Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Məqalələr » Turizm sektorunun potensial imkanları
29.04.12 17:54

Azərbaycan hələ qədim dövrlərdə Böyük İpək Yolu (BİY) üzərində mühüm dayanacaq kimi tanınan bir ölkə olmuşdur. Antik müəlliflərin məlumatlarına görə BİY-nun ən fəal hərəkətli trasslarından biri Qafqaz Albaniyasının ərazisindən keçirdi. Bu yol elmi dairələrdə Strabon yolu kimi daha məşhurdur. Belə ki, dahi filosof və tarixçi Strabon bu yol haqqında ilk dəfə müfəssəl surətdə ətraflı məlumat vermişdir.

Hələ qədim zamanlardan bu marşrut boyu yerləşən şəhərlər beynəlxalq status alırdı. Çünki əcnəbi tacirlər və karvanları qəbul edən və xidmət göstərən belə şəhərlər müvafiq infrastrukturlara malik olmalı idilər. Çoxillik arxeoloji tədqiqatlar göstərir ki, BİY ilə gətirilən antik mallar əsas anbar məntəqələrində Mingəçevirdə yerləşdirilir və buradan da Qafqaz Albaniyasının digər şəhərlərinə göndərilirdi. Bu şəhərlərin əksəriyyəti Mingəçevirin yaxınlığında yerləşirdi. Antik mənbələrdə qeyd olunan Qafqaz Albaniyası paytaxtı – Qəbələ, Şamaxı və Bərdə şəhərlərində aparılan çoxillik iri miqyaslı arxeoloji qazıntılar bu məlumatları təsdiq edir. Bu cür təsəvvür etmək olar ki, Orta Asiya, Hindistan və Çindən Mingəçevirə gətirilən malların bir hissəsi Gürcüstana və Qara dəniz sahillərinə göndərilir, bir hissəsi isə Mingəçevirdən ticarət yolu (trassı) ilə yayılırdı. Bu trasslardan biri Bərdədən cənuba Naxçıvan – Kiçik Asiya istiqamətində digəri isə Mingəçevirdən Qəbələ - Böyük Qafqaz sıra dağlarının cənub ətəkləri və Xəzər sahili boyunca Şamaxı – Dərbənd Şimali Qafqaz istiqamətində gedirdi. İpək yolu trassı üzərində Təbriz, Marağa, Ərdəbil, Gəncə, Naxçıvan, Ordubad, Nuxa (Şəki) mühüm beynəlxalq ticarət mərkəzlərinə çevrilmişdi.
Rusiyadan İrana və Hindistana gedən dəniz və quru yollarının ayrıcında yerləşən Bakının XIV əsrin ortalarında Qərblə Şərq arasında ticarət əlaqələrində böyük rolu var idi. Ağ dənizdən Volqa çayı vasitəsilə Xəzər dənizinə və sonra İran və Hindistana aparan Volqa – Xəzər dəniz yolu, Bakıda yeni karvansaraların tikilməsinə səbəb olurdu. Müxtəlif dövrlərdə Azərbaycanda olmuş səyyahların, tacirlərin, diplomatların (Marko Polo, Ryui Qonzales Klaxvio, Afanasi Nikitin, İosafat Barbaro, Ambrocco Kontarini, Antoni Cenkinson, Vincensi Alesandri, Sadko, Övliyə Çələbi, Fedor Kotov, Y.T. Kruşinski və s.,) səyahətnamələrində olan qeydlər Azərbaycan xalqının hələ o zaman ümumdünya tarixi tərəqqi prosesində özünəməxsus yer tutduğunu göstərir.
XIX əsrin sonları XX əsrin əvvəllərində Bakının karvansaralarında qonaqlar üçün komfort şərait yaratmaq məqsədi ilə karvansara binalarında yenidənqurma işləri aparılaraq, onlar mehmanxana kimi istifadə olunmağa başlandı. Rusiya imperiyası tərkibinə daxil olduqdan sonra Azərbaycanda turizm – ekskuriya işinin inkişafı Rusiya ilə bağlı olmuşdur. Azərbaycanda mütəşəkkil turizmin tarixi 1908-ci ilə aid etmək olar. Belə ki, 1908-ci ildə Krım – Qafqaz dağ klubunun filiallarından biri Bakıda açılmışdı. Bakı bölməsi həm uzaq, həm yaxın ekskursiya səfərlərinin təşkili ilə məşğul olurdu. XIX əsrin sonu XX əsrin əvvələrində turizmin inkişafına elmi və həvəskar cəmiyyətlər (coğrafiya cəmiyyəti, təbiəti sevənlər cəmiyyəti, xalq universitetləri cəmiyyəti və b.) diqqət yetirməyə başlamışdılar.
