Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Məqalələr » Qafqaz Müsəlmanları İdarəsində Xocalı anıldı
27.03.12 18:18

Fevralın 23-də Qafqaz Müsəlmanları İdarəsində Xocalı soyqırımının 20-ci ildönümünə həsr olunmuş konfrans keçirildi. Konfrans Quran ayələrin oxunması ilə başladı. Tədbirdə QMİ sədri, Şeyxülislam Allahşükür Paşazadə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov, Azərbaycanda fəaliyyət göstərən müxtəlif dini icmaların rəhbərləri, “Dağlıq Qarabağın azərbaycanlı icması” İctimai Birliyinin sədri, Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov, həmçinin işğal altında olan digər rayonların RİH başçıları, millət vəkilləri, alimlər çıxış ediblər.Şeyxülislam Allahşükür Paşazadə həzrətləri Bakıda Xocalı və Dağlıq Qarabağ dəhşətlərini özündə əks etdirən kompleksin yaradılması təklifi ilə çıxış edib. O, bununla bağlı ölkədəki dindarların Azərbaycan prezidentinə müraciət ünvanlayacağını bildirib.

MÜRACİƏT

Dünya xalqlarına, dövlət başçılarına, parlamentlərə  və beynəlxalq təşkilatlara


O bir olan Yaradanın adı ilə!
Artıq 20-ci ildir ki, Azərbaycan Respublikasının milyonlarla vətəndaşının iradə və hisslərini ifadə edərək, dinindən, dilindən, irqindən və milli mənsubiyyətindən asılı olmayaraq bütün dünya ictimaiyyətinə, planetimizin taleyi üçün məsuliyyət daşıyan dünya liderlərinə, dövlət rəhbərlərinə, parlamentlərə və beynəlxalq təşkilatlara üz tutur, israrla müraciət edirik.
Çünki əminik ki, dünyada elə bir xalq, elə bir din ola bilməz ki, ümumbəşəri mənəvi dəyərləri inkar etsin, zor, qətl, təcavüz kimi qeyri-humanist əməllərə haqq qazandırsın, qanlı cinayətlərə bəraət versin.
Bəşəriyyət insanlığa qarşı cinayətləri daima nifrətlə damğalamış, insan sifətini itirmiş qatillərin əməllərini hər zaman lənətləmişdir. Bəşər övladının qan yaddaşında ikili standartlar yolverilməzdir. Lakin artıq iyirmi ildir ki, barəsində aləmə car çəkdiyimiz, dünya tarixinin qanlı səhifələrindən birini təşkil edən Xocalı faciəsi bu günədək beynəlxalq səviyyədə tam olaraq qınaq obyektinə çevrilməmiş, onun baiskarları layiqli cəzalarını almamışlar. 1992-ci il fevralın 26-da Xocalının 10 mindən artıq dinc, silahsız, müdafiəsiz əhalisinin erməni quldurlarının amansız basqınına məruz qalması, 613 nəfərin xüsusi qəddarlıqla qətlə yetirilməsi, qocalara, uşaqlara, hamilə qadınlara belə rəhm olunmaması, 1275 nəfərin əsir götürülərək ağır işgəncələrə məruz qalması, meyitlərin üzərində təhqiramiz həqarətlər edilməsi kimi vəhşiliklərə biganə qalmaq bəşəriyyətə başucalığı gətirmir. Lakin təəssüf və təəccüb doğuran fakt odur ki, əksər dünya dövlətləri və beynəlxalq təşkilatlar misli görünməmiş bu cinayətin üzərindən hələ də sükutla keçirlər.
