Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Məqalələr » Ənənə ilə müasirliyin vəhdəti
14.05.12 19:16

"Azərbaycan" qəzeti və Mətbuat Şurası Ahıl Jurnalistlər Məclisinin birgə keçirdikləri "Azərbaycan mətbuatı: ənənə və müasirlik" mövzusunda Dəyirmi masa Novruz bayramı ərəfəsinə təsadüf etmişdi. Qəzetin redaksiyasına vaxtilə müxtəlif mətbuat orqanlarında çalışmış, bir çoxunun qələmi  hələ də fəaliyyətdə olan jurnalistlər toplaşmışdılar.  Maraqlı və təqdirəlayiq haldır ki, çıxışlar bir-birini təkrarlamır, müxtəlif mövzulara toxunulurdu. Daha doğrusu, çıxış edənlərin hər biri jurnalistikanın hansı sahəsində çalışmışdısa, hansı mövzularda qələm çalmışdısa, məhz ondan danışırdı. Diqqəti çəkən fikirlər söylənilir, faydalı təkliflər irəli sürülürdü.Görüşdə gənc qələm sahibləri də iştirak edirdi. Odur ki, tədbir başqa bir aspektdən də mühüm əhəmiyyət kəsb edirdi. Cavan jurnalistlərə yaşlı həmkarlarının təcrübəsini öyrənmək üçün əyani imkan yaranmışdı. 


Mətbuatımızın çox qədim və zəngin ənənələri var


"Azərbaycan" qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Bəxtiyar SADIQOV:


- Azərbaycan mətbuatının çox qədim və zəngin ənənələri var. Bunlar Həsən bəy Zərdabidən başlayır. Zərdabidən sonra da həm qələm, həm fikir, həm mənəviyyat nəhənglərimiz olub. Onlar xalqımıza təmənnasız xidmət göstəriblər. Bəzən özləri yoxsul, imkansız olublar. Lakin Azərbaycan xalqına zəngin mənəviyyatları ilə yol göstəriblər. Onlar xalqın savadlanmasında, ziyalı nəsillərin yetişməsində, millətin yeni qələm sahiblərinin formalaşmasında çox böyük rol oynayıblar. Bu ənənə daim nəsildən-nəslə verilib, ötürülüb. Sovet dövründə də qədim ənənə pozulmadı, yaşadı. Bütün qəliblərə, bütün çərçivələrə baxmayaraq, Həsən bəy Zərdabi məktəbi, Mirzə Cəlil məktəbi, onların xalqımızın dili, milli-mənəvi dəyərləri, mədəniyyəti ilə bağlı bütün fikirləri, ideyaları qorunub inkişaf etdirildi. Bu dövrdə yeni qələm sahibləri, yeni fikir ustadları yetişdi. Sevindirici haldır ki, mətbuatımız ənənəyə söykənərək irəlilədi. Artıq müstəqillik dövründə yaşayırıq. İctimai-iqtisadi formasiya dəyişib, sözün həqiqi mənasında, mətbuat və söz azadlığı mövcuddur.
Lakin mətbuat və söz azadlığının özünün də yaratdığı bir sıra problemlər ortaya çıxıb. Təəssüf ki, bu gün peşəkarlığın həddindən çox aşağı səviyyəyə düşməsi, mətbuatın təməl prinsiplərinə əməl olunmaması, peşə davranışı qaydalarının pozulması, insanlara şər və böhtan atılması, haqsız hücumlar edilməsi və s. kimi  nöqsanlar var. Biz jurnalistlər (mən köhnə jurnalistləri deyirəm) bununla barışmaq istəmirik, barışmırıq. Çünki mətbuatımızın ənənələrinin qorunub saxlanması bizim üçün çox vacib, çox dəyərlidir. Bu məntiqlə də Mətbuat Şurasında Ahıl Jurnalistlər Məclisi yaradıldı və bu qurum çox uğurlu fəaliyyət göstərir.
Biz bu gün ahıl jurnalistləri redaksiyamıza dəvət etməklə, Dəyirmi masa  keçirməklə istəyirik ki, həm onları kollektivimizlə tanış edək, həm də bizim cavanlar onları dinləsinlər, onlardan öyrənsinlər. Üstəlik, bunu qəzet səhifəsinə çıxarmaqla mətbuat haqqında dəyərli təklifləri insanlara çatdıraq. İstəyirik ki, onların fikirlərini bir daha gənclər, qəzetin nə olduğunu hələ kifayət qədər dərk etməyən şəxslər də eşitsinlər.


