Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Müsahibələr » "Azərbaycan xalqına qarşı ağır cinayətlər törədən şəxslər mütləq cəzalarını almalıdır"
22.01.10 15:33

Qüdrət Həsənquliyevin fikrincə, həmin şəxslərə qiyabi də olsa müvafiq hökmlər çıxarılmalıdır

Məlum olduğu kimi, bu ilin payızında Azərbaycanda növbəti parlament seçkiləri keçiriləcək. Artıq bir sıra siyasi qüvvələr və müstəqil namizədlər seçkilərdə iştirak edəcəklərini bəyan ediblər. Bununla yanaşı, bəzi şəxslər Milli Məclisdəki deputat yerlərinin artırılması təklifi ilə çıxış etməkdədirlər. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev də bu təklifi dəstəkləyir:

- Hesab edirəm ki, Milli Məclisdə deputat yerlərinin sayının artırılmasına ehtiyac var. Hələ bir müddət öncə bizim partiya Konstitusiyaya əlavələr və dəyişikliklərin edilməsi ilə bağlı təklif vermişdi. Orada da nəzərdə tuturduq ki, parlamentdə deputat yerlərinin sayı ən azı 150-yə çatdırılsın. Eyni zamanda, parlamentdə fraksiya yaratmaq üçün tələb olunan say 25-dən 10-a endirilsin və bu, birbaşa Konstitusiyada öz əksini tapsın. Xatırladım ki, qonşu Gürcüstanın Konstitusiyasında belə bir müddəa mövcuddur...

- Siz necə hesab edirsiniz, ümumiyyətlə, Azərbaycanda yenidən Konstitusiya islahatlarına - özü də yaxın zamanlarda - ehtiyac varmı?

- Bəli, mən bu gün də o fikrimdə qalıram ki, Azərbaycanda növbəti Konstitusiya islahatları həyata keçirilməlidir. Hətta Konstitusiyaya dəyişikliklərlə bağlı referendum keçirilməsə belə, bunu əlavələr yoluyla həyata keçirmək mümkündür. Bu islahatlar da nədən ibarət ola bilər? Məsələn, Azərbaycanda baş nazirin səlahiyyətinin və statusunun müəyyənləşdirilməsi məsələsini həll etmək olar. Bu gün Azərbaycanda faktiki surətdə baş nazirin səlahiyyətlərini müəyyənləşdirən konstitusion norma yoxdur. Onun təyinatı ilə bağlı prosedur qaydalar var, amma baş nazir hansı məsələləri həll edir, bu, dəqiqləşdirilməyib. Hesab edirəm ki, baş nazir hökumətin formalaşdırılmasında yaxından iştirak etməlidir. Bundan başqa, Konstitusiya qanunu yoluyla məhkəmə islahatları da həyata keçirmək mümkündür. Bunun üçün də biz təklif etmişik ki, Məhkəmə-Hüquq Şurasının statusu Konstitusiya yoluyla müəyyən olunsun. Əgər bu şura hakimlərin özünüidarə orqanıdırsa, hakimləri seçib yerləşdirirsə, müstəqil olmalıdır. Bu qurumun üzvlərinin ən azı 2/3-si hakimlərdən ibarət olmalıdır. Digər bir hissəsi - ən azı 50 faizi fəaliyyətdə olan hakimlərdən təşkil edilməlidir. Özü də şuranın üzvləri ömürlük təyin olunmalıdırlar. Hesab edirəm ki, bu yöndə islahatları həyata keçirə bilsək, doğrudan da, bu, ölkədə siyasi islahatların yeni mərhələsi ola bilər. Bu islahatları həyata keçirmədən - məhkəmə hakimiyyətinin tam müstəqilliyinə nail olmadan, Nazirlər Kabinetinin səlahiyyətlərini genişləndirmədən indikindən daha ciddi, müsbət dəyişikliklərə nail olmaq çətin olacaq. Mütləq bu islahatları aparmaq lazımdır.


- Yeri gəlmişkən, qarşıdan növbəti parlament seçkiləri gəlir. Partiyanız bu seçkilərdə iştirak etmək fikrindədirmi? Eyni zamanda, bu seçkilərə hansı formada qatılmaq niyyətindədir?

- Bəli, biz növbəti parlament seçkilərində də iştirak etmək niyyətindəyik. Elə 2010-cu ilin ilk iş günü partiya olaraq bu yöndə qərar qəbul etmişik və bu istiqamətdə də artıq işlərə başlanılıb.


- Ədalət Partiyası ilə əməkdaşlıq məsələsi nə yerdədir?

