Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Prezident Bakı Funikulyorunun əsaslı təmirdən sonra açılış mərasimində iştirak edib
25.05.12 02:24

Bu gün Bakı Funikulyoru əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilib. “KƏLAMİNFO” xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva açılış mərasimində iştirak edib.

Bakı Funikulyoru müxtəlif vaxtlarda bir neçə dəfə təmir edilib. Prezident İlham Əliyevin göstərişinə əsasən ötən il Bakı Funikulyorunun əsaslı şəkildə təmiri və yenidən qurulması işlərinə başlanılıb. Funikulyorun yeni layihəsi ən müasir standartlar əsasında işlənib hazırlanıb. Təmir və yenidənqurma işləri yüksək keyfiyyətlə həyata keçirilib.
Dövlət başçısı Bakı Funikulyorunun açılışını bildirən lenti kəsib. Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Bakı Funikulyorunun əsaslı təmir və yenidənqurmadan sonrakı vəziyyəti ilə yaxından tanış olublar.
Görülən işlərlə bağlı dövlət başçısına məlumat verilib. Funikulyor mayın 29-dək paytaxt sakinlərinə və şəhərimizin qonaqlarına pulsuz xidmət göstərəcək.Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva funikulyorla yuxarı stansiyaya qalxıblar.
Bakı Funikulyoru ilə tanışlıqdan sonra dövlət başçısı və xanımı Azneft döngəsində, Mikayıl Hüseynov küçəsində inşa olunan yeraltı piyada keçidinin açılışında iştirak ediblər. Azərbaycan Prezidenti keçidin açılışını bildirən lenti kəsib.
Nəqliyyat naziri Ziya Məmmədov yeraltı piyada keçidinin texniki göstəriciləri barədə dövlət başçısına məlumat verib. Uzunluğu 54, eni 6 metr olan yeraltı keçid Bəhram Gur abidəsi tərəfdən Dənizkənarı Milli parka və yeni inşa olunan Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi istiqamətinə keçən piyadaların rahat gediş-gəlişinin təmin edilməsinə xidmət göstərəcək. Azərbaycan Prezidenti və xanımı yeni piyada keçidi ilə tanış olublar.
Sonra prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Dənizkənarı Milli Parkda xüsusi memarlıq üslubunda inşa olunan Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin fasadına baxıblar.
 Dövlət başçısı və xanımı Dənizkənarı Milli Parkın “Venesiya” adlanan ərazisində həyata keçirilən abadlıq və quruculuq işlərinin gedişi ilə maraqlanıblar.
Dənizkənarı Milli Parka xüsusi gözəllik verən bu ərazidə abadlıq və quruculuq işlərinin ən yüksək standartlara uyğun şəkildə həyata keçirildiyi bildirilib. Burada əhalinin istirahəti üçün hər cür şəraitin yaradılacağı qeyd edilib.
Daha sonra Azərbaycan Prezidenti və xanımı Dənizkənarı Milli Parkın Dövlət Bayrağı Meydanına qədər olan hissəsinə baxıblar.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Dövlət Bayrağı Meydanının yaxınlığında tikilib istifadəyə verilən yeni iaşə obyektləri ilə də tanış olublar.
URL / WWW
http://kelam.az/article/a-6415.html