Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Məqalələr » Turizm sektorunun növləri
08.05.12 19:27

Bu araşdırmada ölkədə mövcud olan turizm sektorunun   - mədəni, biznes, sağlamlıq, ekoloji, istirahət və əyləncə, dağ, qış və xizək, çimərlik, idman, turizm, kənd yaşıl, ov, tarix, dini turizm növləri barədə məlumat verməyə çalışacağıq. 


Mədəni turizm

Ölkənin mədəniyyət turizmi potensialına Bakıda incəsənət qalereyaları, milli musiqi növü - muğam, dünya caz musiqisinin yaxşı inkişaf etməsi, Filarmoniya, milli və dünya rəqsləri, ləziz dada malik zəngin mətbəx, bütün fərqli dini və dünyəvi görüşlərə tolerantlı İslami yanaşma və müxtəlif dinlərin ortaya qoyduğu mozaika nümunə göstərilə bilər.
Bakı gözəl tarixi abidələri, müxtəlif memarlıq üslublarında tikilmiş binaları, yaşıl parkları, qala divarları arasında salınmış qədim İçərişəhəri, bənzərsiz dənizkənarı bulvarı ilə hamını heyran edir. Şəhərin mərkəzi hissəsi Bakı buxtasına açılan amfiteatr şəklindədir. Həmçinin ölkənin digər bölgələrində 7000-dək yerli, ölkə və dünya əhəmiyyətli tarix və  mədəniyyət abidəsi gələcək nəsillərə çatdırılması üçün mühafizə olunur. Bu abidələr gələn turistlərə nümayiş obyektləri kimi çox maraq kəsb edə bilər.


Biznes turizmi


  
Biznes turizminin inkişafı məqsədilə daha çox ölkə ərazisində mövcud mehmanxanaların imkanlarından istifadə edilir. Ölkənin müxtəlif şəhərlərində yerləşdirilmiş Olimpiya mərkəzləri də bu cür tədbirlər üçün istifadə edilə bilər. Bakıda dörd və beş ulduzlu mehmanxanalar kimi Hyatt, Grand Hotel Europe, Meridian, the Crescent Beach, Excelsior, Park İnn və s. otellərini göstərmək olar. Həmçinin dünya otel şəbəkələrinə aid üç otelində tikintisi hal-hazırda davam edir.  Üç ulduzlu otellərə isə  İçəri Şəhər,  Old City Inn və s.  onlarla otellərini aid etmək olar. Bakıda Beynəlxalq Ticarət Mərkəzi, yeni məkanda istifadəyə verilmiş Binə və Sədərək Ticarət Mərkəzləri, çoxlu sayda müasir tipli ticarət (Caspian, Xətai, Sahil və s.) mərkəzləri fəaliyyət göstərir. Bakıya hər gün İrandan, Dağıstandan və ölkənin ayrı-ayrı regionlardan biznes məqsədilə çoxlu sayda turist gəlir.  İpək Yolu, şimal-cənub dəhlizinin işə düşməsi, Beynəlxalq dəniz ticarəti limanının (Ələt) tikilməsi ilə ölkədə biznes turizmi yeni mərhələyə qədəm qoya bilər.  
Azərbaycanın potensial turizm gəlirlərindəki artıma ən böyük töhfəni verəcək sahələrdən biri məhz ölkədə təşkil olunan müxtəlif mövzulu toplantılar ola bilər. İpək Yolu üzərində yerləşən,  tarixi və mədəni imkanlar aləminin qapısı olan Azərbaycan, nativ mərkəzlərə görə, nisbətən aşağı maliyyə üstünlüyünə də sahibdir.
Ölkədə konqreslərin təşkili üçün dörd və beş ulduzlu otellərin toplantı salonları, saraylar mövcuddur. Bu sırada Hyatt Regency, Park Hyatt, Qrand Avropa, Excelsior, Park Inn, Heydər Əliyev adına Respublika Sarayı, Radisson Sas Plaza, Meridian, İçəri Şəhər, Old City Inn, İrşad, Azcot, City Mansion, Novu Dom, Elite, Lodge, Nur, Respublika, Azərbaycan, Abşeron, Xəzər Qonaq Evi, Abu Arena, Diplomat, Delfin, Crescent Beach Hotel, Khazar Golden Beach, Oazis və s. göstərilə bilər.
Bakı şəhərində yerləşən Heydər Əliyev adına İdman və Konsert Kompleksində son 10-15 ildə, müntəzəm olaraq onlarla beynəlxalq sərgi və konfransları keçirilir. 
 



