Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Məqalələr » Bakıda və Abşeronda ekoloji vəziyyət
07.04.12 19:27

Ölkə əhalisinin təqribən 40%-i və sənaye potensialnın 70%-i Abşeron yarımadasında cəmləşdiyindən respublikada həlli vacib olan ekoloji problemlərin əksər hissəsi bu ərazidə mövcuddur. Abşeron yarımadasının başlıca problemlərindən biri torpaqların çirklənməsi ilə bağlıdır. Ümumi sahəsi 222 min hektar olan Abşeron yarımadasının yararsız torpaqlarının ümumi sahəsi – 33,3 min ha, o cümlədən neftlə çirklənmiş torpaqların sahəsi - 10 min ha qədər təşkil edir.

Ekoloji problemləri yaradan əsas səbəblər uzun illər ərzində neft-qaz hasilatı və qazma işləri zamanı torpaqların neft və lay suları ilə çirkləndirilməsi, lay sularının idarə olunmaması səbəbindən neftlə çirklənmiş süni göllərin və gölməçələrin əmələ gəlməsi, neft emalı zamanı əmələ gələn tullantların ərazilərdə toplanmasından ibarətdir.
Digər ekoloji problem kanalizasiya sistemlərinin vəziyyəti ilə əlaqədardır. Bakı şəhəri ərazisində  2008-ci il ərzində təqribən 536 mln m3  həcmində tullantı suları formalaşmışdır ki, bundan da 144,5 mln m3  tullantı suları təmizlənmədən dənizə və daxili su hövzələrinə axıdılıb.
Tullantı suları ilə birlikdə su hövzələrinə neft məhsulları, asılı maddələr, sulfat birləşmələri, xlorid duzları, səthi aktiv maddələr, fenol və müxtəlif ağır metallar  atılır.


Ciddi ekoloji problem:
bərk tullantıların idarə olunması


Bakı şəhəri və Abşeron yarımadasının ən ciddi ekoloji problemlərindən biri də bərk tullantıların idarə olunması ilə bağlıdır. Yarımadada olan 5 məişət tullantıları poliqonunun ümumi sahəsi- 232,5 ha-dır. Qeyri-qanuni zibilliklərin sahəsi isə 448,6 ha-dır ki, bunların da sayı 128-dir.
Rəsmi fəaliyyət göstərən poliqonlar ekoloji norma və standartlara cavab vermir. Belə ki, poliqonların əraziləri hasara alınmamış və nəzarət təşkil olunmamışdır, tullantılar boşaldılandan sonra torpaq qatı ilə örtülərək basdırılmır. Çeşidlənmə aparılmadığından təhlükəli və bir sıra sənaye tullantıları məişət tullantıları ilə birlikdə poliqonda yerləşdirilir. Aidiyyəti qurumlar tərəfindən Balaxanı tullantı poliqonunun vəziyyətinin yaxşılaşdırılması istiqamətində müəyyən tədbirlərin görülməsinə başlanmışdır.
Civə üsulu ilə kaustik soda və xlor istehsalı zamanı əmələ gələn təhlükəli tullantılar  Sumqayıt şəhərində və ümumilikdə Abşeron yarımadasında böyük ekoloji problemlər yaradan amillərdən biri idi. Lakin son zamanlar görülmüş tədbirlər nəticəsində bu problemin həllinə nail olunmuşdur.


Atmosfer havasının çirklənməsi


Atmosfer havasının çirklənməsi də Bakının əsas ekoloji problemlərdən biridir. Son illər əsasən köhnə avtomobillərin hesabına nəqliyyat vasitələrinin sayının artması, poliqonlarda tullantıların yandırılması səbəbindən atmosfer havasına atılan zərərli maddələrin miqdarının artması atmosfer havasının çirkləndirməklə ətraf mühit və insanların sağlamlığı üçün ciddi təhlükə yaradır. Respublika üzrə 2008-ci ildə atmosferə 923 min ton zərərli maddələr atılmışdır ki, bunun da 281 min tonu sənayenin, 642 min tonu isə avtonəqliyyatın payına düşüb. Bakı şəhəri üzrə isə atmosferə atılan tullantıların  451,8 min tonu avtonəqliyyatın payına, 194,5 min tonu isə stasionar mənbələrin payına düşüb.
Abşeron yarımadasında ümumi sahəsi 3325 ha qədər olan 200-dən artıq göl mövcuddur. Bu  göllərə il ərzində 41,5 mln. m3 çirkab sular axıdılır. Bu göllərin ətraf mühitə təsiri torpaqların deqradasiyaya uğraması və şoranlaşmasından, səviyyənin qalxması nəticəsində əlavə torpaq sahələrinin su altında qalmasından, buxarlanma nəticəsində karbohidrogenlər və digər zərərli maddələrin atmosferə atılmasından, yaşayış məntəqələrinə, müəssisələrinə, yollar və digər kommunikasiya xətlərinə xələl yetirilməsindən ibarətdir.
Daha çox çirklənməyə məruz qalmış göllər - Böyük Şor, Bülbülə, Qırmızıgöl, Hacı Həsən və Çuxurdərə gölləridir.


