Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Məqalələr » Turizm marşrutları: bölgələr üzrə imkanlar və problemlər
04.05.12 17:54

Azərbaycan coğrafi cəhətdən zonalara, inzibati cəhətdən rayonlara (inzibati), iqtisadi nöqteyi-nəzərdən iqtisadi rayonlara bölünmüşdür. 2008-ci il ildə təsdiq olunmuş “Turizm və rekreasiya zonalarının nümunəvi Əsasnaməsi”nə görə ölkə turizm və rekreasiya zonalarına bölünməsi nəzərdə tutulur. Hal-hazırda ölkədə turizm marşrutlarına bölünmə vardır ki, biz də bu bölgüyə əsasən şərti olaraq turizm bölgələrinə bölünməyə getmişik.


Bakı və Abşeron turizm bölgəsi

Bu bölgə Azərbaycan əhalisinin həddən ziyadə sıx yaşadığı və plansız böyümənin müşahidə olunduğu və paytaxtın yerləşdiyi bir ərazidir. Baxmayaraq ki, Xəzər sahilində çimərlik turizm potensialının geniş olduğu bir zonadır, amma burada turizm XX əsrin ikinci yarısından inkişaf etməyə başlayıb. Bölgə həm çimərlik, həm yerləşdirmə yerləri, həm  də bağ massivləri ilə diqqəti cəlb edir. Xüsusilə çoxlu sayda tarix və mədəniyyət obyektlərinin olduğu zonada dünya mədəni irs siyahısına daxil olan yerlər vardır. Ölkədə yerləşdirmə yerlərinin ən çox olduğu zona olsa da Bakı havası o qədər də təmiz olan ərazi hesab olunmur. Tikinti, külək, neft-qaz istehsalı Bakıda ətraf mühitə təsirsiz ötüşməyib.
Çoxlu sayda neftlə çirklənmiş ərazilərin hələ də qalması, şəhərin mərkəzində və mövsüm vaxtı çimərliklərdə, bağlara gedən yollarda tıxacın olması, Bakının havasının normadan çox çirklənməsi, peşəkar kadr çatışmazlığı ucbatından bir-çox turizm təsislərində xidmətin lazımi səviyyədə olmaması və s.,  problem olaraq qalmaqdadır. Amma son dövrdə aparılan infrastruktur işləri, Bakının yol infrastrukturuna investisiyaların artması, kütləvi yaşıllaşdırma tədbirləri, neftlə çirklənmiş ərazilərin təmizlənməyə başlanması, tullantıların idarə olunması sahəsində islahatlar (Tullantılar Zavodunun tikilməsi) və s., işlər Bakının ətraf mühitinə təsirsiz ötüşməyib.
Bakının tarix, mədəniyyət və dəniz turizm potensialının da genişlənməsi ümidləri artırır.  Özünəməxsus qumu olan Bakı çimərliklərində təmizlik, dənizin və sahilin təmzilənməsi, yüksək keyfiyyətli xidmətlə zonada turizmi daha da inkişaf etdirmək olar. Əlalxüsus dəniz kurizləri, adalarda turizm, şəhər turları, balıqçı restoranları, vulkanlara səyahətlər, sayısız tarix-mədəniyyət abidələri keyfiyyətli xidmətlə birlikdə turizm məhsulu kimi təklif oluna bilər. 
Bakı yaxınlığında Xəzər dənizində çoxlu sayda ada var. Buna Çilov, Pirallahı, Xərə-Zirə, Zənbil, Gil, Qum, Daş Zirə  və s., adlarını çəkmək olar. Bu adalarda turizmin inkişaf etdirilməsi potensialı mövcuddur. Bu mənada son vaxtlar geniş müzakirə olunan Böyük Zirə adası tezliklə ayrıca bir turizm şəhəri ola bilər. Yerli Aurositi Holding şirkəti burada 6 milyard dollarlıq istirahət və əyləncə şəhərciyi tikməyi təklif edir. Bu Azərbaycanda neftdən sonra ən böyük maliyyə tutumlu layihələrdəndir ki,  bu da ilk baxışdan ölkənin ada turizm imkanlarını önə çıxarır.   Bakının 2009-cu ildə İslam mədəniyyətinin paytaxtı olması onun dünyada tanınması baxımından böyük əhəmiyyətə malikdir. İl ərzində Bakıda yüzlərlə müxtəlif tədbirlərin keçirilməsi ölkəyə çoxlu sayda turistin gəlməsinə səbəb olmuşdur.


