Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Məqalələr » İbadət yerləri: Hansı rayonda neçə məscid var?
14.05.12 19:16

I YAZI

Həzrət Məhəmməd (s) buyurmuşdur: Allah-Təala buyurdu: “Agah olun! Mənim yer üzərindəki evlərim məscidlərdir. Onlar, göylərdən yerdəki insanları nura qərq edən ulduzlara bənzəyirlər”. Məscidlər Allahın yer üzündəki evləridir. Deməli‚ Allah‚ görüşünə gələn şəxsi (qonağı) özü əzizləməlidir. Qurani-Kərimə məhəbbət bəsləyən şəxs‚ məscidləri də sevməlidir. Çünki məscidlər İlahi dərgahın və Tanrı mülküdür. Almaniya, Fransa, Bosniya-Herseqovina, Böyük Britaniya, İtaliya, İspaniya, Niderland və Avstriyada ümumilikdə 10 mindən çox məscid var. Avropada ən çox məscid Almaniyadadır. Burada ən azı 2600 məscidin olduğu məlumdur. Bununla yanaşı, Fransada 2100, Bosniya-Herseqovinada 1870, Böyük  Britaniyada isə 1500 məscid mövcuddur. Təkcə London şəhərində 300-dək, Birmingem şəhərində isə 110 məscid var. Bəs, Azərbaycanda vəziyyət necədir?
Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin verdiyi məlumata görə, hazırda Azərbaycanda 1802 məscid var. Bu da təxminən hər 5 min nəfərə bir məscid deməkdir. Əlbəttə ki, bu göstərici müsəlman ölkəsi üçün çox azdır. Məsələn, qonşu Türkiyədə 80 min məscid var. Başqa sözlə desək, Türkiyə əhalisinin sayı bizdən 8 dəfə, məscidlərin sayı isə 40 dəfə çoxdur. Bu da o deməkdir ki, Türkiyədə hər min nəfərə bir məscid düşür. Ümumilikdə isə müsəlman ölkələrində hər 500-800 nəfərə, bəzilərində isə 1500 nəfərə bir məscid düşür.
Bu yazılarda ölkəmizin bütün regionlarında (bu yazıda Astara, Lənkəran, Lerik, Yardımlı, Masallı, Cəlilabad və Biləsuvar rayon məscidləri) mövcud olan məscidlərin və dini icmaların sayı, regionlarda fəaliyyət göstərən məscidlərin vəziyyəti, fəaliyyətini dayandırmış və ya qəzalı vəziyyətdə olan məscidlər haqqında geniş məlumat təqdim edəcəyik.
İlk olaraq ölkəmizin dindar bölgəsi sayılan cənub zonasının 5 rayonu haqqında məlumat təqdim edirik. Qeyd edək ki, ölkədə mövcud olan məscidlərin böyük əksəriyyəti bu regionun payına düşür. Cənub zonasında hətta elə kəndlər var ki, orada iki məscid mövcuddur. Amma bununla yanaşı, hələ də qonşu kəndə ibadət etmək üçün gedən insanlar da var. Bəzi məscidlər isə sadəcə olaraq qəzalı vəziyyətdə olduğundan qapısına böyük bir qıfıl da vurulub…


