Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Məqalələr » Əmək və məşğulluq
27.04.12 17:54

“Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanunu  məşğulluğa kömək sahəsində dövlət siyasətinin hüquqi, iqtisadi və təşkilatı əsaslarını, eləcə də vətəndaşların əmək və işsizlərin sosial müdafiəsi sahəsində dövlət təminatlarını müəyyən edir. Qanunun 6.2.1-ci  maddəsinə uyğun olaraq, məşğulluq sahəsində dövlət siyasətinin əsas istiqamətlərindən biri, irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, ailə vəziyyətindən, ictimai-sosial mənşəyindən, yaşayış yerindən, əmlak vəziyyətindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşlara əmək və məşğulluğu sərbəst seçmək hüququnun həyata keçirilməsi üçün bərabər imkanların təmin edilməsidir. 

Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 16-cı maddəsinin 1-ci hissəsinə əsasən Əmək münasibətlərində işçinin işgüzar keyfiyyətləri, peşəkarlıq səriştəsi, əməyinin nəticələri ilə bağlı olmayan amillərə görə işçilər arasında hər hansı ayrı-seçkiliyə yol verilməsi, habelə hüquqlarının məhdudlaşdırılması qəti qadağandır.
Sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşların, məşğulluğunun təmin edilməsi, sosial müdafiəsinin gücləndirməsi məqsədilə “Məşğulluq haqqında” Qanununun 9-cu maddəsində dövlət tərəfindən əlavə iş yerləri və ixtisaslaşdırılmış müəssisələr, təşkilatlar (o cümlədən, əlillərin əməyi üçün müəssisə və təşkilatlar) yaratmaq yolu ilə, xüsusi proqramlar üzrə təlim təşkil etməklə və başqa tədbirlər görməklə sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşların kateqoriyaları (20 yaşadək gənclərə, yetkinlik yaşına çatmamış uşaqları tərbiyə edən tək və çoxuşaqlı valideynlərə, sağlamlıq imkanları məhdud uşaqları tərbiyə edən qadınlara, pensiya yaşına 2 ildən az qalmış şəxslərə, əlillərə, cəzaçəkmə yerlərindən azad edilmiş vətəndaşlara, məcburi köçkünlərə, müharibə veteranlarına, şəhid ailələrinə) üçün əlavə təminatlar nəzərdə tutulmuşdur.
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2005-ci il 22 noyabr tarixli  213 nömrəli qərarı ilə “Sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşlar üçün kvota tətbiq edilməsi Qaydası” və “Kvota şamil edilməyən müəssisələrin Siyahısı” təsdiq edilmişdir. Qaydaların 1.2-ci bəndinə uyğun olaraq kvota ərazi əmək bazarındakı vəziyyətdən asılı olaraq müəssisələrdəki işçilərin orta siyahı sayının 5 faizindən çox olmamaq şərti ilə aşağıdakı kimi müəyyən edilir:
- işçilərinin sayı 25-dən 50-dək olan müəssisələrdə işçilərin orta illik siyahı sayının 3 faizi (bir iş yerindən az olmamaqla) miqdarında; bu halda həmin iş yerlərindən biri əlillər və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslər üçün nəzərdə tutulur;
- işçilərinin sayı 50-dən 100-dək olan müəssisələrdə işçilərin orta illik siyahı sayının 4 faizi miqdarında (işçilərin orta illik siyahı sayının 2 faizi əlillər və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslər üçün nəzərdə tutulmaqla);
- işçilərinin sayı 100-dən çox olan müəssisələrdə işçilərin orta illik siyahı sayının 5 faizi miqdarında (işçilərin orta illik siyahı sayının 2,5 faizi əlillər və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslər üçün nəzərdə tutulmaqla).
“Azərbaycan Respublikasının Məşğulluq Strategiyasının həyata keçirilməsi üzrə Dövlət Proqramı (2007-2010-cu illər)”nda sosial müdafiəyə xüsusi ehtiyacı olan insanların məşğulluğunun inkişaf etdirilməsi ilə bağlı bir sıra tədbirlər öz əksini tapmışdır. O cümlədən, əlillərin cəmiyyətə inteqrasiyasının təmin edilməsi, onların məşğulluq səviyyəsinin artırılması məqsədi ilə müvafiq şəraitin yaradılması, əlillərin səmərəli məşğulluğunun təmin edilməsi üçün psixoloji və peşəyönümü testlərin hazırlanması, bu kateqoriyadan olan vətəndaşlar üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada kvota üzrə iş yerlərinin müəyyən edilməsi və bu kvotaların yerinə yetirilməsində işəgötürənlərin həvəsləndirilməsi, bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi üzrə müvafiq işlər aparılmışdır. Hal-hazırda Proqramın 2011-2015-ci illər üzrə Tədbirlər Planının layihəsi üzrə işlər davam etdirilir.
Eyni zamanda işaxtaran və işsiz vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi məqsədi ilə beynəlxalq təcrübəyə əsaslanaraq “İşsizlikdən icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanun layihəsinin hazırlanması üzrə işlər aparılır.
