Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Məqalələr » Heydər Əliyev – 89
14.05.12 19:16

Heydər Əlirza oğlu Əliyev 1923-cü il mayın 10-da Azərbaycanın Naxçıvan şəhərində anadan olmuşdur. O, 1939-cu ildə Naxçıvan Pedaqoji Texnikumunu bitirdikdən sonra Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft Akademiyası) memarlıq fakültəsində təhsil almışdır. Başlanan müharibə ona təhsilini başa çatdırmağa imkan verməmişdir.1941-ci ildən Heydər Əliyev Naxçıvan MSSR Xalq Daxili İşlər Komissarlığında və Naxçıvan MSSR Xalq Komissarları Sovetində şöbə müdiri vəzifəsində işləmiş və 1944-cü ildə dövlət təhlükəsizliyi orqanlarında işə göndərilmişdir. Bu dövrdən təhlükəsizlik orqanları sistemində çalışan Heydər Əliyev 1964-cü ildən Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsi sədrinin müavini, 1967-ci ildən isə sədri vəzifəsində işləmiş, general-mayor rütbəsinə qədər yüksəlmişdir. Həmin illərdə o, Leninqrad şəhərində (indiki Sankt-Peterburq) xüsusi ali təhsil almış, 1957-ci ildə isə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirmişdir.
Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il iyul plenumunda Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilərək respublikanın rəhbəri olmuşdur. 1982-ci ilin dekabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü seçilən Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilmiş və SSRİ-nin rəhbərlərindən biri olmuşdur. Heydər Əliyev iyirmi il ərzində SSRİ Ali Sovetinin deputatı, beş il isə SSRİ Ali Soveti sədrinin müavini olmuşdur.
Heydər Əliyev 1987-ci ilin oktyabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun və şəxsən Baş katib Mixail Qorbaçovun yeritdiyi siyasi xəttə etiraz əlaməti olaraq, tutduğu vəzifələrdən istefa vermişdir.
Heydər Əliyev 1990-cı ilin 20 yanvarında sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciə ilə əlaqədar ertəsi gün Azərbaycanın Moskvadakı nümayəndəliyində bəyanatla çıxış edərək, Azərbaycan xalqına qarşı törədilmiş cinayətin təşkilatçıları və icraçılarının cəzalandırılmasını tələb etmişdir. O, Dağlıq Qarabağda yaranmış kəskin münaqişəli vəziyyətlə bağlı SSRİ rəhbərliyinin ikiüzlü siyasətinə etiraz əlaməti olaraq, 1991-ci ilin iyulunda Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk etmişdir.
1990-cı ilin iyulunda Azərbaycana qayıdan Heydər Əliyev ilk əvvəl Bakıda, sonra isə Naxçıvanda yaşamış, həmin ildə də Azərbaycan Ali Sovetinə deputat seçilmişdir. O, 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, Azərbaycan Respublikası Ali Soveti sədrinin müavini olmuşdur. Heydər Əliyev 1992-ci ildə Yeni Azərbaycan Partiyasının Naxçıvan şəhərində keçirilmiş təsis qurultayında partiyanın sədri seçilmişdir.
1993-cü ilin may-iyununda hökumət böhranının son dərəcə kəskinləşməsi ilə ölkədə vətəndaş müharibəsinin baş verməsi və müstəqilliyin itirilməsi təhlükəsi yarandıqda Azərbaycan xalqı Heydər Əliyevin hakimiyyətə gətirilməsi tələbi ilə ayağa qalxdı. Azərbaycanın o zamankı rəhbərləri Heydər Əliyevi rəsmən Bakıya dəvət etməyə məcbur oldular. Heydər Əliyev 1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçildi, iyulun 24-də isə Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başladı.
1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi. O, 1998-ci il oktyabrın 11-də xalqın yüksək fəallığı şəraitində keçirilən seçkilərdə səslərin 76,1 faizini toplayaraq, yenidən Azərbaycan Respublikasının Prezidenti seçilmişdir. 2003-cü il oktyabrın 15-də keçirilən prezident seçkilərində namizədliyinin irəli sürülməsinə razılıq vermiş Heydər Əliyev səhhətində yaranmış problemlərlə əlaqədar seçkilərdə iştirak etməkdən imtina etmişdir.