1929-cu ildən başlayaraq Rusya Turizm Cəmiyyəti (RTC) ölkədə turizm hərəkatının mərkəzinə çevrilməyə, müxtəlif şəhərlərdə o cümlədən Bakıda onun şöbələri yaranmağa başlamışdır. Onun əsas vəzifələri – zəhmetkeşlər arasında özfəaliyyət turizminin inkişafı, turizmə geniş, mütəşəkkil ictimai hərəkat forması vermək, diyarşünaslıq elementlərinin turizmə tətbiq olunması və s. idi. Proletar turizm cəmiyyətinin əsas məqsədi isə turizmin tətbiq olunması üçün kütləvi hərəkata çevirmək, zəhmetkeşlərin müxtəlif təbəqələrini (əsasən az təminatlı) əhatə etmək, turizmdən onlarlın siyasi və mədəni səviyyəsinin artmasında vasitəsi kimi istifadə etmək olmuşdur. 1930-cu ilin mart ayında SSRİ Xalq Komissarları Soveti SOVTUR səhmdar cəmiyyəti ilə PTC-nin birləşdirilməsi haqqında qərar qəbul etdi və Ümumdünya Könüllü Proletar Turizm və Ekskursiyaçılar Cəmiyyəti (PTEC) yaradıldı.
Bakıda isə ilk ekskursiya dərnəkləri 1922-ci ildən fəaliyytdə idi. Ekskurisyalar əsasən Bakının zavod, fabrik və neft mədənlərində çalışan fəhlələrin digər istehsalat sahələri ilə tanış olmaq xarakteri daşıyırdı. Yay aylarında Xəzər sahilinə - Mərdəkan, Şüvəlan, Buzovna, Türkan, Zığ, Artyom adası və Şıx zolağına istirahət məqsədli eksursiyaları təşkil olunurdu. Bu illərdə Azərbaycanda turizm ekskurisya fəaliyyəti ilə məşğul olan ən fəal qurum - Həmkarlar İttifaqları olmuşdur.
Azərbaycanda 1929-cu ildən Proletar turizm və ekskursiyalar Cəmiyyətinin bölməsi kimi fəaliyyət göstərən AZ. PTEC 1935-ci ildən Azərbaycan SSR Mərkəzi İcrayyə Komitəsi nəzdində fəaliyyət başladı. Bununla əlaqədar Az. SSR Xalq Komissarları Sovetinin 11 may 1935-ci il tarixli 476 saylı qərarı turizm ekskursiya işini daha da yaxşılaşdırmaq məqsədilə bir sıra tədbirlər görüldü. Kirovabad (Gəncə) şəhərində Az.PTEC-nin bazası yaradıldı. Hacıkənddə turbaza məqsədilə 3 ev kirayəyə götürüldü. Göygölün sahilində 20 yerlik çadır düşərgəsi təşkil olundu.
Turistlərin səyahətlərinin və istirahətlərinin maraqlı keçməsi üçün turbazalarda velosiped, atlarla yürüşlər və gəzintilər təşkil olunurdu. 1936-cı ildə SSRİ Mərkəzi İcraiyyə Komitəsi turizmin ölkədə gələcək inkişafının könüllü öz fəaliyyət cəmiyyəti çərçivəsində az səmərəli olduğunu nəzərə alaraq, 17 aprel 1936-cı il tarixli qərarı ilə Proletar Turizmi və Ekskursiyalar Cəmiyyətini ləğv etdi. İkinci dünya müharibəsi illərində bütün SSRİ-də olduğu kimi Azərbaycanda da turizm ekskursiya fəaliyyəti dayandırıldı. Müharibədən sonrakı illərdə idman, özfəaliyyət, ailəvi və uşaq turizmi geniş vüsət almağa başladı.