Sağlamlıq turizmi 


Azərbaycanda həm ənənəvi, həm də müasir müalicə imkanları mövcuddur. Ölkədə isti və mineral bulaqların sayı minlərcədir. İstisu, Turşsu, Badamlı, Qalaaltı, Şıxburnu, Suraxanı suları - ən tanınmış müalicəvi su mənbələridir. Ənənəvi müalicə imkanlarına Mədə-bağırsaq, qaraciyər, öd, böyrək daşı və s. xəstəliklərin müalicəsində Naxçıvandakı mineral bulaqlardan istifadə edilməklə (Badamlı, Sirab, Vayxır, Darıda, Gülüstan və s.), dərman bitkiləri (itburnu meyvəcikləri, kəklikotu, çobanyastığı çiçəkləri, çobansüzgəci, yemişan meyvəcikləri və gülləri, qanotu, palıd ağacı qabığı, razyana meyvəcikləri və s.) vasitəsilə müalicəni aid etmək olar.
Azərbaycanın ən mühüm kurort resurslarından biri də Naftalan neftidir. Naftalan neftinin köməyi ilə yel, damarlarda və hərəkət orqanlarındakı xəstəliklər uğurla müalicə olunur. Həmçinin, maddələr mübadiləsinin pozulması, dəri və ginekoloji xəstəliklərin müalicəsi zamanı Naftalan neftindən istifadə olunur.
Azərbaycan Respublikasının ərazisində subtropik və qismən mülayim iqlim qurşaqları, rütubətli subtropik və sərt kontinental iqlim tiplərinə rast gəlmək mümkündür. İqlim amili ürək-damar sisteminin və digər xəstəliklərin müalicəsi üçün vasitə kimi geniş istifadə olunur. İqlimlə müalicənin əsas vasitələrini günəşlə müalicə – helioterapiya, hava ilə müalicə – aeroterapiya təşkil edir. Azərbaycanda bu tipli ərazilər Böyük və Kiçik Qafqazın müxtəlif hündürlüklərində və Xəzər sahili boyu ərazilərdə yerləşmişdir.
Böyük Qafqazın dağ iqlimli kurort rayonları kurortoloji baxımdan mühüm aşağıdakı xüsusiyyətlərə malikdir.  
Azərbaycan Respublikasında əlverişli kurort amillərinə böyük miqdarda müalicəvi palçıq yataqlarının mövcudluğunu da aid etmək lazımdır. Ölkə ərazisində 250-dən artıq belə yataqlar mövcuddur. Müalicəvi palçıqların 2 növü vardır: lilli və təpəlik. Lilli palçıq yataqları əsasən Abşeron yarımadasında cəmlənmişdir. Ölkəmizdə lilli palçıqlardan başqa zəngin təpəlik palçıq yataqları da mövcuddur. Azərbaycan Respublikasında yer səthinə böyük miqdarda palçıq tullayan 300-dən artıq palçıq vulkanı vardır. Onlar əsas etibarilə Qobustanın cənub-şərq, Kür-Araz ovalığının şərq hissəsində və Bakı arxipelaqında yerləşmişdir.
Müasir müalicə imkanları sırasında isə yeni keyfiyyətli səhiyyə mərkəzlərinin açılması (Mərkəzi Klinik Xəstəxana, Neftçilər Xəstəxanasını,  Leyla Şıxlinskaya Klinikasını və regionlarda istifadəyə verilmiş ARDNŞ-nin müalicə-diaqnostika mərkəzlərini  və s.) göstərilə bilər ki, bunlar müasir müalicə imkanlarına şərait yaradır.
Bu turizm növündə əsas problem sanatoriya-kurort müəssisələrinin böyük əksəriyyətində qaçqın və məcburi köçkünlərin yerləşdirilməsi ilə bağlıdır. Əhalinin yeni salınmış şəhərciklərə köçürülməsi və 6 fevral 2009-cu il tarixində təsdiq edilmiş Azərbaycan Respublikasında kurortların 2009-2018-ci illərdə inkişafı üzrə Dövlət Proqramının  uğurlu icrası müalicə turizmi sahəsində irəliləyişlərə səbəb ola bilər.


