Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Məqalələr » Azərbaycan-ABŞ: diplomatik münasibətlərinin 20 illiyi
14.05.12 19:16

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə aprelin 24-də Amerika Birləşmiş Ştatlarına səfərə yola düşüb. Səfər ABŞ və Azərbaycan arasında diplomatik münasibətlərin bərqərar olmasının 20-ci ildönümünə həsr olunmuş tədbir çərçivəsində həyata keçirilib. QMİ sədri A.Paşazadə 25-26 aprel tarixlərində Vaşinqtonda keçirilən “Amerika-Azərbaycan əlaqələri: gələcəyə baxış” mövzusunda konfransda iştirak edib. İki ölkə arasında iqtisadi, enerji və humanitar sahələrdə əməkdaşlıq mövzularının müzakirə olunan konfransda mədəni əlaqələr və tolerantlığın möhkəmləndirilməsinə dair məsələlər gündəmdə olub.

Konfransda iştirak edən nümayəndə heyətinə QMİ sədrinin birinci müavini Müfti Salman Musayev, Bakı və Azərbaycan yeparxiyasının Yepiskopu Aleksandr İşeyin, Bakıdakı katolik icmasının başçısı Vladimir Fekete, Azərbaycandakı dağ yəhudiləri icmasının başçısı M.Yevdayev daxil olub.