Şimal turizm bölgəsi


Bu bölgədə Xızı,  Siyəzən,  Dəvəçi, Quba, Xaçmaz və Qusar rayonları yerləşir. Bu rayonların ümumi coğrafi xarakteri dağlıq-düzənlik və Xəzər sahili ərazilərdən ibarətdir. Nəqliyyat Rusiyaya gedən magistral və dəmir yollarıdır. Hələlik ancaq magistral yolun yenilənməsi işi aparılır. Dəmir yolları isə sürət qatarları üçün hələ çox iş görülməlidir. Amma perspektivdə sahil boyunca, şimala doğru Xəzərdə motorlu qayıqların hərəkətinə imkan verən kiçik marinaların tikintisi, vertolyotların hərəkəti məqsədə müvafiqdir. Bölgədə Altıağac və Şahdağ milli parklarında ekoturizmin inkişaf etdirilməsi, kənd yaşıl turizminin genişləndirilməsi mümkündür. Nabran isə hələlik plansızda olsa bölgənin əsas parlayan turizm mərkəzidir. Baxmayaraq ki, çoxlu tarix və mədəniyyət obyektləri vardır. Qədim Şabran şəhərinin qalıqları, Gilgilçay müdafiə istehkamı, Xızının rəngarəng dağ mənzərələri, Qubadakı Xınalıq kəndi və s., yadda qalar turizm məhsullarıdır. Bəzi ölkələrdə olan “qur-işləd-təhvil ver” modeli ilə bu bölgədə turizmin müxtəlif növləri üzrə çoxlu sayda layihələr inkişaf etdirmək olar.
Bu bölgənin turizm inkişaf konsepsiyasında “More-Qore” (Dəniz və dağ) fikiri əsas yerdə durmalıdır. Turistlərin dağlarda sərin havalarda gəzib və ya xizək sürüb qısa müddət sonra dəniz sahilinə enməsi, günəşlənməsi üçün imkan vardır. Bölgənin regionlar arası inteqrasiyası üçün Şamaxı-Quba yolunun çəkilməsi zəruridir. Xızıdakı “Cənnət bağı” istirahət zonası kimi qonaqlama yerlərinin sayının artırılması və rəqabət mühitində qiymət və keyfiyyətin nəzarətdə saxlanılası mümkündür. Siyəzən rayonu ərazisində yerləşən Qalaaltı kurort şəhərciyində Çıraqqala sanatoriyasının genişləndirilməsi ilə sağlamlıq turizminə geniş imkan yaratmaq olar.
Qeyri-neft sektorunda Hökumətin ən iri həcmli layihələrindən biri Qusarda tikilən Şahdağ kompleksi də bu regiondadır. Kompleksin tikintisinə nəzarəti həyata keçirmək üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 19 may 2008-ci il tarixli 116 ¹-li qərarı ilə Mədəniyyət və Turizm Nazirliyinin nəzdində “Şahdağ” Qış-Yay Turizm Kompleksinin Müdiriyyəti yaradılmışdır. “Şahdağ” Qış-Yay Turizm Kompleksinin əsas obyektlərinin tikintisi 19 sentyabr 2009-cu il tarixində təmtəraqlı bir açılışla artıq başlamışdır.  Ümumilikdə bu kompleksin 8-10 il ərzində 4 mərhələdə  tikilib istifadəyə verilməsi nəzərdə tutulur. Dünya standartlarına uyğun, miqyasına görə ölkənin ən iri qış-yay turizm kompleksinin yaradılması Şimal turizm zonasının potensialına mühüm töhfədir. Bu layihənin ilkin dəyəri 1.2 milyard ABŞ dollarıdır.
 



