Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Məqalələr » Azərbaycanda qeyri-hökumət sektorunun inkişafı
06.04.12 16:46

Müstəqillik dövründə Azərbaycanda müxtəlif sahələrdə fəaliyyət göstərən ictimai birliklərdən, fondlardan və digər qeyri-hökumət təşkilatlarından ibarət qeyri-hökumət sektoru formalaşmışdır. Bu proseslərin təhlili göstərir ki, ölkəmizdə qeyri-hökumət təşkilatlarının təşəkkülü bir neçə mərhələdən keçmişdir.

İlkin mərhələ qeyri-hökumət təşkilatlarının yaranmasında sistemliliyin olmaması və pərakəndəliklə xarakterizə olunur. Bundan əlavə, dövlət tərəfindən qeyri-hökumət sektoruna münasibətdə ümumi yanaşma və prioritetlərin müəyyənləşməsi prosesi gedir.
1995-ci ildə Azərbaycan Respublikasının Konstitusiyası qəbul edildikdən sonra qeyri-hökumət təşkilatlarının keyfiyyət və kəmiyyət artımı, eyni zamanda fəaliyyət növləri üzrə diferensiasiyası baş verir. Vətəndaş cəmiyyətinin fəaliyyəti ilə əlaqədar müvafiq qanunvericilik bazası yaradılır. 2000-ci ildə "Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında" yeni qanun qəbul edilir. Qeyri-hökumət təşkilatları ilə bir sıra sahələrdə əməkdaşlıq həyata keçirilir, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı ilə birgə Qeyri-Hökumət Təşkilatlarının Təlim və Resurs Mərkəzi yaradılır.
Azərbaycanda ictimai həyatın demokratikləşməsinin əsas istiqamətlərindən biri vətəndaş cəmiyyəti institutlarının inkişaf etdirilməsidir. Ölkəmizin sürətli iqtisadi və sosial inkişafı vətəndaş cəmiyyətinin fəaliyyətinə kömək göstərilməsində dövlətin imkanlarını genişləndirir, qeyri-hökumət təşkilatlarını dəstəkləmək və təşviq etmək üçün dövlət siyasətinin təkmilləşdirilməsini şərtləndirir.
Qeyri-hökumət təşkilatlarına dövlət dəstəyinin məqsədləri cəmiyyətimizdə yeni münasibətlər modelinin formalaşdırılması, vətəndaş cəmiyyəti institutlarının müasirləşdirilməsi, vətəndaş təşəbbüsünün artırılması, milli maraqların qorunması sahəsində qeyri-hökumət təşkilatlarının fəaliyyətinin təşviq edilməsi, onların sosial əhəmiyyətli problemlərin həllinə cəlb olunması, dövlət və cəmiyyətin inkişafı üçün əhəmiyyət kəsb edən proqram və layihələrin maliyyələşdirilməsidir.
Müasir dövrdə Qeyri-Hökumət Təşkilatları vətəndaş cəmiyyəti quruculuğu və ölkənin demokratikləşməsi prosesinin vacib institutlarından birinə çevrilir. Belə şəraitdə dövlət orqanları ilə qeyri-hökumət sektorunun bərabərhüquqlu tərəfdaşlıq prinsipləri əsasında sıx əməkdaşlığı vətəndaş cəmiyyətinin inkişafı, demokratiyanın dərinləşməsi, qanunvericiliyin beynəlxalq standartlara uyğunlaşdırılması və milli maraqların qorunması üçün böyük əhəmiyyət kəsb edir.
Qeyri-Hökumət Təşkilatlarına məlumat dəstəyi qeyri-hökumət sektorunun sosial problemlərin həlli sahəsində fəaliyyətinin kütləvi informasiya vasitələrində işıqlandırılmasını, Azərbaycanda qeyri-hökumət sektorunun inkişafı haqqında xüsusi rubrikaların, tematik radio və televiziya verilişlərinin yaradılmasını nəzərdə tutur.
Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi Konsepsiyası qeyri-hökumət təşkilatları ilə bağlı dövlət siyasətinin istiqamətlərini, qeyri-hökumət təşkilatlarına dövlət dəstəyinin əsas prinsip və formalarını müəyyən edir. Konsepsiya, həmçinin Qeyri-Hökumət Təşkilatlarına dövlət dəstəyinin institusional mexanizmlərinin yaradılmasını, dövlət orqanları ilə vətəndaş cəmiyyəti institutlarının əməkdaşlığının təkmilləşdirilməsini, siyasi-hüquqi, vətəndaş mədəniyyətinin formalaşdırılmasında qeyri-hökumət təşkilatlarının iştirakını və vətəndaş cəmiyyəti institutlarının beynəlxalq əməkdaşlıq istiqamətlərini nəzərdə tutur.
Konsepsiya milli maraqların qorunması, Konstitusiyaya və qanunlara, dövlət rəmzlərinə hörmətin formalaşdırılması, eləcə də Azərbaycanın ərazi bütövlüyünün bərpası, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın mövqeyinin dünyada fəal şəkildə təqdim edilməsi, qaçqın və məcburi köçkünlərin hüquqlarının müdafiəsi, azərbaycançılıq ideyasının təbliğ edilməsi sahəsində qeyri-hökumət təşkilatlarının fəaliyyətinin təşviqini, ümumiyyətlə, dövlət və cəmiyyətin inkişafı üçün əhəmiyyət kəsb edən problemlərin həllinə qeyri-hökumət təşkilatlarının cəlb olunması və belə layihələr üzrə onlara məlumat, metodiki, təşkilati-texniki, maliyyə yardımının göstərilməsini prioritet kimi müəyyən edir.
Qeyri-Hökumət Təşkilatlarının fəaliyyətinin təhlili göstərir ki, hazırda müxtəlif istiqamətlər üzrə vətəndaş cəmiyyəti institutlarının kifayət qədər sabit qrupları formalaşmışdır. Ölkədə qaçqın, məcburi köçkün, əlil və veteranların problemlərinin həlli sahəsində 73, hüquq müdafiəsi ilə bağlı 121, uşaq və gənclərlə bağlı 191, gender məsələləri üzrə 79, səhiyyə yönümlü 68, ekologiya sahəsində 77, iqtisadi yönümlü 218, sahibkarlıqla bağlı 63, təhsil, elm və texnika sahəsində 176, jurnalistlərin problemləri ilə bağlı 43, mədəniyyət və incəsənətlə bağlı 113 və digər təşkilatlar dövlət qeydiyyatından keçmişdir.
Azərbaycanın regionlarında da QHT sektoru inkişaf etməkdədir. Hazırda Şəki şəhərində 43 Qeyri-Hökumət Təşkilatı fəaliyyət göstərir. Onların fəaliyyət sferaları müxtəlif olsa da, başlıca məqsədləri vətəndaş cəmiyyətinin inkişaf etdirilməsindən ibarətdir. Rayonda fəaliyyət göstərən QHT-lərin əksəriyyəti əsasən maarifçilik, eləcə də sosial sahədə bir sıra layihələrin həyata keçirilməsində yaxından iştirak edir.
Cari ilin ötən dövrü ərzində rayonda ictimai-siyasi təşkilatlar və dini qurumlarla, milli azlıqlar, etnik qruplar, aztəminatlı ailələr, qaçqın və məcburi köçkünlər və kütləvi informasiya vasitələri ilə qarşılıqlı işgüzar münasibətlər yaradılıb, səmərəli iş aparılıb.
URL / WWW
http://kelam.az/article/a-6491.html