Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Məqalələr » Azərbaycan-Özbəkistan: elmi və dini əlaqələr möhkəmlənir
14.05.12 19:16

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin rəhbərlik etdiyi nümayəndə heyəti (aprelin 20-dən 23-ə qədər) Özbəkistanda səfərdə olub. Nümayəndə heyətinin tərkibində millət vəkilləri Hadı Rəcəbli, Cavanşir Paşazadə, Eldar İbrahimov, Rəbiyyət Aslanova, Hüseynbala Mirələmov, Fəzail İbrahimli, QMİ sədrinin birinci müavini müfti Salman Musayev və Elmi-Dini Şurasının sədri akademik Vasim Məmmədəliyev, professorlar Qulu Məhərrəmli, Şahin Fərzəliyev, Anar İsgəndərov, İsrafil İsrafilov, Qazı Hacı Mirəziz Seyidzadə və digər görkəmli elm və ictimai xadimlərin təmsil olunması səfərin mahiyyətini daha geniş aspektdə açıqlayır.

Qarşılıqlı elmi və dini əlaqələrin möhkəmlənməsinə xidmət edən bu görüşlərin önəmli səbəblərindən biri də ötən əsrin tanınmış özbək ziyalılarından sayılan, əslən azərbaycanlı şair və müəllim İbrahim Qasıminin anadan olmasının 100 illik yubileyi tədbirlərində iştirak sayılır.


Səmərqənd şəhəri ilə tanışlıq


Özbəkistan səfərinin ilk günü Şərqin incisi sayılan qədim Səmərqənd şəhəri ilə tanışlıqla başladı. Səmərqənd Dövlət Universitetində Azərbaycan nümayəndə heyətini səmimi salamlayan rektor professor Uluqbek Taşkenbayev bildirdi ki, rəsmi açılış tarixi 1927-ci il sayılan bu tədris müəssisəsi əsil köklərini qədim Səmərqəndin qurucularından olan Mirzə Uluqbəyin məşhur mədrəsəsindən alır. Burada son illərdə dövlət rəhbəri, Özbəkistan Prezidenti İslam Kərimov cənablarının göstərişi ilə mükəmməl maddi-texniki baza yaradılıb, universitet Özbəkistan Elmlər Akademiyası ilə birlikdə bir sıra elmi layihələr üzərində səmərəli işlər aparıb. Səmərqənd Universitetinin müəllim heyətində Azərbaycandan olan alim və elmi işçilərin də çalışdığını bildirən rektor U.Taşkenbayev Şeyxülislam həzrətlərinə bu görüşün təşkili üçün ali tədris müəssisəsinin rəhbərliyi adından dərin minnətdarlığını bildirdi və belə mübadilələrin mütəmadi olacağına əminliyini vurğuladı.
Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə həzrətləri çıxışında qeyd etdi ki, Səmərqənd tarixən elm və mədəniyyət mərkəzi sayılıb: “Şərqin böyük mütəfəkkirləri İmam Buxari və şeir ustadı Əlişir Nəvai burada yaşayıb yaratmışlar. Bu gün Səmərqənd özünün yeni inkişaf mərhələsini yaşayır. Bu, onun elmi nailiyyətləri, iqtisadi tərəqqisi ilə yanaşı mənəviyyat amilində də öz əksini tapır. Səmərqənd sovet dönəmində yeganə məkan idi ki, biz o zamankı təhsil illərimizdə buradakı insanlardan böyük mənəviyyat dərsi alırdıq. Bu gün bizim Səmərqəndə belə bir tərkibdə - elm adamları, millət vəkilləri, din xadimləri ilə birgə təşrif gətirməmiz əslində müstəqil Özbəkistanın yeni inkişafı ilə tanışlıq məqsədi daşıyır. Bu da səbəbsiz deyil. Hələ sovet dönəmində, SSRİ Ali Sovetinin deputatı olduğum dövrlərdə mən İslam Kərimov cənabları ilə tanış olmuşdum. Onun nə qədər müdrik, bacarıqlı, uzaqgörən bir dövlət rəhbəri olduğu, xalqı üçün fədakarcasına çalışdığı hamımıza yaxşı bəllidir. Biz ən yaralı problemimiz olan Qarabağ məsələsinə münasibətdə əsl kişilik və qardaşlıq mövqeyi nümayiş etdirdiyinə görə Zati-aliləri İslam Kərimov cənablarına minnətdarlıq bildiririk. Siz xoşbəxtsiniz ki, belə bir dövlət rəhbəriniz var. Bizi sevindirən odur ki, bugünkü müstəqil, azad ölkələrimizin başında sizin İslam Karimov, bizim də İlham Əliyev kimi qeyrətli dövlət rəhbərləri durur. Bununla fəxr etməyə dəyər!”
Səmərqənd Universitetinin müəllim və tələbə heyəti adından Şeyxülislam həzrətlərinə və nümayəndə heyətinin üzvlərinə minnətdarlığını bildirən rektor U. Taşkenbayev sonra qonaqları tədris müəssisəsi ilə yaxından tanış etdi, dərs otaqlarını, kitabxana və kompüter otaqlarını nümayiş etdirdi. Səmərqənd şəhərinin tarixi memarlıq abidələri ilə yaxından tanışlıq iki gün ərzində oldu. Azərbaycan nümayəndə heyəti məşhur Qur-Əmir mavzoleyi, Reqistan, İmam əl-Buxari, Şahi-Zində kompleksləri, Tille-Qari və Bibi-xanım məscidlərinin təkrarsız gözəlliyinə, Yaxın Şərq üslubunun simvolik vəhdətinə heyran qaldıqlarını qeyd etdi. Əmir Teymur zamanında buraya gətirilən şirvanlı, təbrizli, şirazlı ustaların dəst-xəttinin bu günədək qorunub saxlanılması həqiqətən təqdirəlayiqdir.