1950-ci il sentyabr ayında Bakı turist bazası yaradıldı və bir müddət sonra Azərbaycan Turizm ekskursiyalar idarəsinə çevrildi. 1957-ci ildə Mingəçevirdə və Hacıkənddə, 1958-ci ildə Zaqatalada, 1960-cı ildə Şuşada və Göygöldə turist bazaları fəaliyyətə başladı. Azərbaycan Turizm Ekskursiyalar İdarəsi 1962-ci ildən Turizm üzrə Azərbaycan SSR Respublika Şurası, 1969 – cu ildən Turizm Ekskursiyalar üzrə Azərbayca Respublika Şurası adlandırıldı. Bakı zəhmətkeşlərinin yay istirahətinin təşkili üçün 1962-ci ildən Nabranda (Xaçmaz rayonu) Bakı turist bazasının filialı kimi 150 nəfərlik “Sputnik” turist çadır düşərgəsi yaradıldı. 1963-cü ildə Bakıda turist klubu, Nabranda “Xəzər” turist bazası, 1965 -ci ildə Bakıda, 1967-ci ildə Gəncədə və Sumqayıtda, 1969-cu ildə Naftalanda və Bakının Mərdəkan qəsəbəsində, daha sonra isə   Xankəndində (1971), Mingəçevirdə (1972), Naxçıvanda (1978)  ekskusiya büroları açıldı.ekskursiya büroları yaradıldı. 1970- ci ildə Zaqatalada və 1972-ci ildə Şuşada turist bazalarının yeni əsaslı binaları, 1975-ci ildə Qəbələdə Qafqaz və Xaçmaz rayonunun Nabran bölgəsində "Dostluq" turist bazası, elə həmin il Bakıda "Qarabağ" turist mehmanxanası istifadəyə verildi.
1970-1987-ci illər ölkədə sosial turizmin perspektiv inkişafı ilə xarakterizə olunurdu. Xarici turizmin maddi-texniki bazasını genişləndirmə məqsədi ilə 1973-cü ildə Bakıda Azərbaycanda  ən böyük mehmanxana kompleksi olan 1942 yerlik “Azərbaycan” mehmanxanası istifadəyə verildi. 1978- ci ildə “İnturist” səhmdar cəmiyyətinin tabeliyinə 200 yerlik komfortlu “Moskva” mehmanxanası da əlavə edildi.
Turizm sahəsi ilə məşğul olan mütəxəssislərin fikrincə, sovet dövründə Azərbaycan turizmi ən yüksək inkişaf səviyyəsinə 1987-ci ildə nail olmuşdur. Həmin il Azərbaycana xarici ölkələrdən 50, SSRİ-nin müxtəlif bölgələrindən isə 250 minə yaxın turist gəlmişdir. Turist axını gücləndiyindən Lənkəran və Mingəçevir şəhərlərində hərəsi 300, Şuşa şəhərində 200 yerlik yeni turist mehmanxanalarının tikintisinə, Bakı şəhərindəki Qarabağ turist mehmanxanasında isə yenidənqurma işlərinə başlanıldı. Azərbaycanda turizmin inkişafında 1983-cü il ən yadda qalan illərdən biri olmuşdur. Çünki həmin il o vaxtkı SSRİ Nazirlər Sovet Sədrinin birinci müavini işləmiş Heydər Əliyevin birbaşa təşəbbüsü və rəhbərliyi ilə Xəzərin Azərbaycan sahillərində Ümumittifaq əhəmiyyətli kurort zonasının yaradılması barədə müvafiq qərar qəbul edilmişdir. Bundan sonra Azərbaycan SSR Nazirlər Sovetinin 1984-cü il 2 oktyabr tarixli 381 saylı qərarına  əsasən Azərbaycan SSR-də 2000- ci ilə qədər Turizmin inkişaf sxemi qəbul olunmuşdur. Bu plan turzim sahəsində ilk və ən uzunmüddətli plan olmuşdur.
1988-ci ildə keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətində və onun ətrafında baş verən hadisələr nəticəsində Azərbaycanda daxili və xarici turistlərin axını xeyli azalmışdır. Xankəndi, Şuşa, Sumqayıt sonra isə Bakıda fövqəladə vəziyyətin tətbiqi, əslində ölkənin bu regionlarında bir sıra turizm təşkilatlarının fəaliyyətlərinin dondurulmasına səbəb olmuşdu. Ermənilər Azərbaycanlılara qarşı həyata keçirdikləri düşmənçilik siyasəti Azərbaycana yüz minlərlə qaçqının gəlməsi ilə nəticələnmişdi. Hökumətin qərarı ilə 1988-ci ilin dekabrında Ermənistandan qovulmuş əhalinin ölkənin turist bazarlarında yerləşdirilməsinə başlanıldı.