Ahıl Jurnalistlər Məclisinin sədri Yusif KƏRİMOV:


- Azərbaycan Mətbuat Şurası son illərdə milli jurnalistikamızın yüksəlişi, mətbuat işçilərinin rifahı naminə çoxlu sayda faydalı işlər görür, ictimaiyyətin diqqətini çəkən tədbirlər həyata keçirir. Önəmlisi odur ki, keçirilən tədbirlərdə gənc və orta yaşlı jurnalistlərlə yanaşı, ahıl qələm sahibləri də fəal iştirak edirlər. Bu da jurnalistikamızı təmsil edən nəsillər arasında körpü yaradır, yeniliklərlə təcrübəni, peşəkarlığı qovuşduraraq yaxşı ənənələrin daha da inkişaf etməsinə təkan verir. Bu səbəbdən də Mətbuat Şurası jurnalistika sahəsində layiqli xidmətləri və zəngin təcrübəsi olan yaşlı nəslin nümayəndələrini diqqətdən kənarda qoymamaq məqsədini ön plana çəkmişdir. Nəticədə Mətbuat Şurası nəzdində ictimai əsaslarla fəaliyyət göstərən belə bir qurum - Ahıl Jurnalistlər Məclisi yaradılmışdır.
Fəaliyyətinə 2010-cu ilin oktyabrından başlayan Ahıl Junalistlər Məclisinin əsas məramı yaşlı qələm yoldaşlarımızı unudulmağa qoymamaq, iş qabiliyyətini itirmiş, yaxud xəstəlikdən əziyyət çəkən, həyat eşqini itirməkdə olan həmkarlarımıza mənəvi dayaq durmaq, habelə dünyasını dəyişmiş görkəmli jurnalistlərimizin anım günlərini keçirməklə onların mətbuat sahəsindəki xidmətlərini və yaradıcılığını müasirlərimizə çatdırmaqdan ibarətdir. Ən əsası isə yaşlı jurnalistlərimizi "hərəkətə gətirmək", onları günümüzün aktual tədbirlərinə qoşmaq və cəmiyyət quruculuğuna yaxınlaşdırmaqla milli jurnalistikamızın inkişafı üçün faydalı ola biləcək "Ahıl+Cavan" tandeminə nail olmağın yollarını tapmaqdır.


Mətbuat Şurasının sədri Əflatun AMAŞOV:


