Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Məqalələr » Əlillər dövlətin himayəsi altında
07.05.12 17:54

İqtisadi inkişaf dinamikasına görə dünyada lider mövqeyə sahib olan Azərbaycan eyni zamanda, əlilliyi olan şəxslərin hüquqlarının təkmilləşdirilməsi və etibarlı müdafiəsi, onların maddi və mənəvi tələbatlarının ödənilməsi, tibbi-sosial reabilitasiyası ilə bağlı çevik dövlət siyasətinə malik bir ölkədir.


Son illərdə 10-ə qədər yeni hüquqi normativ akt qəbul edilib


Əlilliyi olan şəxslərlə bağlı ölkə qanunvericiliyi, o cümlədən “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu xeyli təkmilləşdirilmiş, ümumilikdə, son illərdə 10-ə qədər yeni hüquqi normativ akt qəbul edilmişdir.
Əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud uşaqlar Azərbaycan qanunvericiliyində, BMT Baş Məclisinin qəbul etdiyi Əlillərin hüquq bəyannaməsində təsbit olunmuş bütün sosial-iqtisadi, siyasi, şəxsi hüquq və azadlıqlara malikdirlər. Əlilliyi olan şəxslərin maddi təminatının gücləndirilməsi dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Respublika Prezidenti tərəfindən imzalanan müvafiq fərman və sərəncamlara əsasən, əmək pensiyalarının və sosial müavinətlərin məbləği demək olar ki, hər il artırılır. 
Məlum olduğu kimi, Azərbaycan Respublikası BMT Baş Məclisi tərəfindən 2006-cı ildə qəbul edilmiş “Əlillərin hüquqları haqqında” Konvensiyaya qoşulmuş və bununla da ölkədə əlillərin insan hüquq və azadlıqlarından tam və bərabər imkanlarla yararlanmasına tərəfdar olduğunu bəyan etmiş, həmin insanların bu hüquqlardan irəli gələn yardım və xidmətlərlə daha layiqli səviyyədə təmin olunması və bu hüquqların tədricən tam realizəsinə nail olunması məqsədilə milli qanunvericiliyin beynəlxalq normalara uyğunlaşdırılması öhdəliyini öz üzərinə götürmüşdür.
Bu məqsədlə əlillərin fərd kimi ictimai həyatda iştirakını, səhiyyə, təhsil, məşğulluq və inkişaf resurslarından, maddi rifahdan istifadəsini məhdudlaşdıran sosial maneələrin müəyyənləşdirilməsi ilə bağlı monitorinqlər təşkil edilir. Bununla yanaşı, milli qanunvericiliyin Konvensiyanın tələblərinə uyğunluğunun təmin edilməsi və Konvensiyanın müddəalarının həyata keçirilməsinin əlaqələndirilməsi məqsədilə müxtəlif dövlət orqanları və aidiyyəti təşkilatlarla müvafiq işlər aparılır. Eyni zamanda, hər bir əlilin öz şəxsi həyatında mühüm qərarlar qəbul etməkdə yeganə məsul şəxs olması barədə ictimaiyyətdə pozitiv təsəvvürlər formalaşdırmaq, onların potensialını təbliğ etmək, hüquq və ləyaqətlərinə hörmət aşılamaq məqsədilə mütəmadi maarifləndirmə tədbirləri həyata keçirilir.


