Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Məqalələr » Şeyx bəyanat verdi
27.03.12 18:18

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə bu il fevral ayının 20-də Əfqanıstanda Amerika hərbçiləri tərəfindən müqəddəs Qurani-Kərimin yandırılması faktına öz münasibətini bildirib.  Şeyx bununla bağlı bəyanat verib. Bəyuanatda deylir:

- Son zamanlar bir sıra sivil cəmiyyətlərdə, özəlliklə dünya birliyinə multi-mədəniyyət ideyasını təlqin etmək istəyən Qərb ölkələrində mənəviyyat və əxlaq amillərinin iflasa yönəlməsi bizi son dərəcə narahat edir. XXI əsri mədəniyyətlərin yaxınlaşması dönəmi kimi təqdim etmək cəhdləri, təəssüf ki, əməli cəhətdən gündən-günə süquta uğramaqdadır. Müasir qloballaşma dövrünün ən xoşagəlməz cəhətlərindən biri də təhqir obyekti kimi din və dini atributların hədəf seçilməsidir. Bu son dərəcə məsuliyyətsiz əməllər məxsusi olaraq İslam dininə və Allah-taalanın ilahi kəlamı sayılan müqəddəs kitabımız Qurani-Kərimə qarşı yönəldiyi üçün biz belə faktları ümumbəşəri sülhün pozulması, qütbləşmənin yaranması, dinlərarası və millətlərarası dialoqa vurulan zərbə kimi dəyərləndiririk.     
Amerika Birləşmiş Ştatları dünyada demokratiyanın və insan azadlıqlarının carçısı kimi tanınmış qüdrətli fövqəldövlətlərdən biridir. Lakin son dövrün tarixi, özəlliklə Yaxın Şərq regionunda baş verən olaylarda müsəlman əhaliyə qarşı irqçi və aqressiv münasibət heç bir şəkildə kimsəyə haqq qazandıra bilməz.  Müqəddəs ziyarətgahların bombalanması, cümə namazlarında, bayram və matəm mərasimlərində dinc əhalinin terrora məruz qalması, Quranın hərbçilər tərəfindən nişangaha çevrilməsi, müqəddəs kitabımızın tonqallara atılması – bütün buna bənzər hadisələrin sırası uzun müddətdir ki, bitmir və hər gün İraqdan, Əfqanıstandan, Pakistandan və başqa müsəlman ölkələrindən gələn yeni acı xəbərlərlə qarşımıza çıxır. Bütün bunlar cəmiyyətimizin humanizmə, ədalətə, bərabərlik və qardaşlığa olan ümidlərini zəiflədir, dini və milli zəmində qarşıdurma və nifaq ruhuna yol açır.
Keçən il ABŞ-da üzdəniraq pastor tərəfindən Quranın yandırılacağı barədə təhdidlər dünya ictimaiyyətinin ardıcıl təzyiq və tələbləri ilə neytrallaşdığı halda, belə bir məsələnin yenidən, bu dəfə müsəlman ölkəsində - Əfqanıstanda hərbçilər tərəfindən gündəmə gəlməsi olduqca qərəzli və fəsadlıdır. Belə ki, müsəlmanların haqlı qəzəb və hiddətinə səbəb olan bu hadisənin törədilməsi sivilizasiyalar arasında toqquşma yaratmaqdan başqa heç nəyə xidmət etmir.  Dilində: “Tanrı bizimlədir!” kəlməsi, düşüncəsində “hürriyət” və “demokratiya” anlayışı olan Amerika hərbçiləri bunu hansı məntiq və hansı vicdanla edə bilirlər?!  İçərisində Həzrət İsanın, Məryəm ananın, Həzrət Musanın adlarının zikr olunduğu, Allah kəlamı sayılan Quranı yandırmağa necə qərar verirlər?! Bu zaman-zaman təkrar olunan hərəkətlərə  biz dini dözümsüzlük, ideoloji təxribat və cəzası vacib olan əməl kimi qiymət verir, eyni münasibəti aidiyyatı olan bütün qurumlardan tələb edirik.
Biz ABŞ-ın dövlət başçısı və digər rəsmilər tərəfindən hadisəyə dair üzrxahlıq bəyanatını müsbət qarşıladıq və növbəti dəfə ümidimizi Allaha, inamımızı bəşərin idrakına bağlayaraq səbrlə belə təxribatların bir daha baş verməməsi üçün dua etdik. Qafqaz Müsəlmanları İdarəsi olaraq, bu dünyada haqqın qələbəsinə inanan bütün insanları, dilindən, dinindən, milliyyətindən asılı olmayaraq bütün mütərəqqi ictimaiyyəti dini dözümsüzlüyə qarşı öz səsini ucaltmağa və birgə səy göstərməyə dəvət etməyi qərar verdik.  Əminik ki,  xalqların və dövlətlərin sabahı naminə etdiyimiz bu çağırış düzgün təhlil olunaraq regionda ictimai-siyasi vəziyyətin sabitləşməsinə xidmət edəcəkdir. Bu müraciətdəki mövqeyimiz – bütün Qafqaz müsəlmanlarının iradəsinin və ədalət tələbinin təzahürüdür.
Allah köməyimiz olsun!

    * * *


Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə İraqın Səyahətlər və Tarixi Abidələr Nazirliyinin departament rəisi Mahmud əz-Zubeydini onun xahişi ilə qəbul edib.
Qonağı səmimi salamlayan Şeyxülislam Allahşükür Paşazadə Azərbaycanla İraq arasında əlaqələrin son illərdəki inkişafından razılığını bildirib. Qafqaz Müsəlmanları İdarəsinin sədri qarşılıqlı səfərlərin iki dövlət arasında münasibətlərin daha da inkişafına töhfə verdiyini xüsusi qeyd edib.
Mahmud əz-Zubeydi İraqın dövlət və hökumət başçılarının salamlarını Şeyxülislam həzrətlərinə çatdırıb. İraqlı qonaq Azərbaycanda keçirdiyi görüşlər barədə Qafqaz Müsəlmanları İdarəsinin sədrinə məlumat verib.
Sonda qonağa xatirə hədiyyəsi təqdim edilib.

* * *


Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə martın 5-də Lüteran Kilsəsinin yepiskopu Hans Kiderleni onun xahişi ilə qəbul edib. Şeyxülislam Allahşükür Paşazadə Azərbaycanda din-dövlət münasibətlərinin yüksək səviyyədə olduğunu bildirib, etiqad və vicdan azadlığı ilə bağlı görülən işlərdən danışıb.
Allahşükür Paşazadə ölkəmizdəki tolerantlığın bütün dünya üçün bir nümunə olduğunu diqqətə çatdırıb.
Lüteran Kilsəsinin yepiskopu Hans Kiderlen Azərbaycanda keçirdiyi görüşlər haqqında Qafqaz Müsəlmanları İdarəsinin sədrinə məlumat verib, ölkəmizdə müxtəlif konfessiyalara yaradılan bərabərhüquqlu şəraitdən razı qaldığını bildirib. Hans Kiderlen Şeyxülislam həzrətlərinin bu sahədəki xidmətlərini yüksək qiymətləndirib. Allahşükür Paşazadənin tanınmış din xadimi kimi fəaliyyətini yaxından izlədiyini deyən yepiskop Qafqaz regionunda sülhün və sabitliyin əldə olunmasında Şeyxülislam həzrətlərinin böyük rolu olduğunu qeyd edib.
Sonda qonağa xatirə hədiyyəsi verilib.
URL / WWW
http://kelam.az/article/a-6000.html