Şimali-qərb turizm zonası


  
Bu bölgə şimal-qərb marşrutu boyunca yerləşir. Əraziyə Bakıdan başlayaraq Mərəzə, Şamaxı, İsmayıllı, Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala və Balakən aiddir.  Bölgə çox böyük və fərqli sub-regionlardan ibarətdir. Bunlar birinci Mərəzə, Şamaxı və İsmayıllı, ikinci Qəbələ, Oğuz və Şəki, üçüncü isə Qax, Zaqatala və Balakən kimi qruplaşdırla bilər. Ərazi müxtəlif turizm növlərinin inkişaf etdirilməsi üçün münasibdir. Ekoturizm, tarix və mədəniyyət, inanc və s., turizm növləri üçün geniş potensial vardır. Bölgədə Mərəzə istisna olmaqla bütün rayonlarda ölkə miqyasında inkişaf etmiş turizm məhsulları vardır. Şamaxı Bakıdan gələn turistlər üçün birgünlük və həftəsonu kimi cəlbedicidir. Şamaxı rayonu Azərbaycanın ən iri üzümçülük mərkəzlərindən biridir. Çoxdan beynəlxalq sərgilərdə medal və diplomlara layiq görülmüş Şamaxı şərabları diqqətə layiqdir. İdman turizmi həvəskarlarının populyar istirahət yerlərindən biri də Şamaxıdan piyada səfərə çıxmaqla Quba və İsmayıllıya ekskursiyaya getməkdir. Şamaxı bulaqları, çay balıqları, tanınmış şəxslərin abidələri (Seyid Əzim Şirvani, İmadəddin Nəsimi, Mirzə Ələkbər Sabir, Hacı Zeynalabdin Şirvani, Məhəmməd Şirvani, Əzim Əzimzadə, Abbas Səhhət, Həmədi Şirvani, Fələki Şirvani və s.) Pirqulu qəsəbəsinin yaxınlığında yerləşən Astrofizika Rəsədxanası ilə turistlərin diqqətini çəkir. Ağsu pervalındakı restoranlar mövsüm zamanı gündə yüzlərlə turistə xidmət etməkdədir. Amma Şamaxının çoxsaylı tarixi abidələri (Cümə Məscidi (VIII-X əsrlər); Pirmərdəkan türbəsi (XIII-XIV əsrlər); Şahxəndan türbəsi (XVII əsr); 7 türbədən ibarət olan Yeddi Gümbəz Kompleksi (XVIII əsr); Əfsanəvi Qalayı-Buqurt qalasının qalıqları (XII-XVI əsrlər) və s.) eyni diqqəti görməməkdədir. Bunun əsas səbəblərindən biri tarix-mədəniyyət turizminin regionda yetərincə diqqət görməməsidir.
Pirqulu qoruğu zəngin flora və faunası ilə dəyərli ekoturizm məhsulu ola bilər. Azərbaycanda mövcud olan 8 iqlim tipindən üçünə İsmayıllı rayonunun ərazisində rast gəlinir ki, bu da rayonun turizm potensialını xarakterizə edir. İsmayıllı qoruğu ekoturizm, çoxlu sayda tarix və mədəniyyət abidəsi,  Babadağ ziyarətgahı, Lahıc kəndi misgərlik, Basqal isə "Kəlağayı" (milli baş örtükləri) və s., dəyərli turzim məhsulları, süvinirləri yerli və xarici turistlərin maraq dairəsindədir. Şamaxı, İsmayıllı və Mərəzə sub-regionunda yerləşdirmə və xidmətin səviyyəsində inkişaf üçün geniş imkan vardır.
Regionda üç alt qrupdan ən çox inkişaf edəni Qəbələ-Oğuz-Şəki turizm rayonlarıdır. Bu rayonlarlar, dağlıq və yaşıllıqları ilə diqqət cəlb edirlər. Bölgədə Qafqaz Albaniyasından, Şirvanşahlar  dövlətindən və Şəki xanlığının qalma çoxlu tarixi abidə böyük maraq kəsb edir. ərazidə çoxlu çaylar (Dəmiraparan çayı, Vəndam çayı, Bum çayı, Tikanlı çayı və s.) vardır.  