Neft və neft məhsulları ilə ən çirklənmiş
torpaq  sahələri


Abşeronun neft və neft məhsulları ilə ən çox çirklənmiş torpaq  sahələri Qaradağ, Binəqədi, Sabunçu, Suraxanı, Əzizbəyov və Səbail rayonlarının    ərazilərindədir.
Abşeron yarımadasının digər gərgin ekoloji sahəsi Bakı buxtasıdır. Ümumi sahəsi 50 km2, sahil xəttininin uzunluğu 20 km olan buxtanın çirklənməsi öz növbəsində dənizin çirklənməsi, biomüxtəlifliyinin azalması və antisanitar vəziyyətin yaranması ilə nəticələnir.
Suraxanı rayonundakı Bakı Yod Zavodunun ərazisində yığılaraq qalaqlanmış tullantılar daş hasar vasitəsilə ətraf mühitdən təcrid olunmuş və  onların zərərsizləşdirilməsi istiqamətində müvafiq qurumlar tərəfindən tədbirlər həyata keçirilir.
Abşeronun digər əraziləri isə ekoloji cəhətdən qənabəxş hesab edilir. 
Azərbaycan Dövlət Neft Şirkəti tərəfindən neftlə çirklənmiş torpaqların təmizlənməsi istiqamətində pilot layihələr həyata keçirilir. Köhnə neft mədəni olan və neft tullantıları ilə çirklənmiş Bibiheybət ərazisində aparılmış rekultivasiya işləri nəticəsində torpaqlar təmizlənmiş və ərazinin yaşıllaşdırılması tədbirləri həyata keçirilmişdir.


Ekoloji vəziyyətin yaxşılaşdırılması
sahəsində görülən işlər


Regiondakı mövcud ekoloji problemlərin planlı surətdə həll edilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti tərəfindən 28 sentyabr tarixində “Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün Kompleks Tədbirlər Planı” təsdiq olunmuşdur. Bakı və Abşeron yarımadasının ekoloji durumun sağlamlaşdırılmasında bu tədbirlər planının böyük əhəmiyəti vardır.
Kompleks Tədbirlər Planında ətraf mühitin mövcud  vəziyyətinin bərpasına yönəldilmiş bütün əsas fəaliyyət istiqamətləri öz əksini tapmışdır. Belə ki, Bakı Buxtasının, Bibi Heybət zonasının, H.Əliyev adına Beynəlxalq Hava Limanının ətrafının, Abşeron yarımadasının göllərinin, neftlə çirklənmiş torpaqların, lay suları altında qalmış sahələrin və digər istehsal tullantıları ilə çirklənmiş ərazilərin ekoloji vəziyyətinin yaxşılaşdırılması, bərk məişət tullantılarının idarə olunması sxeminə uyğun Bakı və Sumqayıt şəhərlərində formalaşan tullantıların idarə olunmasının təkmilləşdirilməsi və s. məsələlər tədbirlər planında əks olunmuşdur.
Bakı şəhəri və Abşeron yarımadasındakı yaşayış massivlərinin kanalizasiyalaşdırılması, mövcüd təmizləyici qurğuların yenidən qurulması və yeni təmizləyici qurğuların  tikilməsi istiqamətində müvafiq təşkilatlar tərfindən tədbirlər görülür. Hövsan aerasiya stansiyasının  rekonstrusiyasının başa çatdırılması və buxtaya axıdılan kanalizasiya sularının qarşısı alınaraq aerasiya stansiyasına yönəldilməsi Bakı buxtasının tədricən təmizlənməsinə müsbət  təsir edəcəkdir.