- Böyük anlamlarda dilə gətirilən mətbuat və söz azadlığı hər bir cəmiyyət üçün xarakterik sayılan və onun üzvlərinin mənafeyini uzlaşdıran dəyərlərdir. Həmin dəyərlərin gözlənildiyi cəmiyyət ona görə demokratikdir ki, orada media vətəndaşların dinc, birgəyaşam qaydalarının hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu ilə uzlaşmasını təmin edir, fərqli düşüncəli insanların ortaq maraqlarını müəyyənləşdirir. Bu mənada 20 illik müstəqillik tarixinə malik Azərbaycanın özünəməxsus inkişaf yolu olub.
1993-cü ildə ümummilli lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra ölkədə yeridilən siyasət kursu jurnalistikamızda da hiss olundu. Bu mərhələni "itirilmişlərin bərpası" və ya belə demək mümkünsə, "ziyanlardan qorunmaq dövrü" kimi xarakterizə edərdim.
1998-ci ildə senzuranın ləğvi dövlətin media sahəsindəki sistemli fəaliyyət kursunun mühüm addımı kimi diqqət çəkdi. Amma bundan sonrakı proseslərin heç də rəvan getdiyini söyləmək olmaz. Çünki demokratik  təmayül kimi seçilən loyallıq xətti, əslində, keyfiyyət deyil, kəmiyyət dəyişikliyinə yol açdı. Bu isə jurnalistikanın azadlığını cəmiyyətin qərarlaşmış ab-havasına müxalif mövqeyə çıxardı ki, mövcud vəziyyət onun tənzimlənməsi zərurətini doğurdu. Bu gün 9 yaşını qeyd etdiyimiz Mətbuat Şurası, əslində, həmin zərurətdən yarandı. Onun əsas missiyası medianın demokratik mahiyyətini özünə qaytarmaq, prinsip kimi seçilən media azadlığı xəttinin obyektiv və subyektiv amillərin mənfi təsirinə uğramasından, sui-istifadəyə məruz qalmasından qorumaq idi.
Hazırda Azərbaycanda media zəngin hüquqi bazaya malikdir və bu baza qarşıya çıxan praktik situasiyalardakı ayrı-ayrı məqamlara adekvat sayıla bilər. Problem ondadır ki, kütləvi informasiya vasitələrinin ondan gözlənilənləri doğrultması adekvat təsir bağışlamır. Burada təbii amilləri də vurğulamaq lazımdır. İlk növbədə medianın iqtisadi vəziyyətinin aşağılığı qeyd edilməlidir. Əlbəttə, mövcud istiqamətdəki durumda ötən 2-3 illə müqayisədə nəzərəçarpacaq irəliləyişlər var. Bu mənada 2008-ci ildə "Azərbaycan Respublikasında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Konsepsiyası"nın qəbulunu və konsepsiyaya uyğun olaraq Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun formalaşdırılmasını müstəsna hadisə kimi dəyərləndirmək lazımdır.


Mətbuat və dövlət münasibətləri tam tənzimləyib


Fəlsəfə elmləri doktoru Əlikram ABDULLAYEV:


- Zənnimcə, Azərbaycanda siyasi səviyyədə, hüquqi tənzimləmə səviyyəsində elə bir kəskin problem qalmayıb. Dünya təcrübəsinin ən yaxşı nailiyyətlərinə əsaslanan Azərbaycan iqtidarı mətbuat və dövlət münasibətlərini tam tənzimləyib və biz bununla fəxr edirik. Bununla belə, fikrimcə, jurnalist və məmur münasibətlərində müəyyən problemlər qalır. Bu elə bir məsələdir ki, heç vaxt gündəmdən çıxmır. Dünyanın heç bir ölkəsində buna etinasız qalmaq mümkün deyil. Bu, dinamik bir prosesdir və həll olunmuş məsələlərdən daim yeni məsələlər çıxır. Görünür, Azərbaycanda bu sahədə maariflənməyə ehtiyac var. Jurnalistlərlə, xüsusilə gənc jurnalistlərlə bu mövzuda görüşlər keçirilməlidir və bu konfliktin uzun sürən konfliktə çevrilməməsi üçün idarə edilməlidir. Məmur və jurnalist! Biz nə qədər istəsək də, bunlardan biri o birini ləğv edə bilməyəcək. Onlar əbədi qoşa yaşamalı, bir-birinə təzyiq etməli qüvvələrdir. İstər yazar, istərsə də məmur real prosesləri düzgün bilməli və başa düşməlidir. Biz buna nail olmalıyıq!

Ahıl Jurnalistlər Məclisinin sədr müavini Məzahir SÜLEYMANZADƏ:


