Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Məqalələr » Maarif fədaisi
27.03.12 18:18

Axund Molla Mustafa Süleyman oğlu Talıbzadə

Axund Molla Mustafa Süleyman oğlu Talıbzadə XIX əsr Azərbaycan  milli ziyalılarının, eləcə də hakim dairələrdə təhsil və maarif məsələlərinə nəzarət edən dövlət məmurlarının biliyinə, dərrakəsinə və müəllimlik qabiliyyətinə güvəndiyi dərin zəka sahiblərindən biri olub. O, uzun müddət yüksək ruhani vəzifələrində çalışaraq xalqın maariflənməsi yolunda geniş və hərtərəfli fəaliyyət göstərib. Təəssüf ki, onun həyat və fəaliyyətinə layiq olduğu qiymət hələ də verilməyib. Halbuki, dövlət arxivlərinin toz basmış, illər boyu qatı açılmamış sənədləri arasında M.S.Talıbzadənin ömür yolunu işıqlandıra biləcək çoxlu materiallar var.1993-cü ilin avqustunda "İslam dünyası" qəzetində Axund Molla Mustafa Talıbzadə haqqında yazdığım məqaləni nəvəsi, görkəmli ədəbiyatşünas alim, akademik Kamal Talıbzadəyə təqdim edəndə onun sevincdən yaşaran gözləri hələ də yadımdadır. Aradan bir neçə ay sonra alimlə Hüsü Hacıyev küçəsində rastlaşdıq. Sevinclə “yazınızı Abdulla Şaiqin muzeyinə qoymuşam" dedi. Sonra gözlərindən şikayətləndi, üzrxahlıqla "rastlaşanda görməsəm, özünüz yaxınlaşın" söylədi.
Kamal müəllimi bir daha görmədim. Əslində yaxınlaşmağa cürət etmədim, yenə də üzrxahlıq edəcəyindən çəkindim, amma babası haqqında topladığım arxiv materiallarını dönə-dönə vərəqlədim, sözləri, cümlələri yeni düşüncə tərzi ilə mənalandırmağa çalışdım. Bu yazını da  həmin təəssüratla yazmaq qərarına gəldim.
Zaqafqaziya Şiə Ruhani İdarəsinin arxiv materialları içərisində vaxtilə deyilməsi və açıqlanması yasaq olunan elə sənədlər var ki, bu gün onlar bir çox qaranlıq məsələlərin işıqlanmasında, dolaşıq məsələlərin çözülüb açılmasında əhəmiyyətli rol oynayır. Axund Molla Mustafa Talıbzadə  haqqında izinə düşdüyümüz  materiallar məhz belələrindəndir.
M.Talıbzadənin 1871-ci il dekabrın 16-da tərtib olunmuş xidməti iş siyahısında onun 47 yaşı olduğu göstərilir. Burada onun ilk təhsil illərindən söz açılmasa da, sonrakı təhsili ilə əlaqədar maraqlı məlumatla var:  o, 1887-ci ildə Təbrizdə "Hacı Səfər Əli Ali  Ruhani Mədrəsəsi" adı ilə məşhur olan ürfan ocağını bitirib.  Zaqafqaziya Şiə Ruhani İdarəsi təhsilini başa vurub Tiflisə qayıdan M.S.Talıbzadənin axund kimi fəaliyyət göstərə biləcəyinin təsdiqi kimi ona 12 dekabr  1873-cü il tarixli 310 nömrəli müvafiq sənəd verib.
Tiflis qubernatorunun 1 mart 1874-cü il tarixli 639 nömrəli sərəncamı ilə Axund Molla Mustafa Talıbzadə Tiflis-Kutaisi Şiə Məclisi İdarəsinə  üzv təyin olunub. 8 il bu vəzifədə işləyəndən sonra Axund Molla Mustafanın Məclis üzvü kimi əsas fəaliyyət sahəsi təhsil məsələləri ilə bağlı  idi. O,  paytaxta yaxın quberniyanın məktəb və maarif məsələləri ilə ciddi məşğul olur, şagirdlərin mükəmməl və hərtərəfli təhsil almaları üçün vəzifə səlahiyyəti çərçəvəsində var qüvvəsilə çalışır, bu məqsədlə  oxu və dərs kitablarının tərtibi sahəsində gücünə və qələminə inandığı və güvəndiyi ziyalılarla məsləhətləşir, əməli tədbirlər görmək üçün onların qüvvəsini ümumi işə səfərbər edirdi.
