Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Məqalələr » Abidələrin mühafizəsi necə təşkil olunur?
18.04.12 17:54

1992-ci ilə qədər tarix və mədəniyyət abidələrinin qorunması ilə Mədəniyyət Nazirliyi nəzdində Abidələrin Mühafizəsi İdarəsi məşğul olurdu. 1992-ci ildə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzdində 2000-ci ilədək  fəaliyyət göstərmiş olan Tarix və Mədəniyyət Abidələrinin Mühafizəsi və Bərpası üzrə Dövlət Komitəsi yaradıldı.

Respublika ərazisində yerləşən abidələrin mühafizəsi, bərpası və istifadəsi ilə bağlı bütün funksiyalar bu komitəyə həvalə olundu. Hadisələrin sonrakı inkişafı göstərdi ki, bu qərar son dərəcə yanlış olmuşdur. Belə ki, abidələrin qorunması sahəsində kifayət qədər idarəçilik təcrübəsi olmayan bu yeni yaradılmış struktur, praktiki olaraq, əvvəlki işləri yox dərəcəsinə gətirib çıxardı. Komitə ləğv edildikdən sonra onun funksiyaları yenidən Mədəniyyət Nazirliyinə qaytarıldı və burada tarix və mədəniyyət abidələrinin mühafizəsi, bərpası və istifadəsi üzrə Baş İdarə təşkil olundu.
Yerlərdə abidələrin vəziyyətinə nəzarət respublikanın bütün şəhər və rayonların icra hakimiyyətlərinin mədəniyyət şöbələri tərəfindən həyata keçirilir. Sovet dövründə həmçinin Tarix və Mədəniyyət Abidələrini Könüllü Mühafizə Cəmiyyəti yaradılmışdı, amma onun işi mühafizədən daha çox təbliğat və təşviqatla məhdudlaşırdı. Maliyyə vəsaitinin yoxluğu səbəbindən həmin cəmiyyətin fəaliyyəti son illər xeyli zəifləmişdir.
Dövlət mühafizəsinə götürülən “Abidələrin siyahısı” Nazirlər Kabineti tərəfindən 1968, 1981 və 1988-ci illərdə təsdiq olunmuşdur. Nazirlər Kabinetinin sonuncu dəfə təsdiq etdiyi siyahı, hüquqi cəhətdən ona bərabər tutulan əvvəlki siyahılar əsasında tərtib edilmişdir. Siyahıdan yalnız inqilabi və kommunist ideologiyası, həmçinin onların liderlərinin adları ilə bağlı bina və tikililərin adları çıxarılmışdır. Memarlıq, arxeologiya, monumental və bağ-park sənəti abidələrinin daxil edildiyi son siyahının məqsədlərindən biri abidələri əhəmiyyətlilik dərəcəsi üzrə qruplara bölməkdir: ümumdünya, dövlət və yerli əhəmiyyətli abidələr. Mövcud qanunvericiliyə əsasən ümumdünya və dövlət əhəmiyyətli daşınmaz abidələr özəlləşdirilə bilməz. Yerli əhəmiyyətli yaşayış binaları və onlardakı mənzillər isə özəlləşdirilə bilər. Belə hallarda bu evlərin və yaxud mənzillərin sahibləri ilə abidənin ilkin simasının istənilən cur təhrifini qadağan edən mühafizə müqaviləsi bağlanır. Aşağıda son dəfə təsdiq edilmiş siyahıya uyğun olaraq dövlət mühafizəsinə götürülən tarix və mədəniyyət abidələrinin təsnifat cədvəli verilir.
Sonuncu siyahının əhəmiyyətini və onun tərtibi üzərində çalışan alim və mütəxəssislərin gərgin əməyini azaltmadan, qeyd etmək lazımdır ki, bu siyahının dəqiqləşdirilməsi uçun genişmiqyaslı tədqiqat işləri aparmaq lazımdır.
Bəzi abidələr qoruq strukturlarında mühafizə edilir. Hazırda Azərbaycanda 15 tarixi-memarlıq, tarixi-arxeoloji, tarixi-mədəni və tarixi-etnoqrafik qoruq vardır. Bir sıra arxeologiya, şəhərsalma və memarlıq abidələrinin əhəmiyyətini nəzərə alaraq, onları mühafizə və təbliğ etmək məqsədilə Mədəniyyət və Turizm Nazirliyi yeni qoruqlar təşkil etmişdir.