- Ölkəmizdə nəşr olunan qəzetlərin sayı çoxdur. Amma bu qəzet bolluğunda normal müstəqil qəzet tapmaq çox çətindir. Doğrudur, özlərini müstəqil nəşr hesab edən nəşrlər var. Amma baxırsan, təsisçisi, redaktoru hansısa partiyanın üzvüdür. Oxucunu aldatmaq mümkün deyil, o çox həssasdır, hər sətirdə nəyin ifadə olunduğunu yaxşı bilir.
Etiraf edim ki, mən çox qəzet oxuyan adamlardanam. Hər gün köşkdən bir qoltuq qəzet alıram. Onların arasında iqtidaryönlü qəzetlər də olur, müxalifət mətbuatı da. Təbii ki, hər qəzet onun qarşısında qoyulan vəzifələri yerinə yetirməyə çalışır. Partiya mənsubiyyəti müstəqil fəaliyyət göstərməyə imkan vermir.
Ümumiyyətlə, təcrübə göstərir ki, iqtisadi müstəqillik olmadan müstəqil qəzet nəşr etmək mümkün deyil! Mənim yaxşı yadımdadır, bizim "Səhər" qəzeti oxucuların rəğbətini qazanmışdı. Qəzet kiçik olsa da, yüksək tirajla nəşr olunur, ictimai fikrə təsir edə bilirdi. Bu gün otuz qəzetə sığmayan informasiyanı biz o balaca qəzetə sığışdırırdıq. Bircə dəfə də olsun xahişlə, sifarişlə yazı dərc etmədik. Ona görə ki, heç kəsdən asılı deyildik. Elə ki kağız bahalaşdı, reklamların sayı azaldı, qəzetin nəşrində problemlər yarandı, bizi başa saldılar ki, siz kiməsə arxalanmalısınız, söykənməlisiniz. Əlbəttə, 1990-cı ilin qanlı yanvarında iki milyon tirajla nəşr edilib dərdli xalqın yarasına məlhəm olan, 1992-ci il fevralın 26-da Xocalı soyqırımı barədə əsl həqiqəti oxuculara çatdıran, müasir jurnalistikamızın ilk ənənələrini yaradan "Səhər" mətbuat tariximizdə olduğu kimi qalmaq istədi. İndi məndən soruşa bilərsiniz: bu gün əvvəlki "Səhər"i nəşr etmək mümkündürmü? Mən bu suala o vaxt müsbət cavab verə bilərəm ki, şəxsən özümün kifayət qədər maddi imkanım olsun.

"Elm və həyat" jurnalının redaktoru Ülkər HÜSEYNOVA:


- "Elmsiz tərəqqi, tərəqqisiz isə həyat ola bilməz". Bu sözlərin müəllifi Azərbaycan mətbuatının cəfakeşlərindən olan, keçən əsrin əvvəllərində Naxçıvandakı mülkünü satıb Tiflisdə mətbəə alaraq "Şərqi-Rus" qəzetini nəşr edən M.Şahtaxtinskidir.
Uzun illər çalışdığım "Elm və həyat" jurnalında alimlərimiz və Azərbaycan elmi haqqında gedən yazılar bir daha göstərir ki, Azərbaycan xalqı dünyanın istedadlı xalqlarındandır. "Möminə Xatun" məqrəbəsinin memarı Əcəmi Naxçıvani, Şərqdə ilk "Ulduz" qlobusunun yaradıcısı, astronomiya, həndəsə, triqonometriya, fəlsəfə, mineralogiya, tibb, iqtisadiyyat, hüquq və s. elmlər sahəsində bu gün də aktuallığını itirməyən əsərlərin müəllifi Nəsirəddin Tusi, Bəhmənyar, Şihabəddin Sührəvərdi, Əbdülqadir Marağayi, mütəfəkkir şairlərimiz Nizami Gəncəvi, Füzuli və adlarını çəkmədiyim onlarla, yüzlərlə alimimiz elm tariximizdə xalqımızın üzünü ağ etmişlər.
Vaxtilə Məhəmməd Hadi ürək ağrısı ilə yazırdı ki, "yoxdur millətimin imzası imzalar içində". Əlbəttə, M.Hadi inkişaf etmiş Avropa ölkələrində elmin, tərəqqinin, xalqın maariflənmə səviyyəsinin yüksək olduğunu gördüyü üçün belə yazırdı. Lakin bu heç də o demək deyildi ki, azərbaycanlılar elmdən uzaq olublar.
Qəzet köşklərində elmi-kütləvi jurnalların sayı cüzidir. Xalqımızın elmi-kütləvi jurnallara marağı həmişə böyük olub. Bu gün "mətbuat bazarı"nda elmi təbliğ edən nəşrlərin sayı qənaətbəxş deyildir. Yüngül qazanc dalınca gedən naşirlərimiz ciddi elmi nəşrlərə maraq göstərmirlər. Məncə, "mətbuat bazarı"nda ciddi elmi nəşrlərin layiqli yerini tutmasının vaxtı çoxdan çatıb.