ABŞ-la Azərbaycan yalnız tərəfdaş deyil


Aprelin 26-da Vaşinqtonda “Azərbaycan-ABŞ diplomatik münasibətlərinin 20 illiyi: nailiyyətlər və perspektivlər” konfransı keçirildi. Tədbiri Oklahoma ştatının keçmiş dövlət katibi Syuzen Savic açaraq konfransın mühüm əhəmiyyət kəsb etdiyini vurğulamış, ABŞ-Azərbaycan münasibətlərinin inkişaf yolundan bəhs etmişdir. Azərbaycan Respublikası Milli Məclisi Beynəlxalq və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov ABŞ-la Azərbaycanın yalnız tərəfdaş deyil, əsl dostlar olduğunu deyərək qeyd etmişdir ki, konfransın başlıca məqsədlərindən biri  mövcud dostluq münasibətlərinin inkişaf  etdirilməsindən ibarətdir.
Missisipi ştatından olan senator Rocer Uiker iki ölkə arasında beynəlxalq təhlükəsizlik, o cümlədən, enerji təhlükəsizliyi sahəsində yaranmış və möhkəmlənməkdə olan tərəfdaşlıq münasibətlərinin strateji əhəmiyyətini qeyd etmiş, Azərbaycanın qlobal enerji təhlükəsizliyinə verdiyi töhfələrdən danışmışdır.
Azərbaycanın ABŞ-dakı fövqəladə və səlahiyyətli səfiri Elin Süleymanov konfransda Amerikanın yüksək səviyyəli ictimai və siyasi xadimlərinin iştirak etdiyini bildirmiş və onlara təşəkkür etmişdir. ABŞ-la Azərbaycan arasında bir çox oxşarlıqların olduğunu deyən səfir bu oxşarlıqlar sırasında tolerantlığı xüsusi vurğulamışdır. O, ötən 20 ildə böyük əməkdaşlıq yolu keçildiyini qeyd etmiş, irəlidə daha böyük işlərin olduğunu vurğulamışdır.
Tennessi ştatından seçilmiş konqresmen Stiv Koen Azərbaycanın yerləşdiyi bölgənin əhəmiyyətindən danışaraq bu mürəkkəb bölgədə ABŞ-ın mühüm müttəfiqinə çevrildiyini söyləmişdir.
Luizianadan olan konqresmen Bill Kəssidi beynəlxalq təhlükəsizliyin əsası təşkil edən enerji təhlükəsizliyi üzərində xüsusi dayanaraq, Azərbaycanın bu baxımdan geostrateji önəm kəsb etdiyini bildirmişdir.
ABŞ-Azərbaycan diplomatik əlaqələri tarixinin, Azərbaycanın müstəqillik uğrunda mübarizə yolu və bu yolda üzləşdiyi çətinliklərin, ölkənin son dövrdə əldə etdiyi iqtisadi nailiyyətlərin əks olunduğu film konfrans iştirakçılarına təqdim edilmişdir.
Konqresmen Ted Po bu tədbirdə iştirakdan məmnunluğunu bildirmiş və təmsil etdiyi Texas ştatının da Azərbaycan kimi böyük neft tarixinə malik olduğunu nəzərə çatdırmışdır.
Sonra konfransın işi sessiyalarda davam etdirilmişdir. “ABŞ-Azərbaycan tərəfdaşlığının iki onilliyi: 20 illik birgə fəaliyyətin dərsləri” adlanan birinci sessiyada moderatorluğu Almaniyanın Marşal Fondunun rəhbəri Coşua Uoker etmişdir. Sessiyada ABŞ Administrasiyasını təmsil edən Dövlət katibi köməkçisinin müavini Erik Rubin Azərbaycana iqtisadi uğurlarla yanaşı, demokratik islahatlar baxımından böyük önəm verildiyini deyərək ötən 20 ildə ikitərəfli münasibətlərdə əldə olunan uğurlardan danışmış, gələcək əməkdaşlıqla bağlı böyük gözləntilər olduğunu söyləmişdir. Atlantik Şurasının Dinu Patrisiu Avrasiya Mərkəzinin direktoru Ros Uilson Azərbaycanda ABŞ-ın səfiri vəzifəsində çalışdığı dövrdə Amerikanın Azərbaycanla bağlı həyata keçirdiyi humanitar proqramları xatırlatmış, eyni zamanda 11 sentyabr hadisələrindən sonra Azərbaycanın ABŞ-a verdiyi dəstəkdən geniş söz açmış, bu dəstəyin mürəkkəb beynəlxalq münasibətlər dövründə əhəmiyyətini vurğulamışdır.
