Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Məqalələr » İşıqsız gözlərə nur verən insan
14.05.12 19:16

...O da zirvəyə doğru arzuladığı yolda idi. Əslində bu zirvəyə can atmırdı. Zəhməti, xeyirxah əməlləri onu bu zirvəyə çatdırırdı. Və bu enişli-yoxuşlu yolda heç bir çətinlikdən qorxmurdu, ağrı-acılardan bezmirdi. Zəhmətdən usanıb heç nəyi yarı yolda qoymurdu. Başladığı işlərin sonuna qədər getməyi bacarırdı akademik Zərifə xanım Əliyeva.Çox doğma, tanış, məlahətli, elə ilk baxışdan yadda qalan cizgiləri ilə yaddaşa hopan siması vardı o xanımın. Onunla üz-üzə gələndə insanlar özlərini hər cür pislikdən, şərdən-xətadan uzaq bir dünyada hiss edirdilər. Sanırdılar ki, bu dünyada çatışmayan heç nə yoxdur. Bu dünyada hər şey onun gözləri kimi parlaq və aydındır. Bu dünyada hər şey onun çöhrəsi kimi işıqlı, nurlu və cazibədardır. Bu dünyada hər şey onun qəlbinə, varlığına hakim kəsilən saf duyğular qədər gözəldir, ovsunludur. Bu dünyada hər kəsin sinəsində elə onunku kimi insanlara ancaq və ancaq sevgi ilə dolu bir ürək döyünür.


Mənəviyyat ocağı


Azərbaycan tibb elminə böyük töhfələr bəxş etmiş Əliyevlər nəslinin sevimli övladı idi o. Atası Əziz Əliyev parlaq istedada malik olmaqla yanaşı böyük nüfuz sahibi idi. Dövrünün görkəmli şəxsiyyətləri onun ata evinin daimi qonaqları olurdu. Balaca Zərifənin uşaqlıq illəri həmin məclislərdə, evlərində hər gün gördüyü görkəmli şəxslərin əhatəsində keçmişdi. Üzeyir Hacıbəyov, Müslüm Maqomayev, Əbülfəz Qarayev, Mirəsədulla Mirqasımov, Bülbül, Səməd Vurğun açardı bu evin qapısını. Mənəviyyat ocağı idi bu ev.
Özünə əmi, dayı hesab etdiyi bu tarixi şəxsiyyətlərin hər biri Zərifənin uşaqlıq xatirələrində dərin iz buraxmışdı. Ata-babaları qədim İrəvan mahalında dünyaya göz açmışdılar. Onlar öz yurdlarından didərgin düşəndə Zərifə xanım hələ anadan olmamışdı. Azərbaycan xalqına qarşı yürüdülən soyqırımı siyasəti nəticəsində Əziz Əliyevin ailəsi İrəvandan baş götürüb Şahtaxtı kəndinə, oradan da İrana köçmüşdü. Çox əzablardan sonra isə ailə Bakıda qərar tuta bilmişdi.
Əziz Əliyev həmişə uşaqlarına qədim İrəvanın gözəlliklərindən söhbət açar, öz uşaqlığını xatırlayırdı. Atanın keçdiyi ömür yolu heç şübhəsiz, Zərifə xanım üçün bir həyat məktəbi idi.
Evlərində görkəmli sənət adamlarının tez-tez qonaq olması, onların maraqlı söhbətləri Zərifənin yaddaşına həkk olunurdu. O, gözəl mahnılar oxumağı, rəvan şerlər söyləməyi hələ uşaqlıqdan öyrənmişdi. Rus, tatar, ləzgi, özbək, avar nəğmələri oxuyurdu. O, fortepiano üzrə musiqi təhsili də almışdı. Həm klassik, həm də populyar musiqini pianoda böyük zövqlə çalırdı. Zərifə xanım piano arxasında daxili duyğularını yüksək ustalıqla ifadə edirdi. Ailələrinin tez-tez başqa şəhərlərdə yaşamağına görə, onda hər yerin mədəniyyətindən zərrələr yığılmışdı. Bu zərif xüsusiyyətlər Zərifə xanımı həyata hazırlayırdı.


