Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Azərbaycanlı jurnalistlər Türkiyədə görüşlər keçiriblər
27.04.12 15:26

Azərbaycanın bölgələrində fəaliyyət göstərən jurnalistlərin Ankarada görüşləri başlayıb. Azərbaycan Mətbuat Şurası və Türkiyənin Baş Bakanlığı yanında Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) birgə layihəsi çərçivəsində reallaşdırılan bu səfərdə ölkəmizin 10 şəhər və rayonunda nəşr olunan yerli qəzetlərin baş redaktorları, dövlət qəzet və informasiya agentliklərinin bölgə müxbirləri təmsil olunur. Bu barədə məlumatı “KƏLAMİNFO”ya MŞ-dən veriblər. Mətbuat Şurasının icraçı katibi Rəhim Hüseynzadənin rəhbərlik etdiyi nümayəndə heyətinə “Dialoq Avrasiya” Platforması ölkəmizdəki təmsilçisi Mustafa Saatçı da daxildir. Nümayəndə heyəti Ankarada bir sıra görüşlər keçirib. Əvvəlcə qonaqlar ulu öndər M.K.Atatürkün məzarını və abidə kompleksini ziyarət edib, dahi şəxsiyyətə məxsus əşyaların saxlanıldığı muzeylə tanış olublar. Sonra jurnalistləri Böyük Millət Məclisinin üzvü, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri, professor Nejdet Ünüvar qəbul edib. Tərəflər iki dost və qardaş ölkə arasındakı əlaqələrə, müxtəlif proseslərə nəzər salıb, medianın mövcud durumdakı rolunu təhlil ediblər. Millət vəkili həmin gün “TRT Avaz” telekanalındakı canlı dialoqda “Seçkilərdən sonrakı Ermənistana yanaşmada hansı məqamlara diqqət yetirilməlidir” mövzusu ilə əlaqədar suallara cavab verilməsi üçün azərbaycanlı jurnalistlərlə ortaq mövqe axtarışında olub, onların təkliflərini də dəyərləndirərək nəzərə alacağını bildirib. Sonra KİV nümayəndələri Türkiyə Baş Bakanlığı yanında Mətbuat və İnformasiya İdarəsində olublar. Qurumun sədr müavini Arif Gülən türkdilli xalqların media qurumlarının ali məclislərinin xüsusilə yüksək əhəmiyyətə malik olduğunu deyib. A.Gülən bildirib ki, hazırda Türkiyədə 2780 qəzet dərc edilir ki, onlardan 187-i bütün ölkə ərazisini, 92-i yalnız regionları əhatə edir. Bundan əlavə Türkiyədə 3679 jurnal, 248 televiziya, 1059 radio fəaliyyət göstərir. Rayon qəzetlərinin sayı isə 2501-dir: O deyib ki, təmsil olunduğu təşkilat 13 min jurnalistə, o cümlədən ölkədə fəaliyyət göstərən 330 xarici ölkə jurnalistinə vahid vəsiqə verib. A.Gülən Türkiyə və Azərbaycan KİV-ləri arasında təcrübə mübadiləsi, jurnalistlərin bilik və bacarıqlarının qarşılıqlı şəkildə bölüşməsi və onların biri-birini yaxından tanıması üçün təşkil edilən bu səfərləri yüksək qiymətləndirib, proqram çərçivəsində qonaqların Türkiyənin bir neçə KİV-ində olacağını vurğulayıb. R.Hüseynzadə Türkiyə və Azərbaycanın media təmsilçilərinin təmaslarının davamlılığı üçün yeni layihələrin zəruriliyini bildirib O, tədbirlərin formatının daha da zənginləşdirilməsinin vacibliyini vurğulayıb. Növbəti görüş TİKA-da keçirilib. Qonaqlar qurumun fəaliyyəti, uğurları ilə tanış olublar. Qurumun sədr müavini Mehmet Sulyar 1992-ci ildə fəaliyyətə başlayan təşkilatın hazırda 25 ölkədə, o cümlədən Azərbaycanda ümumilikdə 28 ofisinin olduğunu, bir sıra sahələrdə layihələr həyata keçirdiyini vurğulayıb. O, Azərbaycanın regionlarında mətbuatın inkişafına dəstək məqsədilə gələcəkdə də müxtəlif layihələrin gerçəkləşdiriləcəyini bildirib. M.Saatçı, “Gəncənin səsi” qəzetinin baş redaktoru Rəfiqə Sadıqova təkliflərini səsləndiriblər. Sonra nümayəndə heyəti böyük şərq mütəfəkkiri Mövlanə Cəlaləddin Ruminin dəfn olunduğu abidə kompleksini ziyarət edib, onun adını daşıyan universitetlə tanış olublar. “Zaman” qəzetinin Konya şəhərində yerləşən regional təmsilçiliyində olan qonaqları redaksiyanın rəhbəri Şirin Qabaqçı qarşılayıb. O bildirib ki, regional təmsilçiliyə 5 vilayət-Konya, Ağsaray, Karaman, Niydə və Nevşehir daxildir. Ş.Qabaqçı vurğulayıb ki, iki milyondan artıq əhalisi olan Konyada 9 yerli qəzet fəaliyyət göstərir. Lakin onların tirajının digər vilayətlərə nisbətdə aşağıdır və 600-700 tiraj təşkil edir. Tirajın azlığına baxmayaraq burada da dövlət qurumlarının rəsmi elanlarının bölgüsündən faydalanmalar var. Həmin nəşrlər də müəyyən qruplarda birləşirlər. Xatırladaq ki, səfər proqramı çərçivəsində aprelin 27-28-dəki görüşlər İstanbuldakı media qurumlarında baş tutacaq. Bundan əlavə tarixi yerlərlə də tanışlıq nəzərdə tutulur.
URL / WWW
http://kelam.az/article/a-6178.html