Dekabrın 12-də Azərbaycanın ümummilli lideri, Prezident Heydər Əliyev Amerika Birləşmiş Ştatlarının Klivlend Klinikasında vəfat etmişdir.


Demokratik cəmiyyətə doğru


Azərbaycanda demokratik cəmiyyət qurmaq məqsədi hələ 1991-ci il oktyabrın 18-də qəbul edilmiş, dövlət müstəqilliyi haqqında Konstitusiya Aktında bəyan olunmuşdur. Onda bu çox asan və tez bir zamanda nail olunacaq bir hədəf kimi görünürdü.
Müstəqilliyimizin on illiyinə ötəri nəzər saldıqda çox əhəmiyyətli bir inkişaf dialektikası aşkar olur: öncə dövlət, sonra möhlət, sonra sərvət. Yəni, əvvəl dövləti yaratmaq, sonra onun müəyyən keçid dövrünü yaşamaq, daha sonra isə dövlətin sərvətlərindən xalqın yararlanması. Heydər Əliyevin hakimiyyətə yenidən gəldiyi gündən gördüyü işlərdə qeyd edilən ardıcıllıq həyata keçirilir.
Dövlət quruculuğu çox uzun və ağrılı bir prosesdir. Bu yolda heç kəs itkilərdən və səhvlərdən sığortalana bilməz. Heç kəs zəmanət verə bilməz ki, müəyyən bir müddətdən sonra hər hansı ölkədə demokratiya bərqərar olunacaq. Unutmaq olmaz ki, Azərbaycanın demokratik ə inkişaf etmiş bir cəmiyyət olmasının istəməyənlərin də sayı az deyil. Onlar,istər xaricdən, istərsə daxildən ölkəmizdə gedən mühüm islahatlara mane olmaq, azərbaycanlıları demokratiyaya layiq və qadir olmayan bir xalq kimi tanıtmaq istəyirlər. Bu istəyə nail olmağın yolları isə Azərbaycanda abitliyi pozmaq,etnik qarşıdurma yaratmaq, dini zəmində toqquşmalar təşkil etmək, hakimiyyəti zorla devirmək və s. bu qəbildən olan tədbirləri həyata keçirməkdən ibarətdir.
Azərbaycanı keçmiş SSRİ-nin digər respublikaları Mərkəzi və Şərqi Avropa ölkələri ilə müqayisə edənlər də bəzən bir şeyi nəzərdən qaçırırlar. Bizdən fərqli olaraq, həmin dövlətlərin ərazisinin 1/5 -i işğal olunmayıb, onların bir milyona yaxın qaçqın və məcburi köçkünü yoxdur. Onlar qanunsuz silahlı birləşmələri tərksilah etmək, dövlət çevrilişlərinin qarşısını almaq zərurəti ilə üzləşməmişlər. Lakin bütün bunlara baxmayaraq, demokratik islahatları ən ardıcıl həyata keçirən ölkələrdən biri məhz Azərbaycandır.
Lakin bütün bunlara baxmayaraq, Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin təşəbbüsü ilə başlanmış və onun bilavasitə rəhbərliyi altında həyata keçirilən demokratik, dünyəvi və hüquqi dövlətin qurulmasına yönəlmiş islahatlar dönmədən və ardıcıl davam etdirilir.
Azərbaycanda demokratikləşmə prosesi 1995-ci il noyabrın 12-də yeni Konstitusiyanın ümumxalq səsverməsi vasitəsilə qəbul edilməsindən sonra sürətləndi.
İnsan hüquq və azadlıqlarına verilən böyük əhəmiyyətin təzahürü kimi respublika prezidenti 22 fevral 1998-ci il tarixli xüsusi fərman imzalamışdır. Həmin fərman Konstitusiyada təsbit edilmiş insan hüquqlarının həyata keçirilməsinin asanlaşdırılması üçün dövlət siyasətinin əsas istiqamətlərini müəyyən edir. Onun əsasında 1998-ci il iyunun 18-də insan hüquqlarının müdafiəsi sahəsində dövlət proqramı ölkə Prezidentinin sərəncamı ilə təsdiq edilmişdir. Həmin proqram uğurla həyata keçirilir.