İmam əl-Buxari Mərkəzində görüş


Beynəlxalq İmam əl-Buxari Mərkəzində keçirilən görüşlər də son dərəcə maraqlı keçdi. Görüşü giriş sözü ilə açan Mərkəzin direktoru professor Ubeydulla Uvatov 2010-cu ildən fəaliyyət göstərən bu müəssisənin Prezident İslam Kərimov cənablarının xüsusi sərəncamı ilə yaradıldığını və özəl diqqətində olduğunu vurğuladı. Mərkəzin müdavimləri çıxış edərək dini ekstremizm, terrorizm, ailə və gənclərlə ideoloji təbliğat sahəsində apardıqları işlər barədə geniş məlumat verdilər.
Sonra Şeyxülislam Allahşükür Paşazadə çıxış etdi. Şeyxülislam həzrətləri belə görüşlərin əhəmiyyətindən danışdı: “Bu bizim son iki ildə ikinci görüşümüzdür. Bu görüşlərdən mən də bir çox şeylər öyrənirəm. Sovet dövründə İmam əl-Buxarinin məqbərəsinin son dərəcə pis vəziyyətdə olduğunu yaxşı xatırlayıram. Çox məmnunam ki, bütün bu yeniliklərin müəllifi mənim çox böyük hörmət bəslədiyim, sizin xalqınızın “yurtbaşı” adlandırdığı möhtərəm İslam Kərimov cənablarıdır. Bu gün siz – özbək xalqının qızıl fondu sayılırsınız. Bu mərkəzdə İslamın həqiqi əsasları rəvac tapır və İmam əl-Buxarinin irsi araşdırılaraq xalqa çatdırılır. Belə bir gözəl məkanın və müstəsna şəraitin yaradılması İmamın ruhuna ən dəyərli hədiyyədir”.
Görüşdə çıxış edən akademik Vasim Məmmədəliyev, professor Şahin Fərzəliyev və başqaları Beynəlxalq Mərkəzin fəaliyyətini yüksək dəyərləndirdilər, qarşılıqlı elmi və təcrübi mübadilələrin vacibliyini vurğuladılar.


