Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Məqalələr » Elmin zirvəsində…
19.10.09 14:58

Akademik Əhməd Mahmudovun elmə olan məhəbbəti insanlara olan sevgisi qədər tükənməz idi...
Ölkəmizdə iqtisad elminin inkişafında müstəsna xidmətləri olan Əhməd Mahmudovun zəngin elmi və təşkilatçılıq fəaliyyəti bütünlüklə Azərbaycan Elmlər Akademiyası İqtisadiyyat bölməsi və 1958-ci ildən bu bölmənin əsasında yaranan İqtisadiyyat İnstitutu ilə bağlı olub. Akademik Ə.Mahmudov 1958-1964-cü illərdə İqtisadiyyat İnstitutu direktorunun elmi işlər üzrə müavini, 1964-cü ildən ömrünün sonunadək isə bu elm mərkəzinin direktoru olub. Ə.Mahmudov 1956-cı ildə namizədlik, 1968-ci ildə doktorluq dissertasiyalarını müdafiə edib, 1972-ci ildə AMEA-nın müxbir üzvü, 1983-cü ildə isə həqiqi üzvü seçilib.
Alimin AMEA-nın İqtisadiyyat İnstitutunun elmi istiqamətlərinin müəyyənləşdirilməsində də əvəzsiz xidmətləri olub. Akademik Ə.Mahmudov 200-dən artıq elmi əsərin, monoqrafiya və dərsliyin, elmi məqalələrin və metodik vəsaitlərin müəllifi olub.
Ə.Mahmudov Azərbaycan torpağının imkanları haqqında geniş informasiyaya, ətraflı biliyə malik idi. Ümummilli lider Heydər Əliyevin ötən əsrin 70-ci illərində respublikaya rəhbərlik etdiyi dövrdə ölkə iqtisadiyyatının yenidən qurulması, kənd təsərrüfatının sürətlə inkişaf etdirilməsi məhz bu cür elmi yanaşmanın əsasında mümkün ola bilərdi. Ə.Mahmudov tədqiqatlarında elmi və əməli surətdə sübut edirdi ki, kənd təsərrüfatının strukturunun təkmilləşdirilməsi, maddi-texniki bazanın yenidən qurulması üçün sərf edilən maddi-maliyyə resursları yüksək səmərə ilə nəticələnəcək. Təsadüfi deyil ki, uzun müddət Ə.Mahmudov kənd təsərrüfatının intensivləşdirilməsi problemləri, eyni torpaq sahəsinə əlavə vəsaitlər qoyuluşu və əmək sərfi nəticəsində ikinci diferensial rentanın yaranması sahəsində geniş tədqiqat işləri aparan görkəmli sovet alimlərindən biri hesab olunmuşdur. Alimin tədqiqatlarının bu gün də aktuallığını saxladığı, regionların sosial-iqtisadi inkişafı ilə bağlı prezident İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilən Dövlət proqramlarının reallaşması istiqamətində mühüm əhəmiyyət kəsb edir. Mayın 22–də Odlar Yurdu Universitetində görkəmli iqtisadçı alim, akademik Əhməd Mahmudovun anadan olmasının 85 illiyi ilə bağlı elmi konfrans keçirildi.
Universitetin rektoru, Milli Məclisin deputatı, professor Əhməd Vəliyev akademik Ə.Mahmudovu təvazökar, qayğıkeş, müdrik insan, öz peşəsinin sirrlərinə dərindən yiyələnmiş alim, istedadlı təşkilatçı kimi xarakterizə etdi, onun nəsillərə örnək olan xeyirxah əməllərindən danışdı.
Universitetdə hər il akademik Ə.Mahmudovun doğum günü ilə bağlı beynəlxalq və respublika səviyyəli elmi konfranslar keçirildiyini diqqətə çatdıran Ə.Vəliyev  Bu konfranslarda respublikanın və universitetin iqtisadçı alimləri, tələbələri elmi çıxışlar etdiyini, eyni zamanda, Ə.Mahmudovun tələbələri və dostları onun elmi və həyat fəaliyyəti ilə bağlı xatirələrini söylədiklərini vurğuladı.  Ə.Vəliyev qeyd etdi ki, bu ali təhsil ocağında ilin ən yaxşı iqtisadçı müəllimi üçün akademik Əhməd Mahmudov adına makafat və iqtisadçı tələbələr üçün təqaüd təsis olunub.