İstedadı gizli saxlamaq olmaz


 
Zərifə xanım uşaqlıq illərində elmə böyük həvəs göstərmişdi. Əziz Əliyevin övladları üçün tez-tez təkrar etdiyi bir söz vardı: "Əgər həkim təkcə həkimdirsə, deməli, o pis həkimdir". Bu mənada Zərifə xanım yüksək peşəkarlıqla yanaşı insani münasibətləri üstün tuturdu. Onun şəxsində peşəkar həkimlə gözəl insanlıq xüsusiyyətləri vəhdətdə idi. O, orta məktəbi bitirdikdən sonra Tibb İnstitunun müalicə-profilaktika fakültəsinə daxil oldu və sonra Moskva şəhərində Həkimləri Təkmilləşdirmə İnstitutunda oftolmologiya üzrə ixtisaslaşdırma kursu keçdi. O, həkim kimi işə başlayandan sonra fəaliyyəti yalnız öz klinikası çərçivəsində məhdudlaşmadı. Zərifə xanım elmi tədqiqat işlərini davam etdirdi. Onun diqqətini daha çox elmi cəhətdən az araşdırılan görmə orqanının patalogiyası cəlb etdiyindən bu sahəyə xüsusi maraq göstərir. Zərifə xanım problemlə məşğul olarkən sənaye müəssisələrində olmuş, zərərli peşə sahələrində çalışanları oftolmoloji müayinədən keçirmişdi. Alim Bakının, Sumqayıtın bir sıra sənaye müəssisələrinin, o cümlədən şin zavodunun sexlərində elmi tədqiqatlar, geniş miqyaslı klinik təcrübələr apararaq, zəhərli maddələrin görmə orqanına təsirinin əsas qanunauyğunluğunu aşkara çıxarmışdı. O, dünyanın ən nüfuzlu oftalmologiya mərkəzlərindən biri olan H.Helmqolts adına Moskva Dövlət Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunda "Azərbaycanın bəzi kimya sənayesi müəssisələri işçilərinin görmə orqanının vəziyyəti" mövzusunda doktorluq dissertasiyasını böyük müvəffəqiyyətlə müdafiə etmişdi.
1977-ci ildə professor Zərifə Əliyevanın təklifi ilə Bakı şəhərində Ümumittifaq Oftalmoloqlar Cəmiyyəti İdarə Heyətinin plenumu keçirilir. Elmi araşdırmalar nəticəsində Zərifə xanımın çap etdirdiyi monoqrafiyalar dünyanın elmi ictimaiyyətinin diqqətini çəkir.
1983-cü ildə HTİ-nin oftolmologiya kafedrasına müdir seçildikdən sonra onun fəaliyyəti daha da genişləndi.
Akademik Zərifə Əliyeva ömrü boyu böyük ictimai iş aparmış, keçmiş SSRİ-nin Sülhü Müdafiə Komitəsinin üzvü, Azərbaycan Sülhü Müdafiə Komitəsi sədrinin müavini, "Bilik" Cəmiyyəti İdarə Heyətinin üzvü və keçmiş ittifaqın Oftalmoloqlar Elmi Cəmiyyəti İdarə Heyətinin üzvü olmuşdu. O, həm də "Oftalmologiya xəbərləri" jurnalının redaksiya heyətinin üzvü idi. Zərifə Əliyevanın səyləri nəticəsində ilk dəfə görmə orqanının peşə patologiyasını araşdıran elmi-tədqiqat laboratoriyası yaradılmışdı.
1981-ci ildə oftomologiyanın inkişafına verdiyi töhfələrə görə, çalışdığı sahədə ən böyük mükafata - SSRİ Tibb Elmləri Akademiyasının akademik M.İ.Averbax adına mükafatına layiq görüldü. O, həmin mükafata layiq görülən ilk qadın idi. Zərifə xanım bu mükafatı alanda təvazökarlıq qarışıq təəccüblə: "Neyçün məhz mənə?" deyə heyrətini gizlətməmişdi. Tibb sahəsindəki böyük xidmətlərinə görə, professor Zərifə Əliyeva 1983-cü ildə Azərbaycan Respublikası Elmlər Akademiyasının akademiki seçilmiş, əməkdar elm xadimi fəxri adını almışdı.