Ölkədə əlilliyin artım tempinin qarşısı alınır


Ölkəmizin səhiyyə sisteminin getdikcə təkmilləşməsi, yeni müalicə-diaqnostika və bərpa müəssisələrinin yaradılması əlilliyin artım tempinin azalmasına müsbət təsirini göstərmişdir. Belə ki, son illərdə ölkədə əlilliyin artım tempinin qarşısı, demək olar ki, tamamilə alınmış, reabilitasiya göstəricisi 6 faizə qədər yüksəlmişdir. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına əsasən, hazırda dünya üzrə əlilliyi olan şəxslərin əhali tərkibində faiz göstəricisi 10 faizdir, Azərbaycanda isə bu rəqəm 4,3 faiz təşkil edir. Böyük Britaniyada əhalinin 17,2 faizi, Türkiyədə 13,5 faizi, Rusiyada 9,3 faizi, Estoniyada 9,2 faizi, Özbəkistanda 9,6 faizi, Sloveniyada isə 8,5 faizi əlil şəxslərdir. Ümumilikdə, hazırda dünyada 650 milyondan çox əlilliyi olan insan yaşayır. Onların ailə üzvlərini də nəzərə alsaq, dünyada təqribən iki milyard insan əlilliyin doğurduğu problemlərdən əziyyət çəkir.
BMT-nin və ÜST-nın apardığı təhlillər nəticəsində məlum olub ki, dünya əhalisinin artımı, elmi - texniki tərəqqi, əhalinin yaşlaşması, ekoloji şərait dünyada əlillərin sayının artmasına gətirib çıxarır. Təkcə yol qəzaları nəticəsində  hər il milyonlarla gənc xəsarət alaraq əlil olur. İnkişaf etməkdə olan ölkələrdə hamiləlik və doğuş zamanı aşağı səviyyəli tibbi yardım, yoluxucu xəstəliklərin yayılması, təbii fəlakətlər, silahlı münaqişələr, minaların və silahların yayılması saysız-hesabsız xəsarətlərə, zədələrə və sonda əlilliyə gətirib çıxarır.
Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi, sosial siyasətin həyata keçirilməsi və müasir tələblərə uyğun təşkilinin təmin edilməsi məqsədi ilə Respublika Prezidenti tərəfindən 16 fevral 2011-ci il tarixdə Fərman imzalanmış və nazirliyin Mərkəzi Aparatının struktur bölməsi kimi Əlillərin sosial müdafiəsi siyasəti şöbəsi yaradılmışdır.
Şöbənin Əsasnaməsi və İş Planı tərtib olunmuşdur. Şöbə əlillərin sosial müdafiəsi, tibbi sosial və peşə reabilitasiyası sahəsində dövlət siyasətinin formalaşdırılması və həyata keçirilməsi, əlil insanların cəmiyyətə inteqrasiyasını gerçəkləşdirə biləcək Proqramların və sosial layihələrin, əlillərin sosial müdafiəsinə dair normativ hüquqi sənədlərin, təlimatı metodiki göstərişlərin işlənib hazırlanması, əlillərin ictimai həyatın bütün sahələrində iştirakına şərait yaradılması, onların öz fərdi maraq və qabiliyyətlərinə uyğun dolğun həyat sürməsi üçün mühüm sosial adaptasiya tədbirlərinin reallaşdırılması, əlil ictimai təşkilatlarla qarşılıqlı işin təşkili istiqamətində fəaliyyət göstərir.
2011-ci ildə respublikada tibbi-sosial ekspertiza xidmətinin keyfiyyətinin yüksəldilməsi, əlillərin tibbi-sosial reabilitasiyası və cəmiyyətə inteqrasiyası istiqamətində kompleks şəkildə ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilmişdir. Respublika Nazirlər Kabinetinin 05.01.2011-ci il tarixli “Respublika Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişikliklər edilməsi barədə” Qərarına uyğun olaraq, əhaliyə ilkin tibbi-sosial ekspert xidməti göstərən komissiyalar yenidən təşkil edilərək, respublikada 22 Zona TSEK-i ləğv edilməklə onların bazasında 39 TSEK yaradılmış, əhaliyə daha səmərəli ekspertiza xidməti göstərilməsi üçün lazımi şərait təmin edilmişdir. Respublikada tibbi-sosial ekspertiza xidmətinin keyfiyyətinin yaxşılaşdırılması və təkmilləşdirilməsi məqsədilə 2011-ci ildə ekspert həkimlərin peşə bacarıqlarının artırılması üçün Əmək və Sosial Problemlər üzrə Elmi Tədqiqat və Tədris Mərkəzində ixtisasartırma kursları keçirilmişdir.