Xəzərin   ekoloji   vəziyyəti


Xəzərin   ekoloji   vəziyyətinin   yaxşılaşdırılması   məqsədilə    Azərbaycan Respublikası Prezidentinin “Xəzər dənizinin çirklənmədən qorunması üzrə bəzi tədbirlər haqqında” Sərəncamlarından  irəli   gələn   məsələlərin   həlli   istiqamətində beynəlxalq  standartlara cavab verən modul tipli lokal çırkab su təmizləyici qurğular  quraşdırılmışdır. Həmin qurğular İtaliya, ABŞ, Almaniya, Tayvan, Türkiyə, Fransa istehsalı olan avadanlıqlardan ibarətdir və Türkiyədə modulda komplektləşdirilmişdir.
Bu istiqamətdə 2009-cu ildə gündə 2325 m3 çirkab su təmizləmə gücünə malik 7 stansiya, ümumilikdə isə 2008-2009-cu illər ərzində gündə 6140 m3 çirkab sutəmizləmə gücünə malik 16 stansiya istismara verilmişdir.
Bunun sayəsində çirkab sular ətraf mühit və insan sağlamlığına mənfi təsir göstərən inqrediyentlərdən (o cümlədən bəzi hallarda hər litrdə 2,3 milyon ədəd olan bağırsaq çöpü bakteriyalarından və normanı 100 dəfə üstələyən üzvi çirkləndiricilərdən) təmizlənərək 250-300 metrədək dənizin dərinliyinə axıdılır. Nəticədə aparılan monitorinq qısa zaman ərzində Xəzər dənizinin suyunun çirklənmə səviyyəsinin aşağı düşdüyünü göstərir.
Modul tipli çirkab su təmizləyici qurğulardan ibarət olaraq yaradılmış “Xəzər dənizinin ekoloji mühitinin mühafizəsi sistemi”nin fəaliyyəti nəticəsində Abşeron yarımadasının şimal hissəsini əhatə edən Bilgəh, Buzovna, Mərdəkan, Pirşağı, Nardaran, Novxanı və Sumqayıt sahilboyu 86 km-lik ərazilərində bataqlaşmış sahələrin və çirkab gölməçələrin 80%-i qurudularaq ekoloji tarazlıq bərpa olunmuşdur.
Azərbaycan  Respublikası  Xəzəryanı  dövlətlər  arasında  yeganə  ölkədir ki, dənizin  və  onun  akvatoriyasının   çirklənmədən   təmizlənməsi   üzrə   kompleks   tədbirləri  həyata keçirir. Bu tədbirlərin növbəti illərdə də davam etdirilməsi Xəzər akvatoriyasının daha da təmizlənməsi ilə nəticələnəcək və Abşeron yarımadasının Xəzər dənizini çirkləndirən mənbələr sırasından çıxarılmasına nail olunacaqdır.