O, bir məktəb yaratmışdı


Zərifə xanım xəstələrini təkcə dərmanla yox, sözlə müalicə edirdi. İşlədiyi kafedrada gənc həkimlərin inkişafı üçün əlindən gələni əsirgəmirdi. Onun rəhbərliyi altında cavan alimlərin və həkim-oftalmoloqların böyük bir nəsli yetişmişdi. O, gənc nəslə böyük diqqət və qayğıkeşliklə yanaşmışdı. Zərifə xanımın əməkdaşlarına göstərdiyi səmimi münasibətdə insanlara olan sevgisi öz əksini tapmışdı. Onunla işləyənlərin hamısı Zərifə xanımı böyük alim, ictimai xadim, insanlara xeyirxahlıq bəxş edən, gözəl bir insan kimi dəyərləndirirlər. O, xəstələrlə söhbət edəndə bu adamların çəkdikləri əziyyətlərini unutmağa, narahatlıqlarını qovmağa, onların ürəklərində sağalacaqlarına ümid işığı oyatmağa müvəffəq olurdu. İnandırmaq bacarığı, təlqin gücü vardı Zərifə xanımda. O, ən böhranlı anlarda belə xəstəyə hər şeyin yaxşı olacağını təlqin edirdi. Onun xəstələrə aşıladığı nikbinlik olmasaydı, bəlkə də onlar cərrahi əməliyyatdan sağ çıxa bilməzdilər. Əsası o idi ki, Zərifə xanım xəstələrini inandıra bilirdi. Onun insanlara bəslədiyi hörmət adilik həddini keçirdi. İnsansevərlik sanki onun qanına hopmuşdu. Çox zaman müxtəlif adamlar onun üstünə xahişə gedirdilər. Zərifə xanım hamını səbrlə, təmkinlə dinləyir, əgər cüzi də olsa, kömək etmək mümkünsə, heç kəsi ümidsiz qaytarmırdı. O, insanları zülmətin əlindən alıb nura qovuşdururdu. Əvəzində heç bir təmənna ummurdu. Hər dəfə bir çarəsiz xəstəyə əlac verəndə özünü bəxtəvər sayır, insanlara lazım olduğundan qürur duyurdu. Xəstələrinin ağrı-acılarını, dərd-qəmini ürəyindən keçirən, onları yaşayaraq, duyaraq sağaldan səmimi, kövrək qəlbli, duyğusal bir insan idi Zərifə xanım.


Ana qəlbin keşik çəkər bizə...


Ulu Tanrı dünyanın ən ali varlığını yaratmaq qüdrətini Analara bəxş edib. Dünya həmişə bu ölçüylə yaşayıb, milyon illər boyunca da beləcə yaşayacaq. Ana övladını dünyaya gətirir, onun qayğısını çəkir, ona tərbiyə verir, həyata hazırlayır. Zərifə xanım da gözəl ana idi.
Təbiət ona qeyri-adi qadın cazibədarlığı bəxş etmişdi. Onun bütün varlığı hərəkətlərindən və üzünün mimikasından oxunardı. Zərifə xanım işinin gərginliyinə baxmayaraq, həmişə bir qadın olaraq qalırdı. Özünün cazibədarlığı ilə, mülayimliyi ilə, heyranlığı ilə. Zərifə xanım ailəsinə necə də sevgiylə, qayğıyla yanaşırdı... Bu, heç şübhəsiz ki, hamını valeh edir, ona qarşı hörmət hissi aşılayır və eyni zamanda, təəccübləndirirdi: "O, bütün bunlara necə nail olur?".
Zərifə xanım sevimli ana və nənə idi. O, övladlarının həyatında baş verən hadisələri ürəyinə salır, onların uğursuzluqlarına ortaq, sevinclərinə şərik olurdu. Onun şərəfinə nəvəsinin adını Zərifə qoydular. Zərifə xanım bütövlüklə özünü ailəsinə həsr edirdi. Bütün varlığı ilə ailəsinə bağlı idi.
O, həmişə gülərüz və xeyirxah idi. Onun qadın-cərrah əlləri təmasda olduğu hər şeyə istilik verirdi, eyni zamanda bu əllərdə ailə qayğılarının, qadın əməyinin izlərini də sezmək mümkün idi. Zərifə xanım yüksək təbəqəyə mənsub olsa da, ev işlərindən boyun qaçırmazdı. O, əsl qadın kimi modanın qanun və tələblərinə də biganə deyildi. Yüksək zövq sahibi olsa da, hər şeyin ölçüsünü, yerini bilirdi. Onun qarderobunda gözqamaşdırıcı heç bir şeyə rast gəlmək mümkün deyildi. Bir qayda olaraq o, müasir, eyni zamanda rahat biçimdə görünməyə üstünlük verirdi. Onun fikirləri belə idi ki, insanın zahiri və mənəvi gözəlliyinin əlavə bəzək-düzəyə ehtiyacı yoxdur.