Bütün qoruqlar ikili tabeçiliyə malikdirlər


Bütün qoruqlar ikili tabeçiliyə malikdirlər, yəni Mədəniyyət və Turizm Nazirliyinə və yerli icra hakimiyyətinə tabedirlər. Qoruqların bu cür ikili tabeçiliyi onların idarə olunmasında böyük çətinliklər yaradır. Hazırda qüvvədə olan qanunvericiliyə görə qoruqlar Mədəniyyət və Turizm Nazirliyi tərəfindən yaradılır. Təcrübə göstərir ki, ikili tabeçilik yerli icra hakimiyyəti tərəfindən maliyyələşdirilən qoruqların elmi və metodik idarəsini çətinləşdirir. Yerli icra hakimiyyətləri öz fəaliyyətlərini heç də həmişə Mədəniyyət və Turizm Nazirliyi ilə razılaşdırmırlar və bu da öz növbəsində abidələrin mühafizəsi işinə mənfi təsir göstərir. Qanunda nəzərdə tutulmasına baxmayaraq, abidələrin mühafizə zonasının olmaması onların qorunmasında böyük problemlər doğurur. Abidələrin mühafizə zonasının müəyyən edilməsi ilə Mədəniyyət və Turizm Nazirliyi məşğul olur, amma yerli spesifik xüsusiyyətlər səbəbindən bu, çox mürəkkəb məsələdir. Mədəniyyət və Turizm Nazirliyi ölkənin bütün ərazisindəki abidələrin mühafizəsi üçün kifayət qədər səlahiyyətə və geniş mühafizə strukturuna malik deyil. Faktiki olaraq, bu funksiyaların yerinə yetirilməsi ilə yerli icra hakimiyyəti nəzdindəki mədəniyyət şöbələrinin sayca o qədər də çox olmayan əməkdaşları məşğul olur.
Memarlıq abidələrindən istifadə problemi də həll olunmamış qalır. Bu gün bəzi memarlıq abidələrindən öz ilkin funksional təyinatlarına uyğun olaraq deyil, ancaq mənfəət götürmək üçün – restoran, kafe və s. kimi istifadə edilir. Bu cür istifadə zəruri kommunikasiya, bəzən isə yenidən planlaşdırma işləri tələb edir ki, bu da gec-tez abidələrin məhvinə səbəb olur.
Amma bunlar bizim tarixi keçmişimizi əks etdirən maddi mədəniyyət nümunələridir. Bu nümunələrin hər biri bizdə ulu tariximizə, keçmişimizə iftixar hissi ilə baxmağa əsas verir. Buna görə də hər bir Azərbaycan vətəndaşı, eləcə də müvafiq qurumlar tarix və mədəni abidələrin mühafizəsi, onların bərpası və təbliği üçün xüsusi səy göstərməlidir.
Azərbaycan Respublikası Konstitusiyasına görə tarix və mədəniyyət abidələrini mühafizə etmək hər bir vətəndaşın borcudur. Tarix və mədəniyyət abidələri Azərbaycan Respublikasının “Mədəniyyət haqqında” (6 fevral 1998-ci il), “Tarix və mədəniyyət abidələrinin mühafizəsi haqqında” (10 aprel 1998-ci il) qanunlarına, habelə “Ümumdünya mədəni və təbii irsinin qorunması haqqında Konvensiya” (Paris, 1972-ci il), “Arxeoloji irsin qorunması haqqında Avropa Konvensiyası” (La-Valetta, 1992-ci il) kimi beynəlxalq sənədlərə uyğun olaraq mühafizə, bərpa və istifadə edilir.
Tarix və mədəniyyət abidələrinin pasportlaşdırılması keçmiş SSRİ-nin Ümumittifaq Mədəniyyət İnstitutu tərəfindən hazırlanmış vahid prinsip əsasında aparılıb. 1969-cu ildən tətbiq edilən bu sistem mövcud olan və yeni üzə çıxarılan hər bir abidənin hökmən öz pasportu və qeydiyyat vərəqəsi olmasını tələb edirdi və onlarda abidə haqqında ətraflı zəruri informasiyalar toplanırdı. Sovet dövründə bu sistemə 1500 abidə daxil edilmiş və pasport  almışdı. Hazırda elektron pasportlaşdırma və kataloqlaşdırmanın yeni milli standartları işlənib hazırlanır.
Abidələrin mühafizəsi sahəsində mütəxəssislərin təhsili və hazırlanması ilə Memarlıq və Tikinti Universiteti və Dövlət Mədəniyyət və İncəsənət Universiteti məşğul olur; burada müvafiq olaraq bərpaçı memarlar və abidələrin mühafizəsi mütəxəssisləri hazırlanır. Milli Elmlər Akademiyası sistemində Memarlıq və İncəsənət İnstitutu, Arxeologiya və Etnoqrafiya İnstitutu fəaliyyət göstərir; bu institutlarda mədəni irsin öyrənilməsi, aşkar edilməsi və tarixinə dair elmi tədqiqatlar aparılır. Milli Elmlər Akademiyasının nəzdində Tarix və Mədəniyyət Abidələri üzrə Elmi-Metodik Şura fəaliyyət göstərir.
Azərbaycan YUNESKO-nun nəzdindəki Ümumdünya İrs Mərkəzi ilə sıx əməkdaşlıq edir; 2000-ci ildə Bakı şəhərinin tarixi mərkəzi “İçərişəhər, Şirvanşahlar Sarayı və Qız qalası ilə birlikdə” Ümumdünya İrsi Siyahısına daxil edilmişdir.
Gələcəkdə həmin siyahıya daxil edilmək üçün digər abidələrin (atəşpərəstlik məbədi “Atəşgah”, “Qobustan” mədəni-tarixi qoruğu və Naxçıvandakı Möminə xatun, Gülüstan, Qarabağlar və ibn Hüseyr türbələri) sənədləri və yeni “tentativ vərəq” (ilkin siyahı) Ümumdünya İrs Mərkəzinə təqdim edilmişdir.