Bölgə alpinizm, raftinq, ekoturizm, mədəni turizm, istirahət turizmi üçün böyük potensialı ilə fərqlənir. Regionda qoz-fındıq və şabalıd bağları ilə ad çıxarmışdır. Meşələrdə isə çox qədim ağaclar vardır. Ağaclarda orta yaş 500 ildən çoxdur. Bu ağaclardan bəziləri dövlət tərəfindən mühafizə olunan təbii abidələr siyahısına daxil edilmişdir. Sub-regionda ceyran, cüyür, ayı, canavar, dovşan və yerli faunanı təmsil edən digər heyvanlar vardır. Tarix, mədəniyyət və memarlıq abidələri (məscid (XIX əsr), Alban məbədi (IV əsr), Ustacan qülləsi (IX əsr), Hacı Qərib məscidi və Çotari alban kilsəsi, Şeyx Bədrəddin və Şeyx Mənsur türbələri (XV əsr), Şəfili kəndindəki məqbərə (XVII əsr), Şıxbaba piri (XVI əsr) və Komrad piri və s.,) ilə region öndədir. Qəbələ qədim paytaxt, müasir şəhər və böyük turizm potesnialı ilə parlamaqdadır. Qəbələ şəhərinin yaxınlığında "Ay İşığı" istirahət zonası yaradılmışdır. "Dağ Turist Bazası" adlanan ekskursiya-turizm xidməti meşədə istirahətin, ekskursiyaların, heyvan və balıq ovunun təşkil edilməsi ilə məşğul olur. "Azərbaycanın İsveçrəsi" adlandırılan Oğuz rayonu tarixi abidələri, çoxlu şəlalə, kükürdlü və termal su bulaqları, zəngin faunası (dovşan, ayı, dağ keçisi, qaban, qırqovul, kəklik, qaz, həmçinin som və forel balıqları), florası (qoz, fındıq, alma, armud, zoğal, yemişan, gilas, alça, qarağat və moruq) ilə diqqət cəlb edir. Amma yerləşdirmə və turizm xidmətlərində yetərsizlik vardır. Oğuzda kənd yaşıl turizminin və B/B-nin inkişaf etdirilməsi potensialı genişdir. Şəki rayonu çoxsaylı tarixi abidələri (qalalar, müşahidə qüllələri, kilsələr, Qafqaz Albaniyası dövrünə aid məbədlərin xarabalıqları qalmışdır. Bideyiz, Baş Küncüt, Orta Zəyzit kəndlərindəki abidələr, Kiş kəndində müqəddəsi Yelisey kilsəsi və s.), gözəl təbiəti, halvası, lətifələri ilə məşhurdur. Bu şəhərdəki ev-muzeyləri, xalq memarlığının nadir nümunəsi olan Şəki Xan Sarayı, Aşağı və Yuxarı Karvansaralar  turistlər tərəfindən yaxşı tanınır. Şəki turizminin hələ sovet dövründən inkişaf etdiyi az saylı rayonlardandır. Bölgədə ənənəvi xalq sənətlərindən xalçaçılıq, metal və ağac üzərində oyma nümunələri, paxlava, halva və s., regional brendləmə üçün münasib vasitələrdir.
Bölgənin üçüncü alt qrupu olan Qax-Zaqatala-Balakən mühüm turistik məntəqədir. Baxmayaraq ki, paytaxtdan ən uzaqda yerləşən bölgələrdən biridir, amma hər il həm yay, həm də qışda turistlərin ən çox getdiyi regionlardan biridir. "Zaqatala" və "İlisu" Dövlət Qoruqları, dağ meşələrində ayı, dağ keçisi, canavar, qaban, vəhşi pişik və çaqqal, Qanıq-Əyriçay vadisi rayonunda olan heyvan və balıq ovu ekoturizm üçün diqqət çəkir. Bu rayonlarda tarixi abidələr çoxdur. Sarıbaş və Cəlair kəndlərində yerli sənətkar qadınlar orijinal naxışlı xalçalar və yun corablar toxuyurlar. Yerli sakinlərin ev şəraitində şərab istehsalı diqqət cəlb edir. İlisu kəndi ayrılıqda mühüm turizm mərkəzi kimi inkişaf etdirilə bilər.  Rayonlarda flora (şabalıd, qoz, fındıq, palıd, vələs, qarağac və s.) və  fauna ( maral, dağ keçisi, qaban, ayı, canavar, dovşan, həmçinin çoxlu quş növləri ilə (qırqovul, kəklik, dağ şahini, çalağan, turac, dolaşa və bülbül)) zəngindir.  Sub-region etnik qruplar ilə də ( ruslar, avarlar, ləzgilər, tsaxuolar, tatarlar, ingiloylar və s.) turistləri cəlb edə bilər.  Zəngin tarixi abidələr və təbiət regionda turizmi inkişaf etdirmək üçün münbit mühit yaradır.  Qonşu iki ölkə ilə sərhəddə olan Balakən rayonunun malik olduğu turizm potensialı onu yaxın gələcəkdə transsərhəd turizm marşrutlarının mərkəzi ola biləcəyini söyləməyə əsas verir. Bu bölgədə davamlı turizm növlərinin, istirahət, mədəniyyət turizminin inkişafı üçün açıq olduğunu göstərir.