Konfransda Milli Məclisin İqtisadi siyasət məsələləri daimi komissiyasının sədri, akademik Ziyad Səmədzadənin “Akademik Əhməd Mahmudov və Azərbaycanın iqtisad elmi”, professor Əli Əlirzayevin “Akademik Əhməd Mahmudov və Azərbaycan iqtisad məktəbinin təkamülü”, professor Sadıq Salahovun “Milli istehsalçı marağının qorunmasında dövlətin rolu”, professor Can Mari Russonun (Fransa) “İqtisadi tarazlığın təminatında valyuta siyasətinin rolu və əhəmiyyəti” mövzularında məruzələri dinlənildi.
Mayın 26-da Azərbaycan Dövlət İqtisad Universitetində görkəmli iqtisadçı alim, akademik Əhməd Mahmudovun “Azərbaycan iqtisadiyyatının aktual problemləri” kitabının təqdimat mərasimi keçirildi.
Tədbirin iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin xatirəsini yad edərək, ulu öndərin İqtisad Universitetindəki büstünün önünə gül dəstələri düzdülər. Daha sonra milli təhlükəsizlik naziri Eldar Mahmudov və qonaqlar universitetdə yaradılmış Heydər Əliyev Mərkəzi ilə tanış oldular.
Universitetin rektoru, Milli Məclisin elm və təhsil məsələləri daimi komissiyasının sədri, professor Şəmsəddin Hacıyev bu günlərdə anadan olmasının 85 illiyi qeyd olunan akademik Əhməd Mahmudov görkəmli alim, istedadlı təşkilatçı, təvazökar, qayğıkeş və müdrik insan kimi xarakterizə etdi. O, akademik Ə.Mahmudovun nəsillərə örnək olan xeyirxah əməllərindən danışdı. Hər bir insanın öz əməlləri ilə tanındığını vurğulayan Ş.Hacıyev vaxtilə bu universitetdə təhsil alan Əhməd Mahmudov kimi məzunlarla fəxr etdiklərini bildirdi. Onun sözlərinə görə, görkəmli akademik Vətəninə, xalqına, doğulub boya-başa çatdığı torpağa bağlılığı ilə hər bir iqtisadçının qəlbində abidə ucaldıb. Ş.Hacıyev akademikin yalnız özünün deyil, övladlarının da bu universitetdə təhsil aldıqlarını diqqətə çatdırdı. 
Mərasimdə respublikanın tanınmış alimləri və ictimai-siyasi xadimləri – akademik Asəf Nadirov, Milli Məclisin Aqrar siyasət məsələləri daimi komissiyasının sədri Eldar İbrahimov, Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov, iqtisadçı alim, professor Sadıq Salahov, Prezident yanında Dövlət İdarəçilik Akademiyasının rektoru Seyfəddin Qəndilov, Prezident yanında Sahibkarlar Şurasının sədr müavini Qüdrət Kərimov, Milli Məclisin deputatı Xanhüseyn Kazımlı akademik Əhməd Mahmudovun böyük elmi və ictimai fəaliyyətindən danışdı, yüksək insani keyfiyyətləri ilə bağlı xatirələrini söylədilər.
Yubiley ərəfəsində Milli Məclisin İqtisadi siyasət məsələləri daimi komissiyasının sədri Ziyad Səmədzadənin rəhbərliyi altında akademik Əhməd Mahmudovun respublika iqtisadiyyatının aktual problemlərinə həsr olunmuş bir sıra əsərləri toplanaraq nəfis tərtibatla kitab şəklində çap olunub. Ə.Mahmudov tərəfindən aparılmış elmi araşdırmaların nəticəsi olaraq müxtəlif illərdə nəşr edilmiş məqalələrin toplandığı kitab bu gün də baş verən iqtisadi proseslərlə həmahəngdir.