Dövlətimizin insan hüquqları sahəsində atdığı ən mühüm adımlardan biri, şübhəsiz ki, ölüm cəzasının ləğvi olmuşdur. 1993-cü ildən Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin şəxsi təşəbbüsü ilə icrasına moratorium qoyulmuş bu müstəsna cəza növü, 10 fevral 1998-ci il tarixli qanunla tamamilə ləğv olundu. Bununla əlaqədar olaraq Azərbaycan Respublikası Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Paktın ikinci Protokoluna da qoşuldu. Müqayisə üçün qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasında son dəfə ölüm cəzası Xalq cəbhəsi və Müsavatın hakimiyyətdə olduğu dövrdə icra edilmişdir. Həmin dövrdə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətini həyata keçirən Azərbaycan Respublikası Ali Sovetinin sədri İsa Qəmbərov 1992-ci il iyunun 16-da ölüm cəzasına məhkum olunmuş 7 nəfərin bağışlanması haqqında vəsatətlərini təmin etməmişdir.
Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin apardığı humanist siyasət nəticəsində 1995-ci ilin may ayında əfv və amnistiya təsisatları bərpa edilmişdir. Qeyd etmək lazımdır ki, 1996-2000-ci illər ərzində 6 amnistiya aktı qəbul edilmişdir. Bu müddət ərzində amnistiya aktları 63477 şəxsə tətbiq edilmişdir ki, onlardan 18895 nəfəri azadlıqdan məhrumetmə yerlərindən azad olunmuşdur. Əfv qaydasında 2448 şəxs müxtəlif cəzalardan azad edilmişdir.
İnsan hüquqlarına riayət olunması üzərində parlament nəzarətini təşkil etmək üçün insan hüquqları müvəkkili (ombudsman) təsisatı yaradılır.
Azərbaycanda demokratikləşmə və insan hüquqlarına riayət istiqamətində aparılan məqsədyönlü siyasətin məntiqi nəticəsi olaraq, ölkəmiz 2001-ci il yanvarın 25-də Avropa Şurasına tam hüquqlu üzv qəbul edilmişdir.



Vətəndaşların layiqli sosial müdafiəsi


Azərbaycan Respublikasında 1996-cı ildən başlayaraq davam edən dayanıqlı iqtisadi inkişaf və maliyyə sabitliyi əhalinin həyat səviyyəsinin yüksəlməsinə şərait yaratmış, dövlətin sosial yönümlə siyasət aparmaq imkanlarını genişləndirmişdir. Ardıcıl həyata keçirilən islahatlar iqtisadi artımla yanaşı, əhalinin gəlirlərinin artmasına da kömək etmişdir. Dövlət büdcəsinin sosial yönümlü xərcləri içərisində təhsil xərcləri də əsas yer tutur.
Əhalinin pul gəlirlərinin artımı, ilk növbədə, əmək haqlarının artımı sahəsində dövlətin gördüyü işlərin nəticəsi kimi qiymətləndirilməlidir. Əmək haqqı sahəsində aparılan islahatlar və həyata keçirilən tədbirlər nəticəsində 1994-2001-ci illərdə səhiyyə, mədəniyyət, incəsənət, kütləvi informasiya vasitələri, idman və sosial təminat sahələrində maaşlar bir neçə dəfə artmışdır. Orta hesabla 6,2 dəfə, pedaqoji işçilərin əmək haqları 8,1 dəfə, elmi işçilərin aylıq maaşları 6,6 dəfə çoxalmışdır. 2001-ci ilin nəticələrinə görə, Azərbaycan Respublikasında orta aylıq əmək haqqı 55 ABŞ dollarına bərabər olmuşdur ki, bu da Qırğızıstan, Gürcüstan, Moldova, Ukrayna, Tacikistan və Ermənistan kimi ölkələrlə müqayisədə kifayət qədər yüksəkdir.