Cənub turizm bölgəsi


Cənub turizm bölgəsinə cənub marşrutuna adi olan Salyan, Biləsuvar, Cəlilabad, Masallı, Lənkəran, Lerik və Astara rayonları aiddir.  Bu bölgə şimal-cənub nəqliyyat dəhlizi üzərində, İranla sərhədədək, Xəzər dənizi boyunca uzanan bir bölgədir. Bölgədə hələ sovet dövründən Lənkəran və Astara rayonlarında istirahət və sağlamlıq turizmi inkişaf edib. Xüsusilə Lənkərandakı İstisu sanatoriyası müalicəvi əhəmiyyəti ilə çoxlarının diqqət mərkəzində olub. Hal-hazırda bu zonada Şirvan və Hirkan milli parkları, Qızılağac qoruğu (Burada yaşayan 248 növ quş və 54 növ balıq arasında Qırmızı kitaba daxil edilmiş növlər də var. ) diqqət çəkməkdədir. Bu bölgə İpək Yolu üzrə turistlərin və yolçuların yaxın və uzaq şərqə səfərləri zamanı keçilən bölgədir. Bölgənin əsas xüsusiyyəti odur ki, Masallıyadək Salyan, Biləsuvar və Cəlilabad düzənlik, Masallı, Lənkəran, Lerik və Astara rayonları isə daha çoxluq  dağlıq ərazidir. Bölgədə çoxlu sayda tarix, mədəniyyət və təbiət abidələri çoxdur. Həmçinin bu zonadan ölkənin ən böyük çayı –Kür keçib, Xəzər dənizinə tökülür. Həmçinin diğər daha kiçik çaylar (İncəçay, Bulqarçay, Mişarçay, Göytəpəçay, Viləş, Alvadıçay, Tatyan, Lənkərançay, Verapvul, Qumbaşı, Boladi çayları və s.) da mövcuddur. Bölgə sitrus bitkiləri (çay, naringi, xurma, feyxoa və bir neçə limon növü), balıqçılıq ilə diqqət cəlb edir. Həmçinin Cəlilabad rayonunda üzümçülük son dövrdə yenidən inkişaf etməyə başlamışdır. Digər ənənəvi kənd təsərüffatı məhsulları da bölgədə yetişməkdədir. Dənizə və çaya yaxın yerləşməsi bu ərazinin sakinlərinin milli mətbəxinin xüsusiyyətlərini şərtləndirmişdir. Quş və dünyada nəsli kəsilmiş ceyranların müşahidə edilməsi bölgənin özünəməxsus cəlb ediciliyidir. Zonanın faunası və florası həm ekoturizmə, həm də ov turizminə münasibdir. Məşhur dəmirağac, propka ağacı, məxməri qayın ağacı, hirkan şəmşidi, ipək akasiya, palıd, evkalipt, bir də Talış dağlarının əsas meşə ağacı sayılan enliyarpaq palıd bu meşələrin bir növ rəmzidir. Həmçinin bölgə sovet dövründə “İttifaqın tərəvəz bazası” hesab olunurdu. Zona cənuba getdikcə Xəzər dənizi sahilləri və Talış dağları ilə bütünləşir. Ərazinin relyefinin müxtəlifliyi - dağlar və düzənliklər (Lənkəran ovalığı), burada iqlimin də xeyli dəyişkən olmasını şərtləndirir. Bölgə, xüsusən Masallı rayonu mineral su bulaqları ilə zəngindir. Bu bulağın suyu müalicəvi xassələrə malikdir. Tarix və mədəniyyət abidələr ilə zona, digərlərindən geri qalmır. Həmçinin ərazidə ənənəvi xalq sənəti növləri - zərgərlik, xalçaçılıq, həsir toxuma sənətləri geniş inkişaf etmişdir ki, bu da turizm üçün maraqlıdır. Ərazidə çoxlu sayda yerləşdirmə yerləri və restoranlar vardır. Turistlər həm də kotej tipli evlərdə və fərdi evlərdə qalmağa da üstünlük verirlər. Lənkəranda hava və dəniz limanları vardır. Hər gün bölgəyə şösse, dəmir yolları ilə gedə bilərlər. Gələcəkdə turistlərin hava və su nəqliyyatından da istifadə etmək imkanı olacaqdır. Çatışmazlıq yerləşdirmə yerlərinin yetərli, fərqli qruplara xitab etməməsi, xidmətlərin keyfiyyətindədir. Bu sahədə təkmilləşdirməyə ehtiyac hiss olunmaqdadır.