Ə.Mahmudovun elmi əsərlərinin əhəmiyyətindən danışan akademik Ziyad Səmədzadə Azərbaycan iqtisadi fikrinin qədim tarixə malik olduğunu, bu sahədə çalışan mütəfəkkirlərin elmi irsinin təbliğinin mühüm əhəmiyyətə malik olduğunu bildirib. “Elmi irsimizi qoruyaq” rubrikasında dərc olunmuş kitabı elm aləmi üçün şərəfli hadisə adlandıran Z.Səmədzadə bu əsər üzərində bir il yarım müddətdə iş aparıldığını, yalnız kompyuter vərəqlərinin sayının 12 mini ötdüyünü diqqətə çatdırıb. Onun sözlərinə görə, alimin tədqiq etdiyi məsələlərin elmi aktuallığı nəzərə alınıb, 8 bölmədən ibarət kitabda materiallar qruplaşdırılarkən Azərbaycan iqtisadiyyatının yeni tendensiyaları əsas götürülüb.
Akademik Ə.Mahmudovun oğlu, milli təhlükəsizlik naziri Eldar Mahmudov mərasimdə çıxış edərək kitabın ərsəyə gəlməsində zəhməti olanlara ailələri adından təşəkkür etdi, atası haqqında söylənən xoş fikirlərə görə minnətdarlığını bildirdi. “Azərbaycanın görkəmli elm xadimləri” seriyasından çap edilən kitabı əlamətdar hadisə adlandıran E.Mahmudov xalqımızın görkəmli elm xadimləri və şəxsiyyətləri haqqında belə kitabların daha çox və müxtəlif dillərdə nəşr olunmasını, geniş yayılaraq Azərbaycan elminin potensialını bütün dünyada tanıtmalı olduğunu söylədi. Onun sözlərinə görə, bunun üçün Azərbaycan hər cür şəraitə malikdir. O, bu istiqamətdə inkişaf xəttinin əsasını ulu öndər Heydər Əliyevin qoyduğunu və prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğuladı. Atasının “Hər şey torpaqdan başlanır” fikrini xatırladan nazir bu gün geniş dünyagörüşlü, xalqa və dövlətə sadiq vətənpərvərlər yetişdirməyin vacib vəzifələrdən olduğunu diqqətə çatdırdı.
E.Mahmudov Azərbaycanın milli təhlükəsizliyinin təmin edilməsi, milli maraqların qorunması, hər cür təhdidlərin qarşısının alınması məqsədilə son illər Milli Təhlükəsizlik Nazirliyində aparılan struktur dəyişiklikləri, maddi-texniki bazanın gücləndirilməsi, fəaliyyətin məqsədyönlü və səmərəli təşkili, onun konkret nəticələri üzrə görülən işlər barədə də mərasim iştirakçılarına ətraflı məlumat verdi.
Mayın 30-da AMEA-nın Rəyasət Heyətində görkəmli iqtisadçı-alim və elm təşkilatçısı, akademik Əhməd Mahmudovun 85 illik yubileyinə həsr olunmuş elmi sessiya keçirildi.
AMEA-nın prezidenti akademik Mahmud Kərimov Azərbaycanda iqtisad elminin böyük təşkilatçısı Ə.Mahmudovun zəngin elmi irsinin müasir Azərbaycan iqtisadiyyatının aktual problemlərini araşdıran tədqiqatçılar, iqtisadi tarixini öyrənənlər, gənc iqtisadçılar nəsli üçün dəyərli bir məktəb olduğunu qeyd etdi, alimin iqtisad elminin nəzəri və praktiki problemlərinin həlli istiqamətində gördüyü işlərdən danışdı.
Ə.Mahmudovun respublikada iqtisad elminin inkişafı sahəsindəki xidmətlərindən, ölkənin ali məktəblərində siyasi iqtisad fənninin tədrisi sahəsindəki böyük pedaqoci fəaliyyətindən söhbət açıldı, yüksəkixtisaslı iqtisadçı kadrların hazırlanmasının onun adı ilə bağlı olduğu vurğulandı. Alimin MEA İqtisad İnstitutuna rəhbərliyi dövründə 300-dən artıq elmlər namizədi və doktorunun müdafiə etdiyi qeyd edildi.