1990-cı ilin I rübündən etibarən Azərbaycanda fəaliyyət göstərən ümumittifaq və beynəlxalq turist marşrutları ləğv olundu. Müharibə və sərhədlərdəki qeyri-stabil vəziyyət turizm sistemində başqa problemlərin yaranmasına da səbəb olmuşdu. Məsələn, Həmkarlar ittifaqları sistemində mövcud olan 10 turist bazasının ikisi işğal olunmuş ərazilərdə qalmış, qalan yerlərdə isə yuxarıda qeyd olunan kimi məcburi köçkünlər yerləşdirilmişdi.
Ümumiyyətlə sovet dövründə daxili turizm fəaliyyətləri ilə Həmkarlar İttifaqları məşğul idi. Xarici turistlərlə isə “İnturist” Ümumittifaq Səhmdar Cəmiyyəti məşğul idi. İnturist mərkəzi və 15 müttəfiq respublika bölmələrinə malik idi. Nazirlər Soveti yanında yerli qurum kimi fəaliyyət göstərən Turizm Şurası isə daha çox siyasi məsələlər məşğul olur, xarici turistlər üçün daha münasib marşrutların seçilməsinə və s., nəzarəti həyata keçirirdi.   Yenidənqurma illərində “İnturist” ÜSC və onun yerli bölmələri  təsərrüfat hesablı fəaliyyətə keçdilər. 1991-ci ilin sentyabrında mövcud olan strukturlar ləğv olundu, onun yerinə isə Azərbaycan Respublikası Nazirlər Kabineti nəzdində Xarici Turizm Şurası və onun tabeliyində isə “AzİnTur” müəssisəsi  yaradıldı. Bu qurumlar Gənclər, İdman və Turizm Nazirliyi təsis olunanadək  fəaliyyət göstərdi.   
Sonrakı dövrdə əldə olunmuş siyasi sabitlik və iqtisadi inkişaf turizmin də dirçəlməsinə səbəb olmağa başlamışdır. 1999-cu ildə "Turizm haqqında" qanun qəbul edilmiş və  27 iyul 1999-cu ildə "Turizm haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında" fərman imzalanmışdır. Bu qanun Azərbaycan Respublikasında turizm bazarının hüquqi əsaslarının bərqərar edilməsinə yönəlmiş dövlət siyasətinin prinsiplərini, turizm fəaliyyətinin əsaslarını müəyyənləşdirdi, turizm sahəsində münasibətləri tənzimləyərək, sosial-iqtisadi inkişafı təmin edən vasitələrdən biri kimi turizm ehtiyatlarından səmərəli istifadə olunması qaydalarını müəyyən etdi.
2001-ci ilin sentyabr ayının 25-də Cənubi Koreya Respublikasının paytaxtı Seul şəhərində Ümumdünya Turizm Təşkilatının (ÜTT) XIV Baş Assambleyasında Azərbaycan Respublikası bu beynəlxalq turizm təşkilatına üzv qəbul olunmuş və bununla beynəlxalq turizm hərakatına rəsmən qoşulmuş oldu.
2001-ci ildə ilk dəfə olaraq Azərbaycanı tam genişliyi ilə təbliğ edən "Welcome to Azerbaijan" adlı xüsusi disk hazırlanmış və ÜTT-nin Baş Assambleyasına təqdim olunmuşdur. Bununla yanaşı, diskin "Tourism in Azerbaijan" adlı veb səhifəsi yaradılmışdı. 2002-ci ildə ilk dəfə Bakıda xarici ölkələrin turizm şirkətlərinin iştirakı ilə Beynəlxalq Turizm Sərgisi təşkil olundu və ÜTT-nin dəstəyini qazandı. Bununla da Azərbaycan adlı ölkə dünyanın turizm ictimaiyyəti tərəfindən qəbul olunmağa və tanınmağa başlandı.
Ölkədə turizmi inkişaf etdirmək və turizm ehtiyatlarından səmərəli istifadə etmək məqsədilə "Azərbaycan Respublikasında 2002-2005-ci illərdə turizmin inkişafına dair Dövlət Proqramı" icra olunmuşdur.
2003-cü ildə "Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında", 2004-cü ildə "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı" haqqında Prezident fərmanları ölkə iqtisadiyyatının, o cümlədən turizm sektorunun inkişafı yolunda mühüm addımlar olub. Hazırda Azərbaycan turizmi yüksələn xətt üzrə inkişaf etməkdədir. 2010-cu ilin aprel ayında Bakıda Heydər Əliyev adına İdman və Konsert Kompleksində artıq 9-cu dəfə Beynəlxalq Turizm Sərgisi keçirilmişdir.