Qərb turizm bölgəsi


Qərb bölgəsi ölkənin ən böyük və uzun turistik zonasıdır. Bu əraziyə qərb maşrutuna daxil olan Hacıqabul, Kürdəmir, Yevlax, Tərtər, Naftalan, Gəncə, Göygöl, Daşkəsən, Şəmkir, Gədəbəy, Tovuz, Ağstafa və Qazax aiddir. Coğrafi cəhətdən fərqli olmaqla bərabər, qərb nəqliyyat yolu üzərində olan və fərqli turizm növlərini təklif etmə xüsusiyyətinə malikdir. Kür çayının keçdiyi (sahillərində Tuqay meşələri olmaqla) və zonanı İpək Yolu, onu dəmir, şose və hava yolları əhatə edir. Gürcüstan sərhədinə qədər uzanan bu zonanın əsas xüsusiyyətlərindən biri trans sərhəd əməkdaşlığına münasib olmasıdır. Bölgənin zəngin tarix, mədəniyyət və təbiət abidələri vardır. Şirvan bölgəsində xalçaçılıq (əl xalçaları toxumaq ənənəsi ilə) diqqət cəlb edir. Bölgənin flora və faunası da rəngarəngdir. Əgər marşrutun başlarında isti çöl iqlimi hakimdirsə, ortalarda yüksək dağlıq və sonraları isə düzənlik-dağlıqla rastlaşmaq mümkündür. Zonada çoxlu sayda qorunan ərazilər (milli park, qoruq və yasaqlıq) vardır. Bakı-Qazax yolu boyunca çoxlu sayda restoranlar, yeməkxanalar və motellər diqqət cəlb edir.   Xüsusilə Naftalanda müalicəvi turizm potensialı vardır. Buradakı sanatoriyaya ildə çoxlu yerli və xarici turist gəlir.   Buraya gələnlər hələlik əsasən  "Çinar" sanatoriyasında qala bilərlər.  Gəncə zonanın əsas mərkəzi olmaqla xüsusi diqqət cəlb edir. Buraya  hər gün hava, dəmir və şosse yolu ilə nəqliyyat işləyir. Gəncə - müxtəlif dövrlərdə ölkəmizin tarixində mühüm rol oynamış ən qədim şəhərlərdən biridir. Hazırda Gəncənin yaxınlığında Hacıkənd kurort zonası və məşhur Göygöl yerləşir. Burada çoxlu turist marşrutları, pansionatlar, turist bazaları və istirahət evləri fəaliyyət göstərir. "Göygöl" dövlət qoruğu Azərbaycanda ilk qoruq olub və hal-hazırda milli park statusundadır.  Kiçik Qafqazın orta dağlıq, meşəlik və qismən subalp qurşaqlarının ekoloji sistemlərinin, eləcə də Göygöl, Maralgöl, Zəligöl və digər dağ göllərinin mühafizə edilməsi və öyrənilməsi məqsədilə 1925-ci ildə yaradılmış bu qoruğun ərazisi meşələrdən və dağ çəmənliklərindən ibarətdir.
Ərazidə çox zəngin tarix, mədəniyyət və təbiət abidələri vardır. Buraya özünəməxsusluq qazandıran həm də, Alban məbədləri və  Almanların (Şvablar) töhfələridir.  Heç təsadüfü deyil ki, Azərbaycanda Simens qardaşları, alman məskənləri və şərab yolları kimi özünəməxsus marşrutlar bölgədən keçir. Bölgədə tunc, dəmir və erkən orta əsrlər dövrünə aid çoxsaylı arxeoloji obyektlər, tarix və mədəniyyət abidələri vardır. Bu bölgənin flora və faunası bilavasitə onun coğrafi mövqeyi ilə şərtlənir və zənginliyi ilə seçilir. 
Bölgənin çatışmazlığı digərlərindən fərqlənmir. İlk diqqəti cəlb edən cəhət xidmət keyfiyyətinin lazımi səviyyədə olmaması, yerləşdirmə yerlərinin yetərincə və bütün sosial təbəqələrə xitab etməməsidir.  Baxmayaraq ki, nəqliyyat yolları üzrə çoxlu sayda restoranlar vardır. Onların əksəriyyətinin gigiyenik səviyyəsi, xidmət keyfiyyəti və müştəri ilə işləmə üsulu dünya standartlarına uyğun deyil.


