Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Məqalələr » Kiçik ölüm
27.03.12 18:18

Batareyaların torpağa atılması sağalmaz xəstəliklərə səbəb olur

Bakı şəhərində ekoloji mühitin qorunması sahəsində iki mühüm problem mövcuddur. Bunlardan birincisi neft-qaz hasilatı nəticəsində çirklənmiş torpaqlar, ikincisi isə şəhərin çoxmilyonlu əhalisinin atdığı məişət tullantılarıdır. Artıq bir neçə onillikdən bəridir ki, paytaxt üçün ən ağrılı nöqtələrə çevrilən bu problemlərin köklü həlli mümkün olmur. Hələ də paytaxtda məişət tullantılarının çeşidlənməsi məsələsi öz həllini tapmayıb. Bu isə son nəticədə bir çox fəsadlara səbəb olur. Məsələn, texnologiyanın inkişafı ilə əlaqədar gündəlik həyatımızda istifadəsi artan batareyaları digər tullantılarla birlikdə atmağımız bizə adi görünə bilər. Amma məsələ ondadır ki, etinasızlıqla “daş” adlandırdığımız bu xırda elementlər böyük zəhərləmə qabiliyyətinə malikdir.


“Daş”lar niyə təhlükəlidir?

Öncə dünya təcrübəsindən başlayaq. Amerikada  bütün zəhərli metalların 50 faizi istifadə müddəti bitmiş və atılmış batareyaların payına düşür. Və onlar bütün tullantıların 0,25-ni təşkil edirlər.
Statistikaya görə, bir atılmış batareyaya ağır metallarla çirklənmiş 20 kv.metr torpaq sahəsi və ya təxminən 400 litr su düşür.  Belə ki, istifadə müddəti bitmiş və atılmış batareyaların metal örtüyü dağılır, ağır metallar qrunt sularına və torpağa sızır. Nəticədə heyvanlar və bitkilər zəhərlənir ki, onlar da qida şəklində bizim orqanizmimizə girərək bizi zəhərləyirlər. Bu zəhərin zərərli təsiri bir neçə il sonra aşkar ola bilər, çünki ağır metallar yalnız müəyyən konsentrasiyaya çatdıqdan sonra öz təsirini göstərməyə başlayır – zəhərlənmələr xərçəng xəstəlikləri və mutasiyalara səbəb olur. Məsələn, batareyanın tərkibində olan kadmium böyrəkləri, qaraciyəri, mədəaltı vəzi zədələyir, insan orqanizminin həyat fəaliyyəti üçün vacib olan bir sıra fermentlərin işini blok edir. Və ya civə – işini gizlicə görür, çünki simptomsuz hərəkət edir. Nəticədə orqanizmdə gizlin dönməz proseslər başlanır, aşkarlanma artıq çıxılmaz vəziyyət yarandıqdan sonar baş verir.
Batareyalar digər səbəblərdən də təhlükəlidir: tərkibindəki metalların zəhərliliyi, bəzi növlərin özüpartlama xüsusiyyətinə malik olması, qidalanma elementlərinin mexaniki zədəsi vaxtı təhlükəli maddələrin kənara axması və s. bu təhlükəni artıran amillərdəndir.
Zəhərli metalların sızması təhlükəsi tərkibində civə, nikel, kadmium, qurğuşun olan batareyalarda mövcuddur.  Lakin burada işi çətinləşdirən bir məqam var ki, batareyalarda istehsalçı ölkənin standartlarından asılı olaraq tərkib yazılmış ola da bilər, olmaya da. Əksər hallarda belə informasiya Çin və digər 3-cü ölkələrdə istehsal olunan batareyaların üzərində olmur.


Batareyaları zibildən ayırmaq mütləqdir!


Bütün bunlardan nəticə çıxaran bir sıra ölkələrdə batareyalar məişət tullantılarından ayrılır və xüsusi qablara atılır. Daha sonra isə xüsusi utilizasiya zonasında zərərziləşdirilir. Burda vətəndaşların özlərinin də məsuliyyəti dərk etmələri mühüm rol oynayır. Əhali batareyaları məişət tullantıları  ilə birlikdə atmağın zərərli olmasını bilməlidir.
Ümumilikdə götürsək, zibilin çeşidlənməsi özü dünya praktikasında geniş yayılıb. Azərbaycanda, daha doğrusu, Bakıda da bu prosesin başlandığı bildirilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin verdiyi məlumata görə, Bakıda orta hesabla adambaşına ildə 350 kq tullantı düşür. Rəsmi məlumatlara əsasən, şəhərdə 2 540 zibiltoplama məntəqəsi, Sabunçu, Suraxanı və Qaradağ rayonlarının ərazisində 3 tullantı poliqonu fəaliyyət göstərir. Bunlardan ən böyüyü 1963-cü ildən fəaliyyət göstərən Balaxanı şəhər tullantılarının zərərsizləşdirilməsi poliqonudur. Tullantıların əksər hissəsinin qeyd olunan poliqonlara daşınmasına baxmayaraq, Bakıətrafı ərazilərdə çoxlu sayda icazəsiz zibilliklər də mövcuddur. Bu baxımdan, prezident sərəncamı ilə “Təmiz Şəhər” ASC-nin yaradılması, onun maddi-texniki bazasının gücləndirilməsi, həmçinin Balaxanıda zibilyandırma zavodunun inşasına başlanması diqqəti cəlb edir.