Həmçinin "2009-2018-ci illərdə Azərbaycan Respublikasında kurortların inkişafı üzrə Dövlət Proqramı" ölkədə turizm-kurort sahələrinin planlı surətdə inkişaf etdirilməsinə və səmərəli istifadəsinə hüquqi zəmin yaratmışdır.
Artıq XXI əsrin başlanğıcında ölkənin böyük şəhərlərində xarici qonaqları qəbul edə bilən müasir mehmanxanalar fəaliyyət göstərməkdədir. Ölkənin bütün regionlarını əhatə edən geniş turizm xidmətləri sistemi sürətlə formalaşmaqdadır. Yalnız 2008-ci ildə Azərbaycana turist axını 2007-ci illə müqayisədə 39,4% artaraq, 1,4 mln. nəfər təşkil edib.  Amma onu qeyd etmək lazımdır ki, 2003-cü ildə ölkədə fəaliyyət göstərən mehmanxanaların sayı 96 olduğu halda ötən dövr ərzində onların sayı 5 dəfə artaraq 2010-cu ilin altı ayının yekunlarına görə 477-ə çatmışdır. Həmçinin yerləşdirmə yerlərinin sayı 3 dəfə artaraq 9569-dan 31996 çatmışdır. Hazırda respublikada 209 turizm şirkəti lisenziya əsasında fəaliyyət göstərir ki, bu da  2003-cü ildə cəmi 74 idi. Hal-hazırda respublikada  35-dək yeni mehmanxananın inşası davam edib. Yaxın 10 ildə ölkədə yerləşdirmə yerlərinin sayının ciddi ölçüdə artırılması planlaşdırılır.  Dünyada mövcud olan maliyyə böhranına baxmayaraq, turizm Azərbaycanda sürətlə inkişaf edən və böyük ümidlər vəd edən bir sektordur.
2010-cu ilin 6 ayı ərzində gələn əcnəbi vətəndaşların sayı 885.459 nəfər, 2009-cu ilin 6 ayı ərzində isə 783.208 nəfər təşkil etmişdir ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 102.251 nəfər (13% artım) çoxdur. Yay mövsümündə respublikamızın turizm regionlarında istirahət etmiş turistlərin sayı 2006-ci il üzrə  76.900 nəfər, 2010-cu ildə isə 190. 438 nəfər olmuşdur. Bu 2,5 dəfə artım deməkdir. Gecələmələrin sayı 2010-cu ildə – 721.560 gecə olmuşdur.
Ümumiyyətlə son dövrlər turizm statistikasında təkmilləşdirmələr aparılmış və vəziyyəti daha aydın təsvir edən rəqəmlər əldə edilməyə başlanmışdır. Mövcud olan hər iki turizm statistika üsulundan (sənədlərə (satılmış göndərişlər və nömrələr) əsaslanmış statistika və müayinə üsuluna əsaslanmış statistika) istifadə edilərək vəziyyət təhlil edilməkdədir. Belə ki, DSK-nın apardığı müayinə üsulu ilə gələn xarici turistlər üçün optimal xərclər çıxarılır. Həmçinin sərhəd xidməti vasitəsilə ölkəyə daxil olmuş və çıxmış şəxslərin sayı müəyyən olunur. Bunun əsasında ÜTT-nın turist anlayışı çərçivəsinə (yəni 24 saatdan artıq yaşadığı yeri tərk edən və getdiyi yerdə işləməyən şəxslər)  düşən şəxslər müəyyən olunur. Dolayısı ilə DSK hesablamalarına görə 2009-cu ildə bir xarici turistin xərci 680 AZN müəyyən olunmuşdur.  Həmçinin 2009-cu ildə ölkəyə turist  kimi gəlmiş şəxslərin sayı 1.429.825 nəfər olmuşdur. Bu da  təxminən 915 milyon AZN-lik dövriyyəni ortaya çıxarır.  2010-cu ildən anoloji üsulla daxili turizm statistikasının aparılması həyata keçirilir.