- Mətbuatda belə bir məlumat getdi ki, guya bunu mən təklif etmişəm. Mənim belə bir təklifim olmamışdı. Mən demişdim ki, Təkamül Partiyası ilə bir yerdəyik, başqa partiyalarla da ikitərəfli müqavilələrimiz mövcuddur. Amma digər partiyalarla da seçki ərəfəsi bu məsələləri müzakirə edə bilərik və edəcəyik. O cümlədən bu məsələdə Ədalət Partiyasını da istisna etmirəm. Əməkdaşlıqla bağlı bizim tərəfimizdən hər hansı bir problem yoxdur. Sadəcə, mətbuatda bir az qeyri-dəqiqliyə yol verilmişdi ki, guya mən belə bir təşəbbüslə çıxış etmişəm... Biz İlyas müəllimlə parlamentdə əməkdaşlıq edirik, amma partiyalararası hər hansı bir rəsmi sazişimiz yoxdur.


- Onu da qeyd edək ki, qarşıdan, eyni zamanda, parlamentin yaz sessiyası gəlir. Bu baxımdan, partiyanızın, şəxsən sizin özünüzün bu sessiyanın gündəliyi, qanunvericilik işləri planı ilə bağlı konkret təklifləriniz varmı?

- Var. Mən belə hesab edirəm ki, nəhayət, 20 Yanvar faciəsinin və Xocalı soyqırımının törədilməsində iştirak etmiş şəxslərin tutulub gətirilməsi, bu mümkün olmasa, onların zərərsizləşdirilməsi ilə bağlı qanun layihəsi qəbul olunmalıdır. Odur ki, biz bu təkliflə fevral ayında parlamentin ilk iclasında çıxış edəcəyik.


- Sizcə bu hadisələrdə, faciələrdə iştirakı olmuş qatı cinayətkarları zərərsizləşdirmək necə mümkün olacaq və yaxud ola bilər?

- Dünyanın bir çox ölkəsində belə bir təcrübə var ki, dövlət onun milli təhlükəsizliyinə zərbə vurmuş, dinc insanları qətlə yetirmiş, kütləvi terror hadisələri törətmiş şəxsləri harada olmasından asılı olmayaraq, tutulub gətirilməsini, ədalət mühakiməsi qarşısında cavab verməsini təmin edir. Bu olmadıqda isə onları bir terrorçu, bəşəriyyət əleyhinə cinayət törətmiş şəxslər kimi zərərsizləşdirir. Hesab edirəm ki, Azərbaycan da bu təcrübədən yararlana bilər. Odur ki, bu yöndə mütləq qanun qəbul etmək lazımdır.


- Məsələn, Xocalı faciəsində birbaşa rolu olmuş, bu gün isə Ermənistana rəhbərlik edən qatı cinayətkar Sery Sarkisyanın tutulub gətirilməsi və yaxud zərərsizləşdirilməsi indiki reallıqlar şəraitində mümkündürmü?

- Bilirsiniz, bunun üçün Azərbaycanın müvafiq məhkəmə instansiyaları həmin şəxsi və digər şəxsləri Xocalı soyqırımının, 20 Yanvar faciəsinin törədilməsində günahkar bilməlidir. Eyni zamanda, bu yöndə məhkəmənin hökmü olmalı və onların məhkəmə qaydasında cinayətləri təsdiq edilməlidir. Biz artıq 20 Yanvar faciəsinin 20-ci ildönümünü, Xocalı faciəsinin 18-ci ildönümünü keçirməyə hazırlaşırıq. Ancaq çox təəssüf ki, bu günə qədər də Azərbaycanda bu yöndə açıq məhkəmə iclası keçirilməyib. Buna çox böyük ehtiyac var və hesab edirəm ki, həmin cinayətkarlara qiyabi də olsa müvafiq hökmlər çıxarılmalıdır. Bundan sonra isə artıq onlarla bağlı hökmün icrasını müvafiq qurumlar təmin etməlidirlər. Hesab edirəm ki, Azərbaycan xalqına qarşı bu ağır cinayətləri törədən şəxslər mütləq cəzalarını almalıdır. Xatırlayırsınızsa, İsraildə təyyarənin partladılmasında iştirak etmiş şəxslərin dairəsi müəyyənləşdirildi və bundan sonra İsrailin xüsusi xidmət orqanları, demək olar ki, səhv etmirəmsə, bir nəfər istisna olmaqla, bu terroru törətmiş şəxslərin hamısını cəzalandırdı. Dünyada bu praktika var. Rusiya da bunu edib, ABŞ da. Onlar ayrı-ayrı dövlətlərin ərazisində gizlənmiş cinayətkarları, ağır cinayətlər törətmiş şəxsləri tutub aparırlar, cəzalandırırlar. Yəni müvafiq qanun qəbul edib, bizim xüsusi xidmət orqanlarına, güc strukturlarına səlahiyyət verməliyik ki, nəhayət, onlar bu ədaləti bərpa etsinlər. Bir sözlə, o cür ağır cinayət törətmiş şəxslər məsuliyyətdən kənarda qalmasınlar.
URL / WWW
http://kelam.az/article/a-636.html