Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Məqalələr » Paytaxt bələdiyyələri bu gün
27.05.12 16:46

Çoxsaylı problemlərlə üzləşən Azərbaycan bələdiyyəsi onillik fəaliyyəti dövründə bir sıra irəliləyişə və uğura imza ata bilib. Bu sahədə əsas nailiyyət yerli özünüidarəçilik sisteminin cəmiyyətdə idarəetmə strukturu kimi tanınması olub. Odur ki, artıq cəmiyyətin hər bir üzvündə mənasından asılı olmayaraq, bələdiyyələr haqqında bilgi formalaşıb. Ötən dövrün təhlili də göstərib ki, 10 il ərzində bələdiyyələr ərazilərində az da olsa konkret addım ata biliblər. Lakin bələdiyyə institutunun imkanlarını nəzərə alsaq, görərik ki, bu qurumların təmsilçiləri ötən illər ərzində daha çox iş görə bilərdilər. Bir şərtlə ki, qeyd olunan orqanların fəaliyyətinə müvafiq icra orqanları tərəfindən hər hansı maneələr yaradılmamış olsun.


Bürokratik əngəllər bələdiyyələrə mane olur


Mövzu ilə əlaqəli apardığımız tədqiqatlar zamanı bəzi məqamlar da bizə aydın olub. Bu bələdiyyələrdə əlavə müəssisələrin yaradılmasında bir sıra süni çətinliklərin yaradılmasıdır.
Binəqədi rayon M.Ə.Rəsulzadə bələdiyyəsi 2002-ci ildə kreditlə inşa etdirdiyi Asfalt zavodunu iki ildən sonra bağlamağa məcbur olub. Belə ki, əhaliyə güzəştli qiymətlə asfalt təklif edən bələdiyyə nəticədə işçilərinin əməkhaqqını verə bilməyib və müəssisə rentabellik qabiliyyətini itirib. Yəni büdcə təşkilatları tərəfindən müqavilə şərtlərinin yerinə yetirilməməsi müəssisənin debitor borclarını artırıb ki, bu da nəticədə müəssisənin bağlanma zərurətini yaradıb.
Nəsimi bələdiyyəsi aldığı “Qazel” markalı sərnişin mikroavtobusunu əhalinin istifadəsi üçün marşrut xəttinə buraxılmasında icra orqanının maneəsi ilə üzləşmək məcburiyyətində qaldığı üçün avtomobili bir müddət istifadədən sonra satışa çıxarıb.
Göründüyü kimi, bürokratik əngəllərin yaradılması bələdiyyələrə yerli büdcəyə əlavə maliyyə vəsaitinin cəlb etmək məqsədinin qarşısını alıb. Məhz elə bu səbəbdəndir ki, bir sıra bələdiyyələr müvafiq resurslara malik olsalar da əlavə xidmət sahəsini yaratmağa meylli olmurlar.
Digər bir səbəb bələdiyyənin göstərdiyi xidmətin bazarda rəqabət qabiliyyətli olmamasıdır. Belə ki, istər nəqliyyat sahəsində, istər kənd təsərrüfatı sahəsində bələdiyyənin təklif etdiyi xidmətin səviyyəsi fərdi müəssisələrin və ya dövlət orqanlarının təklif etdiyi xidmətlərlə rəqabətə davamlı olmur və bələdiyyənin bəzən bazar qiymətlərindən də aşağı qiymətlərlə təklifi vətəndaşlar tərəfindən qəbul olunmur.