Ekoloji turizm


Azərbaycan zəngin flora və fauna ilə böyük ekoturizm potensialına malikdir. Ölkədə 11 iqlim tipindən 8-i (yarımsəhra və quru çöllər iqlimindən dağ tundra iqliminə kimi) müşahidə olunur. Azərbaycan ərazisi 4100-dən çox müxtəlif bitki çeşidlərinin vətənidir. Azərbaycanda bitkilərin müxtəlifliyi təbiət tarixinin dərin izlərini daşıyır, bu, eyni zamanda, bir neçə floristik bölgələrin cəmləşməsi və hazırkı təbii şəraitin fərqliliyi ilə bağlıdır. Kür sahilindəki toqay meşələri, Araz və Alazan çayları da nadir sayılırlar: onlar yarımsəhra düzənliklərindən keçir və sel zamanı çay suları və yeraltı sularla qidalanırlar. Palıd, qovaq, göyrüş, söyüd və qoz ağaclı meşələr – Gazaoğlan, Cirdahan, Babanlar, Varvaranın böyük bir hissəsini tutur və bundan əlavə, həmin ağaclar torpaqları qoruyurlar.
Azərbaycan ərazisinin 10 faizi dağ meşələrindən ibarətdir və onlar 600-700 m-dən 1800 m-dək yüksəkliklərdə ucalır. Bu meşələr enliyarpaqlıdırlar və əsasən palıd, vələs, fıstıq, ağcaqayın və göyrüş ağaclarından ibarətdir.
Hazırda Azərbaycan meşələrinin ümumi sahəsi 1290 min hektar və ya ölkə ərazisinin 11,4 faizini təşkil edir. Ölkəmizin meşə ehtiyatlarının 48,8 faizi və ya 592 min hektarı Böyük Qafqaz regionunun, 14,5 faizi və ya 176 min hektarı Kiçik Qafqaz regionunun, 2,5 faizi və ya 30 min hektarı Kür-Araz ovalığının, 0,5 faizi və ya 6 min hektarı NMR-in payına düşür. Azərbaycan Respublikasında adambaşına 0,12 hektar meşə sahəsi düşür. Ölkədə Şahbuz və Eldar Şamı Dövlət Təbiət qoruğu mövcuddur. Ölkə meşələrində  125 fəsiləyə və 930 cinsə daxil olan ali bitkilərin 4500 növü yayılmışdır.
Azərbaycan Respublikasında qoruqların ümumi sahəsi 197 min hektara çatır. Dövlət qoruqlarına Qobustan, Göygöl, Qızılağac, Zaqatala, Hirkan, Turyançay, Şirvan, Qaragöl, Pirqulu, Qarayazı, Bəsitçay, Ağgöl, İsmayıllı, Altıağac və İlisu qoruqları daxildir.
Bunlarla yanaşı, Azərbaycanda ümumi sahəsi 244 min hektara yaxın yasaqlıq əraziləri də mövcuddur. Yasaqlıq təbii komplekslərin ərazi, yaxud akvatoriya daxilində xüsusi qanunla qorunan hissədir. Qoruqlardan fərqli olaraq, yasaqlıqlarda bütün təbii kompleks deyil, onun ayrı-ayrı komponentləri (bitki örtüyü, heyvan, quş) qorunur və mühafizə olunur. Ölkə ərazisində Şəki, Laçın, Daşaltı, Arazboyu Qubadlı, Qəbələ, Qarayazı-Ağstafa, Şəmkir, Qızılca, İsmayıllı, Ordubad, Qusar, Abşeron, Zuvand, Korçay, Ağgöl, Bərdə, Bəndovan, Gil adası, Kiçik Qızılağac kimi yasaqlıqlar vardır.
Azərbaycanda ekoloji turizmin inkişafına töhfə verə biləcək milli parklar da mövcuddur. Azərbaycanda Akademik Həsən Əliyev adına Ordubad, Şirvan, Ağgöl, Hirkan, Göygöl, Altıağac və Abşeron milli parkları vardır. Hazırda ümumi sahəsi 890 min hektaradək Xüsusi Mühafizə Olunan Təbiət Əraziləri, o cümlədən, 8 Milli Park, 12 Dövlət Təbiət Qoruğu və 23 Dövlət Təbiət Yasaqlığı mövcuddur və onların da ümumi sahəsi ölkə ərazisinin təqribən 10,3 faizini təşkil edir.
Ölkə ərazisində - Lerik və Yardımlıda füsunkar şəlalələr, Göygöl (Gəncə) və Batabat (NMR) kimi göllər mövcuddur.
Azərbaycanın bitki növləri dünyada mövcud olan bitki növlərinin 0,84 faizini, Qafqazın bitki növlərinin isə 66 faizini təşkil edir. Dünyada yalnız Azərbaycan Respublikası ərazisində bitən bitki (bunlar endemik bitkilər adlanır) növlərinin sayı 370-dən artıqdır. Endemik bitki növləri ölkənin flora tərkibinin təxminən 9 faizini təşkil edir. NMR-də və Talış dağlarındakı Züvand çökəkliyi endemik bitkilərin çoxillik ot növləri ilə zəngindir. Azərbaycan florası üçüncü dövrün relikt (qalıq) bitkiləri ilə zəngindir. Onların əsas məskəni Talış dağları olsa da, bəzi növlərə ölkənin digər sahələrində də (Böyük Qafqazda, Ceyrançöldə və s.) rast gəlinir. Onlara dəmirağac, şabalıd-yarpaq palıd, Lənkəran akasiyası, qaraçöhrə, şümşad, Qafqaz xurması, Eldar şamı və s. misal ola bilər.
Ölkədə 20 minə yaxın fauna növü mövcuddur. Azərbaycan Respublikasının təbii şəraitinin müxtəlifliyi heyvanlar aləminin də zənginliyinə səbəb olmuşdur. Azərbaycan Respublikasında 600-dən çox heyvan növü vardır ki, bu da dünyada olan heyvan növlərinin 5,6 faizini təşkil edir.
Azərbaycanda 12 iqlim tipindən 8-nə rast gəlmək mümkündür. Bitkilərdə olduğu kimi, Azərbaycanın heyvan aləminə təbiət tarixi öz təsirini göstərmişdir. Bir neçə zoocoğrafi bölgələri, oraya məxsus flora növləri ilə səciyyələndirilməsi mümkündür. Quru ovalıqların faunası gəmirici, sürünən növlərin çoxluğu ilə səciyyələndirilir. Düzənliklərdə Orta Asiya ceyranlarına seyr etmək mümkündür.  Qızılağac qoruğunda, Lənkəran düzənliyinin rütubətli meşələri və bataqlıqlarında 200-dən artıq quş növləri qışlamaya toplaşır və bu da bir milyondan artıq quşun miqrasiya vaxtında bir araya gəlməsi deməkdir.
Böyük və Kiçik Qafqaz dağlarının faunası rəngarəngdir. Dağ ətəklərində gecə quşlarına hər yerdə rast gəlmək mümkündür. Böyük Qafqaz dağlarının çəmənliklərində yerli zubr və dağ keçilərinə rast gəlinir. Kiçik Qafqaz dağlarının ətəklərində vəhşi qoçlar və dağ keçiləri ilə də rastlaşmaq mümkündür. Dağ çəmənliklərində saqqallı qırğı və çaqqallar məskən salıblar. Talış dağlarına İran ərazisindən daxil olmuş bəbirlər və oxlu kirpilər buradakı meşələri daha da fərqləndirir.
Xəzər dənizi də özünün su canlıları ilə zəngindir. Burada siyənək, Xəzər qızılbalığı, nərə, ağ nərə balığı, uzunburun, kütüm, cerix növləri kimi balıqlar ovlanır. Kür çayında mövcud 50 balıq növündən 23 növü ticarət əhəmiyyətini daşıyır. Çox nadir suf balığına sahil xəttində rast gəlmək mümkündür. Mart-aprel aylarında cənuba doğru etdikləri miqrasiya zamanı burada suitilərini müşahidə etmək mümkündür. Onlar oktyabr, noyabr aylarında şimala geri dönürlər. Nadir və qiymətli bitki, balıq və heyvan növlərinin qorunması məqsədilə qoruqlar yaradılmışdır. 100-dən artıq heyvan növləri Azərbaycanın “Qırmızı Kitab”ına salınmışdır.