Acı reallıq ondan ibarətdir ki, zaman-zaman törətdikləri cinayətlərə görə hələ də cəza almamış, heç bir beynəlxalq qurumun, hətta BMT-nin qətnamələrinə məhəl qoymadıqları halda heç bir sanksiya ilə üzləşməmiş erməni ekstremistləri ərazimizin 20 faizini işğal etmiş, milyonlarla azərbaycanlını doğma yurdlarından didərgin salmış, qəsb etdikləri torpaqlarda vandalizm aktları həyata keçirərək mədəniyyət abidələrimizi, məscid və qəbiristanlıqlarımızı xarabalığa çevirmiş, maddi və mənəvi terror gerçəkləşdirmiş, tarixi sənəd və əşyaları mənimsəyərək özününküləşdirmişlər. Xocalıda törədilən məqsədyönlü soyqırımı aktı isə bütün bu vəhşiliklərin kulminasiya nöqtəsi olmuşdur. Ən yeni tarixin bu qanlı faciəsinin – Xocalı soyqırımının canlı şahidləri, tarixi sübutları, vizual dəlilləri mövcuddur.
Təəssüf doğuran haldır ki, müasir dünyada əsl soyqırımları ilə deyil, soyqırımı kimi qələmə verilən tarixi cəhətdən sübuta yetirilməyən hadisələrlə bağlı qayğılananların şahidi oluruq. Beynəlxalq aləmdə saxta soyqırımların tanınması, soyqırımı törətmişlərin “soyqırımı qurbanları” kimi qələmə verilməsi yönündə meyillər bizi narahat edir. Yaxın tarixdə - 1992-ci ildə Azərbaycan xalqının yaşadığı Xocalı qətliamına hüquqi-siyasi qiymət verilməsi ilə bağlı illərdir etdiyimiz müraciətlərimizin gözlənilən nəticə verməməsinə rəğmən, biz inanırıq ki, dünya soyqırımlara məruz qalmış Azərbaycan xalqının səsinə biganə qalmayacaq, onun haqq işinin zəfər çalmasına, tarixi ədalətin bərpasına yardımçı olacaqdır. Ümidvarıq ki, Xocalıda törədilmiş soyqırımı ilə bağlı Azərbaycan həqiqətlərinin israrla dünyaya yayılması yalançı təbliğat qurmaq məqsədilə informasiya plagiatından belə çəkinməyən erməni təcavüzkarlarının əsl simasının açılmasına yardım göstərəcəkdir.
Biz, din xadimləri olaraq, bütün dünya xalqlarına sülh, səadət, əmin-amanlıq, rifah diləyir və hər kəsə xatırlatmağı vacib sayırıq ki, Rəbbimiz qarşısında vicdan naminə müqəddəs borcumuz ədalətin bərqərarına nail olmaqdır. Bu gün bizim həmvətənlərimiz Uca Yaradanın köməyi ilə bəşəriyyətdən ədalətli mövqe nümayişini gözləyirlər. Bəşəriyyət bu gün haqq-ədalətə səs verməsə, sabah nahaq və rəzalətin qurbanı ola bilər. Odur ki, üzümüzü bir daha dünya ölkələrinin dövlət başçılarına, parlamentlərinə, dini liderlərinə, ictimai və dini təşkilatlarına tutaraq, Azərbaycan xalqına qarşı erməni ekstremistlərinin təcavüzünə və vəhşiliklərinə prinsipial hüquqi qiymət verməyə, Xocalı müsibətini soyqırımı aktı kimi tanımağa çağırırıq.
Qoy Uca Yaradan hamımıza savab əməllərdə, düzgünü yanlışdan seçməkdə və ədalətli olmaqda yardımçı olsun! Amin!
Şeyxülislam Allahşükür Paşazadə,
Qafqaz Müsəlmanları İdarəsinin sədri

Aleksandr İşein,
Rus Pravoslav Kilsəsi
Bakı və Azərbaycan yeparxiyasının Yepiskopu

