Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Məqalələr » Bələdiyyə və korrupsiya
23.05.12 16:46

Ölkəmizdə bələdiyyə institutunun yaradılma tarixi çox yaxın zamanlara təsadüf edir. Azərbaycan müstəqilliyini əldə etdikdən sonra, ideoloji təzyiqlərdən də azad oldu və sürətlə demokratik ənənələri, idarəetmə formalarını ölkədə tətbiq etməyə başladı. Bələdiyyələr 500 nəfərdən az əhalisi olan yerlərdən tutmuş, 300000 nəfərə qədər  əhalisi olan yerlərdə yaradılır. 300 min nəfərdən çox əhaliyə malik olan şəhərlərdə şəhərin inzibati bölgüsünə görə birdən çox bələdiyyə yaradıla bilir. Məsələn, Bakı şəhərində hər rayonun ərazisində bir neçə bələdiyyə yaradılıb. İdarəetmədə demokratiya göstəricisi olan bələdiyyə sisteminin peşəkar və şəffaf qurulması ölkədə aparılan iqtisadi islahatlara da öz təsirini göstərir. Bununla belə bəzən bələdiyyələrin hüquqi səriştəsizliyi və yaxud da zəif kadr potensialı ölkənin ümumi iqtisadi inkişafına mane olur. Sirr deyil ki, bu gün bələdiyyələr mülkiyyətində olan əmlakdan qanun çərçivəsində və daha çox vətəndaşların mənafeyinə uyğun istifadə edə bilmirlər. Bu da haqlı olaraq bələdiyyələr haqqında mənfi imicin formalaşmasına gətirib çıxarır.


Bələdiyyələrlə bağlı 20-dən çox qanun qəbul edilib


Bu istiqamətdə ən mühüm addım 1995-ci ildə Konstitusiyanın qəbulu ilə atıldı. 1995-ci il Konstitusiyası qəbul edilməklə ölkədə yerli özünüidarəetmənin bələdiyyələr vasitəsi ilə həyata keçiriləcəyi prinsipi qəbul edildi. Konstitusiyanın 4-cü bölümü “Yerli özünüidarə” başlığı, IX Fəsli isə “Bələdiyyələr” yarım başlığı daşımaqdadır. 142-ci maddədə açıqca yerli özünüidarənin bələdiyyələr vasitəsi ilə həyata keçirildiyi qeyd edilib. 1995-ci ildə Konstitusiya qəbul edildiyi zaman “keçid müddəaları” qəbul edildi. Keçid müddəalarının 7-ci bəndinə görə Konstitusiya qüvvəyə mindikdən sonra iki il müddətinə ölkədə yerli özünüidarə haqqında qanun qəbul edilməli və bələdiyyələrə seçkilər keçirilməli idi. Lakin Konstitusiyanın bu müddəası bir qədər pozularaq 4 il sonra bələdiyyələr təşkil edildi və 1999-cu il dekabr ayının 12-də ilk bələdiyyə seçkiləri keçirildi. 1999-cu ildə keçirilən seçkilərdə 2667 bələdiyyəyə bəldiyyə üzvü seçilib.  Bu onu göstərir ki, ölkədə irili-xırdalı 2667 bələdiyyə mövcud oldu.
Bələdiyyələrin fəaliyyətinin tənzimlənməsi üçün bu günə qədər 20-dən çox qanun, əsasnamə və s. qanunvericilik aktı qəbul edilib. Bunların başında “Bələdiyyələrin statusu haqqında”, “Bəldiyyənin maliyyə əsasları haqqında”, “Bəldiyyə suları haqqında”, “Bəldiyyə torpaqlarının idarə olunması haqqında”, “Bəldiyyə qulluğu haqqında”, “Yerli rəy sorğusu haqqında”, “Bəldiyyə üzvünün statusu haqqında”, “Bələdiyyə mülkiyyətinə əmlakın verilməsi haqqında” qanunları, Məhəllə komitələri haqqında Əsasnaməni, o cümlədən digər qanun və aktları göstərmək mümkündür. 