İbrahim Qasıminin məzarını ziyarət


Növbəti görüşlər Buxara şəhərində keçirildi. Burada ilk iş – Şeyxülislam həzrətlərinin müəllimi və mənəvi atası saydığı İbrahim Qasıminin məzarını ziyarət etmək oldu. Daha sonra “Buxara Palas” mehmanxanasının konfrans zalında Azərbaycan və Özbəkistan arasında elmi-mədəni əlaqələrə və görkəmli şair-müəllim İbrahim Qasıminin 100 illik yubileyinə həsr olunmuş konfrans öz işinə başladı.
Konfransı giriş sözü ilə açan Özbəkistan Milli Elmlər Akademiyasının vitse-prezidenti Bahram Abduhalimov xalqlarımız və dövlətlərimiz arasındakı elmi, mədəni və ictimai əlaqələrin mahiyyətindən söhbət açdı. Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə təbirdə “Özbəkistan: Elm və dinin vəhdət məkanı” mövzusunda çıxış etdi: “Hər şeydən əvvəl bizləri bir araya gətirən Uca Yaradana həmd-sənalarımı yetirir, qonaqpərvərliyinizə və səmimiyyətinizə görə dərin təşəkkürlərimi bildirir, Qafqaz müsəlmanlarının, bürün Azərbaycan xalqının salam-dualarını Özbəkistan xalqına, əziz qardaş və bacılarımıza çatdırıram. Bu gün burada bir araya gəlməyimizin əsas məqsədi – Azərbaycan və özbək xalqları arasında tarix boyu formalaşmış ənənəvi elmi, mədəni, dini və mənəvi əlaqələrin növbəti mərhələsini davam etdirməkdir. Biz etnik köklərimizlə bir-birinə bağlı olan, müxtəlif dönəmlərdə mentaliteti və tale yazısı bənzər olan qardaş xalqlar olmuşuq. Təsadüfi deyildir ki, dərin ehtiram bəslədiyim Özbəkistan Prezidenti, Zati-aliləri möhtərəm İslam Karimov cənabları bizim qardaşlığımızı çox düzgün və gözəl şəkildə belə ifadə etmişdir: “Bizim ulduzlarımız müştərək, dilimiz bir, dinimiz bir, ürəklərimiz birdir!” Hesab edirəm ki, Zati-aliləri, möhtərəm İslam Karimov cənablarının bu dəyərli fikri bizim məclisimizin ümumi abu-havasını təyin edir.
Bu konfransa və görüşlərə biz böyük nümayəndə heyəti ilə - Azərbaycanın elm xadimlərinin, akademiklərin, millət vəkillərinin, ictimaiyyət nümayəndələrinin, o cümlədən, din xadimlərinin iştirakı ilə təşrif gətirmişik. Əsrlərdən bəri xalqlarımız arasında davam edən dostluq münasibətləri müstəqilliyimizin bərpasından sonra yeni, daha səmərəli əməkdaşlıq formatına daxil olur. Bu münasibətlərin təməlini Ulu Öndərimiz Heydər Əliyevin müdrik siyasəti təyin etmiş, Azərbaycan-Özbəkistan əlaqələrinin inkişafında və qarşılıqlı etimadın möhkəmlənməsində dövlətlərimizin rəhbərləri Zati-aliləri İslam Karimovun və İlham Əliyevin böyük zəhmətləri olmuşdur. Məhz onların müdrikliyinin və düzgün beynəlxalq siyasətinin nəticəsidir ki, tariximizin ən çətin dönəmlərində belə, özbək və Azərbaycan xalqları, elmi-mədəni mühiti arasındakı əlaqələr zəifləməmiş, bizi bir-birimizə bağlayan tellər daha da möhkəmlənərək həqiqi dostluğun nümunəsinə çevrilmişdir. Bunun bariz nümunəsi kimi Bakıda Əlişir Nəvainın, Daşkənddə Nizami Gəncəvinin heykəllərinin ucaldılması və Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin açılması mərasimini xatırlatmaq istərdim. Bu mərasimlərdə iştirak edən dövlət başçılarımız möhtərəm İslam Karimov və İlham Əliyev cənabları xalqlarımız arasında dostluq və qardaşlıq münasibətlərinin daimi olacağı barədə gözəl fikirlər söyləmişdilər. Bu mənada, bu gün burada bir araya gəlməyimiz, şübhəsiz ki, dialoq və elmi-mədəni əməkdaşlıq sahəsində yeni mərhələ, irəliyə atılmış böyük addımdır. Ümidvaram ki, ümumi maraqlarımızı əhatə edən, xalqlararası münasibətlərin inkişafına yeni təkan verən bu tədbir tarixi əhəmiyyətli bir hadisəyə çevriləcəkdir. Hörmətli məclis iştirakçıları!