Astarının 13 məscidi hələ də qeydiyyat gözləyir…


Hazırda Astara rayonunda 33 məscid var. Onlardan 20-si dövlət qeydiyyatından keçsə də, 13 məscid növbədə gözləyir. QMİ-nin Astara rayonu üzrə nümayəndəsi və Astara şəhər Qum məscidinin axundu Hacı İlqar Həsənov deyir ki, 13 məscidin sənədləri hazırlanıb və müvafiq instansiyalara təqdim olunub. Axund yaxın vaxtlarda həmin məscidlərin də dövlət qeydiyyatına  alınacağına ümid edir.
Hacı İlqarın sözlərinə görə, Astaranın məscidlərinin fəaliyyəti iki qismə ayrılır: “Bəzi məscidlərimiz var ki, kənd yerlərindədir. Onlar Məhərrəm və Ramazan aylarında, dini bayramlarda fəaliyyət göstərir. Yəni gündəlik insanlar ora gələ bilmir. Amma bu o demək deyil ki. Məscidin qapısını qıfıllayırlar. Müxtəlif vaxtlarda məscid açılır və insanlar bura gələ bilirlər. Amma mərkəzi hissələrdə, yol kənarlarında olan məscidlərimiz hər gün fəaliyyətdədir”.
Astaranın qəzalı vəziyyətdə olan məscidi Şüvü kənd məscididir. Axundun sözlərinə görə həmin məscid hazırda istifadə olunmur: “Məscid köhnə olduğu üçün qəza vəziyyətə düşüb. İndi çalışacağıq ki, təmir olunsun, amma hazırda qapısı bağlıdır”.
Dini ocaqlarda dinin tədrisi məsələsinə gəlincə isə bu sarıdan Astarada nisbətən kasadçılıqdır. Belə ki, Hacı İlqarın verdiyi məlumata görə, rayonun Təngərud kənd məscidində Quran dərsləri keçirilir. Amma bu məscid dövlət qeydiyyatına hələ də alınmayıb: “Ola bilər ki, fərdi şəkildə tədrislə məşğul olanlar var, amma hələlik yalnız bu kəndin məscidinin yaxınlığında əlavə sinif otaqları tikilib və istəyənlər burada Qurani-Kərim və digər dini biliklər əldə edə bilirlər”.


Lənkəranda məscidlər fəaliyyət göstərir...


Cənub bölgəsinin ən böyük rayonu olan Lənkəranda 76 məscid var. Amma bu məscidlərin hamısı dövlət qeydiyyatından keçməyib. Qeydiyyat siyahısında cəmi 28 məscidin adı var. Amma QMİ-nin Cənub zonası üzrə nümayəndəsi və eyni zamanda Lənkəranın axundu Hacı Sədi Axundzadə bildirir ki, Lənkəran məscidlərinin hamısı gündəlik fəaliyyətdədir. Axundun sözlərinə görə, rayonda yalnız Rvo kəndində yerləşən məscid qəzalı vəziyyətdədir: “Məscid çox qədimidir. Hazırda məscidin divarlarında çatlar olduğundan fəaliyyət göstərmir.”
Hacı Sədi bildirir ki, Lənkəran ərazisində fəaliyyət göstərən məscidlərin bir neçəsində Quran dərslər, təfsir dərsləri keçilir. Məsələn elə şəhərin Füzuli və Əliağa Vahid küçələrində yerləşən məscidlərdə də bu var. Qeyd edək ki, Əliağa Vahid küçəsində fəaliyyət göstərən məsciddə qızlar üçün də dərslər keçilir.


Lerikin cəmi 9 məscidi qeydiyyata alınıb...


Cənub zonasının dağlıq hissəsi daha çox olan rayonu Lerikdir. Rayonda 76 məscid olsa da onlardan yalnız 9-u qeydiyyata alınıb. Lerik rayonunun axundu Hacı İlham bildirir ki, hazırda rayonun əksər kəndlərində kənd məscidləri fəaliyyət göstərir. Bəs, görəsən 76 məsciddən niyə cəmi 9-u? Bu sualımıza da QMİ-nin Cənub bölgəsi üzrə nümayəndəsi Hacı Sədi aydınlıq gətirdi. Onun sözlərinə görə, digər məscidlərin sənədlərinin hazırlanması prosesində müəyyən gecikmələr olduğu üçün qeydiyyat məsələləri bir qədər yubanır. QMİ nümayəndəsi artıq məscidlərin əksəriyyətinin sənədlərinin qeydiyyat üçün təqdim olunduğunu bildirdi