Bakıda zibilin çeşidlənməsi həyata keçirilmir


Mütərəqqi xarici təcrübə göstərir ki, məişət tullantılarının idarə olunması sisteminin səmərəli fəaliyyət göstərməsi üçün optimal mexanizm  - çeşidlənmə, yığılma, daşınma, yerləşdirilmə, emal, istifadə, utilizasiya, zərərsizləşdirilmə və basdırılmadan ibarət zəncirin bütün həlqələri yerində olmalıdır. Bu həlqələrdən hər hansı birinin olmaması, yaxud düzgün işləməməsi bütövlükdə sistemdə ciddi problemlərə gətirib çıxarır. Monitorinqlər göstərir ki, Azərbaycanda belə bir effektiv sistem qurulmayıb. Bu məqsədlərə nail olmaq üçün “Təmiz Şəhər” ASC-nin yaradılması və fəaliyyətə başlaması ilə yanaşı, Balaxanıda bərk məişət tullantılarının yandırılması zavodunun inşasına və Dünya Bankının maliyyə dəstəyi ilə “Bərk məişət tullantılarının kompleks idarəçiliyi” layihəsinin həyata keçirilməsinə (2009-cu ildən) başlanıb. Bu layihədə Dünya Bankının tərəfdaşı İqtisadi İnkişaf Nazirliyidir. Layihənin məqsədi bərk məişət tullantılarının yığılması və utilizasiyası əməliyyatlarını davamlı və səmərəli sistemə çevirmək üçün aparılan islahata yardım etməkdir.
Qeyd edək ki, zavodun həyətində 3 çeşidləmə məntəqəsinin yaradılmasına başlanıb, ətraf ərazilərdə yaşayan insanlar bu işə cəlb olunub. Bütün tullantıların bu məntəqələrdə çeşidlənməsinin mümkünlüyünə gəlincə, Azərbaycan Yaşıllar Hərəkatının rəhbəri Fəridə Hüseynovanın sözlərinə görə, əllə çeşidlənmə zərərli tullantıların tamamilə kənarlaşdırılmasına imkan verməyəcək: “Təsəvvür edin ki, yüz minlərlə ton zibil çeşidlənməlidir. Bizdə zibili yığan və daşıyan zaman təhlükəsizlik qaydalarına əməl olunmur. Atılan bütün tullantıları bir yerdə maşınlara yığıb presləyirlər. Bu zaman tərkibində insan orqanizmi üçün zərərli maddələr olan lamuniset lampalar, xırda batareyalar və sair hamısı xırdalanıb bir-birinə qarışır. Bunların hamısının əllə çeşidlənməsi faktiki olaraq qeyri-mümkündür.”
Müstəqil ekoloq Telman Zeynalovun sözlərinə görə isə yaxın vaxtlarda evdə çeşidlənmə, həmçinin çeşidlənmiş tullantıların qarışdırılmadan toplanması və daşınmasının təmin olunması üçün real addımlar atılmağa başlanacaq: “Həm maarifləndirmə kampaniyaları keçiriləcək, həm də bələdiyyələr vasitəsilə ayrılmış tullantı qabları yerləşdiriləcək. Biz bu problemi tezliklə həll edə bilməyəcəyik. Bu, bütün dünyada indiyədək mümkün olmayan bir işdir. Amma bu o demək deyil ki, mütərəqqi təcrübələrdən, başqa ölkələrin səhvlərindən nəticə çıxarmayaq”. T.Zeynalovun fikrincə, sovet dövründə olduğu kimi, kağız, şüşə, polietilen tullantıların yığılması üçün əhali stimullaşdırılmalıdır: “Bu üsuldan bütün dünyada istifadə edirlər. Azərbaycanda belə təcrübə olub. Mənim yadımdadır ki, biz nə qədər kağız, şüşə toplayıb verirdik. Müəssisələr isə öz tullantılarını ya təkrar emal etməlidilər, ya da onların çeşidlənməsi və daşınması işini özləri təşkil etməlidilər”.


Həbibə Abdulla
URL / WWW
http://kelam.az/article/a-5988.html