“Akademik Əhməd Mahmudovun elmi təşkilatçılıq fəaliyyətinin ana xəttini respublika iqtisadiyyatının dirçəlişinə xidmət etmək təşkil edirdi və o, bu istiqamətdə çox gərgin və məhsuldar iş aparırdı”,–deyən Milli Məclisin İqtisadi siyasət məsələləri daimi komissiyasının sədri, akademik Ziyad Səmədzadə aqrar-sənaye inteqrasiyası, ictimai istehsalın intensivləşdirilməsi, əmək ehtiyatlarından səmərəli istifadə edilməsi, əmək məhsuldarlığının yüksəldilməsi, təsərrüfat hesabı problemlərinin tədqiqi məsələlərinin alimin elmi axtarışlarında əsas yer tutduğunu bildirdi. Z.Səmədzadə alimin Azərbaycanda iqtisad elminin inkişafında görkəmli alim-tədqiqatçı kimi böyük iz qoyub getdiyini vurğulayaraq “Azərbaycan iqtisad elmi yaşayır və bundan sonra da doğma respublikamızın dirçəlişinə kömək edəcəkdir. Çünki onun əsl vətəndaş alim, akademik Əhməd Mahmudov kimi ağsaqqalı olub”,- deyə bildirdi.
Akademiklər Asəf Nadirov, Budaq Budaqov, Teymur Bünyadov, İsa Həbibbəyli, Məhəmməd Şahtaxtinski, AMEA-nın müxbir üzvləri Asəf Hacıyev, AMEA İqtisad İnstitutunun direktoru Şahbaz Muradov, Rusiya Rəssamlar İttifaqının vitse-prezidenti, xalq rəssamı Tahir Salahov akademik Əhməd Mahmudovun elmi-pedaqoci və ictimai fəaliyyəti haqqında danışdılar, müdrik insan, böyük ziyalı olduğunu vurğulayaraq alimlə bağlı xatirələrini bölüşdülər.
Akademikin oğlu, milli təhlükəsizlik naziri Eldar Mahmudov tədbirdə çıxış edərək atasının xatirəsinə göstərilən diqqət və qayğıya görə tədbir təşkilatçıları və iştirakçılarına öz minnətdarlığını bildirdi.
Tədbirdə həmçinin akademik Əhməd Mahmudovun 85 illik yubileyinə həsr olunmuş “Qoşa bahar salnaməsi” adlı film göstərildi.
Ə.Mahmudov Azərbaycanın iqtisadi potensilanın inkişafının formalaşmasına öz payını verməyə çalışırdı. Onun əsasını yaratdığı iqtisadiyyat məktəbinin yetirmələri Azərbaycanın sayılıb-seçilən alimləri sırasında dayanırlar. Ə.Mahmudovu tanıyanlar onun alim tələbkarlığını, müəllim ciddiliyini, təəssübkeşliyini, mədəniyyətini hər zaman ehtiramla xatırlayır.  O, ali məktəblər üçün Azərbaycan dilində «Siyasi iqtisad» dərsliyini, «Kolxoz və sovxoz iqtisadçılarının məlumat» kitabını və iqtisadiyyat sahəsində müxtəlif metodiki vəsaitlərin müəllifidir.
Ə.Mahmudov daha çox kənd təsərrüfatı sahəsinə aid olan torpaqşunaslıq elmini iqtisad elmi səviyyəsinə yüksəldə bildi və ona yeni məzmun gətirdi. Bundan başqa Azərbaycanda iqtisadi səmərəlilik təlimi də akademik Ə.Mahmudovun adı ilə bağlıdır.
Ə.Mahmudovun xatirəsi təkcə Azərbaycanda deyil, onun hüdudlarından kənarda da daim yad edilir. Onun adı hər yerdə xalqımızın şərəfli ünvanı kimi səslənir. Ə.Mahmudovun elmə olan məhəbbəti insanlara olan sevgisi qədər tükənməz idi. 