Qədim özbək torpağı dünya mədəniyyəti, elmi və mənəviyyatının mənbə məkanlarından biridir. Burada böyük İslam mühəddisi İmam Buxari, müsəlman təriqət məktəblərinin baniləri İmam Maturidi, Bəhavuddin Nəqşbəndi, Termizi, elm korifeyləri İbn Sina, əl-Xarəzmi, Biruni, Fərabi, şeriyyət ustadı Əlişir Nəvai kimi dahilərin yaşayıb yaratması dediklərimizə parlaq sübutdur. Onların əsərləri bu gün də öz əhəmiyyətini itirməmiş, elmi və mənəvi dəyərlərini qoruyub saxlamışdır. Bu, elə bir irsdir ki, onun önündə dünyanın və müsəlman ümmətinin bütün zəkiləri ehtiramla baş əyirlər.
Özbəkistan eyni zamanda, sivilizasiyalara sülhsevərliyin və tolerantlığın nümunəsi ola biləcək bir tarixə malikdir. Bizim mürəkkəb dövrümüzdə hər birimiz dünyanı bürüyən terrorizm, ekstremizm və separatizm bəlalarının canlı şahidinə çevrilmişik. Bir sıra destruktiv qüvvələr islam şüarları ilə pərdələnərək, əslində islamofobiyanın və dini dözümsüzlüyün təməl əsaslarını yaratmağa çalışırlar. Çox önəmli haldır ki, Mərkəzi Asiya regionunda sabit və təhlükəsiz inkişafa daimi təhdidlərin mövcudluğuna baxmayaraq, Özbəkistanda bu gün sülh, əmniyyət və beynəlxalq tolerantlıq ruhu hökm sürür.
Əslində tolerantlıq – özbək xalqının milli dünyagörüşü və mənəvi zənginliyini yaradan ilahi nemətdir. Mənim ömrümün gənclik çağları, tələbəlik illərim Buxara və Daşkənd şəhərlərində keçdiyi dövrdə bu qardaşlıq nümunəsinin, tolerantlıq örnəyinin həqiqi şahidi olmuşam. Biz özbək, qırğız, türkmən, kumık, çeçen, inquş, ləzgi, tatar və digər millətlərdən olan qardaşlarımızla məzhəb və təriqət fərqi qoymadan eyni həyatı yaşayır, eyni problemləri bölüşür, eyni səfdə ibadət edirdik. Həmin o dönəmdən 30 il keçib, lakin biz – bu günkü gündə Qafqaz regionunun, Orta Asiyanın, Rusiyanın müsəlman ali dini qurumlarının rəhbərləri və nümayəndələri, hələ də qəlbimizdə özbək ocağından götürdüyümüz mənəvi birlik və səmimiyyətin hərarətini qoruyuruq. Məhz bu səbəbdən də mən Özbəkistanı ikinci Vətənim, buradakı insanları öz dostlarım, zamanında məni himayəsinə almış ailəni mənəvi valideynlərim hesab edirəm. Bu günkü konfrans çərçivəsində 100 illik yubileyi qeyd olunan İbrahim Qasimi xeyirxah əməlləri ilə bizə atalıq edən böyük ustadımız olmuşdur.
Bu gün İbrahim Qasiminin həyat və yaradıcılığı haqqında daha geniş danışmaq olardı, lakin bilirəm ki, bu barədə bizim hörmətli alimlərimiz və tədqiqatçılarımız sizə ətraflı məlumat verəcəklər. Yalnız qeyd etməliyəm ki, İbrahim Qasimi Şərq ədəbiyyatını, İslam fəlsəfəsi və tarixini gözəl bilən, şeir və poeziya vurğunu olan mütəfəkkir bir insan idi. Çox təvazökar, elmə və dini tərbiyəyə böyük önəm verən ziyalı şəxsiyyətlərdəndi. Biz ondan hikmətlərlə dolu həyat dərsi, millətçilikdən və məzhəbçilikdən uzaq olan dünyagörüşü öyrənirdik. Gənclərin tərbiyəsi – İbrahim Qasıminin və onun kimi bütün müəllimlərimin və ustadlarımın həyat qayəsi idi. Ümumiyyətlə, Özbəkistanda keçən təhsil illərimdə milliyyətindən asılı olmayaraq bütün müəllimlərim və ustadlarımın üzərimizdə böyük zəhməti, qayğısı olmuşdur.
Nəzərinizə çatdırmaq istərdim ki, 2001-ci ildə Daşkənddə Raxim Voxidov və Zevar Kasumova tərəfindən İbrahim Qasimının həyat və yaradıcılığından bəhs edən “Yaxşılıka baxşida umur” adlı kitab nəşr olunmuşdur. Daha sonra, 2008-ci ildə Bakıda akademik Vasim Məmmədəliyev, professor Allahşükür Paşazadə və filologiya elmləri namizədi Müqəddəs Payızovun redaktəsi ilə İbrahim Qasiminin əlyazmalarından ibarət “Haza kitabül-müntəxabatül-əhadis vəl-məsaibi-şəhidani-dəşti-Kərbəla” kitabı nəfis şəkildə tərtib edilərək oxuculara çatdırılmışdır. Keçən il hörmətli ustadımızın anadan olmasının 100 illiyi ərəfəsində onun fars dilindəki rübailəri Azərbaycan dilinə tərcümə olunaraq kitab şəklində nəşr edilmişdir.