Azərbaycanda ən çox məscid olan rayon – Masallı


Cənub bölgəsində və ümumiyyətlə Azərbaycanda ən çox məscidi olan rayon Masallıdır. Rayonun demək olar ki, bütün kəndlərində məscidlər var. Hətta bəzi böyük kəndlərdə iki məscid fəaliyyət göstərir. Masallıda olan 119 məsciddən 59-u qeydiyyatdan keçib. Rayon həm də qeydiyyatdan keçən məscidlərinin sayına görə də fərqlənir. Rayonun Axundu Hacı Maliklə əlaqə saxladıq. Amma dolğun bir məlumat ala bilmədiyimiz üçün yenidən cənub bölgəsi üzrə QMİ nümayəndəsinə müraciət etməli olduq. Rayon sakinlərindən məlumat var idi ki,  Masallının Şatroba kəndində iki məscid var. Kənd camaatı bu məscidlərdən birinə getmədiyindən məscid fəaliyyət göstərmir. Amma Hacı Sədinin sözlərinə görə isə həmin kənddə yeni bir məscid inşa olunub və insanların ibadəti üçün heç bir problem yoxdur.


Yardımlı - 61, yoxsa 1 məscid?


Cənub zonasının digər rayonu Yardımlıdır. Yardımlının 61 məscidi var. Amma həmin məscidlərdən cəmi 1-i yəni mərkəzi məscid tikiliş cəhətdən məsciddir. Qalanları isə uyğunlaşdırılmış binalardadır. Yəni, qısaca olaraq memarlıq cəhətdən məscid formasında olmasa da eyni funksiyanı yerinə yetirir. Yardımlının isə 11 məscidi qeydiyyatdan keçib. Qalanları isə hələ də qeydiyyat gözləyirlər.


Cəlilabadın məscidləri    


Cəlilabad bu dəfəki rayonlar arasında məscidlərin sayına görə birincidir. QMİ-nin cənub bölgəsi üzrə nümayəndəsi Hacı Sədi Axudzadənin verdiyi məlumata görə hazırda rayonda 100-dən çox məscid var ki, bunlardan cəmi 3-ü qeydiyyata alınıb. Qalanlarının isə sənədləri hazırlanma mərhələsindədir.
Ötən il çıxan bir qərarla məscidlərin yerləşdiyi torpaqlar bələdiyyələrin tabeliyinə verilmişdi. Cəlilabad rayonu sakinlərindən birinin verdiyi məlumata görə, rayonda demək olar ki, bütün məscidlər bələdiyyələrin balansına keçib. Amma Cəlilabad şəhərində fəaliyyət göstərən “Şəhidlər məscidi” bələdiyyənin balansına keçməyib. Məsələ burasındadır ki, məscidin tikildiyi ərazi şəxsi mülkiyyətdir və həmin torpağın sahibi fiziki şəxsdir. Dindarların verdiyi məlumata görə, bu məsələ isə bağlı hər hansı problem yaranmayıb. Məscid Qafqaz Müsəlmanları İdarəsinin balansındadır və Dini Qurumlarala İş üzrə Dövlət Komitəsində qeydiyyata alınıb.
Cəlilabad şəhər Cümə məscidi rayonun mərkəzindədir. XX əsrin əvvəllərində tikilib. 1988-ci ildə yerli camaatın təşəbbüsü ilə sökülərək yenidən inşa edilib. Həyətyanı sahəsi 1400 kv.metrdir. İç sahəsi 17x36 metrdir. Cəlilabad şəhər Cümə məscidinin bərpasında yerli sakinlər yaxından iştirak ediblər. Dövlət orqanları da bu işdə köməklik göstərib. Həyətyanı sahəsi mişar daşından tikilərək hasara alınıb. Məscidin binası bişmiş qırmızı kərpiclə işlənib. Giriş qapılarının ön tərəfində sahəsi 4x36 metr olan eyvan yerləşib. Eyvan İrandan gətirilmiş kərpiclə işlənib. Tək minarəyə malikdir. Döşəməsi bişmiş kərpicdəndir. Döşəmədən tavana qədər hündürlüyü 5,5 metrdir. Tavan düzbucaqlı formada olub, taxta sütun üzərində dayanıb. Məscidin mehrabı giriş qapısı ilə üzbəüz divarda yerləşir. Mehrab tağvari formadadır və hündürlüyü 3 metrdir. İbadət zalı iki hissədən ibarətdir (qadınlar və kişilər üçün). Qadınlar şöbəsi iki mərtəbəlidir.