Mətbuatda dini tolerantlıq qorunur


"Kəlam" jurnalının Baş redaktoru Mirəziz SEYİDZADƏ:


- Azərbaycanın mətbuat sahəsində apardığı siyasət fikir və söz azadlığı, vicdan azadlığı üzərində qurulub. Dövlətin din sahəsindəki bu siyasəti beynəlxalq hüquq prinsipləri və normalarına, Azərbaycanın qoşulduğu beynəlxalq müqavilələrə, ölkə Konstitusiyasına və digər normativ-hüquqi aktlara əsaslanır. Azərbaycanda hökumətin din sahəsində apardığı siyasət, vətəndaşların etiqad azadlığı haqqını təmin etmək sahəsində həyata keçirdiyi tədbir və qərarlar da öz müsbət bəhrələrini verməkdədir. Təsadüfi deyil ki, bu gün Azərbaycanda məscidlərlə yanaşı sinaqoqlar, kilsələr də fəaliyyət göstərir. Müxtəlif dini icmaların fəaliyyəti azaddır.
Ölkəmizdə dini etiqad azadlığı tamamilə təmin edilir, dini durum sabitdir,  dini tolerantlığın səviyyəsi yüksəkdir, dini mövzularda beynəlxalq konfranslar və görüşlər keçirilir, dini əqidəsinə görə vətəndaşlar arasında heç bir ayrı-seçkiliyə yol verilmir. Dövlət orqanları bütün vətəndaşların, o cümlədən dini icmaların üzvlərinin hüquqlarını qoruyur. Cəmiyyətdə müxtəlif dinlərin nümayəndələri arasında lazımi dostluq mühiti hökm sürür.
Azərbaycan bir çox millətlərin və dini konfessiyaların dinc yanaşı yaşamasının unikal nümunəsidir. Heç şübhəsiz, bu ənənənin kökləri tarixin dərinliklərinə gedib çıxır.
Azərbaycan ərazisində yaşayan çoxsaylı etnik və dini qruplar arasında möhkəm əlaqələrin formalaşmasında onların tale ümumiliyi amili də böyük rol oynamışdır. VII-VIII əsrlərdə müsəlmanlar yəhudilik, xristianlıq və zərdüştiliyin tərəfdarlarına qarşı həmişə ehtiram və dözümlülük göstərmişlər.
Ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra bu münasibətlər daha da yaxşılaşmağa başladı. Dözümlülük ruhunun qorunub saxlanılmasında müsəlman ruhanilərinin də danılmaz xidmətləri oldu. Müasir Azərbaycanda dövlət-din münasibətləri modeli çərçivəsində bütün dini konfessiyalar qanun qarşısında bərabərdir.
Prezident İlham Əliyev mütəmadi olaraq dini icmaların liderləri ilə görüşür, onların ehtiyac və problemləri ilə maraqlanır. Dövlət başçısı müsəlmanlarla yanaşı, müntəzəm olaraq ölkənin xristian və yəhudi icmalarını da əsas dini bayramları münasibətilə təbrik edir.
Dözümlülük ənənələrinin qorunub saxlanılmasına Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi öz böyük töhfəsini verir. Dini icmaların başçıları arasında tam anlaşma və daha sıx əlaqələrin yaranması məqsədilə adıçəkilən idarənin rəhbərliyi mütəmadi olaraq onların iştirakı ilə görüş və seminarlar keçirir.

"Vətən" nəşriyyatının direktoru Şəddat CƏFƏROVA:


- Müasir dövrümüzdə hər bir mətbu orqan oxucuları özünə cəlb etmək, dəst-xəttini fərqləndirmək üçün yaradıcılıq axtarışı aparmalıdır. Hər bir qəzetin düzgün tərtib olunması onun qrafik simasının ciddi şəkildə fərqlənməsinə imkan yaradır. Bu cəhət tərtibatın bütün sahələrində - sərlövhə, rubrika, başlıqlar, səhifələr, ayrı-ayrı materialların tərtibində, şriftlərdən istifadədə özünü aydın göstərməlidir.