Azərbaycan xarici işlər nazirinin müavini, Azərbaycanın ABŞ-dakı keçmiş səfiri Hafiz Paşayev iki ölkə arasında diplomatik münasibətlərin ilkin dövrlərdə çətinliklərlə müşaiyət olunduğundan bəhs etmiş, lakin ikitərəfli münasibətlərin bugünkü yüksək səviyyəyə çatacağına daim inandığını dilə gətirmişdir. Azərbaycanın iqtisadi uğurlarından söz açan Hafiz Paşayev artıq xarici ölkələrdə sərmayə proqramları həyata keçirən dövlət durumuna gəldiyini məmnunluqla qeyd etmişdir. İraq və Əfqanıstandakı əməliyyatlar zamanı Azərbaycanın ABŞ-a böyük dəstək verdiyini söyləyən H. Paşayev təhlükəsizlik sahəsində iki dövlət arasında əlaqələri yüksək qiymətləndirmişdir. Ölkənin beynəlxalq münasibətlərdə əldə etdiyi uğurlardan bəhs edən diplomat Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsini beynəlxalq birlik tərəfindən dövlətimizin əhəmiyyətinin təsdiqlənməsi kimi qiymətləndirmişdir.
Milli Təhlükəsizlik Şurasının direktoru və Dövlət Katibi köməkçisinin keçmiş müavini Devid Merkel öz çıxışında ABŞ-la Azərbaycan arasındakı əlaqələrə kölgə salan 907-ci düzəliş barədə söz açaraq həmin layihənin qəbul edildiyi dövrdə Amerika konqresmenlərinin Azərbaycanın yerləşdiyi bölgə haqqında məlumatlarının “utancverici” olduğunu qeyd etmişdir. Çıxışında Dağlıq Qarabağ münaqişəsinə də toxunan Merkel ATƏT-in Minsk qrupunun fəaliyyətində səmərəliliyin artırılmasının və münaqişənin həllinin sürətləndirilməsinin vacib olduğunu bildirmişdir.
Heritage Fondunun Rusiya və Avrasiya Tədqiqatları və Beynəlxalq Enerji Siyasəti üzrə baş tədqiqatçısı Ariel Koen Azərbaycanın ötən 20 ildə möhtəşəm uğurlar əldə etdiyini söyləmiş, son illərdə  ümumi daxili məhsulun 3 dəfə artmasını xüsusi qeyd edərək bunu “inanılmaz nailiyyət” adlandırmışdır. Azərbaycanın İraq və Əfqanıstanda aparılan əməliyyatlarda iştirakını vurğulayan Koen Dağlıq Qarabağ münaqişəsinin həllində ABŞ-ın Azərbaycana dəstəyinin vacibliyini qeyd etmişdir. Bölgəyə digər böyük güclərin ciddi maraq göstərdiyini deyən Koen Azərbaycanın regionun ən vacib dövləti olduğu nəzərə alınaraq ABŞ-ın bu ölkəyə diqqətinin artırılması zərurətinı bildirmişdir. Enerji nəqli layihələrinin uğurla həyata keçirildiyini deyən Ariel Koen həmin  layihələrin davamı olaraq Transanadolu və Mərkəzi Asiya enerji resurslarının Qərbə nəqli layihələrinin əhəmiyyətindən söz açmışdır. 
Nyu-Yorkdan olan konqresmen Qreqori Miks Azərbaycanın uğurlarının səbəblərini anlamaq üçün bu ölkəyə səfər etməyin vacib olduğunu demişdir.
Arizonalı konqresmen Trent Frenks də təhlükəsizlik sahəsində ABŞ-Azərbaycan əməkdaşlığından geniş bəhs etmişdir. Konqresmen Qreq Harper təmsil etdiyi Missisipi ştatı ilə Azərbaycan arasında olan oxşarlıqlardan bəhs edərək enerji layihələri üzərində xüsusi olaraq dayanmışdır. Bu layihələrin yeni iş yerləri açdığını və qlobal enerji təhlükəsizliyinə töhfələr verdiyini bildirən konqresmen Azərbaycanın təkcə  regionun deyil, bütün dünyanın iqtisadiyyatına müsbət təsir göstərdiyini demişdir.