Əlillər haqqında vahid məlumat bazası


Bildiyiniz kimi Respublika üzrə əlillər haqqında vahid məlumat bazasının yaradılması istiqamətində işlər davam etdirilir. Bunun da nəticəsində 160 minə yaxın əlil barədə məlumatlar vahid məlumat bazasına daxil edilmişdir. Hazırda, respublikada əlilliyə görə pensiya alan şəxslərin məlumat bazasının yaradılması istiqamətində də işlərə başlanılmışdır. Bununla əlaqədar, Nazirliyin əmrinə uyğun olaraq ilk mərhələdə bu işin Bakı şəhərinin Yasamal rayonunda və Salyan rayonunda həyata keçirilməsi nəzərdə tutulmuş və hazırda bu istiqamətdə işlər aparılır.
Məlum olduğu kimi, əlilliyə münasibət dövlət əhəmiyyətli məsələ olub, dövlətin sosial siyasətinin əsas istiqamətlərindən birini təşkil edir. Respublikada əlilliyin səviyyəsi, reabilitasiya işinin vəziyyəti onlara göstərilən diqqət və qayğı bir çox hökumət və qeyri-hökumət təşkilatlarının, əlaqədar nazirliklərin birgə fəaliyyətindən çox asılıdır. Bu sahədə işin düzgün təşkili üçün dünya ölkələrinin təcrübəsinin öyrənilməsi, beynəlxalq təşkilatlarla lazımi işin aparılması vacib məsələlərdəndir.
Bu məqsədlə 2011-ci il iyun ayının 17-də Nazirlyin, qeyri-hökumət təşkilatlarının, TSEK və Əlillərin Bərpa Mərkəzlərinin nümayəndələrindən ibarət “Respublikada Əlillərin Bərpa Mərkəzləri: mövcud vəziyyət və yeni tibbi-sosial reabilitasiya istiqamətləri” mövzusunda seminar keçirilmişdir. Seminarda Respublikada Əlillərin Bərpa Mərkəzlərinin mövcud problemləri, onların həlli yolları, əlilliyi olan şəxslərin sosial statusunun bərpa olunması, onların sosial adaptasiyası və cəmiyyətə inteqrasiya olunması məqsədilə yeni tibbi, psixoloji, pedaqoji, peşəyönümlü və sosial reabilitasiya tədbirləri müzakirə olunmuşdur. Yeni və müasir reabilitasiya metodlarının tətbiq edilməsi məqsədilə ilk sınaq işlərinin aparılması üçün mövcud olan Əlillərin bərpa mərkəzlərindən Sumqayıt Əlillərin Bərpa Mərkəzi və Protez-Ortopedik  Bərpa Mərkəzi pilot olaraq seçilmişdir.
Bundan başqa, 2011-ci ilin 8 iyul tarixində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində “Əlillik və cəmiyyət: Avropa təcrübəsi və Azərbaycan üçün yeni çağırışlar” mövzusunda Beynəlxalq Konfrans keçirilmişdir. Konfransda Respublika Milli Məclisinin deputatının, beynəlxalq ekspertlərin, Avropa Şurasının, müvafiq dövlət qurumlarının və qeyri-hökumət təşkilatlarının nümayəndələrinin iştirakı ilə dünya miqyasında və Respublikada əlilliyə təsir edən amillər və əlilliyi doğuran səbəblər təhlil edilmiş, bu sahədə digər inkişaf etmiş ölkələrin təcrübələri dinlənilmişdir.