Bələdiyyələr qanunvericiliyi kobud şəkildə pozur


Araşdırmalar nəticəsində bir sıra bələdiyyələr tərəfindən qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması, torpaqların qanunsuz dövriyyədən çıxarılıb və yaxud hərrac qaydalarına riayət edilmədən, bazar qiyməti nəzərə alınmadan mülkiyyətə, icarəyə verilməsi, sənədlərin saxtalaşdırılması və digər ciddi hüquqpozmalar aşkar edilib. Son illərdə Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin hesabatı da sübut edir. 
Bu günlərdə Bakı şəhər Binə bələdiyyəsi ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinə daxil olmuş müraciəti ilə bağlı əməliyyat tədbirləri yuxarıda sadaladıqlarımıza əyani misaldır. Belə ki, 29 mart 2012-ci il tarixdə bələdiyyə sədri Babaxan İsayev öz xidməti otağında müavini Əlisa Panayevlə birgə satılan torpaq sahəsi üçün vətəndaşdan 4.400 manat pulu rüşvət kimi qəbul edib, onun tanışının adına fərdi ev tikmək üçün 0,07 ha torpaq sahəsinin ayrılması barədə Hövsan südçülük sovxozunun direktorunun adından verilmiş 9 dekabr 2000-ci il tarixli saxta əmrdən çıxarışı təqdim edən zaman cinayət başında yaxalanıb. Adı çəkilən şəxslərin yaşadıqları ünvanda, Binə bələdiyyəsinin inzibati binasında və onların istifadəsində olan digər saxlanc yerlərində aparılmış axtarış zamanı üzərinə Binə qəsəbə nümayəndəliyinin və digər təşkilatların möhür və ştampları vurulmuş boş blanklar, habelə Bakı şəhəri "Su təsərrüfatı" kiçik müəssisəsinin, 1 ¹-li mənzil-tikinti kooperativinin və ayrı-ayrı dövlət orqanlarına məxsus möhür və ştamplar aşkar edilərək götürülüb. Törətdikləri cinayət əməllərinə görə Babaxan İsayev və Əlisa Panayevə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən rüşvət almağa görə cinayət məsuliyyəti nəzərdə tutan Cinayət Məcəlləsinin 311.3.1-ci maddəsi ilə ittiham elan olunaraq barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Digər cinayət işi Xaçmaz rayon Köhnə Xaçmaz kənd bələdiyyəsinin sədri İsrafilov Rəhman Gülağa oğlunun qanunsuz hərəkətləri barədə rayon sakininin Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin “161 – qaynar xətt” əlaqə mərkəzinə daxil olmuş müraciəti əsasında Cinayət Məcəlləsinin 311.1-ci maddəsi ilə başlanıb.
Belə ki, Rəhman İsrafilov Köhnə Xaçmaz kənd bələdiyyəsinin sədri işləyərkən həmin kənd sakininin istifadəsində olan 0,06 hektar torpaq sahəsinin, eləcə də həmin sakinin yaşadığı evin qarşısındakı 0,03 hektar torpaq sahəsinin qardaşının adına rəsmiləşdirilməsinə görə vətəndaşdan 1.700 ABŞ dolları məbləğində rüşvət tələb edib.
Bundan sonra o, həmin puldan 500 ABŞ dollarını almaqla, cinayət əməlini davam etdirərək 2012-ci il mayın 14-də tələb etdiyi məbləğin qalan 1.200 ABŞ dollarını xidməti otağında rüşvət kimi alarkən cinayət başında yaxalanıb.
R.İsrafilov təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Göründüyü kimi, bələdiyyələrdə korrupsiya halları, dövlət əmlakına və xüsusən də vətəndaşa - seçiciyə qarşı laqeyidlik həm də ikincinin haqqını tələb etməməsi, bələdiyyə fəaliyyətinə maraq göstərməməsi ilə bağlıdır. Adətən kənd rayonlarında vətəndaşlar bələdiyyə qanunvericiliyindən xəbərsizdirlər. Bələdiyyələr isə vətəndaşın bu məlumatsızlığından sui-istifadə hallarına yol verir. Bələdiyyə iclaslarında əhalinin ən azı ziyalı təbəqəsinin iştirakı təmin olunmur, bələdiyyələr fəaliyyətində şəffaflığı təmin etmək üçün seçicilərə hesabat vermir, əhalinin bələdiyyələrin qərar vermə prosesində iştirakı təmin edilmir, əhalinin ehtiyaclarının öyrənilməsi üçün yerli rəy sorğuları keçirilmir və s.  Bu da “Korrupsiyaya qarşı mübarizə haqqında” AR Qanununda təsbit olunmuş hüquqpozmalara gətirib çıxarır: “Fiziki və ya hüquqi şəxslərə hüquqlarının və qanuni mənafelərinin həyata keçirilməsində süni manelər yaratmaq” (Maddə 9.3.12)
Azərbaycan Prezidentinin "Dövlət və bələdiyyə əmlakının və vəsaitlərinin idarə olunması sahəsində korrupsiya ilə əlaqədar hüquqpozmalara qarşı mübarizənin gücləndirilməsi haqqında" 2009-cu il 22 iyun tarixli Fərmanı problemin bir daha ciddiliyindən xəbər verir.


