Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » RİTN “Eurovision” hazırlıqlarını yekunlaşdırmaq üzrədir
25.04.12 14:27

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (RİTN) “Eurovision”la əlaqədar tədbirlər həyata keçirir. Nazirlikdən “KƏLAMİNFO”ya verilən məlumata görə, Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamına əsasən, RİTN-in əmri ilə “Azərbaycanda “Eurovision-2012” mahnı müsabiqəsinin təşkili ilə bağlı daxili Tədbirlər Planı” təsdiq edilib.Tədbirlər Planına əsasən, RİTN tərəfindən aidiyyəti dövlət qurumları, telekommunikasiya operatorları və İT şirkətləri ilə birgə görüləcək ilkin işlər, o cümlədən “Eurovision-2012” mahnı müsabiqəsinin biletlərinin internet vasitəsilə onlayn satışının təşkili, nəqliyyat xidmətləri ilə əlaqədar telefon dəstək mərkəzinin yaradılması, turistlərin yerləşdirilməsinin təşkili, ictimai-iaşə, ticarət və xidmət obyektləri, proqramların, suvenir və xatirə əşyalarının müsabiqəyə hazırlanması, xarici qonaqların məlumatlandırılması və məlumat mərkəzlərinin yaradılması, müsabiqə keçiriləcək yerin texniki hazırlığı, respublika telekommunikasiya şəbəkəsinin hazırlığının yüksəldilməsi, mobil operatorlar tərəfindən görüləcək işlər, müsabiqənin yayımının təşkili müəyyənləşdirilib. Eyni zamanda, Tədbirlər Planının RİTN-ə aid bəndlərinin icrası məqsədilə aidiyyəti icraçılar müəyyən edilərək yerinə yetiriləcək tədbirlər ciddi nəzarətə götürülüb. Ötən müddət ərzində görülən işlər nəticəsində müsabiqənin rəsmi internet saytı, həmçinin mühafizəsi məqsədilə nativli ehtiyat nüsxələri yaradılıb və saytın mühafizəsi təşkil edilib. Müsabiqənin keçiriləcəyi “Baku Crystal Hall” kompleksinə 3 (üç) istiqamətli dayanıqlı optik rabitə təmin edilmiş, kompleksin daxilində, tədbiri işıqlandıracaq jurnalistlər üçün inşa edilən mətbuat mərkəzində və kompleksin ərazisində simli və simsiz genişzolaqlı internet şəbəkəsi və tələbata uyğun İSDN rabitəsi qurulub. Müsabiqə ərəfəsində və müddətində respublikamıza minlərlə xarici ölkə nümayəndələrinin və turistlərin gələcəyi və bununla əlaqədar telefon danışıqlarının artacağı nəzərə alınaraq, mövcud istiqamətlərdə kanalların artırılması üçün tədbirlər görülüb, həmçinin beynəlxalq telefon danışıqlarını təmin edəcək nativli rabitə yaradılıb. Kompleksin daxilində və ona yaxın ərazilərdə, həmçinin ətrafdakı binalarda yüksək və dayanıqlı mobil rabitə xidmətinin təmin edilməsi üçün quraşdırılacaq avadanlıqlar eyni vaxtda 30 mindən artıq abunəçiyə xidmət edə biləcəkdir. Abunəçilərə “2G”, “3G” xidmətləri ilə yanaşı, Azərbaycanda ilk dəfə olaraq kütləvi istifadə üçün LTE texnologiyasının da təklif edilməsi planlaşdırılır. Müsabiqə müddətində televiziya və radio yayımının qüsursuz və dayanıqlı olaraq təmin edilməsi məqsədilə tələb olunan avadanlıqların əsas hissəsi “Teleradio” İB tərəfindən alınaraq respublikaya gətirilmiş və quraşdırılması