Ə.Mahmudov həm də qayğıkeş ata və mehriban ailə başçısı idi. Ailəsini bütün varlığı ilə sevərdi. Bu sevgi onun ər qüruruna, ata tələbkarlığına xələl gətirməzdi.   Ə.Mahmudovun həyatda ən böyük arzusu övladlarının Vətənə layiqli olmaları idi.
Akademikin oğlu, Azərbaycanın milli təhlükəsizlik naziri Eldar Mahmudov atası haqqında belə deyir: “Mayın 25-də atamın anadan olmasının 85 ili tamam olur. Artıq bir neçə ildir ad günü və yubileyləri atamsız keçiririk. Bütün ömrünü torpağa həsr edən atam üçün Vətən, millət anlayışı onun həyatının mənası idi. Azərbaycanın bütün bölgələrində torpağın qüvvəsini, nəyə qadir olmasını gözəl bilirdi. Atamın həyat kredosu Azərbaycanın yeraltı və yerüstü sərvətlərinin sirlərini açmaq idi. Ümummilli lider Heydər Əliyev dövründə çalışıb işləmiş atam onun milli ideologiyaya söykənən prinsipi rəhbər tuturdu. O, bu prinsipləri rəhbərlik etdiyi kollektivə aşılamağa çalışırdı. Atam övladlarına və yaxınlarına qarşı daha da tələbkar idi. Çünki verdiyi nəsihətlərdə özü və ailəsinin hamıya nümunə olmasını istəyirdi. İqtisadçı alim kimi o iqtisadiyyatı güclü olan dövlətin yenilməz olduğunu gözəl bilirdi.”
    
PALMALİnin töhfəsi 23 may 2007-ci il tarixində Nicniy Novqorod şəhərinin “Krasnoe Sormovo” gəmiqayırma zavodunda PALMALİ Şirkətlər Qrupunun sifarişi ilə RSD17 layihəsi əsasında inşa edilən beş quru yük gəmisindən sonuncusunun suya salınma mərasimi keçirildi. Quru yük gəmisi Azərbaycanın məhşur iqtisadçı alimi, akademik Əhməd Mahmudovun adını daşıyırdı.
Gəminin dedveyti 6 271 tondur. Uzunluğu 121.7 metr, eni 16.5 metr, göyərtəsinin hündürlüyü 6.2 metr, su altında qalan hissəsi 5.06 metrdir. Gəmi heyyəti 14 nəfərdən ibarətdir.
Odessa şəhərinin “Gəmi Mühəndisliyi Bürosu” tərəfindən hazırlanan layihə əsasında inşa edilən gəmi beynəlxalq konvensiyalar və ekoloci standartların bütün tələblərinə cavab verir. Adı kəçilən gəmidə bir çox konstruktiv təkmilləşdirmə tətbiq olunub və bununla da onun yük tutumu artırılıb.
Gəminin suya salınma mərasimində şirkətin prezidenti Mübariz Mənsimovun başçılıq etdiyi nümayəndə heyəti, Azərbaycanın RF-dakı səfiri Polad Bülbüloğlu, azərbaycanlıların Rusiyadakı diaspor təşkilatlarının təmsilçiləri, Əhməd Mahmudovun ailə üzvləri, Nicniy Novqorod əyaləti və Sormovo inzibati rayonun rəhbərliyi, Krasnoe Sormovo zavodunun nümayəndələri və işçiləri iştirak edirdilər.
Mərasimdə çıxış edən Əhməd Mahmudovun oğlu, milli təhlükəsizlik naziri Eldar Mahmudov PALMALİ Şirkətlər Qrupunun prezidenti Mübariz Mənsimova onun atasının xatirəsinə göstərilən belə ehtirama görə ailə üzvləri adından öz minnətdarlığını bildirdi.
Konsert proqramı ilə müşaiyət olunan mərasimin sonunda köhnə dənizçi ənənəsinə uyğun olaraq Əhməd Mahmudovun qızı Elmira Mahmudova şampan şərabı şüşəsini gəminin göyərtəsinə çırpdı.
Dənizlərdə, okeanlarda ləpələrə sinə gərərək üzən bu gəmi indi akademik Ə.Mahmudovun adını dünyada yaşadır.

Səid Seyidzadə
URL / WWW
http://kelam.az/article/a-61.html