Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Vaşinqtonda Azərbaycan-ABŞ münasibətlərinin 20 illiyi ilə bağlı konfrans keçirilir
27.04.12 15:26

Vaşinqtonda “Azərbaycan-ABŞ diplomatik münasibətlərinin 20 illiyi: nailiyyətlər və perspektivlər” konfransı dünəndən işə başlayıb. Tədbirdə iştirak edən nümayəndə heyətindən “KƏLAMİNFO”ya verilən məlumata görə, tədbiri Oklahoma ştatının keçmiş dövlət katibi Syuzen Savic açaraq, konfransın mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb, ABŞ-Azərbaycan münasibətlərinin inkişaf yolundan bəhs edib. Azərbaycan Respublikası Milli Məclisi Beynəlxalq və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov ABŞ-la Azərbaycanın yalnız tərəfdaş deyil, əsl dostlar olduğunu deyərək qeyd edib ki, konfransın başlıca məqsədlərindən biri mövcud dostluq münasibətlərinin inkişaf etdirilməsindən ibarətdir. Missisipi ştatından olan senator Rocer Uiker iki ölkə arasında beynəlxalq təhlükəsizlik, o cümlədən, enerji təhlükəsizliyi sahəsində yaranmış və möhkəmlənməkdə olan tərəfdaşlıq münasibətlərinin strateji əhəmiyyətini qeyd edib, Azərbaycanın qlobal enerji təhlükəsizliyinə verdiyi töhfələrdən danışıb. Azərbaycanın ABŞ-dakı fövqəladə və səlahiyyətli səfiri Elin Süleymanov ABŞ-la Azərbaycan arasında bir çox oxşarlığın olduğunu deyərək, bu oxşarlıqlar sırasında tolerantlığı xüsusi vurğulayıb. Tennessi ştatından seçilmiş konqresmen Stiv Koen Azərbaycanın yerləşdiyi bölgənin əhəmiyyətindən danışıb, bu mürəkkəb bölgədə ABŞ-ın mühüm müttəfiqinə çevrildiyini söyləyib. Luizianadan olan konqresmen Bill Kəssidi beynəlxalq təhlükəsizliyin əsasını təşkil edən enerji təhlükəsizliyi üzərində xüsusi dayanaraq, Azərbaycanın bu baxımdan geostrateji önəm kəsb etdiyini bildirib. Konfransın işi sessiyalarda davam etdirilib. “ABŞ-Azərbaycan tərəfdaşlığının iki onilliyi: 20 illik birgə fəaliyyətin dərsləri” adlanan birinci sessiyada ABŞ Administrasiyasını təmsil edən dövlət katibi köməkçisinin müavini Erik Rubin Azərbaycana iqtisadi uğurlarla yanaşı, demokratik islahatlar baxımından böyük önəm verildiyini deyərək ötən 20 ildə ikitərəfli münasibətlərdə əldə olunan uğurlardan danışıb, gələcək əməkdaşlıqla bağlı böyük gözləntilər olduğunu söyləyib. Azərbaycan Respublikası xarici işlər nazirinin müavini, Azərbaycanın ABŞ-dakı keçmiş səfiri Hafiz Paşayev Azərbaycanın iqtisadi uğurlarından söz açaraq artıq xarici ölkələrdə sərmayə proqramları həyata keçirən dövlət durumuna gəldiyini qeyd edib. İraq və Əfqanıstandakı əməliyyatlar zamanı Azərbaycanın ABŞ-a böyük dəstək verdiyini söyləyən H. Paşayev təhlükəsizlik sahəsində iki dövlət arasında əlaqələri yüksək qiymətləndirib. Sessiya məruzəçilərinin iki ölkə arasında müxtəlif sahələrdə mövcud olan əməkdaşlığı və bunun nəticələri haqda təqdimatlarından sonra iştirakçıların sualları cavablandırılıb.
URL / WWW
http://kelam.az/article/a-6190.html