göstərilmir. Biz isə bu işğaldan 10 ildən çoxdur ki, əziyyət çəkirik. Azərbaycan öz torpaqlarının bir hissəsini müvəqqəti olaraq itiribdir. Belə olan halda, ordu quruculuğu, müdafiə potensialının möhkəmlənməsi və güclü ordunun yaranması dövlət üçün, hökumət üçün, hər bir vətəndaş üçün bir nömrəli vəzifədir. Biz bu istiqamətdə öz səylərimizi davam etdirəcəyik. Biz hər an hazır olmalıyıq ki, öz doğma torpaqlarımızı işğalçı qüvvələrdən hərbi yolla azad edək və bu məqsədlə nə lazımdır Azərbaycan dövləti edir.
Elvin XƏZƏR
URL / WWW
http://kelam.az/article/a-66.html