Bütün irəliləyişlərə baxmayaraq, Azərbaycanda turizmin dünya standartlarına tam çatması üçün iş çox işlər görülməlidir.  Bu məqsədlə 6 aprel 2010-cu il tarixində Azərbaycan Respublikasında 2010-2014-cü illərdə turizmin inkişafına dair yeni Dövlət Proqramı qəbul olunmuşdur. Bu barədə Azərbaycan Respublikası Prezidentinin sərəncamında əsas məqsəd kimi Azərbaycan Respublikasında turizm sektorunun dayanıqlı inkişafını təmin etmək və turizmin ölkə iqtisadiyyatının aparıcı sahələrindən birinə çevrilməsinə nail olmaq  göstərilmişdir.  Bunun üçün əsas vəzifələr olaraq, turizm infrasturukrunun  yüksək səviyyədə qurulması, təşviqedici tənzimlənməsi mexanizminin yaradılması, xidmət keyfiyyətinin səviyyəsinin beynəlxalq standartlara uyğunluğunun təmin edilməsidir. Yaxın gələcəkdə turizm qanunvericiliyində ciddi təkmilləşdirilmələrin aparılması nəzərdə tutulur. Həmçinin ölkənin yaxın vaxtlarda turizm və rekreasiya zonalarına bölünməsi və onların ciddi planlar əsasında inkişaf etdirilməsi planlaşdırılır.


Coğrafiyası və təbii şəraiti


Azərbaycan unikal coğrafi, geosiyasi və iqlim xüsusiyyətlərinə malik regionda yerləşir. Hazırda Azərbaycan Respublikasının ərazisi cəmisi 86, 6 min kv., olmasına baxmayaraq, burada 11 iqlim tipindən 8-i (yarımsəhra və quru çöllər iqlimindən dağ tundra iqliminə kimi) müşahidə olunur. İsti və quru Abşeronun iqlimi əsrlər boyu salınan park və bağlar hesabına yaxşılaşmış, təbii landşaftı yalnız yazda otla örtülən yarımsəhra tipli ərazilərdə yaşılıq zolaqları salınmaqdadır. Azərbaycanın müxtəlif bölgələri çoxlu sayda bulaqlarla zəngindir. Həmçinin yerlatı suların xüsusi kəhrizlər sistemi vasitəsilə üzə çıxarıldığı da məlumdur. Alp zonalarında və relikt ağac növlü meşələrdə hətta yayda belə yağışlar yağması diqqət çəkir. Azərbaycanda geniş çöllər və yüksək sıra dağlar da bu müxtəlifliyi simvolizə edir. Çöllər safarilər, zirvələr isə alpinistlər üçün cəlbedici görünür.
Azərbaycanın yerləşdiyi coğrafi mövqe və təbii şərait turizmin inkişaf etdirilməsi üçün əlverişlidir. Ölkədə  turizmin inkişaf etdirilməsi üçün münasib  təbiət potensialı mövcuddur. Dünyada məlum olan əksər turizm növlərinin, o cümlədən təbiət turizminin ölkədə inkişaf etdirilməsi potensialı yüksəkdir. Hal-hazırda ölkədə 14 (Qızılağac, Zaqatala, Türyançay, Pirqulu, Şirvan, Bəsitçay, Qarayazı, İsmayıllı, Qaragöl, İlisu, Şahbuz, Eldar şamı, Palçıq vulkanları qrupu və Korçay) dövlət təbiət qoruğu, 8 (Ordubad, Şirvan, Ağ göl, Hirkan, Altıağac, Abşeron, Şahdağ və Göy-göl) milli park və 22 (Qarayazı, Şəki, Laçın, İsmayıllı, Qusar, Qızılca, Qubadlı, Zuvand, Şəmkir, Bərdə,  Korçay, Bəndovan, Gil adası, Kiçik Qızılağac, Daşaltı ,Qəbələ, Arazboyu, Qax, Ordubad, Hirkan və Zaqatala) yasaqlıq fəaliyyət göstərir. Hazırda  milli parklar ölkə ərazisinin 3,1%-ni təşkil edir.  Baxmayaraq ki, Dünya İqtisadi Forumunun (DİF) Turizmin rəqabətqabiliyyətliliyi İndeksinin təbii resurslar göstəricisi üzrə Azərbaycan 2007-də 116-cı, 2008-də 110-cu və 2009-da isə 113-cü yerdədir.
Ölkədə təbiət imkanlarına görə, o cümlədən heyvanat aləminə və bitki örtüyünə görə rəngarəngdir. Hal-hazırda Azərbaycan meşələrinin ümumi sahəsi 989,4 min hektardır. Bu da Azərbaycan ərazisinin 11,4%-ni təşkil edir. Azərbaycan öz füsunkar gözəlliyi, zəngin təbii sərvətləri, florası və faunası ilə bütün dünyada şöhrət qazanmışdır. Burada 125 fəsiləyə və 930 cinsə daxil olan ali bitkilərin 4500 növü yayılmışdır. Əhalinin sağlamlığında müalicə əhəmiyyətinə görə özünəməxsus yeri olan mineral su yataqları 200 qrupda cəmlənmiş, onların 1000-dən çox təbii çıxışları qeydə alınmışdır.