Bir çox ölkələrin iş təcrübəsi öyrənilir


Mədəni irsin qorunub saxlanılması sahəsində bir çox ölkələrin iş təcrübəsi öyrənilir. Beynəlxalq təşkilatlarla əməkdaşlıq əlaqələri qurulmuşdur. Tarix və mədəniyyət abidələrinin mühafizəsi və bərpası sahəsində çalışan Azərbaycan mütəxəssisləri ardıcıl olaraq, YUNESKO, İKOMOS, İKROM və digər beynəlxalq təşkilatların keçirdiyi konfrans və sessiyalarda iştirak edirlər.
Bərpa və konservləşdirmə işləri əsasən dövlət büdcəsindən, yerli büdcədən ayrılan vəsait, habelə özəl şəxslərin, xarici və beynəlxalq təşkilatların dotasiyaları hesabına aparılır. Məsələn, Bakıdakı kiçik alman “Kirxa”sının (“Kapelhauz”) bərpası tamamilə Almaniya hökuməti tərəfindən maliyyələşdirilmişdir.
Norveçin qeyri-hökumət təşkilatlarının ayırdığı maliyyə vəsaiti hesabına hazırda Şəki rayonunun Kiş kəndindəki V-VI əsrlərə aid alban xristian kilsəsində bərpa işləri aparılır.
1999-cu ildə Azərbaycan Hökuməti ilə Dünya Bankı arasında 7,5 milyon ABŞ dolları məbləğində uzunmüddətli kredit müqaviləsi imzalanmışdır: bu müqavilə çərçivəsində Şirvanşahlar Sarayı kompleksi ərazisindəki iqamətgahın ikinci mərtəbəsinin bərpası və Divanxananın konservləşdirilməsi, Qarabağlar kəndindəki XIV əsrə aid məqbərə və iki minarənin konservləşdirilməsi, Naxçıvanda XI əsrə aid Möminə Xatun məqbərəsinin konservləşdirilməsi və XVIII əsrə aid Şəki Xan Sarayının bərpası nəzərdə tutulmuşdur. Bu məqsədlə Mədəniyyət Nazirliyi nəzdində “Mədəni İrsin Dəstəklənməsi Layihəsi”nin realizasiyası ilə məşğul olan xüsusi qrup yaradılmış və bu qrup tərəfindən həmin işləri yerinə yetirəcək firmaların müəyyən edilməsi üçün tenderlər keçirilmişdir.
Mütəxəssislərin fikrincə, abidələrin mühafizəsi işini təkmilləşdirmək məqsədilə yaxın perspektivdə aşağıdakı vəzifələri həyata keçirmək lazımdır: mövcud siyahılar üzrə abidələrin tədqiq edilməsi və beynəlxalq standartlarla cavab verən yeni mükəmməl siyahının hazırlanması; tarix və mədəniyyət abidələrinin pasportlaşdırılması işinin başa çatdırılması; abidələrin elmi yolla işlənib hazırlanmış mühafizə şəbəkəsinin yaradılması; abidələrin istifadəsi proqramının yaradılması və bu proqramın onların mövcudluğu və mühafizəsi tələblərinə cavab verməsi; məqsədyönlü konservasiya və bərpa planının işlənib hazırlanması; mədəni irsin mühafizəsi və bərpası sahəsində təhsil sisteminin yaxşılaşdırılması; milli bərpa işləri istehsalı bazasının yaxşılaşdırılması və yaradılması; mədəni irsin mühafizəsi və bərpası sahəsində mövcud qanunvericiliyin təshih edilməsi; obyektlərin inkişaf planının realizasiyası; gənc mütəxəssislərin Avropanın ali təhsil müəssisələrinə oxumağa göndərilməsi.
Avropa Şurasına təqdim edilmiş Milli Məruzədə deyilir ki, mədəniyyət sahəsində, o cümlədən milli-mənəvi irsin qorunması ilə bağlı dəyişikliklər yuxarıların əmri ilə deyil, reflektiv prosesin bir hissəsi kimi baş verir. Milli Məruzə və ekspertlərin icmalı da bu prosesin bir hissəsidir və onun gücləndirilməsinə ehtiyac vardır. Həmçinin, inkişaf və islahatların təmin olunması, baş verən dəyişikliklərin dinamik təkamül kimi təqdim edilməsi və xüsusilə də dəyişikliklərin aşağıdan yuxarı təşviq edilməsi və sürətləndirilməsi naminə bu prosesə daha çox iştirakçının cəlb edilməsi tələbatı mövcuddur.
Qeyd edək ki, bu araşdırma Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının layihəsi əsasında hazırlanıb.


“Azərbaycan Milli İnkişaf layihəsi” İctimai Birliyi
URL / WWW
http://kelam.az/article/a-6325.html