Naxçıvan turizm bölgəsi


Naxçıvan turzim bölgəsi eyni adlı marşrutun üzərində yerləşməklə Azərbaycanın cənub-qərbində, Araz  çayının şimalında Naxçıvan Muxtar Respublikasında (NMR) yerləşir. O Azərbaycan Respublikasının əsas ərazisindən başqa bir dövlətin ensiz zolağı ilə ayrı salınıbdır. NMR Dərələyəz dağlarının cənub ətəklərində və Zəngəzur dağlarının günbatar səmtində qərar tutur. Bura dağlıq məkandır - muxtar respublika ərazisinin 30 faizindən çoxu dəniz səviyyəsindən 600-1000 metr yüksəkdə yerləşir. NMR mərmər, daş duz, əhəng, gips yataqları, Sirab, Badamlı, Vayxır, Nəhəcir, Qızılcır kimi nadir mineral sularla zəngindir. Burada yeraltı sular ümumiyyətlə boldur, ona görə də tarixən bölgədə kəhrizlərin - öz icrasına görə nadir yeraltı su tunellərinin tikintisi yüksək səviyyəyə çatmışdır. Yerin üstündən kəhrizə pillələrlə enirlər, elələri də var ki, onunla suyu sadəcə yerin səthinə çıxarırlar (eynilə müasir su kəmərləri tərzində). Bölgənin florası - fıstıq, şərq palıdı, qoz, söyüd, ağcaqayın, çoxlu dərman bitkiləri ilə təmsil olunur. Faunası isə- ayı, qaban, tülkü, dovşan, canavar, daş dələsi, dağ keçisi, Kiçik Asiya muflonları dağ qoyunları; quşlar - Xəzər uları, alp torağayları, dağ qaranquşu, daş kəkliyi ilə seçilir. İran və Türkiyə ilə sərhədi boyunca Araz çayı axır, bundan başqa diyarda 40-a yaxın kiçik və orta uzunluqda çay axır (Ordubadçay, Əlincəçay, Gilançay, Naxçıvançay, Arpaçay və b.). Burada "üzən adaları" olan dünya gözəli Batabat gölü ilə yanaşı, Babək və Culfa rayonlarının torpaqlarını suvarmaq üçün süni göllər də var - onlar dəniz səviyyəsindən 1500 metr yüksəklikdə yerləşir. Bütün bölgədə qədim şəhərlərin çoxlu sayda xarabalıqları, bürclər, qalalar, məqbərələr qalmışdır. Naxçıvan Azərbaycanın və Şərqin ən qədim və iri şəhərlərindən olmuşdur. Bölgənin tarixi minilliklərin dərinlərinə gedib çıxır: arxeoloqlar burada eramızdan öncə II və I minilliklərə aid çoxlu maddi mədəniyyət əşyaları tapmışlar.
NMR-də Xalça Muzeyi, Ədəbiyyat Muzeyi, Tarix Muzeyi var. Burada eləcə də yazıçı-dramaturq Hüseyn Cavidin ev-muzeyi və məqbərəsi yerləşir. Həmçinin xeyli tarixi abidələr - memarlıq kompleksi İmamzadə, Cümə Məscidi, Zaviyə Məscidi, "Pirgəmiş", "Xan Evi", İsmayil Xan hamamı, Yusif ibn Küseyir məqbərəsi, Möminə-Xatın məqbərəsi və s. mühafizə olunur.
Ermənistanın apardığı işğal siyasəti nəticəsində blokada şəraitində yaşayan bu turizm zonası zəngin flora və fauna ilə yanaşı qeyd etdiyimiz kimi, nadir tarix, mədəniyyət və təbiət abidələri ilə diqqətə layiqdir. Bölgəyə hər il İran və Türkiyədən çoxlu sayda biznes turizm nümayəndələri gəlir. Son on ildə bölgədə yerləşdirmə sahəsində irəliləyiş əldə edilmişdir. Amma digər bölgələrdəki keyfiyyətli xidmət çatışmazlığı vardır. Ən böyük problem isə blokada olması ölkənin digər bölgələri ilə yalnız hava əlaqəsinin olmasıdır. 