İstirahət və əyləncə turizmi 


Əyləncə turizmi üçün Bakı şəhərində və ölkənin digər regionlarında 3, 4 və 5 ulduzlu otellər, müasir şadlıq sarayları, restoranlar və kafelər vardır. Ölkənin digər regionlarında da əyləncə üçün müxtəlif istirahət mərkəzləri mövcuddur.
Ölkəmizdə turizm və istirahət sahəsində qazanılan müasir nailiyyətlər mehmanxanaların və mədəni əyləncə mərkəzlərinin dünya standartlarına uyğunluğu, turizmin ekstremal növləri ilə məşğul olmaq imkanları yaradır. Əyləncə və istirahət (mehmanxanalar, əyləncə mərkəzləri, turizm obyektləri, ekstremal turizm növləri) mərkəzlərinin sayı günbəgün artmaqdadır. Abşeronda Xəzər dənizinin ilıq suyu, sahildəki narın və yumşaq qum, suda müxtəlif əyləncələr hər il buraya çoxlu turist cəlb etməyə imkan verir.


Dağ, qış və xizək turizmi 


Dağ, qış və xizək turizmi Azərbaycanda ümid vəd edən sahələrdəndir. Dağların təmiz və gözəl havasından, verdiyi digər imkanlardan (xizəkçilik, alpinizm) faydalanmaq məqsədilə insanların həyata keçirdikləri turizm fəaliyyətinə dağ, qış və xizək turizmi deyilir. Ərazisinin yarısından çoxu dağlardan ibarət olan Azərbaycan, həmçinin, dağlarla əhatə olunur. Şimalda Böyük Qafqaz sıra dağlarının ən yüksək zirvəsi sayılan Bazardüzü (4,466 m) yerləşib (cənub hissəsi Azərbaycanadək uzanır), cənub-qərbdə Ermənistan və Gürcüstanadək uzanan və Kiçik Qafqaz dağları ilə sərhəddə olan silsilə Cənubi Qafqaz dağları ilə və cənub bölgəsində Talış dağları ilə əhatə olunub. Azərbaycan qərbdən, Böyük və Kiçik Qafqaz Dağları ilə, şərqdən Kür-Araz ovalığının kənarındakı, Lixlə (Suram) bağlanmışdır.
Azərbaycanın qış və xizək turizmini də inkişaf etdirmək potensialı mövcuddur. Avstriya, İsveçrə, Fransa, Andorra qış turizminin başlıca mərkəzlərinin dağlıq ərazilərinin landşaftı Naxçıvan ilə oxşardır. Qafqaz dağları fonunda mənzərəli kəndlər yaxınlığındakı evlərində (pansion) qalmaq imkanları mövcuddur. Qış və dağ idmanları üçün ən uyğun və cəzbedici yerlər Şamaxı və Qusardır.
Əslində ölkədə turizmin inkişafı dəniz səviyyəsindən çox yüksəklikdə yerləşən rayon və kəndlərimizin inkişafı baxımından da xüsusi əhəmiyyət kəsb edir. Məsələn, Göygöl gölündən, çoxlu bulaqlardan, çaylardan və dağ göllərindən formalaşan Göygöl dövlət qoruğu dəniz səviyyəsindən 1556 m hündürlükdə yerləşir. Maralgöl dəniz səviyyəsindən 1902 m hündürlükdə yerləşir və subalp çəmənlikləri ilə əhatə olunub. Qaragöl, Zəligöl və Şamlıgöl göllərinin ətrafı da dağ meşələri ilə örtülüb. Azərbaycanın şimal-şərqində, dəniz səviyyəsindən xeyli yüksəkdə yerləşən Qusar, Şahdağın ətəkləri də geniş turizm potensialına sahibdir. Heç təsadüfü deyil ki, bu gün Azərbayacn Hökuməti 10 000 turist tutumu olacaq Şahdağ yay-qış turizm kompleksinin tikintisinə başlayıb.