Şeyxülislam Əhməd Hüseynzadənin 1881-ci il sentyabrın 1-də Qafqaz Təhsil Dairəsinin  popeçiteli (himayədarı - N.N.) K.P.Yanovckiyə  göndərdiyi 234 nömrəli məktub bu fikri təsdiq edir. Məktubdan məlum olur ki, Zaqafqaziya Müəllimlər Seminariyasının şiə məzhəb şagirdlərinə Azərbaycan dilində şəriətdən dərs deyən Əbdüssəlam Axundzadənin yazdığı dərslik ruhani idarəsinin komissiyası tərəfindən bəyənilməyib və o, Qafqaz Canişinliyi Baş İdarəsi  Departamentinin rəisi D.S.Staroselskiyə şikayət məktubu ünvanlayıb. Oradan da şikayət məktubu Qafqaz Təhsil Dairəsinin popeçiteli K.P.Yanovskiyə göndərilib.  Popeçitel 26 may 1881-ci il tarixli 2540 nömrəli məktubu ilə Zaqafqaziya Ruhani İdarəsinə məsələyə yenidən baxılması barədə göstəriş verir və bu məqsədlə xüsusi komissiya yaradılması məsləhət görülür.
Maraqlıdır ki, Qafqaz Canişinliyi Baş İdarəsi rəisi general-mayor D.S.Staroselski əvvəllər Bakı qubernatoru  idi. O, müəllimlərə xüsusi qayğı göstərirdi. XIX əsrdə Azərbaycan dilində nəşr olunan "Əkinçi", "Ziya", "Ziyayi-Qafqasiyyə", "Kəşkül" kimi mətbuat orqanlarının  nəşrinə icazə verilməsində, onlara qayğı göstərilməsində  D.S.Staroselskinin danılmaz xidmətləri var.  Tiflisdə yeni vəzifədə işə başlayan D.S.Staroselski dərslik tərtib edən, elmi-pedaqoji fəallıq göstətən müəllimlərin mükafatlandırılması üçün xüsusi sərəncam vermişdi.
Dərsliyinə müsbət rəy ala bilməyən  Ə.Axundzadə D.S.Staroselskinin müəllimlərə və digər ziyalılara qayğısından xəbərdar olduğu üçün ona müraciət edir, lakin  ümidləri doğrulmur.  Ruhani idarəsinin  komissiyası Ə.Axundzadənin şikayətini əsassız  sayır.  Üslubu çətin, dili dolaşıq və qəliz olduğuna, istifadə mənbələri göstərilmədiyinə görə Ə.Axundzadənin əsəri bəyənilmir.
Şeyxülislam Ə.Hüseynzadə Qafqaz Təhsil Dairəsinin popeçitelinə  yazdığı  1 sentyabr 1881-ci il tarixli məktubunda dərsliyin nöqsanlarını izah edərək əsaslandırır və dərslik yazmaq işini daha səriştəli  mütəxəssisə  tapşırmağın vacibliyindən söz açır. Şeyxüyxülislam Əhməd Hüseynzadə  Ə.Axundzadənin şikayəti ilə əlaqədar 2 avqust 1881-ci il tarixdə keçirilən komissiya iclasında Qafqaz Təhsil Dairəsinin bu işi  Tiflis-Kutaisi Ruhani Məclisinin üzvü Axund Molla Mustafaya tapşırdığını K.P.Yanovskiyə xəbər verir. Şeyxülislam  Ə.Hüseynzadə Ə.Axundzadə ilə müqayisədə Mustafa Talıbzadənin Azərbaycan dili  üzrə  daha yaxşı  mütəxəssis  olduğunu vurğulayır.
Şeyxüiislam Ə.Hüseynzadə 5 fevral 1883-cü il tarixli 20 nömrəli məktubunda Firudinin  "Cami-Abbas" şəriət dərsliyinin "yerli Azərbaycan  dili"nə tərcüməsini M.Talıbzadəyə tapşırdığını   K.P.Yanovskiyə  yenidən xatırladır.
Geniş  müzakirədən sonra belə bir dərsliyin yazılması xalq arasında alim kimi şöhrət tapan M.S.Talıbzadəyə tapşırılır. Yeri gəlmişkən, qeyd edək ki, XIX əsrin 70-80-ci illərində dərslik və oxu kitablarının hazırlanmasında və yazılmasında nəzərə çarpan fəallığın əsas səbəbi ziyalıların bu işə maddi cəhətdən yaxşı həvəsləndirilməsi və mükafatlandırılması idi. Sənədlər göstərir ki, bu məsələnin təşəbbüsçüsü vaxtilə “Əkinçi” qəzetinə yaxından kömək etmiş, 1876-cı ildə Bakı qubernatorluğundan Qafqaz Canişinliyi Baş İdarəsi Departamentinin rəisi təyin edilmiş D.S.Staroselski olub.   
M.S.Talıbzadənin tapşırılan kitabı yazıb-yazmaması məlum deyil. Qafqaz Şeyxülislamı Əhməd Hüseynzadənin Qafqaz Təhsil Dairəsinin poreçiteli K.P.Yanovskiyə 1883-cü ildə göndərdiyi məktubdan məlum olur  ki, M.S.Talıbzadə tapşırılan dərsliyı - Fəridəddinin  “Cami-Abbas” dərsliyini ərəb dilindən yerli Azərbaycan dilinə tərcümə etməklə məşğuldur.   