Qarabağ turizm bölgəsi


Qarabağ turizm bölgəsi Bərdə, Ağdam, Şuşa və Kəlbəcər rayonlarını əhatə edir. Azərbaycanın ürəyi sayılan qədim Qarabağ diyarı bu ölkəyə mühüm tarixi və mədəni  töhfələr vermişdir. Qarabağ deyəndə təkcə unikal təbiətə malik olan bir bölgə, ölkənin təbii abidələri siyahısına daxil edilmiş landşaftlar deyil, həm də istedadlı şairlər, yazıçılar, musiqiçilər, xanəndələr (milli musiqinin bir istiqaməti olan muğam ifaçıları) nəzərdə tutulur. Qarabağ - Azərbaycan musiqisinin beşiyidir. Bu qədim diyarın təbiəti və təbii ehtiyatları heç kəsi laqeyd qoymur. Bəlkə də ona görədir ki, indi bu gözəl diyar işğal altındadır. Hal-hazırda bu zona Ermənistan respublikası tərəfindən işğal edildiyi üçün biz burda yalnız onun tarixi imkanlarından bəhs edəcəyik. İlk olaraq qeyd etmək lazımdır ki, Qarabağ gözəl təbiəti ilə zəngin flora və faunaya sahibdir. Həmçinin yüzlərlə dəyərli tarix, mədəniyyət və təbiət abidələri də bu bölgədədir. Bölgəyə aid olan  Kəlbəcər rayonunda  mineral, o cümlədən termal suları ilə məşhurdur. Ən məşhur mineral su olan İstisu bulağı ətrafında salınmış kurort da İstisu adlanır. Bu mineral suların kimyəvi tərkibi dünya şöhrətli Karlovi Vari (Çexiya) suyunun tərkibi ilə demək olar ki, eynidir, bəzi göstəricilərə görə hətta ondan da üstündür. 
Qeyd etmək lazımdır ki, Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ və ətraf rayonların təbii landşaftı, tarixi-memarlıq abidələri, tranzit-kommunikasiya şəbəkəsi ermənilər tərəfindən dağıdılmış, bir sözlə bölgənin turizm infrastrukturu tamamilə məhv edilmişdir. O səbəbdən də bölgədə turizmin inkişafı haqqında işğaldan azad edildikdən sonra tanış olmaq mümkündür.
Qeyd edək ki, bu araşdırma Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının layihəsi əsasında hazırlanıb.


“Azərbaycan Milli İnkişaf layihəsi” İctimai Birliyi
URL / WWW
http://kelam.az/article/a-6328.html