Ölkənin ərazisini Xəzər dənizinə doğru əyilmiş nəhəng nimçəyə bənzətmək olar. Bu səbəbdən Azərbaycanın bütün çayları Xəzərə axır. Bəziləri ölkənin başlıca çayı Kürə, bəziləri isə onun ən böyük qolu olan Araza axmaqla diqqəti cəlb edir. Azərbaycanda 250-yədək göl vardır. Meşəli dağlarla əhatələnmiş gözəllik incisi Göygöl Kəpəz dağının ətəyində, dəniz səviyyəsindən 1.556 m. yuxarıda yerləşir. Dünyada ən böyük göl olan Xəzər dənizi (su səthi 378400 kv. km.-dir) mənşəyinə görə unikaldır və zəngin bioloji variativliyə malikdir. Dəniz faunasının 1.332 növü burda rastlanır. Nərə balığı, somğa, Dunay gümüşçəsi, çapaq, siyənək və s. balıqlar daxil olmaqla, Xəzərdə 111 növ balıq vardır. Dənizin Azərbaycana məxsus sahillərində dövlət tərəfindən mühafizə olunan Xəzərin yeganə məməliləri – çoxlu suitilər yaşayır. Onların populyasiyasını artırmaq üçün Abşeron Milli parkı yaradılmışdır.
Azərbaycanın zəngin filiz yataqları və karbohidrogen ehtiyatları vardır. Ən böyük neft və qaz yataqları Abşerondadır. Geniş yayılmış Naftalan karbonu müxtəlif xəstəliklərin müalicəsində istifadə olunur. Kəlbəcər rayonundaki İstisu mineral suyu bir sıra parametrlərinə görə məşhur Karlovi Varı sularından üstündür. Naxçıvanın Badamlı, Sirab, Vayxır mineral suları bölgədən kənarda da geniş şöhrət qazanmışdır. Bir sözlə təbiət Azərbaycana turizmi inkişaf etdirmək üçün lazımi imkanı yaradıb.


Tarixi-mədəni irsi


Azərbaycan maraqlı tarixi-mədəni irsə malikdir. Bu irs üzərində beş min illik dövlətçiliyin, tarixi işğalların və üç dinin (atəşpərəstlik, xristianlıq və islamın) izləri qalmaqdadır. Böyük mədəni turizm potensialına malik Azərbaycanda mühüm işlərdən biri, hələ 1968-ci ildə hazırlanmış “Azərbaycan SSR ərazisində dövlət mühafizəsinə götürülən daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısının” yenidən tərtib olunmasıdır. Çünki keçən dövr ərzində çoxlu sayda yeni abidələr tapılmışdır ki, bu da siyahının yenidən tərtib olunması ehtiyacını doğmuşdur. Siyahı üzərində 1988 və 2001-ci illərdə aparılmış işlər nəticəsində ölkədə yerli, respublika və dünya əhəmiyyətli qorunan abidələrin sayı 6308 çatmışdır.  Son vaxtlar aparılan yeni dəqiqləşdirmələr bu siyahının 7 000-ə çatacağını göstərir. Bu siyahının hazırlanması yalnız mühafizəni gücləndirmir, qorumaqla istifadə zərurətini də ortaya çıxarır. Bu səbəbdəndir ki, keçən dövr ərzində turizm nümayiş obyekti kimi istifadə olunması məqsədəuyğun hesab edilən bir sıra tarix-mədəniyyət abidələri bərpa edilmiş və turistlərin istifadəsinə verilmişdir. DİF-in Turizmin rəqabətqabiliyyətliliyi İndeksinin dünya irsinə daxil olan abidələrinin sayı faktoru üzrə Azərbaycan 2008-də 69-cu və 2009-da isə 65-ci yerə çıxmışdır. 