Hörmətli məclis iştirakçıları!
Hər bir cəmiyyətin inkişafında başlıca problemin mənəvi tərbiyə olduğunu hamımız gözəl bilirik. Bu çətin və məsuliyyətli sahədə xüsusi zəhməti olan insanları dəyərləndirmək olduqca vacibdir, çünki onlar özlərindən sonra böyük bir həyat fəlsəfəsi məktəbini miras qoyub gedirlər. Mən istərdim ki, bugünkü məclisdə həm Azərbaycan, həm də özbək xalqının oğlu, ustadım İbrahim Qasimininin nurlu xatirəsi işığına toplaşanlarla birlikdə bütün müəllimlərimizi yad edək, vəfat edənlərin ruhlarına rəhmət oxuyaq, həyatda olanlara Allahdan xeyir-dualar diləyək.
Böyük hörmət və ehtiramla bu görüşlərin təşkili və keçirilməsinə göstərdiyi özəl diqqətə, yaradılan gözəl şəraitə görə bir daha Özbəkistan Respublikasının Prezidenti, Zati-aliləri İslam Karimov cənablarına, Səmərqənd və Buxara şəhərlərinin rəhbərlərinə, həmçinin əziz qardaşım, Özbəkistan Dini İşlər Komitəsinin sədri Yusupov Artıkbek Adiloviçə, müfti Osmanxan Olimova nümayəndə heyyətimiz adından dərin təşəkkürlərimi çatdırıram. Allah köməyimiz olsun!
Vəssəlamu əleykum və rəhmətullahi və bərəkatuh.”