Xəzər dənizi hövzəsində enerji təhlükəsizliyi


“ABŞ-Azərbaycan tərəfdaşlığının əsas aspektləri: Xəzər hövzəsində enerji təhlükəsizliyi” adlı 2-ci sessiyanı açan moderator Ceymstaun Fondunun Avrasiya Proqramının baş tədqiqatçısı Vladimir Sokor Azərbaycan xalqının ümummilli lderi Heydər Əliyevin işləyib hazırladığı yeni neft strategiyasının ölkəyə bəxş etdirdiyi nailiyyətlərdən danışmışdır.
“BP” şirkətinin beynəlxalq məsələlər üzrə baş direktoru Qreq Sendlers Azərbaycanın enerji siyasətindən danışaraq qeyd etmişdir ki, əgər bir neçə il öncə bu siyasətin əsasında neft amili dayanırdısa, bu gün söhbət artıq təbii qazın hasilatı və ixarcından gedir. O, hazırkı mürəkkəb beynəlxalq siyasi şəraitdə yeni qaz yataqlarının kəşf edilməsi, işlənilməsi, hasil olunması və ixrac edilməsi istiqamətində Azərbaycanın mühüm rol oynadığını söyləmiş, bu prosesləri daim öz nəzarətində saxlayan  Prezident İlham Əliyevin məqsədyönlü fəaliyyətini qeyd etmişdir.
Milli təhlükəsizlik sahəsində tanınmış mütəxəssis, professor Stiven Blank Azərbaycanın mürəkkəb bir geosiyasi məkanda yerləşdiyini nəzərə çatdıraraq ölkənin təhlükəsizliyinə böyük önəm verilməli olduğunu söyləmişdir. Onun sözlərinə görə, Qafqazın təhlükəsizliyi olmadan Avropanın təhlükəsizliyindən bəhs etmək mümkünsüzdür. S. Blank demişdir: “Azərbaycan ABŞ-ın vacib müttəfiqidir,  ABŞ-ın enerji təhlükəsizliyi məsələsində Azərbaycana ehtiyacı nə qədərdirsə, Azərbaycanın da təhlükəsizliyinin mühafizə edilməsində ABŞ-ın dəstəyinə ehtiyacı o qədərdir”. 
ARDNŞ-nin vitse-prezidenti Elşad Nəsirov Azərbaycanın neft-qaz sənayesinin zəngin tarixə malik olduğunu söyləmiş, qeyd etmişdir ki, dünya neft sənayesinin mühüm mərhələləri ölkəmizlə bağlı olmuşdur. Daha sonra o, Azərbaycanın müasir enerji təhlükəsizliyi sistemində mühüm yer tutduğunu söyləmiş, son dövrdə həyata keçirilən uğurlu enerji ixracı layihələrindən danışaraq Avropa Birliyi ilə enerji təhlükəsizliyi sahəsində əməkdaşlığın perspektivlərindən söz açmışdır. İki ölkənin bir çox sahələrdə tərəfdaşlıq etdiyini qeyd edərək, bu birliyin əbədi olacağına inandığını demişdir.
Sessiyaya yekun vurarkən moderator Sokor Azərbaycanın bugünkü nailiyyətlərinin ölkə başçısı İlham Əliyevin stabillik və qərbyönümlü siyasəti ilə sıx bağlı olduğunu vurğulamışdır.
 