BDU-nun Jurnalistika fakültəsinin dosenti Akif RÜSTƏMOV:


- KİV-in cəmiyyətdə artan rolu, genişlənən nüfuz dairəsi jurnalistika peşəsinə getdikcə daha ciddi yanaşmağı tələb edir. Jurnalistikanın bir ictimai institut kimi yeni məzmunda formalaşması onun mahiyyətinə yenidən baxmağı gündəmə gətirir. Bu prosesdə jurnalistin fəaliyyət prosesləri, ictimai, mənəvi, əxlaqi dəyərlərə riayət etməsi böyük əhəmiyyət kəsb edir.
Ölkəmizdə böyük quruculuq işləri gedir və mətbuat onları layiqincə işıqlandırır. Təbii ki, problemlər də mövcuddur və nöqsanlar həllini gözləyir. Di gəl qəzetlərin bir qismi yalnız quruculuq işlərinin təbliği ilə məşğuldur, digərləri isə nöqsanları qabardır. Yaxşı olardı ki, qəzetlər inkişafla yanaşı, nöqsanlara da öz səhifələrində yer ayırsın.

 Ehtiyatda olan təhlükəsizlik polkovniki, jurnalist Əlövsət BƏŞİRLİ: 


- Ordu, hərbi-vətənpərvərlik mövzusu bir insan, azərbaycanlı, vətəndaş, jurnalist, hərbçi kimi məni həmişə dərindən-dərinə düşündürüb və yenə də düşündürür. Bu çox vacib və böyük məsuliyyət tələb edən mövzuda məqalələr, hekayə və povest yazmışam. Azərbaycan Silahlı Qüvvələrini xalqımızın güvənc və qürur ünvanı saymışam. Ordumuzdan məhəbbətlə, iftixarla və bəzən də ürək ağrısı ilə yazmışam.
"Qanla suvarılan ağac" povestində cəsur Azərbaycan qızı Qaratel qeyri-bərabər döyüşdə son gülləsinədək mərd-mərdanə vuruşur, əsir düşüb namusu ləkələnməsin deyə özünü sıldırım qayadan atır... Taqım komandiri Şahin döyüşçü yoldaşları ilə "Qayalıq" deyilən yerə gəlir, düşməni qəfil yaxalayıb məhv edir. O, dar cığırla enib sıldırım qayanın ayağında can verən Qarateli qolları arasına alanda qız gözlərini açır: "Şahin, sənsən? Yaxşı ki, özünü yetirdin, daha düşmənin murdar əli cəsədimə də toxuna bilməz... Anama de, ağlamasın. De ki, qızın tərtəmiz getdi... dağlarımızın çiçəyi kimi".

"Xalq qəzeti"nin şöbə müdiri Tahir AYDINOĞLU:


Dövlət müstəqilliyi dövründə ölkə KİV-i əsasən Dağlıq Qarabağ mövzusunda, eləcə də onun ən ağır nəticələrindən olan qaçqın və məcburi köçkün probleminin nizama salınmasında həmrəylik və dirəniş göstərir, bu bəlanın dünya ictimaiyyətinə çatdırılmasına çalışır. Lakin problemin açıqlanması zamanı ayrı-ayrı siyasi qüvvələrin bu mövzuya subyektiv, birtərəfli, ambisiyalar baxımından yanaşması da diqqəti cəlb edir. İkinci çatışmazlıq bu mövzudan daha çox ölkə daxilində söhbət açılması, bəşəri problemə çevrilmiş gənc Azərbaycan dövlətinin çiynində ağır yükə çevrilmiş bu məsələnin dünya mediası müstəvisinə geniş miqyasda çıxarılmamasıdır.
Problemin həllinə ilk illər beynəlxalq humanitar qurumlar müəyyən qədər dəstək versə də, son 15 ildə əsas ağırlıq Azərbaycan dövlətinin üzərinə düşür. Son 20 ildə 1 milyonadək qaçqın və məcburi köçkünün sosial məsələlərinin aradan qaldırılmasına yönəldilmiş 4,6 milyard dollar vəsaitin 3,7 milyardı dövlətin daxili mənbələri hesabına, 900 milyon manatı xarici qurumların köməyi sayəsində mümkün olmuşdur.
URL / WWW
http://kelam.az/article/a-6295.html