“Əlilliyin və uşaqların sağlamlıq imkanlarının məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun Əlillərin hüquqları haqqında Konvensiyaya uyğunlaşdırılması işinə başlanılmış, nazirliyin müvafiq şöbələrinin rəyləri nəzərə alınaraq qanuna olan dəyişikliklərlə bağlı təkliflər yaxın zamanlarda müvafiq dövlət orqanlarına təqdim olunacaqdır. 
Hazırda 2012-2015-ci illərdə əlillərin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı Dövlət Proqramı layihəsinin, əlilliyi olan şəxslərin fərdi reabilitasiya proqramının hazırlanması, əlilliyin müəyyən olunması meyarlarına dair, Tibbi-sosial ekspert komissiyaları haqqında və Əlillərin Bərpa Mərkəzlərinin fəaliyyəti ilə bağlı Əsasnamələrin müasir tələblərə uyğunlaşdırılması üzrə işlər həyata keçirilir. 
Respublikada əlilliyi doğuran səbəblərin real təhlili, ilkin əlilliyin tədqiqatı, proqnozlaşdırılması və hesablanması metodikasının hazırlanması məqsədilə 06 oktyabr 2011-ci il tarixdə müvafiq dövlət qurumları və ictimai təşkilatların nümayəndələrindən ibarət Komissiya yaradılmışdır. Komissiyanın bir neçə dəfə iclasları keçirilmiş, müzakirələr aparılmış və hal-hazırda bu sahədə yaxın ölkələrin təcrübəsi öyrənilir.
Eyni zamanda, 21 oktyabr 2011-i il tarixdə müvafiq dövlət orqanlarının, beynəlxalq təşkilatların və QHT-in nümayəndələrindən ibarət “Sosial infrastrukturun əlilliyi olan şəxslərin istifadəsinə maneəsiz müyəssər olması: mövcud vəziyyət və beynəlxalq təcrübə” mövzusunda seminar keçirilmiş, seminarda həm Avropa ölkələrində, həm də Azərbaycanda sosial infrastrukturun əlillərin maneəsiz istifadəsinə uyğunlaşdırılması ilə bağlı mövcud vəziyyət dinlənilmiş, Respublikada bu infrastrukturun hansı istiqamətlərdə təkmilləşdirilməsi üçün təkliflər verilmişdir.
Avropa Qonşuluq və Tərəfdaşlıq Aləti çərçivəsində “Xüsusi qayğıya ehtiyacı olan şəxslər üçün qabaqcıl Avropa ölkələrinin təcrübəsinə əsaslanan tibbi-sosial reabilitasiya sisteminin inkişafı” adlı Tvinninq layihəsi təqdim edilmişdir. Bu layihənin əsas məqsədi qabaqcıl Avropa dövlətlərinin təcrübəsinə əsaslanan əlil şəxslərin tibbi-sosial reabilitasiya sisteminin yaradılmasında, əlil şəxslər və sağlamlıq imkanları məhdud uşaqlarla işləyən ixtisaslaşmış institutların imkanlarının artırılması yollarının öyrənilməsində və həmçinin, bu kateqoriyadan olan vətəndaşlar üçün yeni tibbi-sosial reabilitasiya xidməti növlərinin təmin edilməsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə dəstək göstərməkdən ibarətdir.