Biləsuvar - bərpa edilməsinə icazə verilməyən məscid


2010-cu ildən sonra bu rayonun adı çəkiləndə ilk olaraq yada Milli Qəhrəman Mübariz İbrahimov düşür. Hətta məktubunda son cümlələrində “Seyid nəvəsi olaraq bunu etməliyəm. İbadətlərinizdə möhkəm olun” demişdi.
Biləsuvar rayonunda 62 məscid var ki, bunlardan 11-i dini icma kimi qeydiyyatdan keçib. Amma Biləsuvar məscidlərinin əsa problemi qeydiyyat deyil. Rayon sakinlərinin dediyinə görə Biləsuvarda yerləşən Pambıq zavodunun  yaxınlığında  məscid olub. Amma hələ də naməlum səbəbdən 2 il əvvəl yanıb və ya yandırılıb. Bu hadisədən sonra rayon sakinləri şəxsi vəsaitləri hesabına məscidi bərpa etmək istəyiblər. Hətta müəyyən qədər iş də görülüb. Amma məscidin damı bağlanan zaman hanısa “rəsmi” qurumların yadına əvvəlcə mövcud olmuş, bir dəfə yanıb yenidən bərpa edilən məscidin tikintisi üçün icazə düşüb. Təbii ki, Azərbaycanda olan bir çox tikililər kimi ibadət evinin də sənədi olmadığından “qanunsiz tikili” adı ilə tikintisi dayandırılıb.
Biləsuvarda bir məscid var ki, buna el dilində “Xaraba məscid” deyirlər. Bu adın öz qəribə tarixi var. Hələ Sovetlər dönəmində Biləsuvarda İranla olan sərhəd keçid məntəqəsinin tikintisi zamanı həmin ərazidə yerləşən Ağalikənd adlı kəndin bütün sakinləri köçürülür. Kənd yenidən başqa ərazidə salınır. Amma kənddən yadigar olaraq burada bir məscid qalır. Sovet dövründə məscidin bir hissəsi dağıdılır və anbar kimi istifadə olunur. Sonradan istifadəsiz qalan məscid el dilində “Xaraba məscid” adlanmağa başlayır. İndi də köhnə Ağalikəndin sakinləri həmin məscidə ziyarət məqsədi ilə gedirlər.
Biləsuvar  “Cümə” məscidi şəhərinin mərkəzində yerləşir. 1992-ci ildə inşa olunub. Həyətyanı sahəsi 3000 kv.metrdir. İç sahəsi iki hissədən ibarətdir: kişilər şöbəsi 12x12 metr, qadınlar şöbəsi 8x8 metr təşkil edir.
Biləsuvar şəhər “Cümə” məscidinin tikintisində rayonun keçmiş icra hakimiyyətinin başçısı Yusif Mehtiyev, axund Əlifağa Böyükağa oğlu, Tanrıverən Tanrıverdi oğlu, hacı İzzət Qarayev, Avtandil Quliyev xüsusi təşəbbüs göstəriblər. 1994-cü ildən etibarən tikinti işləri davam etdirilib. Məscidin tikintisinə qoyulan vəsait ümumi şəhər əhalisinə məxsusdur. 1997-ci ilin iyununda məscid Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyatdan keçib.
Məscidin əsas binasının günbəzi ağ dəmir təbəqədən işlənin. Burada eyni zamanda mədrəsə də tikilin ki, onun da sahəsi 8x8 metrdir. Minarələrin hündürlüyü 15, məscidin günbəzinin diametri 8 metrdir. Pəncərələr tağvari formada olub, taxtadan düzəldilib. Məscidin tağvari formalı üç giriş qapısı var. Əsas ibadət zalı və mədrəsə dairəvi formadadır. Məscidin minbəri taxtadan olub, yeddipilləlidir. Ustaları Xankişi Mirzəyev, Şakir Həsənov, Qəribağa Murtuzov, iş icraçısı isə Allahşükür Şirinovdur.


(ardı var)
Orxan Əli
URL / WWW
http://kelam.az/article/a-6293.html