Çimərlik turizmi 


Azərbaycan Respublikasının ərazisi şərqdən (825 km-lik ərazi) Xəzər dənizi ilə əhatə olunur. Bu isə Xəzər sahillərinin böyük turizm potensialına malik olduğunu göstərir. Xəzər - su səthi 400 min kv/km-dən artıq olan və Yer kürəsinin ən böyük axarsız nadir göllərindədir. Avropa və Asiya qitələrinin qovuşduğu meridian istiqamətində Xəzər 1200 km. uzunluğunda və orta hesabla 310 km. enində bir çökəklikdə yerləşmişdir.
Xəzər dənizində ən nadir fauna və flora növləri hal-hazırkı dövrə qədər qorunub saxlanılmışdır. Dünya nərə balığı ehtiyatlarının 90 faizi Xəzər dənizində cəmlənmişdir. Xəzər dənizi ən qiymətli sənaye balıq növləri yetişən, xüsusi əhəmiyyətli təbii balıq yetişdirmə hövzəsidir. Dünya nərə balıq ovunun 85 faizi və qara kürü istehsalının 90 faizi Xəzərin payına düşür.
Xəzər dənizinin sahili iqlim zonası təbii şəraitinə və balneoloji imkanlarının rəngarəngliyinə görə, Xudat-Yalama sahili və Abşeron yarımadasının dənizsahili iqlim-kurort zonası olmaqla iki sahil zolağına bölünür.
Xudat-Yalama sahili bilavasitə dəniz sahilinə bitişik, uzunluğu 30-40 km, eni 5-10 km təşkil edən sıx meşəlik ərazisinin mövcudluğu ilə fərqlənir. Bu yerlərin təbiəti Qara dəniz sahilindəki Qafqaz və Gürcüstan ərazilərini xatırladır. Xudat-Yalama bölgəsində yay çox da isti keçmir və havanın nisbi rütubəti 80-85 faizə qədər çatır. İl ərzində günəşin şəfəq saçması 1900-2000 saat, orta illik temperatur 10°C, il ərzində yağıntıların miqdarı 300 mm, yağıntılı günlərin sayı 60 gün təşkil edir. Çimərlik mövsümü beş aydan artıq (mayın əvvəlindən sentyabrın axırınadək) davam edir.
Abşeron yarımadasının sahil-iqlim kurortları, Xudat-Yalama bölgəsində olduğu kimi, təbii kurort amilləri kompleksinə malikdir. Çox da isti olmayan sahil iqlimi, 100 km boyu uzanan gözəl çimərliklər zonası, qızıl qumlu hamar daşsız dəniz dibi, Suraxanı və Şıxovun kükürdlü – hidrogenli müalicəvi suyu və bundan başqa, Masazır gölünün müalicəvi palçığı diqqət cəlb edir. Hal-hazırda yalnız Bakıda sahil boyu onlarla çimərlik sahələri mövsümdə yüzminlərlə insanın axınına məruz qalır. Buraya Xudat-Yalama, Salyan, Neftçala və Lənkərandakı çimərlikləri də əlavə etsək, əminliklə hər il Azərbaycanda Xəzər çimərliklərinə bir milyondan çox turistin getdiyini söyləmək olar. Əslində bu ölkənin çimərlik turizmi baxımından əhəmiyyətini ortaya qoyur.  Amma burda da ən əsas problem dəniz suyunun çirklənməsi ilə bağlıdır. 2009-cu il mövsümündə Şıx, Sahil, Novxanı və Hövsan çimərliklərində dəniz suyunun bakterioloji çirklənmə göstəricilərinin də normadan yüksək olduğu aşkar edilib və istifadəsi qadağan olunub. İndi əsas diqqət dənizə axıdılan tullantıların qarşısını almaq və gigiyena normalarına əməl etməkdir. Çox təəssüflər olsun ki, hələ ki, ölkədə yalnız çimərlik turizmi inkişaf edib. Belə ki, Nabranda 14,2 km, Abşeron sahillərində 36,7 km, Lənkəran, Astara sahillərində 9,5 km, Şabran, Siyəzən, Neftçala sahillərində birlikdə 6,8 km uzunluğunda rəsmi çimərlik sahələri vardır ki, bu da ümumi çimərlik sahəsinin 50 km-dən çox olduğunu göstərir. Bu uzunluğunun artırılması imkanları vardır.  Amma Xəzər dənizi bizə həmçinin dəniz kurizləri, gəzintiləri, mövcud adalarda turzimin inkişaf etdirilməsi, dalğıclıq və s.,  imkanları da təklif edir. Azərbaycanda daha geniş mənada dəniz turizminin inkişaf etdirilməsi imkanlar vardır.  


İdman turizmi


Ümumiyyətlə idman Azərbaycanda ən sürətlə inkişaf edən sahədir. Son illərdə idman infrastrukturun inkişafına külli miqdarda pul xərclənib. Son illər də Bakı, Masallı, Şəki, Quba, Qazax, Gəncə, Maştağa, Naxçıvan, Bərdə, Lənkəran, Zaqatala, Şamaxı, Ağdam, Biləsuvar, Qusar, Oğuz, Şəmkir, Kürdəmir və Sabirabad Olimpiya Kompleks və mərkəzləri istifadəyə verilib.  Həmçinin  müxtəlif sahələr üzrə idman meydança və təsisləri yaradılıb ki, bu da imkan verir ki, ölkədə müvafiq idman növü üzrə nüfuzlu idman yarışlarını (Avropa və dünya çempionatlarını) təşkil etmək olsun. Buna güləş, gimnastika, boks, veleybol, və s. Üzrə beynəlxalq yarışları misal çəkmək olar. Heç təsadüfü deyil ki,  keçənlərdə Azərbaycan tarixində ilk dəfə olaraq, Bakı şəhərinin 2016-cı il Yay Olimpiya Oyunlarına ev sahibliyi etmək hüququ uğrunda mübarizəyə qoşulmuşdu. Amma bu istiqamətdə iş davam etdirilir. Şahdağ yay-qış turizm kompleksi qış idman oyunları,  “Kür” Olimpiya İdman Mərkəzi - avarçəkmə növləri üzrə, Bakı şəhərinin Binə qəsəbəsindəki Jokey Klubu-atçılıq idmanı sahəsində irəlidə gedən xidmətlər təklif edir. Amma onu qeyd etmək lazımdır ki, idman infrastrukturundan özəl sektor lazımınca istifadə etmir və bu nəticə etibarilə idman turizminin inkişafına mənfi təsir edir.  Azərsun Holdinq şirkəti Binə qəsəbəsində 300 hektarlıq ərazidə “Xəyal adası” layihəsi üzrə qolf meydançasının da tikintisini nəzərdə tutur ki, bu da Azərbaycana xas olmayan qolf idman növünün inkişafına təkan verə bilər. 2 milyard dollarlıq layihənin icrasına 2009-cu ilin ilk rübündə başlanılmalı idi. Lakin maliyyə böhranı ilə əlaqədar qurğunun inşası təxirə salınıb.