Burada bir faktı da vurğulamaq istərdim.  Dərslik  yazma  prosesi  zamanı Zaqafqaziya  rəhbərliyilə  M.S.Talıbzadənin  münasibətlərində yaxınlıq və doğmalıq artır. Tezliklə M.S.Talıbzadənini vəzifəsi böyüdülür: 1882-ci il martın 6-da 2218 nömrəli sərəncamla ona Zaqafqaziya Şiə Ruhani İdarəsinin üzvü vəzifəsini icra etmək tapşırığı verilir. O, Kutaisidən Tiflisə ezam olunur. Bir neşə aydan sonra M.S.Talıbzadə ruhani idarəsinin nəzdindəki “Əli məktəbi”nin müəllimi vəzifəsini icra etməyə başlayır.
M.S.Talıbzadə ruhani idarəsinin üzvlüyünə yalnız 14 illik icraçılıqdan sonar - 1896-cı il oktyabrın13-də təsdiq olunub. Görünür hakim dairələr, nədənsə, ruhani idarəsində onun birinci şəxs ola biləcəyindən ehtiyat etmişdilər.
M.S.Talıbzadə böyük ailə sahibi olub. Onun birinci arvadı Mehri xanım Cəfər qızı idi. Arxiv sənədlərində bu izdivacdan dünyaya gələn üç  övladı haqqında məlumat verilir: Yusif 22 yanvar 1877-ci ildə, Abdulla 12 fevral 1881-ci ildə, Ruqiyə 22 iyul 1884-cü ildə dünyaya  gəlib.
Abdulla Şaiq öz xatirələrində atasının ikinci arvadı, Borçalı mahalının Sarban kənd sakini Mina Xudaverdi qızından dörd bacı və qardaşı olduğunu yazsa da, arxiv sənədlərində təkcə 6 iyul 1894-cü ildə anadan olan Əbdülhüseynin adı çəkilir. Əlbəttə, belə böyük ailənin çörək qazananı uzun müddət təkcə ata özü olub. Ötən əsrin əvvəllərində əvvəlcə Yusif, sonralar isə Abdulla Bakıya gəlib burada müəllimlik vəzifəsinə düzələndən sonar ailənin maddi vəziyyəti bir qədər düzəlməli idi, lakin 1900-cu il aprelin 22-də senator, general-adyutant knyaz Qolitsinin əmri ilə Zaqafqaziya Şiə Ruhani İdarəsinin üzvü Axund Mustafa Talıbzadə tutduğu vəzifədən və ümumiyyətlə xidməti işdən  azad  edilir. Belə bir xəbərin “Kavkaz” qəzetində (4 may 1900-cü il, N 117 ) dərc edilməsi M.S.Talıbzadənin böyüklüyünü göstərən fakt kimi qiymətləndirilməlidir.
Abdulla Şaiq  öz  xatirələrində atasının sərdar divanxanasının əmri  ilə  idareyi-ruhaniyyədən 1902-ci ildə çıxarıldığını yazır ki, bu da, göründüyü kimi, həqiqətə uyğun deyil (bax: Əsərləri, v cild, səh.355 ). Müəllifin “o, indi (işdən çıxarıldıqdan sonra –N.N.) böyük ailəsini yalnız məktəbdən aldığı maaşla idarə edirdi” fikri də  dəqiqləşdirilməlidir. Belə ki, M.S.Talıbzadə həm idarə üzvlüyündən, həm də məktəbdəki işindən çıxarılmışdı. Bəlkə də o, “Əli məktəbi”ndən  uzaqlaşdırıldıqdan sonra başqa təhsil ocağında işini davam etdirmişdir. Hər halda bu fikri sübut edən sənədlər axtarılmalı, M.S.Talıbzadənin maarifə bağlı olan zəngin həyat yolu hərtərəfli işıqlandırılmalıdır. Ömrünün  xəzan çağında  böyük çətinliklər və haqsızlıqlarla  qarşılaşan və yaşadığı dövrün ziddiyyətləri  ilə  mübarizədə qüvvəsi tükənən  M.S.Talıbzadə  əsəb və ürək  xəstəliyindən əziyyət çəkirdi.
Axund Mustafa Talıbzadə 1903-cü ildə dünyasını dəyişib. Onun İslam dininin tarixinə, Şərq və ümumiyyətlə, dünya ədəbiyyatının incəliklərinə bələd olan övladları  maarifpərvər  atanın  elmi və ürfan odu ilə közərən ocağını sönməyə qoymayıblar. Maarif fədaisinin övladları - Axund Yusif  Talıbzadə (1877-1923), Abdulla Şaiq Talıbzadə (1881-1959 ) və nəvəsi akademik Kamal Talıbzadə (1923-2006) maraqlı və çoxsahəli pedaqoji fəaliyyətləri, müxtəlif janrlı gözəl əsərləri, dərslik və oxu kitabları ilə dil, mənəviyyat və ədəbiyyatımızı zənginləşdiriblər.
Talıbzadələr məktəbinin  çoxsaylı  nümayəndələri  öz  müəllimlərinin  işini  bu gün  ləyaqətlə  davam etdirirlər.


Nazim Nəsrəddinov
Əməkdar müəllimi
URL / WWW
http://kelam.az/article/a-5996.html