2006-cı ilin noyabr ayında Cenevrədə Azərbaycan Respublikasının  üçtərəfli nümayəndə heyəti və BƏT-in səlahiyyətli nümayəndələri tərəfindən “Beynəlxalq Əmək Təşkilatı ilə əməkdaşlıq çərçivəsində Layiqli Əməyin Təminatı üzrə Ölkə Proqramı (2006-2009-cu illər)” imzalanmışdır. Ölkə Proqramı çərçivəsində əlillərin məşğulluğu və layiqli əmək məsələləri ilə bağlı beynəlxalq təcrübə nəzərə alınmaqla xüsusi təlim proqramlarının hazırlanıb tətbiq edilməsi nəzərdə tutulmuşdur.
Tədbirlərin davamı olaraq üçtərəfli əməkdaşlıq əsasında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Respublikasının  Sahibkarlar (İşəgötürənlər) Təşkilatları  Milli Konfederasiyasının dəstəyi ilə  2015-ci ilə qədər  Layiqli Əməyin Təminatı üzrə Ölkə Proqramının layihəsi hazırlanmış və Beynəlxalq Əmək Təşkilatına təqdim edilmişdir.
“Kiçik sahibkarlığa dövlət köməyi haqqında” Azərbaycan Respublikası Qanununa əsasən (Kiçik sahibkarlığa kömək proqramları) əhalinin sosial cəhətdən daha az təmin olunan təbəqələrinin, o cümlədən işsizlərin, qaçqınların və məcburi köçkünlərin, əlillərin, şəhid ailələrinin, təqaüdçülərin, qadınların və gənclərin sahibkarlıq fəaliyyətinə cəlb edilməsi kimi proqramların həyata keçirilməsi nəzərdə tutulmuşdur.
Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 311, 312, 313-cü maddələrinə əsasən istər işçilər, istər işəgötürənlər Azərbaycan Respublikası Əmək Məcəlləsi ilə  və əmək qanunvericiliyi sisteminə daxil olan digər normativ-hüquqi aktlarla müəyyən olunmuş hüquqları pozmağa görə qanunvericiliklə müəyyən edilmiş qaydada maddi, intizam, inzibati və cinayət məsuliyyəti daşıyırlar.
“Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” üzrə Tədbirlər Planının 4.1.56.-4.1.58.-ci maddələrində Məşğulluq Xidməti orqanları nəzdində müasir tədris texnologiyalarının tətbiqi ilə Regional Peşə Tədrisi Mərkəzlərinin yaradılması və onların əlillər üçün müvafiq tədris vəsaitləri ilə təmin edilməsi, respublikanın böyük şəhərlərində əlillərin texniki vəsaitlərinin təmiri üçün xüsusi emalatxanaların yaradılması, həmçinin əlillər və görməyənlər üçün xüsusi informasiya texnologiyaları mərkəzlərinin yaradılması nəzərdə tutulmuşdur.
Azərbaycan Respublikası Əmək Məcəlləsinin 78-ci maddəsinin 2-ci hissəsinə əsasən işəgötürən ixtisasları (peşələri) və ya peşəkarlıq səviyyələri eyni olduqda, həmin müəssisədə əmək şikəstliyi almış və ya peşə xəstəliyinə tutulmuş şəxslərin işdə saxlanmasına üstünlük verir.
“Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 29-cu maddəsinə əsasən işçilərin sayı və ya ştatı ixtisar edilərkən, ixtisas dərəcəsi eyni olduqda, həmin müəssisədə, idarədə, təşkilatda əmək şikəstliyi almış və ya peşə xəstəliyi nəticəsində əlil, 18 yaşınadək sağlamlıq imkanları məhdud olmuş işçilərin işdə saxlanmaq üçün üstünlük hüququ vardır. Əmək vəzifələrini yerinə yetirərkən xəsarət alıb şikəst olmuş və bu səbəbdən əmək qabiliyyətini itirmiş I və II qrup əlillərin və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslərin işləmədiyi müddət onların ümumi və fasiləsiz iş stajına daxil edilir.
“Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə əsasən vətəndaşlar fəaliyyət növü, peşə, məşğuliyyət və iş yerini sərbəst seçmək hüququna malikdirlər. Qanunvericiliklə müəyyən edilmiş xüsusi hallardan başqa (məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə, hərbi xidmət, hərbi və fövqəladə vəziyyət zamanı) vətəndaşların məcburi əməyə cəlb edilməsinə yol verilmir.
Texniki və peşə bacarıqları olan əlillərin əmək bazarına inteqrasiyasının  asanlaşdırılması məqsədi ilə Məşğulluq Xidməti Orqanları tərəfindən onlar fiziki imkanlarına uyğun olmaqla müvafiq peşə hazırlığı kurslarına cəlb olunurlar. 2007, 2008, 2009 və 2010-cu ilin 9 ayı ərzində Məşğulluq Xidməti orqanlarına  müraciət edən əlillərdən 180 nəfəri peşə  hazırlığı kurslarına cəlb olunmuşlar (“kompüter dizayneri”, “kompüter istifadəçisi”, “alüminium və plastik materiallardan məmulatların yığıcı çilinğəri”, “tikişçi”, “cildçi” və s). Bununla yanaşı,  Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin müraciətinə əsasən cari ilin noyabr ayında 15 nəfər gözdən əlil şəxs xüsusi (Brayl) proqramı üzrə 2 aylıq “Kompüter istifadəçisi” peşə hazırlığı kursuna cəlb olunmuşdur.
“Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 30-cu maddəsinə əsasən müvafiq yerli icra hakimiyyəti orqanları qeyri-yaşayış otaqlarını vermək, habelə xammal əldə edilməsində və məhsulun satışında kömək göstərmək yolu ilə əlillərin və sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslərin evdə əməyinin və sahibkarlıq fəaliyyətinin təşkili üçün lazımi şərait yaradırlar.
Qeyd edək ki, bu araşdırma Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının layihəsi əsasında hazırlanıb.


“Vətəndaş Maarifləndirilməsi” İctimai Birliyi
Araşdırma Qrupu
URL / WWW
http://kelam.az/article/a-6322.html