Tolerantlığın və və mədəniyyətlərarası dialoqun inkişafı


“Tolerantlığın və və mədəniyyətlərarası dialoqun inkişafı: Azərbaycan modeli” adlanan 3-cü sessiyanı açan Çikaqo Universitetinin İslam üzrə professoru və Mədəniyyətlərarası Tədqiqatlar Departamentinin rəhbəri Skott Aleksandr etnik və dini dözümlülüyün Azərbaycan xalqına hər zaman xas olduğuna diqqət çəkmişdir. O, Azərbaycanın əsas dini icmalarının rəhbərlərinin konfransda iştirak etdiklərini nəzərə çatdırmış və onları təqdim etmişdir.
Azərbaycan katolik icmasının rəhbəri Vladimir Fekete respublikamızda hökm sürən tolerantlıqdan söz açaraq Azərbaycan xalqına xas olan bu mühüm dəyərin əbədi yaşamasını diləmiş, Azərbaycan katoliklərinin öz dövlətlərinə daim sülh və əmin-amanlıq arzuladıqlarını söyləmişdir. Azərbaycan dağ yəhudiləri icmasının rəhbəri Milix Yevdayev ölkədə yaşayan bütün yəhudilərin yüzillər boyunca dini dözümlülük şəraitində yaşayaraq milli və dini mədəniyyətlərini inkişaf etdiklərini bildirmiş, bunun dünya dövlətləri üçün nümunə olduğunu qeyd etmişdir.
Azərbaycan Pravoslav Yeparxiyasının rəhbəri İşeyn Aleksandr ölkədə yaşayan bütün etnik və dini icmaların qarşılıqlı anlaşma və dözümlülük şəraitində həyat sürdüyünü deyərək bunu Azərbaycanın ən böyük nailiyyətlərindən biri adlandırmışdır.
Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri Hacı Allahşükür Paşazadə müstəqil Azərbaycanın bütün dinlərə eyni cür diqqət göstərdiyini qeyd etməklə bu münasibətdən qürur duyduğunu söyləmişdir. O, Sovet İttifaqının süqutundan sonra Azərbaycanda bütün dinlərə aid məbədləriin sayının dəfələrlə artdığını deyərək bunun ölkədə həyata keçirilən  humanitar siyasətinin bariz nümunəsi olduğunu bildirmişdir. Onun sözlərinə görə,  dünya dini liderləri forumunun Azərbaycanda keçirilməsi beynəlxalq birlik tərəfindən  dövlətimizin bütün dinlərə olan ehtiramının göstəricisi kimi qiymətləndirmişdir. Dağlıq Qarabağ münaqişəsinin həllinin vacibliyindən danışan Paşazadə bunun baş verəcəyi təqdirdə işğal edilmiş torpaqlarda yerləşən və dağıdılmış bütün dini məbədlərin bərpa olunacağını söyləmişdir.
Azərbaycan Respublikası Milli Məclisi Beynəlxalq və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov Azərbaycanın müstəqilliyi uğrunda canlarından keçmiş oğul və qızlarımızın xatirəsini yad etmiş, onların arasında ölkədə yaşayan müxtəlif xalqların təmsilçilərinin olduğunu nəzərə çatdırmışdır. S.Seyidov Azərbaycanda hökm sürən milli və dini tolerantlığın dövlət siyasətinin tərkib hissəsi olduğunu bildirmişdir. 
Con Hopkins Universiteti Mərkəzi Asiya-Qafqaz İnstitutunun və İpək Yolu Tədqiqatları Proqramının Tədqiqat Direktoru Svante Kornell də Azərbaycana xas olan etnik dözümlülükdən söz açaraq, ölkədə etnik mənsubiyyət anlayışından daha çox vətəndaş anlayışının inkişaf etdiyini məmnunluq hissi ilə vurğulamışdır.
Hayfa Universitetinin Siyasi Elmlər üzrə professoru Brenda Şaffer Azərbaycanın orada yaşayan xalqların hər birinin vətəni olduğunu qeyd edərək, ölkəmizin üzləşdiyi müharibə ilə bağlı bütün itkilərə baxmayaraq zor və terror yoluna əl atmadığını, məhz buna görə beynəlxalq sistemin Azərbaycanın problemlərinə daha həssas yanaşmasının vacibliyini göstərmişdir. ABŞ və Azərbaycan arasında dostluq münasibətlərinin hökm sürdüyünü deyən B. Şaffer Konqres tərəfindən erməni separatçılarına yardımın dayandırılmasının əhəmiyyətli rol oynayacağını qeyd etmişdir.
Azərbaycan Respublikası Milli Məclisinin üzvü, Avro-Atlantika Mərkəzinin rəhbəri Asim Mollazadə Azərbaycanın bir çox sahələrdə ilklərə imza atdığını deyərək bunun səbəbinin tolerantlıqda axtarılmalı olduğunu söyləmişdir. Onun sözlərinə görə,  Azərbaycanda böyük nailiyyətlər əldə edən müxtəlif etnik mənşələrə aid istedadlı insanlar digər ölkələrdən məhz etnik dözümsüzlüklərə görə buraya köç etmişdir. Azərbaycanda dünyəvi dövlət dəyərlərinin köklərindən danışan A. Mollazadə bunun əsasının 20-ci əsrin əvvəllərində Avropa və Rusiyanın ali təhsli ocaqlarına oxumağa göndərilmiş gənc azərbaycanlılar tərəfindən qoyulduğunu bildirmişdir. Ölkədə qadınların tam azad olduqlarından söz açan Mollazadə Azərbaycan və ABŞ-ın multikulturalizmdən eyni qaydada yararlandığını söyləmişdir.
ABŞ Nümayəndələr Palatasının keçmiş üzvü Maykl MakMəhon Azərbaycanı “dini harmoniya ölkəsi” adlandırmış, ölkəmizlə yüksək səviyyəli əlaqələrin ABŞ-ın milli maraqlarına cavab verdiyini demişdir.
 