Fəaliyyəti ilə seçilən bələdiyyələr də var 


Ötən dövr ərzində fəaliyyəti ilə seçilən və cəmiyyətdə müəyyən nüfuz sahibi olan bir sıra bələdiyyələr xidmət sahələri yaratmaqla, həm əhaliyə əlavə xidmət göstərməyi bacarıblar, həm də büdcə vəsaitlərini artırmaq istiqamətində iş görə biliblər. Bu istiqamətdə aparılan tədqiqatlar göstərir ki, 2002-ci illə müqayisədə 2005-ci ildə bələdiyyələrin xidmət sahələrinin saxlanmasına ayırdıqları vəsaitlərin ümumi büdcə xərclərində tutduğu yer 5,0 %-dən 9,5 %-dək artıb. Sonrakı illərdə artım səviyyəsi yüksələrək 14-15%-ə çatıb. Adıçəkilən sahədə fəaliyyət əsasən kommunal xidmət sahələrinin yaradılması ilə bağlı olub. Bütövlükdə, ümumi çəkilən xərcin yalnız 12-15 %-i isə məhz digər xidmət sahələrinin təşkilinə yönəlib.
Bələdiyyələr üzrə tanınmış ekspert Vüqar Tofiqlinin fikrincə, Bakının Səbail, Nərimanov, Nəsimi, M.Ə.Rəsulzadə, Biləcəri, Əmircan və Zabrat bələdiyyələri kommunal xidmət sahələri yaratmaqla bərabər digər xidmətlər də formalaşdıra biliblər: “Hazırda Səbail bələdiyyəsi Nəqliyyat xidməti yaratmaq məqsədilə müəssisə yaradaraq, müəssisənin fəaliyyəti üçün 8 “KamAZ” markalı yük avtomobili və 10 “Azsamand” markalı minik avtomobili alaraq icarəyə verib. Bələdiyyə bu prosesin reallaşdırılmasında müvafiq orqanların maneələri ilə üzləşsə də proqramı həyata keçirə bilib. Bunun nəticəsində də bu gün 20 nəfər işlə təmin olunub.
Nəsimi bələdiyyəsi isə əhaliyə mərasim xidmətinin göstərilməsi məqsədilə iki mərasim dəsti alaraq əhalinin istifadəsinə verib. Bununla həm bələdiyyə büdcəsinə əlavə vəsait cəlb olunub, həm də bir neçə nəfər işlə təmin edilib”.
Bu xidmət sahələrinin fəaliyyəti nəticəsində bələdiyyə büdcəsi xeyli gəlir əldə edib, əhali üçün daha az vəsaitə yüksək keyfiyyətli iş görülüb, həmçinin də bir neçə nəfər işlə təmin olunub.