Semyon İxiilov,
Azərbaycandakı Dağ Yəhudiləri icmasının başçısı

Vladimir Fekete,
Roma Katolik kilsəsinin Azərbaycandakı ordinarisi


Fevralın 23-də həmçinin Tiflisdəki “Bakı” restoranında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Gürcüstan nümayəndəliyinin təşəbbüsü və təşkilatçılığı ilə Xocalı soyqırımının 20 illiyinə həsr olunan tədbir keçirilib. Tədbirdən öncə Xocalı şəhidlərinin ruhuna Qurandan ayələr oxunub. Sonra tədbiri QMİ-nin Gürcüstandakı səlahiyyətli nümayəndəsi Hacı Əli Əliyev açaraq Xocalı soyqırımını XX əsrdə törədilmiş ən dəhşətli faciələrdən biri olduğunu bildirib.
“Bütün dünya bilir ki, bu soyqırım Azərbaycan tarixində ermənilər tərəfindən azərbaycanlıların başına gətirilən soyqırımdır. Amma çox təəssüflər olsun ki, bu soyqırım barədə dünya dövlətləri tərəfindən bu günə qədər heç bir ədalətli qərar qəbul edilməyib. Bizdə bunu sübut etmək üçün istənilən qədər faktlar və videogörüntülər var. Lakin haradasa bir ölüm hadisəsi baş verəndə və yaxud verməyəndə, heç bir tarixi mənbə olmayanda da ermənilər bunu soyqırım kimi dünyaya yayırlar, yalanlarını, saxtakarlıqlarını sübut etməyə çalışırlar. Azərbaycanın ağrısı bizim ağrımızdır, onun inkişafı bizim inkişafımızdır. Mən şahidiyəm ki, 20 Yanvar və Xocalı hadisələri baş verəndə borçalılar Azərbaycana gedib, bu faciələrin kədərini xalqımızla birlikdə bölüşüblər.”
QMİ nümayəndəsi çıxışında Azərbaycan televiziyalarında konsert proqramlarının çox verildiyini və soyqırımı ilin yalnız bir günündə qeyd olunduğunu bildirib. “Biz təkilif edirik ki, bir il də “Xocalı ili” kimi elan olunsun və biz yalnız Xocalı hadisəsini, soyqırımını təbliğ edək. Biz terror nə olduğunu bilirik və əsrlər boyu onun acısını çəkirik. Biz haqqımızı tələb edə bilmirik. Biz Gürcüstanda yaşayan azərbaycanlılar sayca az olsaq da Azərbaycanın böyük dərdlərinə öz münasibətimizi və dəstəyimizi həmişə bildirməyə borcluyuq.”
Tədbirdə QMİ-nin sədri, şeyxülislam Allahşükür Paşazadənin və Azərbaycanda fəaliyyət göstərən digər millətlərin dini icmaların rəhbərlərinin “Dünya xalqlarına, dövlət başçılarına, parlamentlərə və beynəlxalq təşkilatlara Müraciət”i oxunub.
Sonra tədbirdə Azərbaycanın Gürcüstandakı səfirliyinin müşaviri Şövqi Mehdizadə, Gürcüstan parlamentin deputatı Azər Süleymanov, parlamentin keçmiş deputatı Hidayət Hüseynov və dindarlar, ziyalılar çıxış edərək Xocalı soyqırımına münasibət bildiriblər.
Gürcüstan parlamentin deputatı Azər Süleymanov açıqlamasında Xocalı soyqırımın bu il daha çox təbliğ olunduğunu və artıq dünyada bu hadisə barədə söylənilən fikirlərin fərqləndiyini bildirib.
Azərbaycan səfirliyinin müşaviri Şövqi Mehdizadə açıqlamasında 20 il bundan əvvəl Xocalıda baş verən soyqırımın bu gün xalqımızı birləşdirdiyini və Gürcüstanda istər azərbaycanlılar, istərsə də gürcülər bu faciə ilə bağlı tədbirlərdə bu cinayətə cəsarətlə öz münasibətlərini bildirdiklərini deyib. “ Azərbaycanın dərdi kimi, Gürcüstanın da dərdi var. Gürcüstan da həmin anları yaşayıb. Bu ölkənin də torpaqları işğal olunub, onun da qaçqını var. Bizim 20 Yanvarımız olan kimi, gürcülərin də 9 Apreli var. Hər iki ölkə eyni taleyi yaşayıb. Xocalı soyqırımın hüquqi qiyməti verilməli, cinayətkarlar cəzalandırılmalıdır.”
URL / WWW
http://kelam.az/article/a-5989.html