Bərpa-müalicə şəbəkəsi daha da genişləndirilmişdir


Son illərdə ölkədə bərpa-müalicə şəbəkəsi daha da genişləndirilmişdir və indi ölkənin bütün regionları üzrə 14 bərpa mərkəzi fəaliyyət göstərir ki, onlarda hər il 8 mindən çox əlil insana bərpa-müalicə xidməti göstərilir. Bakı Protez-ortopedik bərpa mərkəzi və onun filialları tərəfindən əlilliyi olan şəxslər protez-ortopedik məmulatlarla, əlil arabaları, eşitmə aparatları və digər reabilitasiya vasitələri ilə davamlı olaraq təmin edilirlər.
Respublika üzrə ildə orta hesabla 6000 nəfərə yaxın əlil protez-ortopedik məmulatlar və reabilitasiya vasitələri ilə təmin olunur. Bununla yanaşı, hər il təxminən 80 nəfər əlilin Respublikadan kənarda Krım vilayətinin Saki şəhərində müalicəsi təşkil olunur.
Qabaqcıl beynəlxalq təcrübə göstərir ki, yeni və müasir reabilitasiya metodlarını tətbiq etməklə, psixoloji, peşəyönümlü və sosial bərpa tədbirlərinin keçirilməsi ilə əmək qabiliyyəti məhdudlaşan və ya əlillik statusu alan şəxslərin sosial statusunun bərpa olunmasını, onların cəmiyyətə tam inteqrasiyasını təmin etmək mümkündür. Bu məqsədlə tibbi bərpa profilli müəssisələrdə çoxşaxəli sosial reabilitasiya tədbirlərinin tətbiqinə, nəticə etibarilə onların sosial reabilitasiya yönümlü müəssisələr kimi fəaliyyətinin təşkilinə hazırlıq işləri aparılır. Artıq ölkədə yeni tipli müəssisənin – Gözdən Əlillər üçün Tədris-Bərpa Mərkəzinin, həmçinin onlar üçün 12 mərtəbəli yaşayış evinin inşasına başlanmışıdır. Həmçinin Çernobıl Əlilləri üçün İxtisaslaşmış Rebilitasiya Mərkəzinin inşası üçün layihə-smeta sənədləri hazırlanır.
Ölkənin müxtəlif regionlarında dövlət vəsaiti hesabına çoxmənzilli və fərdi yaşayış evləri inşa etdirilərək mənzilə ehtiyac duyan əlillərin istifadəsinə verilir. İndiyədək 5000-dək əlil vətəndaşa, o cümlədən Qarabağ müharibəsi zamanı ölkənin ərazi bütövlüyünün müdafiəsi naminə həlak olmuş insanların ailələrinə müasir tələblərə cavab verən yeni mənzillər verilmişdir. 2012-ci il ərzində isə 1000-ə yaxın yeni mənzilin inşasına başlanacaq. Eyni zamanda bu vaxtadək 3250-yə yaxın əlil vətəndaş minik avtomobili, 7500-dən çox əlil insan əlil arabası, xeyli sayda əlil müxtəlif reabilitasiya vasitələri ilə təmin edilmişdir.
Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən 2009-cu ilin “Uşaq ili” elan olunması ölkəmizdə uşaqların  rifahının yaxşılaşdırılmasında, o cümlədən sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsinin gücləndirilməsində xüsusi rol oynamış, bu sahədə birgə səylərin artırılması üçün geniş imkanlar açmışdır. Xüsusilə qeyd olunmalıdır ki, Heydər Əliyev Fondunun davamlı dəstəyi ilə 3 və 7 nömrəli internat evlərində aparılan əsaslı təmir və yenidənqurma işləri nəticəsində həmin müəssisələrdə uşaqlar üçün nümunəvi şərait yaradılmış, əlilliyi olan uşaqların bacarıqlarının inkişafı və hüquqlarının müdafiəsi üçün mühüm işlər görülmüşdür.