Kənd yaşıl turizmi 


Hazırda Avropada aqroturizm daha çox populyarlaşıb. Turistlər tətillərini fermer təsərrüfatlarında keçirməyə üstünlük verirlər. Avropa Birliyində belə fermer təsərrüfatlarının sayının 600 mini keçdiyi qeyd olunur. Aqroturizm səsli-küylü şəhər həyatından kənarlaşmaqla, ekoloji baxımdan təmiz kənd təsərrüfatı məhsulları, həm də mənzərəli yerlərin seyrinə yaranan ehtiyacdan irəli gəlir. Qafqaz dövlətləri arasında dağ turizmi, aqroturizm və qorunan ərazilərdə ekoturizmin inkişafı ilə bağlı Azərbaycanın imkanları daha yüksəkdir.  Kənd təsərrüfatı bütün ev təsərrüfatlarının 45 faizini əhatə edir. Ölkəyə gələn qonaqlara xidmət göstərilməsi üçün fermerlərə təlimlərin keçilməsi mümkün deyil, lakin Qafqaz dağları fonunda mənzərəli kəndlər yaxınlığındakı evlərdə qalmaq imkanları mövcuddur. Ölkənin cənub rayonlarda (xüsusilə Lənkəranda) aqro-turların təşkil edilməsi və bu qəbildən olan digər tədbirlərin keçirilməsi üçün böyük imkanlar mövcuddur. Ölkədə 4253 kənd yaşayış məntəqəsi vardır ki, bunun da böyük əksəriyyəti yaşıllıqlar qoyununda və ya dağlıq ərazilərdə yerləşən kəndlərdir.  Bu baxımdan qeyd etmək olar ki, Azərbaycanda kənd turizminin inkişaf etdirilməsi üçün potensial vardır. Bu potensialdan istifadə edərək müvafiq sahədə turizmin inkişaf etdirilməsi üçün  kompleks tədbirlər görülməlidir. Kəndli (fermer) təsərrüfatı haqqında Azərbaycan Respublikasının Qanununun
17-ci maddəsinin (Kəndli təsərrüfatının mülkiyyətində olan torpağa dair hüquqları) ikinci bəndində qeyd olunur ki, “Kəndli təsərrüfatının torpaqlarından və onun ərazisində olan su mənbələrindən keçməyə, nəqliyyat vasitələri ilə hərəkət etməyə, çimməyə və balıq tutmağa, çadırlar qurmağa və həmin çadırlarda yaşamağa, tonqallar qalamağa və bu qəbildən başqa hərəkətlərə yalnız həmin təsərrüfatın razılığı ilə təbii kompleksləri ekoloji cəhətdən saf şəkildə saxlamaq şərti ilə icazə verilir.”
Azərbaycanda kənd yaşıl turizminin bir növü kimi yaylaq turizmi üçün ən əlverişli imkanlar Kiçik Qafqaz iqlim zonasında mövcuddur. Ölkədə yaylaqların ümumi sahəsi 597 min hektara bərabərdir. Xüsusilə yüksək dağlıq ərazilərdə turistlərin yaylaqlarda istirahət etmək imkanları vardır. Kiçik Qafqaz iqlim zonasına aşağıdakı rayonlar daxildir: Hacıkənd-Göygöl, Şuşa, Laçın-Minkənd. Azərbaycanın tarixi yaşayış məskənlərindən olan Şəki məhsuldar yaylaqlar (otlaqlar) və düzənliklərin qoynunda yerləşir. Tarixi Gəmiqaya təsvirləri dəniz səviyyəsindən 3907 m yüksəklikdə yerləşən Qapıcıq zirvəsinin cənub və qərb yamaclarındakı Nəbiyurdu, Camışölən və Qaranquş (NMR Ordubad rayonu ərazisində) diqqət çəkən yaylaqlarındadır. Qaya təsvirlərinin toplandığı başlıca bölgə Qaranquş yaylağıdır. Boz və qara rəngli qaya parçaları üzərinə çəkilən təsvirlər başlıca olaraq çəhrayı görünüşdədir. Rəsmlər qazma və döymə texnikası ilə icra edilmişdir. Orta əsrlərə aid az miqdar rəsmlər isə cızma üsulu ilə icra olunmuşdur.
Ümumiyyətlə, Azərbaycanda mövcud olan petroqliflərin əksəriyyəti yüksək dağ yaylaqları (otlaqları) şəraitində daşlara həkk olunub (Gəmiqaya-Kəlbəcər, Xacbulaq-Gədəbəy). Bununla belə, petroqliflərə Azərbaycanın düzənlik rayonlarında da – Qobustanda, Mərdəkanda (Şüvəlanda), Abşeronda, Şirvan düzənliyində, Hacıqabulda da rast gəlmək olur. Bu da, öz növbəsində, turistlərə Azərbaycanda tarixi turizmlə yaylaq turizmini bir yerdə yaşamaq imkanı verir. Həmçinin onu qeyd etmək lazımdır ki, yaylaq turizminin dağlıq və dağətəyi rayonlarda geniş inkişaf imkanları vardır.