Həyata keçirilən əmək haqqı islahatları və sosial müdafiə tədbirləri aztəminatlı əhalinin rifahının yaxşılaşmasında xüsusilə böyük rol oynamışdır.
Əhalinin pensiya təminatı sahəsində ciddi tədbirlər həyata keçirilmişdir. Eyni zamanda Azərbaycan Respublikası vətəndaşlarının layiqli sosial müdafiəsini və yaşayış tərzini təmin etmək məqsədilə ölkədə geniş miqyaslı pensiya islahatına başlanmışdır.
Aztəminatlı əhaliyə dövlət qayğısını əks etdirən göstəricilər içərisində ayrı-ayrı qrup vətəndaşlara müxtəlif güzəştlərin və imtiyazların verilməsi xüsusi qeyd edilməlidir.
Əhalinin və şəhid ailələrinin böyük bir qrupu dövlət vəsaiti hesabına mənzillərlə və minik maşınları ilə təmin olunmuş, minlərlə əlilə hər il pulsuz dərman preparatlarının verilməsi, sanatoriya-kurort müalicəsi göstərilməsi və birdəfəlik maliyyə yardımı edilməsi həyata keçirilir.
Qeyd etmək lazımdır ki, müstəqillik illərində əhalinin rifah halının yüksəldilməsinə yönəldilmiş çoxsaylı tədbirlərin həyata keçirilməsinə baxmayaraq, torpaqların erməni qəsbkarları tərəfindən işğalı, 1 milyona yaxın Azərbaycan Respublikası vətəndaşının ev-eşiyindən didərgin düşərək, qaçqın həyata yaşaması, zəbt olunmuş torpaqları iqtisadi dövriyyədən çıxarmış, işsizlərin sayını artırmaqla bu problemin həllinə maneçilik törədir, əhalinin maddi vəziyyətini ağırlaşdırır. Xalqımızın bu taleyüklü problemini Azərbaycan Respublikasının Prezidenti şərh edərək demişdir: "Əhalinin bir hissəsinin maddi sıxıntılar içərisində, ağır vəziyyətdə yaşaması hamımızı narahat edir, incidir. Onu bilməliyik ki, bütün bu problemlər, sıxıntılar, çətinliklər yalnız müvəqqəti xarakter daşıyır. Xalqımız əmin olmalıdır ki, respublika rəhbərliyi bu sahədə yaranmış vəziyyətin ağırlığını dərk edir və onun aradan qaldırılması üçün bütün mövcud imkanlardan lazımınca istifadə edir və bundan sonra da edəcəkdir. Son illərdə ölkə həyatının müxtəlif sahələrində əldə edilmiş nailiyyətlərimiz onu qətiyyətlə deməyə əsas verir ki, qarşıdakı yaxın illərdə bizi narahat edən problemlərin həlli yolunda mühüm addımlar atılacaq, xalqımızın üzləşdiyi bir çox sosial-iqtisadi çətinliklər aradan qaldırılacaq, vətəndaşlarımızın rifah halı yaxşılaşacaq və onlar layiq olduqları firavan həyata qovuşacaqlar".


Silahlı Qüvvələri yaradılması və inkişafı


Azərbaycan Respublikası on il əvvəl öz dövlət müstəqilliyini bərpa edərkən artıq Ermənistan Respublikası ilə müharibə vəziyyətində idi. Tarix boyu Azərbaycana qarşı ərazi iddiasında olan ermənilər onlara havadarlıq edən və ölkəmizi parçalamaq, onun müstəqilliyinə mane olmaq istəyən digər qüvvələrlə birlikdə torpaqlarımızın bir hissəsini işğal etmişdilər. O zaman Azərbaycana rəhbərlik edən şəxslər qətiyyətsizlik və iradsizlik nümayiş etdirərək Silahlı Qüvvələri yarada bilmədilər.