Əlilliyi olan şəxslərin müalicəsi və bərpası


Onu da diqqətə çatdırırıq ki, nazirliyin nəzdindəki pansionat və internat evlərində müasir tələblərə cavab verən şəraitin yaradılması istiqamətində işlər davam etdirilir. Buzovnadakı 9 saylı internat evində əsaslı təmir işləri başa çatmaq üzrədir. Ramana Gənc Əlillərin Əmək və İstirahət evində  əsaslı təmir və yenidənqurma işləri aparılır. Bilgəh Müharibə və Əmək Əlilləri üçün Pansionatda (Qocalar evi) isə əsaslı təmir işləri aparılmaqla yanaşı, pansionat üçün yeni korpusun tikintisi də həyata keçirilir.
Yaxın vaxtlarda Bakı Protez-Ortopedik Bərpa Mərkəzində də əsaslı təmir işlərinə başlanılacaq. Respublika Əlillərin Bərpa Mərkəzinin, Gəncə Pensiyaçılara Ərazi Sosial Xidmət Mərkəzinin, Göygöl 8 saylı internat evinin, Şağan Müharibə Əlilləri üçün Müalicə Pansionatının və Mərdəkan Müalicə Pansionatının əsaslı təmiri məqsədilə layihə-smeta sənədləri hazırlanır.
Ümumiyyətlə, hər il təsdiqlənən müvafiq Dövlət Proqramlarına əsasən, respublikada əlilliyi olan şəxslərin ölkə daxilində müalicəsi və bərpası, asudə vaxtının mənalı təşkili, yaradıcı əlillərin maddi və mənəvi dəstəklənməsi, onlar üçün respublika səviyyəli yaradıcılıq müsabiqələrinin təşkili, paralimpiya hərəkatının genişlənməsi və s. istiqamətlərdə ardıcıl tədbirlər həyata keçirilir. Ölkədə paralimpiya hərəkatına dövlət başçısı tərəfindən davamlı dəstək göstərilməsi paralimpiya oyunlarında ölkəmizin idman şərəfini layiqli şəkildə qoruyaraq 10 medal qazanmaları ilə nəticələnmişdir.
Fiziki məhdudiyyətli insana qayğı hər şeydən əvvəl hümanizm göstəricisidir. Lakin bu hal əlilliyi olan şəxslərdə maddi asılılığın tədricən vərdişə çevrilməsinə səbəb ola bilər. Ona görə də ilk növbədə fiziki məhdudiyyətli şəxslərə mövcud potensiallarını dürüst qiymətləndirmələri və öz potensial imkanları müqabilində maddi və mənəvi tələbatlarını ödəyərək cəmiyyətin fəal hissəsinə çevrilmələri üçün şəraitin yaradılması vacib məsələlərdən olmalıdır. Bu sahədə artıq ölkəmizdə təcrübə formalaşır. Böyük Britaniyanın “Oksfam” təşkilatı ilə birgə görmə qabiliyyətini itirmiş və zəif görən insanlara rabitə peşələrinin öyrədilməsi bu sahədə  diqqəti cəlb edən  nümunələrdən olub.
Hazırda Heydər Əliyev Fondunun, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və UNİCEF-in təşkilatçılığı ilə həyata keçirilən “İmkanlara məhdudiyyət yoxdur” təbliğat-təşviqat kampaniyası cəmiyyətdə əlilliyi olan şəxslərə qarşı ayrı-seçkiliyin qarşısının alınmasına yönələn səmərəli tədbirlərdən biridir. Bu məqsədlə Bakı şəhərinin əhalinin daha gur olduğu küçə və prospektlərində reklam lövhələri yerləşdirilib, digər təbliğat-təşviqat materialları hazırlanıb.  
Möhtərəm Prezidentimizin 11 avqust 2010-cu il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının   inkişafı   üzrə   2010-2012-ci   illər   üçün Dövlət Proqramı”nda əhalinin bütün kateqoriyaları, eləcə də məhdud imkanlı qruplar üçün informasiya-kommunikasiya texnologiyalarından, o cümlədən internetdən istifadənin genişləndirilməsi də nəzərdə tutulur. Bununla bağlı Heydər Əliyev Fondu, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və BMT-nin İnkişaf Proqramı tərəfindən bölgələrdə görmə qabiliyyətini itirmiş və zəif görən uşaqların internet resurslarından istifadəsi üçün informasiya mərkəzləri yaradılıb. Bütün bunlar bir daha göstərir ki, Azərbaycanda hər bir əlil dövlət qayğısı ilə əhatə olunub.


Əqli geriliyi olan insanlara xidmətlə bağlı ABŞ təcrübəsi öyrənilib


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Milli Məclis Aparatı, Sosial Xidmətlər Təşəbbüsü İB-nin və Konstitusiya Araşdırmalar Mərkəzinin əməkdaşlarından ibarət nümayəndə heyəti Amerika Birləşmiş Ştatlarında təcrübə səfərində olub. Səfər əqli geriliyi olan insanlar üçün nəzərdə tutulan icma əsaslı xidmətlərin təşkili və iqtisadi əsasları, forma və növləri ilə bağlı ABŞ təcrübəsinin öyrənilməsi məqsədinə xidmət edib.
Səfər zamanı ABŞ-ın 12 milyon əhalisi olan Pensilvaniya ştatında əqli geriliyi olan insanlara əsasən qeyri-hökumət təşkilatları tərəfindən xidmətlər göstərildiyi müşahidə olunub. Nümayəndə heyətimiz həmin ştatda 55000 nəfər əqli geriliyi olan insana müxtəlif formalarda göstərilən sosial xidmətlərlə, habelə 5700 nəfər əqli geriliyi və ruhi-əsəb xəstəliyi olan şəxslərə müxtəlif növ sosial xidmətlər göstərən, 3200 nəfər işçisi olan Keystone İnsan Xidmətləri Təşkilatının fəaliyyəti ilə yaxından tanış olub.
İllik büdcəsi 140 milyon ABŞ dollarına bərabər olan və əsas maliyyə mənbəyi müvafiq dövlət proqramlarından formalaşan bu təşkilatın əsas məqsədi dövlət müəssisələrində yaşayan insanların icma şəraitində yaşamasını təmin etmək, eləcə də əlillərin belə müəssisələrə düşməsinin qarşısını almaqdır. Təşkilatın xidmət göstərdiyi şəxslərin yaşadıqları icma əsaslı 3 evlə tanış olan nümayəndə heyətinə belə evlərdə ağır, orta və yüngül xəstəlik diaqnozları olan şəxslərin birgə yaşadıqları məlum olub.
 