Yeni bir məhəbbət dastanı


 
Zərifə xanım taleyindən razı idi. Həyat yoluna onu anlayan,  onu hisslərinin, duyğularının lap xırdalıqlarına qədər duya bilən bir insanla rastlaşmışdı. Vətənə, xalqa olan sonsuz məhəbbətini o, bu insanın fəaliyyətində əks etdirdi. Həmin insanın xalq, Vətən üçün gördüyü böyük işlərdə Zərifə xanımın da əməyinin, qəlbinin rolu vardı. O, həyat yoldaşı üçün dost, həmfikir idi. İşdən qanı qara evə dönəndə könül sirdaşına bir xoş baxışı ilə can verərdi. Dünyanı gözündə gözəlləşdirərdi. Xoşbəxt idi onlar. Talelərinə yazılan bu qismətə görə, hər ikisi Tanrıya şükranlıq edirdi. Tanrı onlara gözəl, ağıllı övladlar, sevimli nəvələr qismət eləmişdi.
Bitmirdi, tükənmirdi bu məhəbbətin gücü. Dünyaya yeni bir məhəbbət dastanı boylanmışdı - Zərifə-Heydər dastanı. Öz içindən yeni bir ülvi dastan yaratmışdı bu sevgi xəzinəsi. Yarımçıqlığında da bir zirvə, ucalıq, dəyanət, kişilik əks etdirən bir dastan. Bu dastanı yaradanlar ən ülvi, ən gözəl, səmimi duyğularla yaratmışdılar, yaşatmışdılar. Onlar bu sevgini birgə yaşamağa and içmişdilər. Hər ikisi də bu anda həmişəlik sadiq qalmışdı. 
 



Vaxtsız əcəl, məndən uzaq dayan, dur!...


Onu ölüm haqqında fikirlər yox, daha çox onsuz qalanların taleyi narahat edirdi. Hər ağrıya dözüb, ölmək istəmirdi. Bağda qızıl güldən hələ dəstə tutmaq, qumru nəğməsini dinləmək, bahar küləyi tək bir də əsmək istəyirdi. İlahidən yuxuda bağlanıb həyatda açılan bir qapı diləyirdi. Hələ övladlarından, nəvələrindən göz dolusu doymamışdı. Kəmfürsət ölüm vaxtı itirmədi. Bir anlıq əcələ macal da vermədi. Zərifə xanım həyatla səssiz-səmirsiz, lal sükutla vidalaşırdı. O, ölümün gözünə dik baxmağı bacarırdı. Uşağa, qocaya, cavana baxmayan amansız ölüm onun da alnına möhrünü basdı...
1985-ci il, 15 aprel. Moskva EA-nın Alimlər Evi matəm libasına bürünüb. Mərhumun cənazəsi önünə yeni-yeni əklillər qoyulur. Dövlət rəhbərləri və onların ailələri adından, mərhumun dostlarından və yaxın adamlarından təzə tər gül-çiçək dəstələri gətirilir. Böyük bir əklilin lentinin üzərindəki sözlər heç kəsin diqqətindən yayınmır: "Hədsiz dərəcədə sevdiyim əziz və əvəzsiz həyat yoldaşım Zərifə Əziz qızına Heydər Əlirza oğlundan". Bu əklilin yanında mərhumun uşaqlarının, nəvələrinin əklilləri qoyulub. Bu matəmə yas tutubmuş kimi hava da matəmlidir. Arabir yağış çiləyir, göy üzünü qara buludlar alıb. Ucu-bucağı görünməyən insan axını bu hüznlü gündə Zərifə xanımla vidalaşmağa gəlib. Matəm axını Novodeviçye qəbristanlığına yönəlir...


Mən səni yaman sevirəm...


İllər sonra Zərifə xanım daş heykələ dönüb qayıtdı Vətəninə.
Xalq rəssamı Ömər Eldarovun böyük sənətkarlıqla yaratdığı abidədən boylanan xalqımızın bu sevimli qızı lap canlı insanı xatırladır. Sanki indi dil açacaq: dünyanın faniliyinə, ömrün nakamlığına, vaxtsız ayrılıqlara üsyan edəcək; Qoyub getdiyi övladları, vəfalı ömür-gün yoldaşı, sevimli nəvələri üçün nigarançılığını dilə gətirəcək. İntizarla boylanan gözlərindəki ağrı, nisgil, qüssəli baxışlarındakı kədəri zamanın yağışları, dəli rüzgarları silə bilməyib. Ancaq qoyub getdiyi əzizlərinin baş-başa qaldığı kədəri də tək deyil- qürurları, dözümləri, ləyaqətləri, mətanətləri, sonsuz məhəbbətləri ilə əbədi ortaqdır.
İndi Zərifə xanımın həyatı övladlarında, nəvələrində davam edir. Sağlığında olduğu kimi, indi də Zərifə xanımın xatirəsi ömrün keşməkeşli yollarında prezidentimizin əlindən tutur. Onu yaşayıb-yaratmağa, mübarizəyə ruhlandırır.


Təranə MƏHƏRRƏMOVA
URL / WWW
http://kelam.az/article/a-6309.html