Ordu quruculuğunda düzgün siyasətin yeridilməməsi nəticəsində xalqın orduya etdiyi yardımlara, ayrı-ayrı döyüşlərdə xalqımızın vətənpərvər və igid oğullarının düşmənə layiqli müqavimət göstərmələrinə baxmayaraq, Silahlı Qüvvələr bütövlükdə uğursuzluğa düçar oldu.
Bütün bunların nəticəsində erməni Silahlı Qüvvələri Azərbaycan torpaqlarının 20 faizini zəbt etmiş, bir milyondan artıq vətəndaşımızı öz yurdlarından didərgin salmış, on minlərlə insanı məhv etmişdir.
Yalnız Heydər Əliyevin 1993-cü ildə xalqın tələbi ilə hakimiyyətə gəlməsi və Azərbaycan Respublikasının Prezidenti seçilməsi vəziyyəti kökündən dəyişdi, respublikamızda ordu quruculuğu sahəsində mühüm tədbirlərin həyata keçirilməsinə güclü təkan verdi, cəbhədə vəziyyətin müsbət istiqamətdə inkişafına şərait yaratdı.
Heydər Əliyevin hakimiyyətə qayıtması və cəbhədə atəşkəsə nail olması dövlət quruculuğunun bütün sahələrində olduğu kimi Silahlı Qüvvələrdə də əsaslı islahatların aparılmasına imkan yaratdı. Silahlı Qüvvələrdən həyata keçirilən quruculuq işləri, struktur dəyişiklikləri döyüş əməliyyatlarının vahid rəhbərlik altında planlaşdırılması, hissələrin hərb elminin tələblərinə uyğun idarə edilməsi, kadrların saflaşdırılması, qoşun hissələrinin təxribatçı və siyasi ünsürlərdən təmizlənməsi Azərbaycan ordusunu keyfiyyətcə yeniləşdirdi.
Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Silahlı Qüvvələrə göstərdiyi diqqət və qayğının nəticəsində ordunun mərkəzləşdirilmiş maddi-texniki təminatı əvvəlki illərdən fərqli olaraq əhəmiyyətli dərəcədə yaxşılaşdırıldı, hərbi birləşmə və hissələrin maddi-texniki, tibbi və digər vasitələrlə təmin edilməsi təşkil olundu, maliyyə-təsərrüfat fəaliyyəti nizama salındı. Silahlı Qüvvələrinə tələb olunan silah, hərbi texnika, döyüş sursatı, arxa xidmət əmlakı və digər maddi vasitələrin istehsal olunması üçün sifarişlərin Azərbaycan Respublikasının sənaye müəssisələrində yerləşdirilməsi ölkə iqtisadiyyatının inkişafına da təkan verdi. Orduda şəxsi heyətin mənəvi-psixoloji hazırlığına, döyüş ruhunun yüksəldilməsinə diqqət artırıldı, hərbi vətənpərvərlik işi gücləndirildi.
1994-cü ilin oktyabr və 1995-ci ilin mart hadisələri zamanı zabit və əsgələrin Vətən qarşısında öz borclarını şərəflə yerinə yetirməsi bir daha sübut etdi ki, şəxsi heyət arasında müstəqillik amalı və hərbi anda sədaqət hissi yeni mənəvi-psixoloji iqlim formalaşmış, ordu hissələri artıq müxtəlif siyasi və cinayətkar mafioz dəstələri xidmət edən təxribatçılardan, cəsuslardan xeyli təmizlənmişdir.
Bu sahədə əldə edilmiş uğurlara baxmayaraq, son illərdə hərbi hissələrdə nizam-intizamın möhkəmləndirilməsi, təlim və tərbiyənin düzgün qurulması istiqamətində iş səngiməmiş, onun müasir səviyyədə aparılması üçün müvafiq nizamnamələr, təlimatlar hazırlamış və tətbiq edilmişdir. Ordu quruculuğunun ən müxtəlif sahələri ilə bağlı zəruri olan qanunlar qəbul edilmiş və artıq Azərbaycan ordusunun mükəmməl qanunvericilik bazası yaradılmışdır.