Azərbaycanlı əlillər beynəlxalq rəqs yarışına qatılacaqlar


Azərbaycan Respublikası Prezidentinin 16 yanvar 2012-ci il tarixli Sərəncamına əsasən, 2012-ci ilin “İdman ili” kimi elan olunması ilə bağlı olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilən tədbirlər çərçivəsində ölkəmizdə əlil arabasında rəqsin geniş tətbiqi istiqamətində müvafiq işlər görülür. Bununla əlaqədar nazirlik tərəfindən bu günlərdə ölkəmizdən üç nəfər əlilliyi olan şəxsin – Kamal Məmmədovun, Sevda Səfərəliyevanın və Vüsalə Kərimovanın Minsk şəhərində yerləşən “Rəqs Sağlamlıq Mərkəzi”ndə əlil arabasında rəqs üzrə beynəlxalq dərəcəli məşqçi və mütəxəssislərin iştirakı ilə 7 günlük təlim kursu keçməsi təşkil olunub. Bu qəbildən olan insanların bundan sonra vaxtaşırı olaraq həmin mərkəzdə müvafiq məşğələlər keçməsi təmin olunacaq. Eyni zamanda mayın 5-6-da Belarusun Minsk şəhərində, sentyabrın 3-4-də isə Rusiyanın Sankt-Peterburq şəhərində əlil arabasında rəqs üzrə açıq, yəni hər bir ölkənin qatıla biləcəyi beynəlxalq səviyyəli yarışlar keçiriləcək. Yarışlarda ölkəmizi Kamal Məmmədov və Vüsalə Kərimova təmsil edəcəklər.
Hazırda əlil arabasında idman rəqsi artıq xeyli ölkələrdə populyarlıq qazanıb və bu sahədə kifayət qədər müsbət nəticələr mövcuddur. Hətta əlil arabasında idman rəqsi üzrə Avropa və dünya çempionatları keçirilir və onlarla ölkə belə tədbirlərdə təmsil olunur. Yaxın gələcəkdə Azərbaycan da belə tədbirlərdə təmsil olunacaq.
Bu reabilitasiya proqramı məhdudiyyətli insanların cəmiyyətə inteqrasiyası baxımından olduqca əhəmiyyətlidir. Artıq bu sahədə beynəlxalq dərəcəli idman ustalarından ibarət məşqçi və mütəxəssis heyəti fəaliyyət göstərir.
Qeyd edək ki, ölkəmizdə əlilliyi olan şəxslərin sosial statusunun daha effektli yollarla bərpasına, onların mövcud potensiallarının dürüst qiymətləndirilməsinə və potensial imkanları müqabilində maddi və mənəvi tələbatlarını ödəyərək cəmiyyətin fəal hissəsinə çevrilmələrinə xidmət edən yeni sosial reabilitasiya modellərinin tətbiqinə xüsusi önəm verilməkdədir. Bu səbəbdən, “2012-ci il üçün əlillərin sosial müdafiəsi tədbirlərinin maliyyələşməsi ilə bağlı” Dövlət Proqramında nəzərdə tutulan tədbirlər sırasında yeni reabilitasiya modellərindən biri kimi əlil arabasında rəqs üzrə tədbirlərin təşkili də əksini tapıb.
Qeyd edək ki, bu araşdırma Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının layihəsi əsasında hazırlanıb.


“Vətəndaş Maarifləndirilməsi” İctimai Birliyi
Araşdırma Qrupu
URL / WWW
http://kelam.az/article/a-6323.html