təmin edilmişdir. Yayımın Avropa Yayım Birliyinə (AYB) ötürülməsi üçün 4 istiqamətli nativ rabitə təşkil edilib, həmçinin respublika ərazisində yayımı üçün lazımi işlər görülüb. Kompleksin həyətində tələb olunan peyk avadanlıqlarının quraşdırılması və işlərin tam olaraq başa çatdırılması kompleksdə aparılan ümumi tikinti işlərinin qrafikinə uyğun təmin ediləcək. Eyni zamanda, müsabiqə müddətində Bakı şəhəri və Abşeron yarımadası ərazisində HD formatda TV və radio yayımının təşkili üçün müvafiq hazırlıq işləri həyata keçirilib. Müsabiqə müddətində müxtəliftipli simsiz radiorabitə vasitələrindən dayanıqlı və kənar maneələrsiz istifadənin təmin edilməsi üçün müvafiq radiotezliklərin ayrılması təmin edilib. Bütün bunlarla yanaşı, “Eurovision-2012” mahnı müsabiqəsi üçün xüsusi olaraq respublikamızın qədim tarixini, mədəniyyətini və müasir dövrünü əks etdirən poçt markaları dəsti və nəfis tərtibatlı 32 səhifəlik içlikli qutu kitabça hazırlanıb. Xarici qonaqlara pulsuz dəstək göstərilməsi üçün “Bakı Telefon Rabitəsi” İB-nin nəzdində Azərbaycan, rus, ingilis, alman və fransız dillərində sərbəst danışan məlumat mərkəzi yaradılıb, bu xidmət üçün “1656” və “1111” qısa nömrələri ayrılıb və hazırda həmin nömrələrə sabit və mobil operatorlardan yığım təşkil edilib. Mədəniyyət və Turizm Nazirliyinin müraciətinə əsasən, RİTN-in və aidiyyəti idarələrin mütəxəssisləri tərəfindən yaradılan qruplar Bakı şəhərində xidmət göstərən 74 ədəd mehmanxananın hər birinə ayrı-ayrılıqda baxış keçirib, internet xidmətinin keyfiyyəti yoxlanılıb və tədbir müddətində qonaqların sayı nəzərə alınaraq keyfiyyətli internet xidmətinin verilməsi üçün tələb olunacaq texniki parametrlər barədə Mədəniyyət və Turizm Nazirliyinə məlumat verilib. Həmçinin, mehmanxanaların onlayn sifariş edilməsi, kinoteatr və teatrlara biletlərin onlayn satışı Mədəniyyət və Turizm Nazirliyi, taksilər üçün məlumat mərkəzinin təşkili Nəqliyyat Nazirliyi, müsabiqənin izlənməsi üçün iriölçülü elektron tabloların və müasir taksofon aparatlarının quraşdırılması işləri isə Bakı Şəhər İcra Hakimiyyəti ilə birgə həyata keçirilir. Ölkəmizin zəruri məkan ünvanlarının GPS sistemi ilə asan tapıla bilməsi üçün proqram təminatı hazırlanıb və müsabiqənin rəsmi saytına yerləşdirilib. Bununla yanaşı, müsabiqəyə hazırlıq məqsədilə AYB və Təşkilat Komitəsi tərəfindən rabitə təminatı ilə əlaqədar mütəmadi olaraq müəyyən işlərin görülməsi tələb olunur ki, bu müraciətlərə də operativ baxılaraq həll edilməsi üçün tədbirlər görülür. RİTN-in müvafiq qərarına əsasən, ölkəmiz üçün çox əhəmiyyətli olan bu beynəlxalq müsabiqənin yüksək səviyyədə keçirilməsi məqsədilə tədbirin rabitə təminatının dayanıqlı və qüsursuz olması üçün bütün imkanlar səfərbər edilməli, özəl sektorun bütün operator və provayderlərinin birgə fəaliyyəti təmin olunmalıdır.
URL / WWW
http://kelam.az/article/a-6149.html