Ekoloji durumun sağlamlaşdırılması


Sumqayıt şəhərinin ətraf mühitinin ciddi çirklənməsinə səbəb olan 56422  kubmetr civə tərkibli toksiki tullantılar 2007-2009-cu illərdə, o cümlədən 2009-cu ildə  23,5 min m3-i görülmüş tədbirlər nəticəsində Təhlükəli Tullantılar Poliqonuna daşınaraq zərərsizləşdirilmiş və bu proses hesabat ilinin ortalarında tamamilə başa çatdırılmışdır.
Abşeron yarımadasının ekoloji durumunun sağlamlaşdırılması məqsədilə  çirklənmiş və sıradan çıxmış torpaqların bərpası ilə əlaqədar ETSN tərəfindən “Abşeron yarımadasının ekoloji vəziyyəti və onun yaxşılaşdırılması üçün zəruri Tədbirlər Proqramı” və “Bibiheybət zonasının ekoloji vəziyyəti və onun yaxşılaşdırılması üçün zəruri Tədbirlər Proqramı” hazırlanmışdır və nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi istiqamətində işlər görülür.
Heydər Əliyev adına Beynəlxalq Hava Limanı ətrafının ekoloji vəziyyətinin yaxşılaşdırılması məqsədi ilə Texniki İqtisadi Əsaslandırma hazırlanmış, Sədərək və Binə ticarət mərkəzləri köçürüldükdən sonra həmin ərazilərin yaşıllaşdırılması, təbii landşaftın bərpası və istirahət parkının salınması istiqamətində işlərə başlanmışdır.
Belə ki, keçmiş Binə Ticarət Mərkəzinin ərazisində 2009-cu ilin 24 dekabr tarixində  ETSN-in 600-ə yaxın əməkdaşının iştirakı ilə keçirilmiş iməçilik zamanı 5 hektar sahədə  5000 ədəd ağac əkilmişdir. Fərəhli haldır ki, bu tədbirdə Azərbaycan Respublikasının Prezidenti cənab İ.Əliyev xanımı ilə birgə iştirak etmişlər. Bu iməciliyn əks –sədası olaraq respublikamızın digər şəhər və qəsəbələrində də hər şənbə-bazar günləri ağac əkini  tədbirlərləri keçirilir. 
“Magistral avtomobil yollarının mühafizə zolaqlarının yaşıllaşdırılması haqqında” və “Bakı şəhərinin yaşıllaşdırılması sahəsində əlavə tədbirlər haqqında” Sərəncamların icrası ilə əlaqədar olaraq yolların estetik görünüşünün yaxşılaşdırılması və mühafizə zolaqlarının eroziyadan mühafizəsi məqsədilə Ələt-Hacıqabul istiqamətində magistral yolu ətrafında əvvəlki illərdə əkilmiş 172 min ədəd ağac-kollara hesabat ilində göstərilən daimi qulluq nəticədə 90 faiz bitişə nail olunmuşdur.
Oxşar nəticələr Bakının Heydər Əliyev Hava Limanı ilə birləşdirən yollarda da əldə edilmişdir. Zığ-Heydər Əliyev Hava Limanı yolu boyu 196 hektar ərazidə   mürəkkəb meşəbitmə şəraitində, neft məhsulları, yod, bromla çirklənmiş torpaqlarda salınmış əkinlərə lazımi xidmətin təmin edilməsi hesabına 80 faiz bitişə nail olunmuşdur.
Eyni zamanda 2009-cu ilin ötən dövrü ərzində Əzizbəyov dairəsi - Heydər Əliyev Hava Limanı yolu boyu 60 min ədədə qədər müxtəlif növ ağaclar əkilmiş, 50 min m2 sahədə qazon döşənmiş və qazon toxumu səpini aparılmışdır.
Azərbaycan Respublikası Prezidentinin Bakı və onun ətrafında 3 milyon ağacın əkilməsi barədə təşəbbüsü ilə əlaqədar genişmiqyaslı işlər aparılmaqdadır. Bununla bağlı Abşeron yarımadasının müxtəlif ərazilərində yaşıllaşdırma məqsədilə yerlər müəyyənləşdirilmiş, Bayıl yamacı- 20-ci sahə arası, Zığ gölü - Heydər Əliyev Limanı arası ərazilərin, Zığ gölü və ətrafının, həmçinin Səngəçal ətrafının yaşıllaşdırılması layihələri hazırlanmışdır.
Bunlarla yanaşı, qeyd olunmalıdır ki, 2003-cü ildə Azərbaycan Respublikasının Prezidenti tərəfindən  “Ekoloji cəhətdən dayanıqlı sosial-iqtisadi inkişafa dair” və “Meşələrin bərpa edilməsi və artırılmasına dair”  2 milli proqram, 2003-2004-cü illərdə “Yay-qış otlaqlarının, biçənəklərin səmərəli istifadə olunması və səhralaşmanın qarşısının alınmasına dair” və  “Azərbaycan Respublikasında Hidrometeorologiyanın inkişafı”na dair  Dövlət Proqramları  həyata keçirilir.
Bir çox dövlət qurumlarının cəlb olunduğu yuxarıda qeyd olunmuş Dövlət və Milli proqramlarda, Kompleks tədbirlər planında nəzərdə tutulmuş tədbirlər həyata keçirildikcə, yaxın gələcəkdə Bakı və Abşeron yarımadasında ekoloji durumun yaxşılaşdırlmasına nail olunacaqdır.
Qeyd edək ki, bu araşdırma Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının layihəsi əsasında hazırlanıb.


“Ekoloji Tarazlığın Qorunması”
İctimai Birliyi
URL / WWW
http://kelam.az/article/a-6334.html