Özbəkistan İslam Kərimova müraciət


Özbəkistan Müsəlmanları Ruhani İdarəsinin sədri müfti Usmanxon Alimov, akademik Vasim Məmmədəliyev, Milli Məclisin deputatları Rəbiyyət Aslanova, Fəzail İbrahimli, professor Şahin Fərzəliyev, özbək xalq şairi Camal, Buxara Universitetinin professoru H.Turacov, Bakı Dövlət Universitetinin professoru Anar İsgəndərov və başqaları çıxış edərək özbək-azərbaycan münasibətləri barədə mülahizələrini söylədilər, İbrahim Qasıminin şəxsiyyəti və yaradıcılığı haqqında hərtərəfli məlumatlar verdilər. Qasıminin ailəsi adından onun oğlu Kazım Qasımov konfransın təşkilatçılarına və Azərbaycan nümayəndə heyətinə dərin minnətdarlığını bildirdi. Azərbaycan nümayəndə heyəti adından çıxış edən Milli Məclisin deputatı Hadı Rəcəbli Özbəkistan Prezidenti İslam Kərimov cənablarına ünvanlanan müraciəti oxudu: “Özbəkistan Respublikasının Prezidenti Zati-aliləri İslam Abduqəniyeviç Karimov cənablarına
Möhtərəm cənab Prezident! Azərbaycan Respublikasının elmi, dini və ictimai mühitini təmsil edən Azərbaycan Milli Elmlər Akademiyası, Qafqaz Müsəlmanları İdarəsi və Milli Məclis adından Zati-alilərinizə dərin ehtiramımızı bildirir, qardaş Özbəkistan torpağında bizə göstərilən xüsusi qayğı, qonaqpərvərlik və diqqətə görə cənabınıza sonsuz minnətdarlığımızı izhar edirik. Hər birimizin qəlbində özəl yeri olan Özbəkistan Respublikası ilə bizi qırılmaz tellər, müştərək talelər, ortaq tariximiz, mədəniyyətimiz və mənəvi dəyərlərimiz bağlayır. Azərbaycan və Özbəkistan xalqları arasındakı dostluq və qardaşlıq münasibətləri tarixin sınaqlarından uğurla keçərək müstəqillik dönəmində daha da möhkəmlənmiş və dərin məzmunlu dövlətlərarası əlaqələr səviyyəsinə yüksəlmişdir. Bütün bu nailiyyətlərin arxasında böyük siyasi uzaqgörənlik və dövlət rəhbərlərinin müdrikliyi amilinin qərar tutması şübhəsizdir. Biz, Azərbaycan ziyalıları, millət vəkilləri, elm və din xadimləri tam əminik ki, hər iki dövlətin ali rəhbərlərinin – İslam Karimov və İlham Əliyev cənablarının qarşılıqlı münasibətlərin inkişafındakı səy və xidmətləri yüksək təqdirə layiqdir. Bu gün ölkənizdə mövcud olan ictimai-siyasi sabitlik, iqtisadi inkişaf, milli-mənəvi həmrəylik, etnik-dini tolerantlıq və cəmiyyətin rifahı mütərəqqi tarixi ənənələrdən bəhrələnən uğurlu siyasətin məntiqi nəticəsidir. Məhz buna görə də biz Sizə, özbək xalqının dahi oğluna dərin hörmət və ehtiramımızı çatdırmağı vacib hesab edir, dövlətinizin və xalqınızın rifahı naminə gördüyünüz bütün dəyərli fəaliyyətinizə müvəffəqiyyətlər arzulayırıq.
Biz bir daha şahid olduq ki, Siz ölkənizi iqtisadi qüdrətə, mədəni intibaha və beynəlxalq nüfuzlu ölkəyə çevirmək üçün bir dövlət dövlət başçısı kimi böyük işlər görürsünüz. Eyni zamanda, tarix-mədəniyyət abidələrinin bərpası və təmiri, ölkə vətəndaşlarının etiqad azadlığının təmin edilməsi və qorunması – bütün bunlar Özbəkistandakı mövcud dini-mənəvi mühitin reallığıdır. Çox təqdirəlayiq haldır ki, tolerantlıq özbək torpağında zəngin ənənələrə, dərin tarixi və mədəni köklərə malikdir. Bu gün burada bir araya gəlməyimiz, şübhəsiz ki, Özbəkistan və Azərbaycanın hər sahədə dialoq aparmaq mədəniyyətindən, müxtəlif insanları bir araya toplamaq istəyindən xəbər verir, ictimaiyyət nümayəndələri arasındakı münasibətlərdən yaranan qürur və hörmət hissini artırır. Bütün bunlar bir daha sübut edir ki, Özbəkistan dünyanın qloballaşan xəritəsində qarşılıqlı dialoq, iqtisadi əməkdaşlıq, sülhməramlı layihələr və dinc yanaşı yaşama prinsiplərini müvəffəqiyyətlə həyata keçirən bir dövlətdir və inşallah, bu siyasi kursunu daima ləyaqətlə davam etdirəcəkdir.

Zati-aliləri!

Özbəkistan və Azərbaycan xalqlarının qardaşlıq simvolu olan birgə konfransın və elmi görüşlərin yüksək səviyyədə keçirilməsinə şərait yaratdığınıza görə Zati-alilərinizə dərin minnətdarlığımızı bildirir və ölkənizin, eləcə də regionun rifahı naminə gördüyünüz bütün əməllərə Allah-Təaladan xeyir-dualar diləyirik. Əminik ki, Sizin sayənizdə özbək xalqı malik olduğu ən qiymətli sərvəti – milli və mənəvi dəyərlərini müstəqil Özbəkistanın tərəqqisi naminə daima qoruyub inkişaf etdirəcəkdir.”
Həmin gün Azərbaycan nümayəndə heyəti Buxaranın müqəddəs məkanlarından sayılan Bəhauddin Nəqşbəndi komleksini və Mir-Ərəb mədrəsəsini ziyarət etdi. Şeyxülislam Allahşükür Paşazadənin təhsil aldığı Mir-Ərəb mədrəsəsi müəllimləri və tələbələri ilə görüşlərdə mərhum müəllim və müdavimlərin xatirəsi yad edildi, ruhlarına salavat verildi. Səmimi dostluq və qardaşlıq şəraitində keçən bu görüşlər Azərbaycan və Özbəkistan arasındakı münasibətlərin daima səmərəli və möhkəm olacağına dair ümumi rəy birliyini bir daha təsdiq etdi.
URL / WWW
http://kelam.az/article/a-6288.html