Real vəziyyətdən çıxış yolu 


Ekspert Vüqar Tofiqli bələdiyyələrin maliyyə sıxıntılarından qurtulması və daha geniş xidmət sahələrində fəaliyyətləri üçün aşağıdakıları təklif edir:
Birincisi, paytaxtda və iri yaşayış məntəqələrində əhaliyə kommunal xidmətlərin göstərilməsinin bələdiyyələrə verilməsi məqsədəuyğun sayılmalıdır. Yəni bu gün istər paytaxtda, istərsə də regionlarda bələdiyyələr zibil tullantılarının daşınmasında iştirak edirlər. Qarşılığında isə əhalidən xidmət haqları müvafiq icra orqanı tərəfindən yığılır. Qeyd edilməlidir ki, icra orqanının topladığı vəsaitin xərclənməsində hər hansı şəffaflıq təmin olunmur. Yəni əhaliyə bu barədə məlumat verilmir. Nəzərə alsaq ki, kommunal xidmətlərin saxlanmasına külli miqdarda büdcə vəsaiti ayrılır. Bu istiqamətin bələdiyyələrə ayrılması məhz həmin büdcə vəsaitlərinin qənaətinə səbəb ola bilər. Sadəcə əsas məsələ bu məqamın qanunvericilik çərçivəsində həlli daha münasib sayıla bilər.
İkincisi, hazırda yerlərdə fəaliyyətdə olan tibb məntəqələrinin saxlanması və istifadəsinin bələdiyyələrə verilməsi də bələdiyyənin həm səlahiyyətinin artmasına, həm də vəsaitin daxil olmasına səbəb ola bilər. Yəni adı pulsuz, lakin bir çox hallarda pullu xidmət göstərən poliklinikalar və feldşer-mama məntəqələri bir sıra xidmətləri pullu göstərməklə yerli büdcəyə əlavə vəsait cəlb edə bilərlər. Nəzərə alsaq ki, bələdiyyə qanunvericiliyi buna imkan və şərait yaradır. “Bələdiyyələrin statusu haqqında” AR Qanununa görə, icra orqanı hər hansı səlahiyyəti bələdiyyəyə verərsə, onda həmin layihənin həcmində maliyyə vəsaiti də ayırmalıdır. Demək, qanunun bu məqamında konkretlik olsa, yəni bu məqama düzəliş edilərsə yerli büdcənin vəsaitləri də artmış ola bilər.  
Üçüncüsü, bu gün Azərbaycan ordusunun NATO standartlarına keçdiyini nəzərə alsaq və hərbi komissarlıqların ləğvinə diqqət yetirsək, onda fəaliyyəti ləğv olunan komissarlıqların bəzi qalan funksiya və səlahiyyəti bələdiyyələrə verilə bilər. Qeyd edək ki, xarici ölkə təcrübəsində artıq bu məqamlar öz əksini tapıb. Bu sıraya gənclərin informasiya məlumat bazasının, habelə əsgəri xidmətdən qayıtmış gənclərin işlə təmin olunması ilə bağlı məşğulluq məsələsinin bələdiyyələr tərəfindən həyata keçirilməsini də bura əlavə etmiş olsaq, onda həm bələdiyyənin səlahiyyətinin artırılması ilə yanaşı, əhaliyə müəyyən xidmətlərin göstərilməsini həyata keçirməklə yerli büdcə vəsaitlərinin artmasına şərait yaradacaq.   
Dördüncüsü, əhalinin marağında olan sahələrin inkişafı, doğum-ölüm və nikah proseslərinin hamısının bələdiyyələrə verilməsi də həyata keçirilə bilər. Qeyd edək ki, dünyanın hər yerində belədir. Bir çox Avropa və MDB ölkələrində adıçəkilən sahələr qanunvericilik qaydasında yerli orqanların səlahiyyətinə aid edilib. Bu səlahiyyətlər Azərbaycanda çox təəssüf ki, hansısa səbəblərdən digər qurumlara verilib. Fikrimizcə, VVAQ və bu sahəyə yaxın olan idarələr birbaşa bələdiyyələrin səlahiyyətində olmalıdır. Qeyd olunan sahələrin bələdiyyələrə verilməsi yerli orqanda əlavə xidmətin yaranması deməkdir.
Beşincisi, bələdiyyə müəssisələrinin yaradılmasında mövcud problemlərin aradan qaldırılması üçün ayrıca qanun layihəsinin hazırlanması və Milli Məclis tərəfindən qəbul edilməsi problemin bir dəfəlik aradan qaldırılmasına imkan verə bilər. Qanun layihəsində işçilərin sosial təminatından tutmuş, müəssisənin yaradılmasınadək bütün hüquqi tərəflər qanunda öz əksinin tapmalı və bu istiqamətdə mövcud olan maneələrin qarşısı qanuni yolla alınmalıdır.
Beləliklə, yerli özünüidarəetmə orqanı kimi bələdiyyələr tam fəaliyyət göstərməli və öz ərazisində yaşayan insanların problemlərini həll etməyə qadir olmalıdır. Bunun üçün yerli orqanın xidmət sahələri yaradılmalıdır. Lakin prosesin həyata keçirilməsi üçün bələdiyyələrə yuxarıda sadalanan həm əlavə səlahiyyətlər, həm də maliyyə istiqamətləri verilməlidir. Belə olan halda Azərbaycan bələdiyyələri yerli əhəmiyyətli məsələləri müstəqil və sərbəst həll etməklə müəyyən nüfuz sahibi ola biləcəklər.    
Qeyd edək ki, bu araşdırma Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının layihəsi əsasında hazırlanıb.


“İntellekt Araşdırmalar Mərkəzi”
İctimai Birliyi
URL / WWW
http://kelam.az/article/a-6490.html