Ordu quruculuğunun indiki mərhələsində Silahlı Qüvvələrdə aparılan islahatların əsas məqsədlərindən biri qoşunların Vətənə, Azərbaycan xalqına və dövlətinə sadiq, yüksək hərbi hazırlığa malik zabit, gizir və miçmanlarla tam komplektləşdirilməsinə nail olmaqdır. Silahlı Qüvvələrin şəxsi heyətlə komplektləşdirilməsi Ali Baş Komandanın göstərişlərinə və Azərbaycan Respublikasının hərbi qanunvericilik aktlarının tələblərinə uyğun vahid plan əsasında aparılır və ardıcıl xarakter daşıyır.
Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin sayəsində ölkəmizdə milli hərbi kadrların yetişdirilməsi üçün müasir tələblərə cavab verən hərbi təhsil sisteminin inkişafı və təkmilləşdirilməsi istiqamətində əhəmiyyətli tədbirlər həyata keçirilir.
Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev hərbi təhsil sisteminin daha da inkişaf etdirilməsi məqsədilə 1999-cu il fevralın 20-də Hərbi Akademiyanın yaradılması haqqında fərman imzalamışdır.
Bu gün Azərbaycan Silahlı Qüvvələrinin zabitləri həmçinin Türkiyənin, Ukraynanın, Rusiyanın, Pakistanın, Çinin, Almaniyanın, Böyük Britaniyanın, İtaliyanın, Rumıniyanın, Macarıstanın hərbi akademiyalarında və dinləmə kurslarında da təhsil alırlar. Zabitlərimizin Amerika Birləşmiş Ştatlarında təhsil alması haqqında artıq razılıq əldə edilmişdir.
Silahlı Qüvvələrin şəxsi heyətinin sosial müdafiəsinin təmin edilməsi məqsədilə 1993-cü ildən başlayaraq, hərbi qulluqçuların, Müdafiə Nazirliyi sistemində işləyən fəhlə və qulluqçuların əmək haqqı artırılmış, şəxsi heyətin tibbi, ərzaq və əşya-əmlak təminatının yaxşılaşdırılması istiqamətində iş aparılmışdır. Hərbi hissələrin maddi-texniki bazaları, əsgər yataqxanaları müasir tələblərə uyğun təmir edilmiş, şəxsi heyətin asudə vaxtının maraqlı və səmərəli təşkili üçün texniki təbliğat vasitələrinin təminatına diqqət artırılmışdır.
Azərbaycan Silahlı Qüvvələrinin hərc-mərclik illərindəki siyasi oyunlardan və siyasi qüvvələrdən uzaqlaşdırılması, onların intizamlı, mənəvi cəhətdən saf, yüksək peşəkarlığı ilə seçilən kadrlarla təmin olunması, təchizatının yaxşılaşdırılması, quruculuq işlərinin elmi əsaslarla aparılması, ordunun güclənməsi, vətənimizin suverenliyinin və müstəqilliyinin möhkəm təminatçısına çevrilməsi respublika Prezidenti Heydər Əliyevin rəhbərliyi altında aparılan işlərin, onun tələbkarlığının məntiqi nəticəsidir.


Yeni neft strategiyası


1994-cü il sentyabrın 20-də "Əsrin müqaviləsi"nin imzalanması müstəqil Azərbaycanın yeni neft strategiyasının başlanğıcıdır. Əgər Azərbaycan Respublikasının Konstitusiyası müqəddəs qanunlarımızı, vətəndaşların hüquq və vəzifələrini təsbit edirsə, "Əsrin müqaviləsi" Azərbaycan neftinin dünya bazarına çıxması xalqımızın öz sərvətlərinin sahibi olduğunu, taleyini özü müstəqil həll etdiyini, respublika iqtisadiyyatının dünyaya inteqrasiyasını bir daha təsdiqləyir. Bu gün "Əsrin müqaviləsi" inamla addımlayır. Qarşıya çıxan maneələri inam və iradə ilə dəf edərək, görülən işin xeyirxah və gərəkli olduğunu dərk edərək sabaha gedir. "Əsrin müqaviləsi" ilə yanaşı, uzun müddətdir ki, neft strategiyasının uğurlarını xarakterizə edən amillər içərisində neftin nəqli məsələsi mühüm yer tutur. Çünki çıxarılan neftin dünya bazarına ixracı üçün neft kəmərlərinin mövcudluğu mühüm şərtlərdən biri kimi qiymətləndirilir. Məlumdur ki, Azərbaycan neftinin dünya bazarına nəqli hal-hazırda iki marşrut 27 oktyabr 1997-ci ildən istifadəyə verilən, uzunluğu 1.411 km, illik gücü 5,75 milyon ton olan Bakı-Supsa neft kəməri (Qərb marşrutu) vasitəsilə ilə həyata keçirilir.