Korrupsiyaya qarşı mübarizə 


Korrupsiyaya qarşı mübarizə sahəsində Azərbaycan Respublikasının strateji kursunun əsaslarının müəyyən olunması hələ Azərbaycan Respublikası Prezidentinin “Cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsi tədbirləri haqqında” 1994-cü il 9 avqust tarixli Fərmanının qəbul edilməsi ilə başlanılmışdır.
“Azərbaycan Respublikasında korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair” 2000-ci il 8 iyun tarixli Fərmanında strateji kursun müəyyən edilmişdir. Həmin kursa əsasən Azərbaycan Respublikası korrupsiyaya qarşı mübarizə ilə bağlı bir neçə beynəlxalq sənədə, o cümlədən Avropa Şurasının “Korrupsiya ilə əlaqədar cinayət məsuliyyəti haqqında”, “Korrupsiya ilə əlaqədar mülki-hüquqi məsuliyyət haqqında” və Birləşmiş Millətlər Təşkilatının “Transmilli mütəşəkkil cinayətkarlığa qarşı” konvensiyalarına, həmçinin “Korrupsiyaya qarşı Birləşmiş Millətlər Təşkilatının Konvensiyası”na qoşulmuşdur.
2004-cü il yanvarın 13-də “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir. ”Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2004-cü il martın 3-də Azərbaycan Respublikası Prezidentinin Sərəncamı imzalanmışdır.


Bələdiyyələr necə güclənə bilər?


Bələdiyyələrin fəaliyyətinin bir hissəsini təşkil edən yerli sosial müdafiə və sosial inkişaf proqramlarında, iqtisadi inkişaf proqramlarında və ekoloji proqramlarda əsas ağırlığın dövlət orqanlarında olduğu, bələdiyyələrin isə dövlət orqanlarının yanında və ya onlara əlavə olaraq bu işləri görə biləcəyi açıqca qanunla tənzimlənir. Digər tərəfdən, qanunla qurulan və əvvəllər heç bir mülkiyyəti olmayan bələdiyyələrin iqtisadi və maliyyə gücü olmadan hansısa sosial, iqtisadi və yaxud, ekoloji problemləri həll edəcəyini fikirləşmək sadəlöhvlük olar.
Bələdiyyələrin bu problemləri həll edəcək qədər gücü olması üçün, səlahiyyətləri qanunda açıq göstərilməli, qanuni gəlir mənbələri genişlədilməli, dövlət büdcəsindən böyük miqdarda qanuni paylar ayrılmalıdır.
Bələdiyyələrin inkişaf etməsi üçün özəlliklə xidmət sektorundan dövlət tamamilə çəkilməlidir. Dövlət klassik dövlət fəaliyyətləri ilə məşğul olmalı, xdmət sektorunu bələdiyyələrə və digər özəl qurumlara verməlidir.
Azərbaycanda bələdiyyələrin qurulmasından 10 ilə yaxın vaxt keçməsinə baxmayaraq, bir çox bələdiyyə öz fəaliyyətini qurmaq üçün yerləşəcək bir ofisə belə sahib deyil. Maliyyə problemləri nəticəsində xırda məsələlər belə həll edilməmiş qalır.
Bələdiyyələrin büdcələrində vəsait olması üçün, əvvəlcə onun səlahiyyətlərinin sərhədi açıq müəyyənləşdirilməlidir. Bələdiyyələrin fəaliyyət sahəsinə girən məsələlərdən dövlət əl çəkməlidir. Məsələn, şəhər bələdiyyələrinin gəlirini təşkil edə biləcək önəmli mənbələr bələdiyyələrə verilməlidir. Şəhərdaxili nəqliyyatın təşkili (bura hər cür nəqliyyat növü daxildir) sərnişin və yük terminallarının tikilməsi və istifadəsi, icarəsi, su kanalizasiya xidmətlərinin təşkili, hər növ qaz, istilik sistemi xidmətlərinin təşkili və ya fəaliyyətinə izn verilməsi, yanğınsöndürmə xidmətlərinin təşkili, şəhərdaxili meydanların, yolların, küçələrin təmiri, istifadəsinin təşkili və nəzarət, şəhərdaxili ticarətin tənzimlənməsi, şəhərin memarlıq işləri, inşaat izni vermə və başqa bu kimi bütün xidmət sahəsi bütünlüklə bələdiyyələrin səlahiyyətində olmalıdır.
Qeyd edək ki, bu araşdırma Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının layihəsi əsasında hazırlanıb.


“İntellekt Araşdırmalar Mərkəzi”
İctimai Birliyi
URL / WWW
http://kelam.az/article/a-6487.html