İşçi nahar təşkil edilib


İşçi naharda açılış nitqi ilə çıxış edən Azərbaycan-ABŞ İqtisadi Əməkdaşlıq Komissiyasının həmsədri maliyyə naziri Samir Şərifov ötən 20 il ərzində ölkələr arasında münasibətlərin inkişafı, əldə olunmuş uğurlar və qarşıda duran vəzifələr  barədə danışmışdır. 2012-ci il aprelin 18-də baş tutmuş ABŞ-Azərbaycan iqtisadi tərəfdaşlıq komissiyasının 3-cü iclası çərçivəsində geniş müzakirələr aparıldığını və yekunda aviasiya sahəsində Anlaşma Memorandumunun imzalandığını diqqətə çatdıran S.Şərifov çıxışında ABŞ-la Azərbaycan arasında münasibətlərin inkişaf etdirilməsi üçün imkanların genişləndirilməsinin vacib olduğunu, bu baxımdan “Azadlığa dəstək Aktı”na edilmiş 907-ci düzəlişin strateji münasibətlərin ruhunu əks etdirmədiyini və əməkdaşlığa mane olduğunu bildirmişdir. Nazir eyni zamanda, ABŞ Konqresi tərəfindən Dağlıq Qarabağa humanitar yardım ayrılmasının ABŞ-ın rəsmi mövqeyi ilə uzlaşmadığını vurğulamışdır. Humanitar məqsədlə ayrılmış yardımın birtərəfli qaydada deyil, məhz Dağlıq Qarabağın azərbaycanlı icmasının da nəzərə alınmasının vacibliyini bildirmişdir.
Nyu Yorku təmsil edən senator Kristen Gillibrand Azərbaycanla münasibətlərin əhəmiyyətindən bəhs edərək, enerji sahəsində əməkdaşlığı xüsusi vurğulamış, ölkəmizin  ABŞ-ın antiterror əməliyyatlarında uğurla iştirak etdiyini nəzərə çatdırmışdır. O, Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsini mühüm nailiyyət olduğunu söyləmiş və bu vəzifənin öhdəsindən layiqincə gələcəyinə, dünyada sülh və əmin-amanlıq naminə yeni-yeni töhfələr verəcəyinə əminliyini ifadə etmişdir.
Konqresin Nümayəndələr Palatasının Xarici Məsələlər üzrə Komitəsinin sədri İleana Ros-Lehtinen Azərbaycanın müsəlman şərq dünyasında ilk demokratik respublika yaradan, insan hüquqları və demokratik prinsiplərin dərin kök saldığı, ABŞ-la eyni dəyərləri paylaşan bir ölkə olduğunu vurğulamışdır. İ. Ros-Lehtinen Azərbaycanın ABŞ üçün çox vacib tərəfdaş olduğunu və bu tərəfdaşlığın dərinləşdirilməsinin ABŞ-ın milli maraqlarına uyğun oldunu qeyd etmişdir. O, Azərbaycanın hazırda Əfqanıstan əməliyyatda, əvvəl isə İraqdakı əməliyyatlarda ABŞ üçün həyati töhfələr verdiyini vurğulamışdır. Ros-Lehtinen Azərbaycanın yerləşdiyi həssas coğrafi məkanın, onun qlobal enerji təhlükəsizliyinə töhfələrini və ABŞ-la ortaq dəyərləri pylaşdığı nəzərə alaraq, ikitərəfli əməkdaşlığın böyük perspektivlərinin olduğunu söyləmişdir. O, Konqresdə ABŞ-Azərbaycan tərəfdaşlığının inkişaf etdirilməsi üçün əlindən gələni edəcəyini bildirmişdir.
Missisipi ştatının sabiq qubernatoru Heyli Barbur Missisipi ştatının enerji təcrübəsindən danışaraq, Azərbaycanın beynəlxalq enerji təhlükəsizliyində mühüm rol oynadığını söyləmiş, bu yaxınlarda Azərbaycan nümayəndə heyətinin Missisipiyə səfər etdiyini xatırlatmışdır.
Daha sonra nazir S. Şərifov,  Konqresin üzvləri xanım Ros-Lehtinen və xanım Jean Schmidt Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov ölkələr arasında dostluq və tərəfdaşlığın şərəfinə badə qaldırmışlar.


Elvin XƏZƏR
URL / WWW
http://kelam.az/article/a-6289.html