Ov turizmi 


Azərbaycanda müvafiq lisenziyaya sahib olanlara, bir çox meşə heyvanı və quşlarını ovlama imkanı verilir. Müntəzəm bir qoruq olan Qızılağac qoruğunu qış aylarında sayca 1 milyondan artıq 2 min növ quş ziyarət edir.  Ümumiyyətlə, Azərbaycan Respublikasında su-bataqlıq quşlarının daimi qışladığı yerlərə Ağcabədi, Astara, Cəlilabad (Qırmızı kənd ovçuluq təsərrüfatı istisna olmaqla), Beyləqan, İmişli (Sarısu və Bozqobu ovçuluq təsərrüfatı istisna olmaqla), Lənkəran (Qavzava ovçuluq təsərrüfatı istisna olmaqla), Masallı, Biləsuvar (Mahmudçala və Zavvar ovçuluq təsərrüfatı istisna olmaqla), Ceyranbatan gölü və Abşeron yarımadasının başqa su anbarları, həmçinin Mingəçevir su anbarını aid etmək olar.
Azərbaycan Respublikasının “Ətraf mühitin mühafizəsi haqqında” və “Heyvanlar aləmi haqqında” və “Ovculuq haqqında” qanunlarına əsasən, ölkə ərazisində vəhşi heyvan və quşların sayının tənzimlənməsinin təmin edilməsi və ovlanmasının müddət və normalarının müəyyən edilməsi üçün xüsusi normalar mövcuddur. Bu işləri hələlik "Azərovçu"- Azərbaycan Ovçular və Balıqçılar Cəmiyyəti İctimai Birliyi idarə edir.  Azərbaycanda 176,8 min hektar ümumi sahəsi olan ovçuluq təsərrüfatlarında 15.510 baş dırnaqlı, 68.720 baş xəzli heyvan, 4 milyon 380 minə qədər quş vardır. Onlardan maral, Dağıstan turu, qarapaça, cüyür, porsuq, vəhşi pişik, dovdaq, qartal, kəklik, turac, qırqovul, bəzdək, faminqo, qamışquşu və başqa nadir növlərin baş sayının artırılması da diqqət mərkəzindədir. 10 mindən çox üzvü olan "Azərovçu"nun sıralarına son illər 3 mindən çox gənc ovçunun da daxil olması bu turizm növünün inkişaf meylində olduğunu göstərir. Həmçinin onu qeyd etmək lazımdır ki, bu vəhşi yabanı heyvan və quşların həmçinin şəkillərini çəkmək, müşahidələr aparmaq da mümkündür. Ümumiyyətlə ov turizmi zamanı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ov mövsümünü nəzərə almaq lazımdır.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Ov Məsələləri üzrə Elmi Koordinasiya Şurasının 27 may 2009-cu il tarixli iclasında 2009–2010–cu illərin ov məsələsi Şura üzvləri tərəfindən müzakirə edilərək mövsümün açılması barədə qərar qəbul edilmişdir.
Qeyd edilənlərlə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyi Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin 04 iyun 2009–cu il tarixli 134/ü saylı Əmrinə əsasən 06 iyun 2009-cu il tarixindən etibarən ov mövsümü açıq elan edilmişdir. Ov mövsümü yalnız məməli heyvanlar üçün açılmışdır.
Azərbaycan Respublikası Prezidentinin 16 fevral 2006-cı il tarixli Sərəncamı ilə yaradılmış “Azərbaycan Respublikası ərazisində quş qripi xəstəliyinin qarşısının alınması və bu sahədə bütün qurumların birgə fəaliyyətinin əlaqələndirilməsinə dair Dövlət Komissiyası”nın müvafiq qərarı olduğu təqdirdə ölkə ərazisində quş ovuna qoyulmuş qadağa götürülə və bu ov obyektlərinə icazə verilə bilər.
Ölkə ərazisində 2009–2010-cu illərin ov mövsümündə vəhşi heyvanların ovlanmasının müddətləri və normaları aşağıdakı kimi təyin edilmişdir:
Azərbaycan Respublikasının ərazisində bəzi heyvanların (çaqqal, yenot) saylarının tənzimlənməsi məqsədilə il boyu ovlanmasına icazə verilə bilər. Respublika ərazisində ova yalnız ov mövsümü ərzində ov icazəsində göstərilən günlərdə icazə verilir. Respublikada ov fəaliyyəti Ekologiya və Təbii Sərvətlər Nazirliyinin aidiyyəti şöbələri tərəfindən verilən birdəfəlik ov icazələri əsasında aparılır.
Birdəfəlik ov icazəsinin qiyməti dovşana 2 manat 20 qəpik, çaqqala 3 manat 96 qəpik, yenota və qunduza 1 manat 65 qəpik, təkəyə 24 manat 75 qəpik, qabana (çöl donuzu) 16 manat 50 qəpik təşkil edir.
Xarici ovçulara ov icazəsinin dəyəri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 6 noyabr tarixli 176 ¹-li Qərarına müvafiq olaraq müəyyən edilir, ov normaları Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamenti ilə bağlanılmış müqavilələrə əsasən tənzimlənir.
Təəssüflər olsun ki, bu gün yerli turizm şirkətlərinin ov mövsümü zamanı müvafiq xidmətlər təklif etməsinə rastlaşmaq olmur. İnsanlar daha çox özünü təşkil əsasında ov turizmi ilə məşğul olurlar.