XXI əsrdə Azərbaycanda neft hasilatının artan istiqamətdə şərəkət edəcəyini nəzərə alsaq, yuxarıda göstərilən neft kəmərlərinin neftin dünya bazarlarına ixracı üçün kifayət etməyəcəyinin şahidi oluruq. Məhz buna görə də Əsas İxrac Boru Kəməri probleminin istər siyasi, istərsə də iqtisadi baxımdan Azərbaycan mənafeyinə tam cavab verən şərtlərlə həlli Azərbaycanın neft diplomatğiyasının qələbəsi kimi qiymətləndirilməlidir. Həm nəzarət, həm də idarəetmə hüququ Azərbaycanın ixtiyarında olan, 2004-cü ildən fəaliyyətə başlaması planlaşdırılan, ümumi dəyəri 2,4 milyard ABŞ dolları, ümumi uzunluğu 1730 km, Türkiyə əazisində - 10,37, Azərbaycan ərazisində - 463 km və Gürcüstan ərazisində - 230 km olan, sutkada 1 milyon barrel, illik gücü 50-60 milyon ton olan (1 milyon barrel x 159 litr x 366 gün ? 58 milyon) Bakı-Tbilisi-ceyhan Əsas İxrac Boru Kəməri XXI əsrdə Azərbaycanın müstəqilliyinin qournub saxlanması və möhkəmlənməsi üçün mühüm vasitələrdən biridir.
Bu strateji boru vasitəsi ilə dünya bazarına ixrac olunacaq Azərbaycan nefti respublikamıza milyardlarla ABŞ dolları həcmində vəsaitin daxil olması ilə nəticələnəcəkdir ki, bu da qeyri-neft sektorunun inkişafına, işsizlik probleminin həllinə, bir sözlə, Azərbaycan iqtisadiyyatının inkişafına və əhalinin sosial vəziyyətinin yaxşılaşmasına zəmin yaradacaqdır.
Qeyd etmək istərdim ki, yaxın gələcəkdə Azərbaycanda neft hasilatının 60 milyon ton, qaz hasilatının 35 milyard kubmetr olacağı gözlənilir. Bu göstərici Azərbaycanın OPEK-ə daxil olan ölkələrin nativinə çevrilməsinə şərait yaradacaqdır. Bu fakta əsaslanaraq XXI əsrdə istər iqtisadi, istərsə də siyasi baxımdan dünya dövlətləri arasında Azərbaycanın mövqeyinin möhkəmlənəcəyini demək mümkündür.
Bakı-Tbilisi-ceyhan Əsas İxrac Boru Kəməri artıq həqiqətə çevrilməyə başlamışdır.
Bakı-Tbilisi-ceyhan strateji boru kəmərinin tikintisindən sonra Azərbaycan neftinin dünya bazarında daha geniş yer tutacağına və Azərbaycan xalqının yeni-yeni nəsilləri üçün firavan həyat yaradacağına inam daha da artır.
Azərbaycan Respublikasının prezident cənab Heydər Əliyevin Bakı-Tbilisi-ceyhan strateji boru kəmərinin tikintisinin başlanması Azərbaycan üçün böyük hadisə olacaqdır - fikri yuxarıda qeyd olunanları bir daha təsdiqləyir və gələcəyə ümidlə baxmağa əsas verir.
Neft bizim üçün məqsəd yox, güclü iqtisadiyyat yaratmağın vasitəsi olmalıdır.
URL / WWW
http://kelam.az/article/a-6291.html