Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Məqalələr » NAXÇIVAN: Tarixiliyin və müasirliyin vəhdət təşkil etdiyi gözoxşayan şəhər
27.03.12 18:18

Muxtar Respublikamızın, xüsusən də paytaxt şəhərimiz Naxçıvanın günü-gündən gözəllik donuna bürünməsi, tarixiliklə müasirliyin vəhdətində inkişaf etməsi hər birimizin qəlbində böyük sevinc, iftixar hissi yaradır. Könülləri oxşayan, ürəklərə təravət gətirən yaraşıqlı, müasir binalar, geniş və səliqəli yollar, gül-çiçəkli parklar, xiyabanlar artıq hər gün yenisi ilə qarşılaşacağına təəccüblənməyəcəyimiz həyat həqiqətlərinə çevrilib. Demək olar ki, hər səhəri şəhərimizin yaxşılığa, gözəlliyə doğru daha bir yeniliyi ilə qarşılayırıq. Təbii ki, bu yeniləşmə hər kəsi məftun edir, duyğulandırır.  Yaradanlar, yaşadanlar ölməz olur deyirlər. Bu, doğrudan da belədir.  Qurub-yaradan insanlar öz işləri ilə adlarını da əbədi olaraq xalqın, millətin və dövlətin tarixinə yazırlar.  Ona görə də qurmaq, yaratmaq həm də yaşatmaq deməkdir. Naxçıvan şəhərində bu sürətli, intensiv quruculuq işləri  hər bir şəhər sakininin, nəinki şəhər sakininin, respublikamızın digər bölgələrindən, hətta yaxın ölkələrdən gələn qonaqların da ürəyini qürur və fəxrlə doldurur. Düşünürsən ki,  bu işlər vətən sevgisindən, yurd təəssübkeşliyindən, doğma elinin ürəkdən sevməkdən, torpağa bağlılıqdan qaynaqlanır. Təqdirəlayiq haldır ki, quruculuq proseslərində Naxçıvanın qədim naxışı itib batmır, əksinə, daha qabarıq şəkildə görünür, göz oxşayır. Şəhər öz qədimliyi və müasirliyi ilə bizi özünə cəzb edir. 
Bu yerdə bir hadisəni də xatırlamaq istəyirəm. Bu yaxınlarda Heydər Əliyev Muzeyinin qarşısında qrup halında gəzişən turistlərin Anadoludan olduqlarını hiss edincə yaxınlaşıb söhbət etdim.  Ərzincanlı olduğunu söyləyən Faruk Süleymanın “yaxın arxadaşlarımızla həftə sonunu fərqli keçirmək üçün Naxçıvana gəlməyi qərara aldıq. Buranın çox gözəl şəhər olduğunu eşitmişdik və gözlərimizlə görmək, istirahət etmək üçün də buranı seçdik. Qərarımızda da yanılmamışıq. Hətta deyərdim ki, adətən biz Qərbə doğru getdikcə Avropaya yaxınlaşdığımız halda bu dəfə Şərqə doğru gəlməklə Avropaya gəldiyimizi düşünürük”,--sözləri də Naxçıvanımızın nə dərəcədə müasir bir şəhər olduğunu göstərir.
Hər bir sənət adamı öz sahəsinə görə zamanın nəbzini tutmağa çalışır.  Şəhərimizin müasir Avropa şəhərləri kimi öz simasını qoruması və zənginləşdirməsinə çalışması və buna nail olması da dövlətimizin öz sənətində zamanın nəbzini tutduğunu fəxrlə qeyd edə bilərik. Təbii ki, hər yazılan əsər kimi hər qurulan, tikilən də ilk növbədə öz zamanının salnaməsini yaratmalıdır. Naxçıvan şəhəri kimi. Naxçıvanın gözəlliyi bizim mənəvi dünyamıza da siraət edir. Küçələrdə addımladıqca, parklarında dincimizi aldıqca, fərqli  və zövqlü dizaynlı binalarının önündən keçdikcə necə qürurlanmayasan, necə zövq almayasan ki. Gözəllik olan yerdə mənəvi aləm də zəngin olur.  Bu gözəllik gözlər önündə günü-gündən öz ahəngini dəyişirsə, Naxçıvanımız çiçəklikdən gülüstanlığa dönürsə, bu, ruhun qidası deməkdir. Dünənlə bu günü müqayisə etmək gəncliklə qocalıq, baharla payızı müqayisə etmək kimidir. 
Gözümüz önündə tikilən, böyüyən, abadlaşan və gözəlləşən Naxçıvanımızı gördükdə sən də yaşamaq və yaratmaq istəyirsən.  Bunu yaradanlara, qayğısına qalanlara isə alqış, min alqış deyirsən.
Qədim Naxçıvanın  15-20 il əvvəlki görünüşü ilə bu gününü müqayisə edəndə gözlərimiz önündə təzadlı bir mənzərə canlanır.  Nəinki 15-20, hətta 5-10 il, 2-3 il əvvəlki ilə bugünkü görünüşünü, təmizliyini, səliqəliliyini müqayisə edə bilmirsən. 20 il əvvəl küçələrində nizamsız, pərakəndə halda səpələnmiş köşklərdən, mağazalardan qarışıq küçə ticarətindən yol tapıb yerimək mümkün olmayan Naxçıvan bu gün  öz gözəlliyi, sadə və müasir görkəmi, geniş küçələri yaraşıqlı gülüstanları ilə dünyanın ən gözəl şəhərlərini xatırladır.  Yeni tipli, dünya standartlarına uyğun binaları, yaşıllıq və xiyabanları ilə, rəngarəng görünüşlü abidələri, məktəbləri ilə doğma Naxçıvanımıza təyyarədən baxanda sanki bəzəkli, nəhəng bir bayram xonçasına baxdığını zənn edirsən. Qürur duymalı hal odur ki, Naxçıvan zaman-zaman həm müasirləşib genişlənir, həm də getdikcə qədimləşir, ululaşır, müqəddəsləşir...
Şərqin qapısı sayılan qədim Naxçıvan torpağı günbəgün misli görünməmiş şəkildə gözəlliyə bürünür.  Dünyanın nadir memarlıq incilərindən sayılan Mömünə Xatun, Yusif Küseyroğlu türbələri  ilə bir cərgədə  milli üslubda yeni tarixi abidələr trikilir, xüsusən paytaxt şəhərimizin bu günü sabahın tarixinə nəqş olunur.  Naxçıvan tarixiliklə müasirliyin vəhdətində daim böyüyən, daim işıqlaşan, daim könül açan, gözəllik donuna bürünən bir məkana çevrilir.


Elxan YURDOĞLU
URL / WWW
http://kelam.az/article/a-5997.html