Tarix turizmi


Azərbaycan bəşər mədəniyyətinin ilkin beşiklərindən biri hesab olunur. Qədim insanların bu ərazidə hələ 1,5 -2 milyon il bundan əvvəl məskən salması alimlər tərəfindən sübut olunmuşdur. Azərbaycanın mağara düşərgələrində aparılan arxeoloji qazıntılar qədim daş dövrü insanlarının təşəkkülü və inkişafı, qədim ibtidai icmalar haqqında məlumat verməyə imkan vermişdir. Azərbaycanın paytaxtı Bakı şəhərindən təqribən 55 km cənubda Qobustan qaya təsvirləri də bu diyarın qədim tarixindən söhbət açır. Süjet müxtəlifliyinə görə həmin təsvirlər eramızdan əvvəl 8-ci minillikdən eramızın XIX əsrinədək bir dövrü əhatə edir.
Azərbaycan tarix turizmi baxımından da turistlərə geniş imkanlar vəd edir. Ümumilikdə Azərbaycanda 7 minədək qorunan tarixi abidə mövcuddur. Bu sırada Azıx mağarası, Zaqatala İlisu qülləsi, Lənkəranda dairəvi Daveri qala həbsxanası, Pirqulu Rəsədxanası, Mömünə Xatun məqbərəsi, Husif ibn Küseyri, Şəki Xan Sarayı, Qarabağlar türbəsi (Naxçıvan), Asafi keyif ziyarətgahı (Naxçıvan), Gülüstan mavzoleyi, Qədim Qala divarları (Naxçıvan), Kültəpə, Gəmiqaya, Oğlanqala, Qədim Gilan və Şirlan kimi qədim yaşayış məskənləri (Naxçıvan), Yalınqala, Fərhadqala, Quylu kimi mağara kompleksləri (Naxçıvan), Qobustan, Şəkidə alban kilsəsi, Şamaxıda Cümə məscidi, Şaşiqəndam və Yeddi Günbəz qəbiristanlığı, Xınalıqda Atəşpərəstlik alov məbədi (Atəşgah) və başqa adlar sadalana bilər.
Bundan başqa, zəngin mədəni irsə və arxitekturaya sahib Bakı şəhəri (şərq və qotik üslublu tikililər, dünya şöhrətli İçəri Şəhər, Qız Qalası və s.) hər zaman öz cəlbediciliyini qorumuşdur. XIX əsrin sonlarından başlayaraq Bakıda qədim memarlıq abidələri - Xəzər dənizinin sahilində tikilmiş “Qız qalası”, məscidlər, karvansaralar, əzəmətli qala divarları, “Şirvanşahlar kompleksi” (XV əsr) ilə yanaşı, yeni müxtəlif üslublarda tikilmiş müasir binalar ucaldılmışdır. Bütün bunlara görə şəhər şərq və qərb memarlıq üslublarını özündə birləşdirir, həm qədim, həm də müasir mədəniyyət mərkəzi təsiri bağışlayır. Qədim tarixi abidələr şəhərin qala divarları ilə əhatələnmiş, “İçərişəhər” adlanan hissəsində yerləşmişdir. Ölkədə müxtəlif tarix və etnoqrafiya muzeyləri (NMR-də xalçaçılıq muzeyi, Bakıda incəsənət və xalçaçılıq muzeyləri və s.) fəaliyyət göstərir. Sənaye üsulu ilə neft emalının  ilk dəfə tətbiq olunduğu  Bakı, dünyada bənzəri olmayan Xəzər dənizində yaradılmış Neft daşları şəhərciyinə görə də diqqətəlayiqdir.


Dini turizm 


Azərbaycan tarix boyu bir sıra dinlərin (atəşpərəstlik, xristianlıq və İslam) fəal yayılma mərkəzi kimi çıxış etdiyindən, ölkədə bu dinlərə mənsub çoxsaylı tarixi abidələrə rast gəlmək mümkündür.
Bakı öz tarixinə görə qədim şəhərlərdən biridir. Burada e.ə III-I minilliklərə aid arxeoloji materiallar tapılmışdır. Onun ərazisində yerdən çıxan təbii qazın alışmasından əmələ gələn od sütunları bir vaxtlar gecə-gündüz yanaraq ətrafa işıq saçmışdır. İnsanlar bu odları müqəddəs saymış ona sitayiş etmişlər. Təsadüfi deyil ki, Bakı atəşpərəstliyin mərkəzlərindən olmuş, burada çoxlu məbədlər, atəşgahlar salınmış və qədim zamanlardan əhalinin böyük əksəriyyəti Zərdüşt dininə sitayiş etmişdir. Bu baxımdan, hazırkı dövrə qədər qorunub saxlanmış Atəşgah məbədini göstərmək olar. Atəşgahın ətrafında tez-tez uzaq ölkələrdən gələn zəvvarların toplanmasını nəzərə alaraq, məbədin ətrafında 1713-1733-cü ilədək 2 gözdən ibarət ev tikilmişdir. Sonrakı dövrlərdə tikinti işlərinin aparılması nəticəsində ΧVIII əsrin sonlarında ümumi hasara alınmışdır. Haqqında danışılan tarixi abidə hazırda Suraxanı rayonu ərazisindədir. Dünyanın çox yerindən atəşpərəstlər bu diyara ziyarətə gəlmişlər. Müqəddəs odların sirri isə şəhərin ərazisində torpağın altındakı və dənizin dibindəki zəngin neft və qaz yataqlarındadır.
Yüksək səviyyədə dini tolerantlığın hakim olduğu ölkədə müsəlmanlar üçün Təzə Pir, Əjdərbəy, Hacı Sultan Əli, Şəhidlik, Bibiheybət adlı məscidlər, xristianlar üçün Mixail Arxangel kilsəsi, İsanın Müqəddəs Miladı kilsəsi, Müqəddəslər kilsəsi, yəhudilər üçün Aşkenazi Yəhudi sinaqoqu, Sefardi Yəhudi sinaqoqu və s. kimi ibadət mərkəzləri və ocaqları fəaliyyət göstərir. Həmçinin ölkənin müxtəlif yerlərində yüzlərlə ziyarətgahlar vardır ki, hər il onlara onminlərlə insan gedir.
Qeyd edək ki, bu araşdırma Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının layihəsi əsasında hazırlanıb.


“Azərbaycan Milli İnkişaf layihəsi” İctimai Birliyi
URL / WWW
http://kelam.az/article/a-6329.html