Azərbaycanda çoxlu sayda tarix və mədəniyyət abidəsinin qorunma sistemləri yaradılmışdır. Bunlara İçərişəhər, Çıraqqala,  Qobustan, Keşişdağ, Xınalıq, Nardaran Qalası, Şuşa, Şəki, Lahıc, Zaqatala, Basqal, Gəncə, Qazaxın “Avey”, Qəbələ, İlisu, Ordubadın “Gəmiqaya”, Şərurun “Arpaçay”, Ordubad, Culfanın “Gülüstan”, Dəvəçinin “Çıraqqala”, Dəvəçinin “Şabran şəhəri”, Hacıqabulun “Pir Hüseyn Xanəgahı”  və s., dövlət mədəniyyət, etnoqrafiya qoruqlarını misal gətirmək olar. 
Tarix və təbiət ərazilərinin qorunması siyasətinin, düşünülmüş istifadə-turizm xidmətləri ilə əhatə olunduğunu söyləmək çətindir. Qarşıda duran əsas vəzifələrdən biri milli parklarda ekoturizmin və tarix-mədəniyyət qoruqlarında isə mədəni turizmin inkişafını təmin etməkdir.


Qonaqpərvərlik, tolerantlıq və mətbəxt mədəniyyəti


Azərbaycanın şərqlə-qərbin qovşağında olmasının, 3 böyük dinin bu coğrafiyada birlikdə yaşamış olmasını, yüksək tolerantlığı və qonaqpərvərlik mədəniyyətini (yeri gəlmişkən DİF-in Turizmin rəqabətqabiliyyətliliyi İndeksinin cəmiyyətin turizmə münasibətinə görə Azərbaycan 2007-ci ildə 65-ci, 2008-ci 69-cu və 2009-cu ildə isə 89-cu yerdə olmaqdadır.) də əlavə etsək ilk baxışdan yüksək turizm inkişaf potensialını görmək olar.  Azərbaycan insanının xarakterik xüsusiyyətləri arasında yer alan qonaqpərvərlik və tolerantlıq turizm üçün mühüm fürsətdir.
Qonaqpərvərlik Azərbaycan turizmində ən önəmli amil kimi diqqəti cəlb etməkdədir. Qonaqpərvərlik mədəniyyətinin turizm xidmət mədəniyyətinə çevrilməsi, ölkədə turizmin inkişafına böyük təkan verə bilər. O cümlədən tolerantlıq Azərbaycan xalqının mühüm dəyəri kimi dünya xalqlarına təqdim ediləcək dəyərli xüsusiyyətdir. Azərbaycanın paytaxtı Bakıda 3 böyük dininin abidələrini bir foto görüntüyə sığdırmaq mümkündür ki, bu planetin son dövrlər ən çox ehtiyac duyduğu məqamdır. Azərbaycanlılar fərqlilikdən doğan gücü sözdə deyil, real həyata yaşayan xalqdır. Bu mənada tolerantlıq, xarici turistlərə xoş və normal münasibət vacib məqam, üstünlükdür.
Azərbaycan milli mətbəxinin tarixi də elə xalqın tarixi qədər qədimdir. Azərbaycan kulinariyası öz tarixi kökləri və özünəməxsusluğu ilə həm regionun xüsusiyyətlərini özündə birləşdirir, həm də  o birilərindən xeyli fərqlənir. Azərbaycan xörəkləri yüksək dad-tam keyfiyyətləri ilə dünyada məşhurdur. Onları başqaları ilə qarışıq salmaq olmur. Azərbaycan xörəkləri dadı və hazırlanması, həmçinin tünd ədviyyə və tamlı əlavələr qatılmasına görə daha çox Şərq mətbəxinə yaxındır. Hazırda Azərbaycan kulinariyasında xörəklərin hazırlanmasının qədim üsullarının spesifik xüsusiyyətləri saxlanılmaqla yanaşı, müasir kulinariyanın tələbləri geniş sürətdə nəzərə alınır.
Azərbaycanın gözəl təbiəti, çayları, gölləri, Xəzər dənizi geniş və əvəzolunmaz milli mətbəxti formalaşdırmağa imkan vermişdir. Bu milli mətbəx turizm sektoru üçün geniş imkan təklif edir.  Buraya yüksək kalorili ət yeməklərindən tutmuş, bahalı balıq yeməklərini, vegeterian tələblərə uyğun göyərti və tərəvəzdən hazırlanan teamları əlavə edə bilərik. Yerli şərabları, mineral suları, yerli turşuları və şirniyyatları ilə diqqətə layiqdir. 
Qeyd edək ki, bu araşdırma Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının layihəsi əsasında hazırlanıb.


“Azərbaycan Milli İnkişaf layihəsi”
İctimai Birliyi
URL / WWW
http://kelam.az/article/a-6327.html